Gün boyu bir-birimizlə bir kəlmə də danışmadıq, mən divandakı yerimdən onun hərəkətlərini düşmən kimi izləyir-dim, ağrıyan ayağım onun evdəki varlığını qəbul etməyə məni məcbur etdi, amma indi, ağrı azaldıqca, qərarım bütün gücü ilə geri qayıtdı, yox, son günlərdə eşitdiyim xəbərdarlıq və təhdidlərə baxmayaraq fikrimi dəyişməmişəm. Qəflətən, əli ilə kürəyimi oxşasa belə, mənə nələrsə deyən səsi təəccüblü dərəcədə yumşaq olsa belə, Ella, sənə nə olub axı, niyə bu qədər yalnış fikirdəsən, Gili üçün narahat olma, bir azdan bu sıxılmış valideyn ordusundan bizim aramızı düzəltmələri üçün kömək istəyəcək kimi görünür və mən, bəsdir, Amnon, deyə pıçıldayıram, oyanmaq üçün gecikmisən.
Arxamdan gələn səsi o dəqiqə sərtləşir, üzümü ona çevirib baxmasam da çənəsinin qəzəblə aşağı endiyini, gözlərini qıydığını bilirəm. Ağlından nə keçir, de mənə, bu etdiyin nazın nə mənası var, sən özünü on altı yaşındakı kimi hiss edirsən? Lazım olan vaxtı buna cəsarət edə bilmədiyin üçün atana indi üsyan etmək qərarına gəldin? Təəssüf edirəm, sevgilim, doğru zamanı qaçırdın, bunun üçün iyirmi il gecikmisən, hansı haqla hər kəsin həyatını alt-üst edirsən? Səsi getdikcə yüksəlir, son sözlərini, sadəcə, mən eşitmirəm, yaxında örtüklərdə oturan ailələr də eşidir və bizə şübhəli-şübhəli baxırlar, dərhal ayağa qalxıb çevrədən çıxıram, çox təəssüf ki ağrıyan ayağım əhəmiyyətsiz və zərif hərəkətlərlə yeriməyimə mane olur, pişiyin ağzından canını qurtaran yaralı bir quş kimi baxçanın barmaqlıqlarına qədər güclə də olsa sıçramağa məcburam.
Bura axşam tərəfi necə də fərqli görünür, kabus kimi, məktəbə bitişik olan parkda aşiqlər əyləşib və bir -birini ehtirasla qucaqlayırlar, pıçıldaşırlar, bəlkə də bu cütlüklərin acı dolu sirləri var. Getdikcə qaralan havada ağacları və insanları, insanları və qayaları bir birindən ayırd etmək çətinləşir, sanki hamısı eyni həsrəti çəkir, elə mən də eləcə, amma onun sözləri hələ də qulağımdadır, çevrilib arxaya baxıram və onun yekə bədənin mənə tərəf gəldiyini görürəm, əynində rəngi solmuş cizgili köynəyi və həmişə içində qum dənəcikləri olan dərin cibli şort var. Bir az ətrafa baxdım, Ella, əlini çiynimə qoyaraq deyir, hər zaman olduğu kimi aramızdakı boy fərqinə görə mənə yuxarıdan aşağı baxır, buradakı qadınları izlədim, həyatlarından razı olduqları təəssüratını yaradırlar, necə düşünürsən, səncə, onların hamısı mələklərlə evlidir? Çox təəccüblənəcəksən, amma yox, sadəcə, nələri varsa ondan razı görünürlər və ailəni qorumağa çalışırlar, təkcə sən özünün əziyyət çəkdiyini düşünürsən, daha artığına layiq olduğuna inanırsan, təkcə sən sahib olduqlarının qədrini bilmirsən, buradakı hər qadının mənim kimi bir əri olsaydı, xoşbəxt olardı. Geri çəkilirəm, barmaqlıqlar kürəyimə batır və deyirəm, görürsən də, bax, sənin problemin budur, özündən elə razısan ki, heç vaxt dəyişməyəcəksən, mənim səni niyə istəmədiyimi başa düşməyə belə cəhd göstərmirsən, nəsə cavab almaq üçün yox, sadəcə, məni səhv çıxartmaq üçün mənə suallar verirsən, bezdim sənin hörmətsizliyindən, səndən bezmişəm, səninlə yaşarkən ölmək istəmirəm, başa düşürsən?
– Sən canavarsan, – pıçıldayaraq deyir, çaşqındır, sanki öz özünə danışır, – sən adam deyilsən və mən pıçıldayıram: – əla, o zaman məndən canını qurtacaqsan deyə sevinməlisən, niyə canavarla yaşamaq istəyəsən axı? Mən özüm üçün narahat deyiləm, inan mənə, sənsizliyin öhdəsindən çox rahat gələcəm, mən, sadəcə, oğlumuzu düşünürəm, birdən-birə oğlun üçün narahat olmağa başladın, -deyərək sözünü kəsirəm. Altı il ərzində onunla maraqlanmadın, onun üçün narahat olmaq indi yadına düşüb? Dişlərini ağardır, onunla maraqlanmamışam? Mən dünyanın ən yaxşı atasıyam, sənin kimi bütün günü onun yanında olmuramsa bu mənim pis ata olduğuma dəlalət edir? Bax, gör mənə nə qədər bağlıdır, sənə bağlı olmasından az deyil və mən, əlbəttə, sən onun sahib olduğu tək atasısan, fərqli bir ata necə olur o bilmir, deyirəm.
Deməli, sənin axtardığın budur, qulaq batıran səslə bağırır, oğlum üçün yeni ata, elədir? Sən ağlını itirmisən, onu səndən alacam, məhkəməyə gedəcəm və onu səndən alacam. Lağlağı gülüşlə, məni həqiqətən, qorxudursan, deyirəm, sənin kimi eqoist biri tək uşaq böyütmək istəyir? Yaxşı, bəs iclasların və məqalələrin necə olacaq, yuxun və basketbolun, dostların necə olacaq? Bu günə qədər heç bir şeydən imtina etmədin, bir gün olsa belə imtina etsəydin əsla ayrılmazdıq, qızdırmam var, dayanmadan zəhərli oxlarımı atıram, ürəyi köynəyinin üstündədir sanki, nişan alıram və oxu atıram, hədəfimdə qərarsızam, amma dayana bilmirəm, bu vaxta qədər yığılmış üzüntülərimi bir-bir saymağın, həqiqətən, mənası var?
Batmaqda olan günəş qarğalar parkını qırmızıya çalan rənglərə boyayır, Amnonun mənə yaxınlaşan üzü sanki cırmaqlanmış kimi qırmızı və yaralıdır. Fərqli tərzdə danışmağa cəhd edir, sənə yalvarmaq niyyətində deyiləm, sənə yalnız qazıntının, sadəcə, bir dəfə qazıldığını xatırlatmaq istəyirəm, bundan sonra nəyisə təkrarlama şansı olmayacaq, səni xəbərdar edirəm, mən sənin kimi deyiləm, getsəm daha geri dönən deyiləm, səni tanıyıram, sən bu ayrılığa dözə bilməyəcəksən və sən geri dönmək istəyəcəksən amma məni daha qoyduğun yerdə tapmayacaqsan, bunu başa düş ki, mən nəyisə arxada qoyuramsa o eləcə də qalır. Bu dəfə o mənə arxasını çevirib gedir və mən arxasından sonuncu oxu atmağa cəhd edirəm, bəsdir məni təhtid elədin, təhdidlərinin məni qorxuzacağı günlər daha arxada qaldı, bəli, o günlər geridə qaldı, deyə bütün park boyunca qışqırıram, hər mübahisənin içimdə boşluq açdığı və dərddən nə edəcəyimi bilmədiyim, kin və düşmanlıqlara dayan bilmədiyim, əsəbim keçməsə də səninlə üz-üzə gəlməyə məcbur qaldığım günlər geridə qaldı, o günlər üçün əsla darıxmayacam, sənin qarşında belə kövrəlməkdənsə tək yaşağı üstün tuturam, bəli, ancaq qarşında, yanında yox.
Başqa anaların müvəqqəti düşərgələrinə baxaraq, siz hamınız belə yaşayırsınız, deyə soruşuram səssizcə, bir mübahisədən digərinə dişlərinizi sıxaraq ailəni qorumağa çalışarkən, içinizdə uzaqlarda sevginin xatirəsini oyandıran