Bəs necə xilas olmalı? Paketdən çıxar-çıxmaz sınan bir stəkan kimi məhv oldu, şüşə parçaları ətrafa səpələnib, par-par parıldayırlar və mən barmağımın ucunda ortalıqda fırlanıram, hər səhər olduğu kimi xalçanın üstündən heyvan müqəvvalarını yığıb Gilinin rahat yatmadığı yatağının üstünə qoyuram. Gözümü açıb bağlayanadək bədənim hərəkətsizləşir, qollarım otaqda süzür və heyvan müqəvvalarını tutur, mən isə divara söykənmişəm, istədiyin oldu, deyərək alovlar pıçıldayır, istədiyini aldın, azadsan, o sağ salamatdır və artıq sənə əzab verməyəcək, qapı açıqdır, maneə yoxdur daha, niyə çölə çıxmırsan?
Qəzəbdən yaşarmış gözlərlə qonaq otağına, elə aldığımız gün köhnə görünən boz divana və sanki yorucu söhbət etmiş kimi görünən kresloya baxarkən, içimdə həsrət alovu yanır sanki, Amnonu yox, yarıda qalmış gələcəyimizin yox, hər şeydən əvvəl bizimlə olan bəsit hissləri və hərəkətləri, yaşanılan sevginin həsrətini çəkirəm və dediyi yalana inanmış bir qız uşağı kimi mebellərin arasında gəzirəm, divana otururam, mənə qatı toz dənəcikləri ilə cavab verən yastıqlara vurmağa başlayıram.
Özümü sakitləşdirməyə çalışıram, o, sadəcə, məni cəzalandırır, qəzəbli və küskün olduğu üçün uzaqlaşır, əslində, varlığını yoxluğu ilə güclü etməyə çalışır, açıq aydın bəllidir ki, o geri dönəcək, əgər sən dönməsini istəsən, bu hələ də sənin əlindədir, amma Qabinin qəzəbli səsi məni narahat edir, yeni bir qadının olduğunu ima etdi, ayrılığımızdan bir həftə keçməyib, o bu tezliyində yeni bir qadının həyatına girməsinə necə razı oldu axı? Olan oldu, mən onun həyatı üzərindəki hakimiyyətimi itirdim, oyunun qaydaları dəyişdi. Olub bitti, sonu yaxşı da olsa, pis də olsa gerçək budur, qızğın söhbətlər, mübahisələr, cəlbedici xəyallar və daha nələr, onlar artıq heç biri yoxdur.
Duşun altında soyuq su belə bədənimdə alovlanır, əllərim köz kimi yanır, dilim yanır, duşdan tökülən sudan içirəm və telefonun zəng çaldığını eşidirəm, qapının şiddətlə döyülməsi də zəngin səsinə qarışıb, tez duşdan çıxıram, qurulanmıram, su saçlarımdan bədənimə yapışmış paltarların üstünə süzülür, qapını açmağa tələsirəm, onu qapıda görmək arzusu ilə ürpərən bədənimdə su buxarlanır.
Bu nə haldır, Ella, telefona cavab verməyi nə vaxt öyrənəcəksən, deyərək hər zaman olduğu kimi üstümə gəlir, mobil telefonu hələ də qulağındadır. Sənə onun yaxşı olduğunu xəbər vermək istədim, amma sən telefona cavab vermirsən. Bəlkə də belə daha yaxşıdır, yoxsa mənə qapını açmazdın, gülümsəyərək içəri keçir, hər zaman olduğu kimi kostyum geyinib, saçlarını jele ilə arxaya darayıb, yanaqlarından ətrafa təraş lasyonunun iyi yayılır, maraq dolu baxışlarını qonaq otağında gəzdirir, sanki son görüşümüzdən sonra yaşadığım bütün hadisələr divan kreslolarda yazılmışdı. Sonra baxışları çılpaq ayaqlarıma yönəlir, balaca ölçülərdən xoşlanan biri üçün pis deyil, deyir, böyük ehtimal başqa biri tapa bilərsən və mən soyuq səs tonu ilə danışmaq üçün özümü məcbur edirəm, burada nə işin var, Qabi, səni dəvət etdiyim yadıma gəlmir, o barmaqları arasında tutduğu və mənə çox tanış olan açarı mənə göstərir, problem yoxdur, əzizim, məni dəvət etməyinə ehtiyac yoxdur, bu açarları mənə Amnon verib, onu Qabinin əlində almağa çalışıram, onu mənə ver, o mənə aiddir və o, sakit ol, deyir, Amnon istədiyi üçün buradayam, bura onun da evidir, bu evi alanda sizin üçün müqavilə bağlamışdım, xatırlayırsan?
Bura onun da evidir amma sənin evin olmadığı dəqiqdir, deyirəm, burada sənə nə lazımdır? Amnon onun bir neçə əşyasını götürməyim üçün məndən xahiş etdi ki, bura gəlim, mənə kömək edəcəksən ya bütün evi özüm axtarım? Rədd ol buradan, Qabi, nəsə istəyirsə özü gəlsin götürsün, gülərək, nə olub, mənim əzizim, yoxsa onun üçün darıxmısan? Bu qədər tez?
Qətiyyən yox, deyirəm, amma səni görməkdənsə onu görməyi üstün tuturam, məni dinləməyərək yataq otağına keçir, şkafın qapılarını açır, sviterə və uzun şalvara ehtiyacı var, axşamları soyuq olur, deyərək açıqlama verir, qış paltarlarını hara qoymusan? Bura? Sarı və məharətsiz əlləri mənim alt paltarlarım olan siyirtmənin içində gəzişir, yeni geyimlərə ehtiyacın var, Ellinka, deyir, xoşuma gəlmədi, amma bunu sənə deməliyəm, bir az özünə pul xərcləməlisən, bunları geyinsən kimsəni cəlb edə bilmərsən, rəngi solmuş yaşıl alt geyimini gözümün önündı sağa-sola fırlayır və mən yanaqlarımın qızardığını hiss edirəm, sanki kimsə mənə sillə vurub, rədd ol, əclaf, çək o əllərini geyimlərimdən, amma o qarışdırmağa davam edir, mən səndən mənə kömək etməyini xahiş etdim amma görünür bu işi tək görməli olacam.
Rədd ol, onu itələyirəm, çıx bu otaqdan, mən sənə nə lazımdırsa gətirərəm və o, problem yoxdur, deyir, qonaq otağında gözləyirəm. Sarı, bürüş-bürüş olmuş bir kağız çıxardır cibindən, o kağızlarıdan Amnonda olardı, üstündə qarışıq hərfilərlə yazılar yazılmışdı, iki sviter, şalvar, cins şalvar, jaket, nə var idisə hamısını onun oturduğu divanın üstünə atıram, əşyaları götür və rədd ol burada, əgər bir daha bura gəlsən kilidi dəyişdirəcəm.
İnan mənə, bu mənim üçün də xoş deyil, deyir, mənim üçün səni görməkdən daha əyləncəli şeylər var, amma bilirsən ki, dostluq mənim üçün hər şeydən önəmlidir, Amnon bunu indi başa düşür, mənə paket ver, yoxsa onu da mən axtarım? Siyirtmədən paket çıxarıb ona verirəm, yaxşı, bəs o haradadır, şəhərdədir? Gözləmədiyim cavabı alıram, hə, buradadır, çox uzaqda deyil, ona nəsə çatdırmağımı istəyirsən?
Ona oğlunun olduğunu xatırlat, Gilinin ona ehtiyacı var, onu görməlidir və o, narahat olma, deyir, bunun üçün əlimdən gələni edəcəm və baxışlarının həyəcanla bədənimdə gəzdiyini görürəm, ləkəli geniş üzü gülümsəməyə başlayır, mənə yad olan onun baxışları deyil, hərəkətləridir, çünki bir əli ilə məni itələyərək qapıya yapışdırır, digər əlinin barmaqları ilə də köynəyimin yaxasını aşağı çəkir, sinəmin biri çöldə qalır. Pis deyil, sinən gənc qız sinəsi kimidir, onu itələyərək özümdən uzaqlaşdırmağa çalışıram, arsızlığından dəhşətə gəlirəm, Qabi, dəli olmusan, əllərini çək, lakin o çiyinlərimdən tutur və buraxmır, sakit ol, heç nə etmirəm, sadəcə, baxıram. Gözlərini qısaraq bir əşyaya dəyər verən ekspert kimi baxır mənə və mən tez köynəyimi yuxarı çəkirəm, rədd ol buradan, buna necə cürət edə bilirsən axı, bu alçaq hərəkəti