– Moz, Pit! İtilin buradan, qaracalar! Polli, canım gözüm, bir az gözlə, qızıma da indi yemək verəcəm. – İndi isə mister Corc, kitabı yığışdırın, mənim qocamla əyləşin, bu saat sizə kolbasa və bir dolu boşqab qoğal verəcəm.
– Məni evdə şama gözləyəcəkdilər, – Corc dedi, – ancaq mən də az bilmirəm.
– Hə də, gəlin bir bilməyin, mənim əzizim! – Xloya xala onun boşqabını şirin kökələrlə doldurdu. – Qoca xalanız həmişə ən dadlı tikələri sizə verir… Lap ağ elədiniz ha! Gəlin bir bilməyin də! – Sevincək olmuş Xloya xala bu sözləri deyib Corcun böyrünü dürtmələyərək yenidən ocağa tərəf qaçdı.
– İndi isə torta girişək! –Tava öz qızğın fəaliyyətini başa vuran kimi, Corc iri bıçağı həmin kulinariya incisinin üzərində yellədi.
– Allahdan qorxun, mister Corc! – Xloya xala onun qolundan yapışıb vahiməylə qışqırdı. – Mənim tortumu bu cür böyük bıçaqla kəsmək istəyirsiniz?! Axı, siz onu xarab edərsiniz, bütün gözəlliyini korlayarsınız! Bundan ötrü mənim xüsusi bıçağım var: köhnə, nazik. Budur, alın… Görürsüz? Elə bil pərqu kəsirsən! İndi isə yeyin, nuş olsun! Bundan yaxşı tort heç yerdə tapa bilməzsən!
– Bəs Tom Linken deyir… – Corc ağzını doldurub donquldadı. – Tom Linken deyir ki, onların Cinnisi səndən yaxşı bişirir.
Məgər Linkenləri bizim sahibkarlarla müqayisə eləməyinə dəyərmi?! – Xloya xala nifrətlə cavab verdi. – Söz yox ki, onlar hörmətli, sadə adamlardır, lakin o ki qaldı kübarlığa, onlarda hardandır, axı! Hələ bir mister Linkeni mister Şelbi ilə yanaşı qoyun! Hələ missis Linken? Məgər o mənim xanımım kimi qonaq otağına bir tovuzquşu təki girə bilər? Bir bax a! Nə danışırsınız siz bu Linkenlərdən! – Xloya xala kübar həyata dair biliyinə möhkəm inamla başını dik tutdu.
– Axı, sən özün dedin ki, Cinni pis aşpaz deyil! – Corc sakitləşmədi.
– Doğrudur, – Xloya xala cavab verdi, – mən belə deyə bilərəm. Cinni biclik bilmir, elə adi qayda ilə bişirib-düşürür. Qarğıdalı qoğalı bişirir, çörək yapır, kartof qaynadır. Onun kökələri, Allah bilir, necə bişib başa gəlir lakin yemək olur. Qaldı ki, nəsə ləzzətli bir şey hazırlamaq… Allah özü saxlasın, məgər bu o bacaran işdir?! O, piroq da hazırlayır – söz yox, – bəs onun üst qatı necədir? O, xəmiri elə yoğura bilirmi ki, pərqu kimi olsun, ağzına qoyan kimi ərisin! Miss Merini ərə vərəndə Cinni bişirdiyi toy piroqunu mənə göstərdi. Biz onunla rəfiqəyik, bunu bilirsiniz, ancaq mən bir kəlmə də demədim, öz-özüməsə fikirləşirəm, mənim bu piroqa görə bir həftə gözümə yuxu getməzdi. Buna da piroq deyir!
– Məncə, Cinni öz piroqundan çox razı qaldı, – Corc dedi.
– Razı qaldı? Əlbəttə! Bəs neyləsin? Ona görə öyünürdü ki, əsl piroqun necə olduğunu bilmir. Cinni hardan bilsin axı? Onda nə təqsir? Elə evdə yaşayır… Ah, mister Corc, siz öz ailənizin və öz tərbiyənizin qiymətini bilinirsiniz! – Xloya xala nəfəsini dərib, məhəbbətlə gözlərini süzdürdü.
– Piroqlarımızın, kökələrimizin qiymətini ki bilirəm,– Corc dedi. – Tom Linkendən soruş, gör onların yanında özümü necə dartıram.
Xloya xala stula sərələnərək cavan sahibkarının zarafatından məzələnib, şən qəhqəhələrlə gülməyə başladı. Onun parıldayan qara yanaqlarından yaş axır, az qala nəfəsi kəsilirdi. Arada nəfəsini dərib Corcun çiyinlərini şappıldadır, böyrünü dürtmələyirdi: “Bəsdi, siz Allah, məni öldürəcəksiniz, vallah gülməkdən öləcəm!” – Corcu şeytan adlandıran Xloya xala ara vermədən gülür, lap uğunub gedirdi. Corc son nəticədə məzəli zarafatını həddən artıq təhlükəli hesab eləyib, bundan sonra ehtiyatla zarafat etməyi qərara aldı.
– Deməli, siz onun üzünə elə beləcə də dediniz? Ah, bu cavanlar, özlərindən daha nələr çıxartmırlar?! Onların yanında lovğalanırsınız? Ah, mister Corc, siz ölünü də güldürərsiz!
– Bəli, bəli, elə üzünəcə elan elədim: “Tom, – deyirəm, –bizim Xloya xalanın piroqundan dadsaydın, pis olmazdı. Piroq deyil, baldır, bal!”
– Doğrudan da, yazıq heç dadmayıb, – Ürəyiyumşaq Xloya xala o saat Tomun halına acıdı, – onu bir dəfə nahara dəvət edin, Corc. Savab iş görərsiniz. Sonra mütəəssir ahənglə əlavə elədi. – Bilirsinizmi, mister Corc, düzdü, siz yaxşı ailədə böyümüsüz, amma məncə heç kimə yuxarıdan aşağı baxmaq olmaz. Hər şey Allahın payıdı, qismətə bağlıdır. Bunu yaddan çıxarmayasan gərək.
– Elə mən özüm istəyirdim Tomu gələn həftələrin birində dəvət eləyim, – Corc dedi, – sən isə bütün məharətini işə sal, Xloya xala. Qoy mat qalsın! Biz onu elə yedizdirərik ki, bu qonaqlığı uzun müddət yadından çıxara bilməsin.
– Yaxşı, yaxşı! – Xloya xala sevindi. – Mən sizi xəcalətli qoymaram, görərsiniz! Biz necə naharlar vermişik! Allah, Allah! Yadınızdadırmı, general Noks bizdə olanda toyuq ətindən necə böyük bir piroq bişirmişdim? Həmin gün biz missislə az qaldıq dalaşaq. Bu ledilər hərdənbir elə qəribə olurlar ki, heyrətlənməyə bilmirsən. Adam vacib işlə məşğuldur, əlləşir, vuruşur, həyəcan keçirir, onlar isə səni addım atmağa da qoymurlar, hər şeyə qarışırlar. Mənim missisim də elə: gah elə deyir, gah belə. Axırda səbrim kəsildi! “Missis, deyirəm, bir öz bəyaz əllərinizə baxın, üzüklə dolu zərif barmaqlarınıza baxın. Elə bil zanbaq üstə şeh düşüb, mənimsə əllərim qara kötüyə oxşayır. Bilirsiz niyə belədi? Çünki Allah kiminə piroq bişirməyi, kiminə də qonaqlıqda oturmağı buyurub!” Özümdə üz gördüm, mister Corc!
– Bəs anam nə dedi? – Corc soruşdu.
– Nə dedi? Bilirsiniz onun necə gözləri var?! İri, qəşəng. Bu gözlər istehzayla baxdı. “Yaxşı, Xloya xala, qoy sən deyən olsun”, – dedi və qonaq otağına qayıtdı, – bu cürətimə görə məni didmək lazımdır, ancaq neyləyim, mən də beləyəm də, mətbəxdə mənə mane olanda əsəbiləşirəm.
– Həmin naharsa şöhrət qazandı, yadıma gəlir, yaman təriflədilər, – Corc dedi.
– Təriflədilər? Siz elə bilirsiniz, mən qapının arxasında dayanmamışdım? Mən hər şeyi görürdüm. Generalın boşqabına düz üç dəfə piroq qoydular! O isə yeyir və deyirdi: “Sizin aşpazınız möcüzədir, missis Şelbi!”. Az qaldım onda sevincimdən öləm! Axı, general yaxşı stolun nə olduğunu bilir! – Xloya xala fəxrlə davam elədi. – Hörmətli