Ətrafını parlaqlığını itirmiş xəzləri və baxışlarındakı sonsuz ümidlə, dərisi doldurulmuş heyvan müqəvvalarının yaratdığı bir mühit sarmışdı. Sabun köpüyündən əmələ gəlmiş şarlar kimi onların arasında atılıb-düşür, kağızdan kəsilmiş bir ürək asılıb sinəsinin üstünə, yeni qadın müəlliminin onun kim olduğunu bilməsi, onu kimsəylə səhv salmaması, başqa uşaqların və ətrafını sarmış olan divarların da onun adını əzbərləməsi üçün adı kağızın üzərinə böyük həriflərlə yazılmışdı. Hələ çılpaq olan o divarlar, yalnız bir neçə gün içində qədim insanların mağarasında olduğu kimi torpağın, qanın və kömürün rənglərində heyvan və bitki rəsmləri, qəhrəman cəsarəti ilə dolu fantaziya səhnələri ilə əhatə olunacaq.
Dodaqlarımı bərk sıxıram. Kənarları yüngülcə yanmış quru rezinin dadı yapışır dodaqlarıma, sıx tüstünü bizə göndərirmiş kimi bir küncdə yaranmış yanğının qoxusu sanki bütün evə yayılır. Gözlərimi kitab rəflərindən çəkə bilmirəm. Hələ dünənə qədər yetərincə dolu idi, indi isə içlərindəki boşluqlar dərinləşir, geridə nə qədər az şey qoyuruq, illər boyunca sakitcə bizi seyr etmiş kitablardan geriyə sadəcə, bozumtul toz qalır.
Mənim ona olan diqqətimi həmişəlik itirdiyini düşünərək bir ora, bir bura gedir önümdə, yenə sözlərinə qüvvət verir, sən ölüsən, deyir sevinc dolu bağırtılarıyla, həqiqətən, ölüsən, əbədi ölü, yaşadığını xəyal edirsən, sadəcə, bu ev gerçək ev deyil, oradakı oturacaq gerçək deyil, mən də həqiqət deyiləm, sən hər şeyi, sadəcə, xəyal edirsən. Tezliklə hər şeyin xəyal olduğunu sən də görəcəksən.
Qısaca kəsilmiş dırnaqlarıyla hər zaman kirli, balaca əlləri havada çırpınır, mənə çatmağa çalışdığını düşünərkən, sanki məğlub olmuş kimi qarşımda xalçanın üzərinə dizləri üstə çökür, başını dizlərimə qoyacaq deyə düşünürəm, lakin tez ayağa qalxır, Teddi adlı ayı oyuncağı götürüb var gücü ilə mənə tərəf atır. Və beləcə, onu qısqandırmaq üçün özümə və ona, onun günahsızlığının təsəllisini geri verə bilməkdən ötrü sarı tüklü yumşaq ayını tutub bağrıma basıram Onu mənə ver, o mənimdir, deyərək oyuncaq ayını istəyir, onu mənə atam Şotlandiyadan gətirib. Amma mən ayını arxamda gizlədirəm, Şotlandiya deyə təkrarlayıram və səsim illərdir danışmırammış kimi boğuq çıxır. Mənə tərəf gəlir və uşaqlıqda olduğu kimi onu qucaqlamağımı istədiyini düşünürəm, bu haldan təsirlənib qollarımı ona açıram, amma o üzərimə atlayıb gizlətdiyim Teddini zəfər çığırtıları ilə məcburi şəkildə çəkib məndən alır. Səni aldatdım deyə bağırır, birdən-birə gözləri xaincəsinə parıldayır və otaqdakı masanın ətrafına fırlanmağa başlayır. Şotlandiyalı Teddi, deyə titrəyən səsiylə bağırır, mən, sadəcə, xəyalında sənə aidəm.
Sanki ilk dəfə görürmüşcəsinə təəccüb dolu gözlərlə ona baxıram, qatı şübhəyə yer buraxmayan varlığı məni bu sabah həmişəkindən daha çox təəccübləndirir, əsl uşaq belə görünür, xəyal deyil, nağıl qəhramanı deyil, şirin olma səbəbi ilə zaman-zaman dişlənən bir məhəbbət meyvəsi. O möcüzəvi oyuncaq deyil, özü ilə reallıq arasındakı divarları coşqulu sevinc dolu nidalarıyla, yumruqlarıyla sökən bir uşaqdır. Son altı ildə onun haqqında yığdığım bütün məlumatları xatırlamağa çalışıram, onların içində son dərəcə mühüm olanları seçib ayırıram, önəmli detalları xüsusilə nəzərə alıram, çünki çətin və qarışıq araşdırmada olduğu kimi bu detallar həlli yolunu tapmaqda kömək edə bilər: Saçlarını kəsdirməməkdə inad edir, yatarkən qıvırcıqları üzünü örtər, yeriyərkən yemək yeməyi sevir, qollarını yelləyər, vəhşi bir heyvanın iştahıyla yemək yeyər və qaranlıq olanda alnındakı qırışlardan tanınar, narahatçılıqdan kürəyi donqarlaşar, bütün təhlükələri ilə gələn gecəni necə keçirəcəyini düşünərək narahat olar, lakin səhərləri sevinclidir, sanki qələbəsi dəqiq və qüsursuzdur. O, dərisi doldurulmuş heyvan müqəvvalarına özünün uşaqlıq geyimlərini geydirib onları ailələrə ayırır və hər birinə özünəxas və qarışıq ailə əhvalatı verir.
Bizim foto albomlarda yalnız özünü axtarar. Onun olmadığı şəkilləri gördükdə gözləri yaşla dolar, iştirak etmədiyi məclislər onu qəzəbləndirər, doğulmamışdan öncə olan hər şey onun üsyan səbəbidir. Mənim bişirdiyim və onun heç yemədiyi kekslər, bizim yaşadığımız və onun heç dada bilmədiyi qarlı günlər, onun doğumundan öncə etdiyimiz və onun iştirak etmədiyi bütün səyahətlər, xüsusilə təyyarə ilə onsuz uçmuşuqsa. Mən harda idim o vaxtlar, bətnindəmi, – deyə küskün əda ilə soruşar. Sanki bətnimdə olsa belə heç nəyə baxmayaraq o əyləncəli anlara qatılması mümkünmüş kimi soruşar məndən və mən “yox, bətnimdə deyildin” desəm acılar içində qıvrılacaq, “elə isə bəs mən harada idim” deyə soruşar və var olmama düşüncəsinin onu incitməməsi üçün tez onu sakitləşdirməyə çalışıram, sən mənim qəlbimdə idin, doğulduğun gündən bəri qəlbimdə idin. O, yaşamış olduğu bu qısa həyatın ciddi və çalışqan tarixçisidir, xatirələri müqəddəs hesab edir, iştirak etdiyi hər hadisə qeyri-adi bir məna qazanar, detalları təkrar-təkrar vurğulayır, saat neçədə dünyaya gəldim, məni ilk kim gördü, öz körpəlik şəklini görəndə, bu mənəm, deyə sevinclə bağırar, şəklimi kim çəkdi, kim aldı mənə bu bereti, lakin bunları soruşan zaman utanar, “hər şeyi xatırlayıram, sadəcə, elə belə soruşuram” deyər. Həmçinin mən doğulmadan öncə də hər şeyi xatırlayıram, sənin qəlbində kiçik pəncərə var idi və mən oradan çölə baxıb hər şeyi görürdüm, hər şeyi.
İşıqda yatar, pəncərəsinin altında üç gecə lampası olar, yatağı dərisi doldurulmuş heyvan müqəvvaları ilə doludur. Hay-küy salaraq oyanar, baxışları heyvan müqəvvalarının baxışlarına bənzər, qeyri-sabit, saf, ümid dolu. Əşyalarına, köhnə əmzik, uşaq paltarları, hörgü lentlərinə həddindən artıq sahiblənər, sanki keçmişə geri dönəcək və o əşyalardan bir daha istifadə edəcək. Dəyişikliklərə nifrət edir və baş vermiş hər hansı bir hadisəni məcburi bir alışqanlığa çevirər. Hər hansı bir əyləncə parkındakı gəzintimizi, gecə yatmadan öncə oynadığımız yaddaş oyununu günün sonunadək təkrar etməliyik. Oynayarkən kiminsə ona baxmasından xoşlanmaz, gün şüalarının onun gözlərini qamaşdırmasına nifrət edər, üzməyi bilməz, ayaqqabılarının bağını bağlaya bilməz, velosiped sürməkdən qorxar. Onun valideynləri dünən ayrıldılar.
Bəri gəl, Gili, deyirəm, sən tullanıb düşdükcə başım fırlanır, amma o məni çoxdan unudub, fikri qapıdadır, kimsə açarla qapını açmağa çalışır. Qorxaraq, “ana, bu oğrudur”, deyə pıçıldayır, xalçanın üstünə səpələnmiş heyvan müqəvvalarına baxır, görəsən, oğru hansını aparacaq, o hansı heyvandan ayrılmaq məcburiyyətində qalacaq. Ayağa durub qapıya tərəf gedirəm, bu açarları hara qoymuşam deyə düşünərkən anidən qapı açılır. Ata, sənin oğru olduğunu fikirləşdim, deyə Gili sevinclə qışqırır. Sanki bir cinayətkar dəstəni məğlub etmişcəsinə yersiz olan qorxusu bir qalibiyyət və rahatlama ilə əvəzlənir. Üzümdəki sevinc dolu ifadəni gizlətmək üçün sərt bir şəkildə – Amnon, içəri necə girdin, deyə soruşuram, açarları evdə qoyub gedəcəyinlə bağlı razılaşmışdıq. Günahsız kimi, sənə ikinci açar lazım idi, verdim, amma onu sənə verməmişdən qabaq özüm üçün açar çıxartdırmışdım, yoxsa oğlumun evinin açarları məndə olmamalıdırmı, – deyə Gilinin başından öpərək gözucu mənə baxdı. Deyək ki, axşamları aşağıdan keçərkən onun ağladığını eşidirəm və yuxarı çıxıb yanına gələ bilmirəm. Ya da deyək ki, pəncərədən yanğın olduğunu görürəm və o yanğını söndürmək üçün evə girə bilmirəm. Gili böyük coşqu ilə atasını dəstəkləyir: düz deyir, ana, mənim heyvanlarım da yana bilər, yoxsa sən mənim Şotlandiyalı Teddimin yanmağını istəyirsən?
Dərindən ah çəkirəm, bunu sonra müzakirə edərik indi isə onu məktəbə apar, yoxsa ilk gündən gecikəcək. Amnon könülsüzcəsinə və küskün halda mənə baxır, dayan görüm, sənə nə olub, sən qəhvəni çoxdan içmisən, amma mən hələ içməmişəm. Heç soruşma, bir dəqiqə belə yatmamışam, evdəki soyuducu buldozer