Haradasan? Artıq sənə sevgilim deyə xitab etməyəcəm, çünki bir vaxtlar sevgili olduğun ürək indi sənə bağlıdır, sənə gənclik eşqim də deməyəcəm, çünki səndən əvvəl başqaları da olub və ərim deməyəcəm sənə, çünki bu kəlməyə nifrət edirəm, oğlumun atası da deməyəcəm, çünki sən bu şərəfə layiq deyilsən, digər sahiblənmə və sevgi sözləri böyümüş uşağın köhnə oyuncaqları kimidir aramızda, bizə nə xoş sözlər, nə də duyğular qaldı, bizə qalan, sadəcə, itib getmiş sevginin xatirələridir, ziyafətdən qalmış salfetlər qədər kirli xatirələr.
Haradasan, Amnon, sənin gözəl adını çağırıram, həmişə sevdiyim adını, o adı sənə mən vermədim, ona görə ayrılırkən də almayacam, kralın zəif və şəhvətli oğlunun adını, o vaxtlar sən özünü tanıtdığın vaxtlarda az qala mənim adımın Tamar olduğunu deyəcəkdim, kralın qızı, sənin ögey bacın olmağı və keçmişdə qalmış bir hekayə ilə səni özümə bağlamaq istədim, kədərli bir hekayə ilə, amma o vaxtlar mənim xəyal dünyamda özüm üçün gördüyüm, sadəcə, o hekayənin cəlbedici başlanğıcı idi. Və o, belə buyurdu: Davudun oğlu Absalomun Tamar adında gözəl bir bacısı var idi və Davudun oğlu Amnon bu qıza aşiq oldu… Mənə görə gün eynəklərini çıxartdın və mavi gözlərin əsmər üzündə parıldadı, mənə tərəf əyilərək əlini uzatdın və buraya sinfinlə birlikdə gəldin deyə sual verdin. Sən elə düşündün ki, mən lisey tələbəsiyəm və mən də sevinərək sənin səhvini düzəltdim, hansı sinflə gələ bilərəm ki, mən universiteti bitirmək üzrəyəm, bədəninə yapışmış boz köynəyin toz olduğunu, sadəcə, o an başa düşdüm və sən gözlərini məndən çəkmirdin, lakin mən önə əyilib işimi görürdüm, əllərimə yapışmış tozu bir birinə çırparaq təmizlədim, bir metr torpağın altında eramızdan minlərcə il əvvəldən qalma bir ev tapacam və o ev mənə aid olacaq, oradan gənc qızın sümüklərini tapacam və o mənim bacım olacaq, əminəm ki, o burada qazıntı yerində oturub. Sənin fikirli-fikirli ətrafımda gəzməyin hələ də gözümün önündədir, ətrafa güvən verirdin, cins şalvarın çirkli idi və baldır tərəfində yırtıq var idi, yırtıqdan aşağı nazik saplar sallanırdı, təkrardan sürətlə yanıma gəldi, məmnun halda əlini mənə uzatdı, səni əvvəl harada gördüyüm indi yadıma düşdü, sənin Terada, Minos qazıntı sahəsinin divarında şəklin var, sənə Parisli qadın deyirlər və mən, harada, deyə sual verdim. Terada, dedin, parçalanan adanın, Santorinin köhnə adı, oraya getməmisən heç? Fövqəladə gözəl rəsimlər pozulmadan qalıb orada. İnanılmazdır, deyə mızıldandın, mənə tərəf əyilərək üzümə baxdın, sən dörd min ildir yaşayırsan.
Bəlkə də, oraya, dağılmış Tel İsrailə, ətrafı dərin məzarlıqlarla əhatə olunan o möhtəşəm qazıntı sahəsinə geri dönüb, oranın gecələri nə qədər də tənhadır, tənha və təhlükəli, divara söykənirəm, gözlərimin qarşısında bədəni başdan ayağa tozla örtülüb, onu qazıntı sahəsində səssiz və yatmış vəziyyətdə görürəm, antik bir məzar kimi, gözümün önünə gələn bu mənzərə məni çox sarsırdır, ona dayanmadan zəng edirəm, təsirli səsli mesajlar göndərirəm, sənin üçün çox narahatam, bunun sənə bu qədər çətin olacağını düşünməmişdim, dəfələrcə məni ayrılmaqla təhdid eləmisən, bu addımın ikimiz üçün də doğru olduğunu fikirləşdim, sənə pislik etmək fikrim yox idi və hər keçən gün atamın düz dediyini başa düşürəm, bir fəlakətin başlanğıcıdır bu hadisələr, hər keçən gün məndən bir şey istədiyini indi başa düşürəm, ən çətin və eyni zamanda da ən asan olanı, ən ali və ən dəyərsiz olan, ən məntiqli və adi olan bir şey, bu fikirdən daşınmağım tələb olunur məndən, mövzu bir həyatı xilas etmək olduğuna görə fəlakət baş verəcək və xoşbəxtlik bizdən çox uzaq görünür, buna görə fikrimdən daşınmaq məcburiyyətindəyəm, eynən onlar kimi, onlar, o gün örtüklərin üstündə oturan və mahnı oxuyan analar, kralların kralı, ən ali mələklər. Fikrimdən daşınmaq məcburiyyətindəyəm, eynən analarımızın etdiyi kimi, heç tərəddüd etmədən, çünki göylərin qərarı belədir, Merivada, o gün çöldə, Massada olduğu kimi, qəlblərinizi möhürləməyin və mən orada eləcə dimdik dayanmışam, ciddi və gərgin, sanki bir anım mərasimindəyəm və səhnədə dayanmışam, bütün gözlər mənə baxır, arxa planda insanın ürəyini parçalayan siren səsi eşidilir, iztirab bitmir və mən yüksək səslə sədaqət andı içirəm, duman kimi boz olan ölü ağacın hüzurunda, yatan uşağın hüzurunda, mən, Ella Miller, David və Sara Qoşenin qızı, burada, Tanrının, insanların, ağacların və daşların hüzurunda, and içirəm ki, Amnon sağ salamat geri qayıdanda, onun evə gəlməsinə yenidən icazə verəcəm, onu canı dildən qarşılayacam və o istədiyi qədər onun arvadı olacam və onunla birlikdə yaşayacam, and içirəmki, tərəddüd etmədən, etmək istədiklərimdən imtina edəcəm, onları basdıracam və bir daha onları gün işığına çıxartmayacam, nə sözlərimlə nə də düşüncələrimlə.
5
Xəyalımda, onun o vaxtlar köçdüyü, tək otaqlı evində oturub, böyük maraqla qazıntı sənədlərini oxuyuram, bu sənədlər Davudun və Süleymanın heybətli və görkəmli krallığının balaca bir krallığ olduğunu sübut edir, çünki bu şəhərləri inşa etdirən Süleyman deyil, Omri sülaləsinin kralları idi, mənə baxaraq gülümsəyir, bəlkə bir gün səni orada necə tapdığımı danışaram, deyir, sən mənim ən önəmli icadımsan, İsrail torpaqlarında həyat tapan Minos divar rəsmi, dörd min yaşında olan qadın.
Yaxınlaşma, deyə pıçıldayıram yatağın yanındakı telefon zəng çaldığında, yataqdan sıçrayıb tez qalxıram, telefonu götürəndə Qabinin səsi məni məyus edir, sanki ağlının gücü və fədakarlığı üçün medal qazanmış kimi sirrli və fövqəladə təkəbbürlü bir səslə, hər şey qaydasındadır, Ella, deyir, onun yaşamasına dair iz tapmışam.
Allaha şükür, rahatlayaraq dərindən nəfəs alıram, haradadır? Qabi təkəbbürlə yavaşdan gülür, “harada olması önəmli deyil, bunun aramızda qalmasını istəyir, sadəcə, onun yaxşı olduğunu sənə demək istədim və mən onu həzm etməyə çalışıram, görürsən, hər zaman olduğu kimi təlaşlanmağın və təşvişin yenə yersiz çıxdı, od püskürərək, insan birini sevirsə onun üçün narahat olmalıdır, böyük ehtimal sən bunu çoxdan unutmusan, sən Amnonun hər kəsdən çox özünü sevdiyini və özünə zərər verə biləcək ən axırıncı adam olduğunu unutmusan”, deyərək cavabını verirəm.
İçini çəkir, “bəsdir, Ella, səninlə mübahisə edəcək halda deyiləm, məndən də ayrıldığın üçün sevinə bilərsən, daha mənə onun yeni arvadı dözməli olacaq, sən yox”. Maraqlandığımı bildirməməyə çalışıram və heç vecimə deyilmiş kimi soruşuram: “nə, indidən