Eliza böyüyüb yetkinləşəndə missis Şelbi onu qonşu malikanənin qulu Corc Harris adlı gözəl, qabiliyyətli bir cavan mulata ərə verdi.
Sahibkar bu cavan qulu giş fabrikinə vermişdi. İti ağlı və fərasəti Corcu orada fəhlələr arasında birinci yerə çıxarmışdı. Texniki ixtiraçılıq təhsili və təcrübəsi olmaya-olmaya Corc çətənə təmizləyən maşın icad etmişdi. Bu onun böyük istedadından xəbər vərirdi və gənc mulatın adını pambıqtəmizləyən Uitni* maşınının yaradıcısı ilə bir sıraya qaldırırdı.
Öz cazibədar görkəmi və nəzakəti ilə Corc fabrikdə hamının hörmətini qazanmışdı. Lakin bu istedadlı cavan mulat qanun qarşısında insan yox, sadəcə bir əşyaydı, köntöy, dar düşüncəli və qəddar bir sahibkarın ixtiyarında idi. Corcun kəşfindən xəbər tutan həmin centlmen, ona böyük şöhrət gətirən ağıllı köləsini görmək üçün fabrikə yollandı. Fabrik sahibi onu böyük hörmətlə qarşılayıb, belə qiymətli bir köləyə sahib olduğu üçün təbrik elədi.
Mister Harris bütün fabriki dolandı. Corc icad etdiyi maşını fəxrlə ağasına göstərdi. Köləsinin sərbəstliyi, cəsarəti və gözəlliyi sahibkarı mat qoydu və o, bu qulun qarşısında öz puçluğunu hiss etməyə bilmədi. Bu nədir, onun köləsi istədiyi yerdə çəkinmədən azad gəzib dolaşır, maşın icad eləyir və ağlarla tay-tuş kimi söhbətə girişməyə cəsarət edirdi?! Buna son qoymaq lazım idi. Tezliklə onu burdan götürüb çöl işlərinə göndərməli – görək onda da indiki kimi özündən deyə biləcəkmi?
Sahibkar birdən-birə mulata çatacaq məvacibi və onun evə qaytarılmasını tələb edəndə fabrik sahibinin və Corcla çalışan bütün işçilərin təəccübünü təsəvvür etmək mümkün deyil.
– Bu nə deməkdir, mister Harris? – fabrik sahibi etiraz etdi, – bu bizim üçün çox gözlənilməz oldu!
– Nə olsun ki? Axı o mənimkidir!
– Biz onun aylığını artırmağa hazırıq, ser.
– Məsələ onda deyil, ser. Adamlarımı başqa yerlərə işə göndərməyə mənim heç bir ehtiyacım yoxdur.
– Lakin, ser, o, əsl bu iş üçün yaranmışdır!
– Tamamilə mümkündür. Mənim qoyduğum işə isə yaramır, eləmi?
– Axı, Corc maşın icad edib! – Ustalardan biri, deyəsən, yersiz olaraq söhbətə qarışdı.
– Ah, maşın! Elə maşın ki, əməyə qənaət edir, zəhməti azaldır, hə? Belə şey ağlına tez gələr. Zəncilər sarıdan arxayın olun. Əməyə qənaətdə pərgardılar. Yox, qoy yığışıb hazırlaşsın evə.
Corc yerindəcə quruyub qalmışdı, dayanıb müqavimət göstərə bilmədiyi bir adamın onun taleyini necə həll etməsinə tamaşa eləyirdi. Dodaqları bir-birinə kip sıxılmış, əlləri qoynunda qalmışdı. İçində vulkanlar qaynayır, damarlarından odlu lava selləri axırdı. O ağır-ağır nəfəs alır, gözləri qızarmış kömürtək yanırdı. Bir saniyə də keçsəydi, qəzəbi partlayacaqdı… Xeyirxah fabrik sahibi vaxtında onun qolundan tutdu və yavaşca dedi:
– Mübahisəni boşla, Corc, dur get, biz sonra birtəhər qurtararıq səni.
Bu, despotun nəzərindən qaçmadı; o, sözləri eşitməsə də, söhbətin nədən getdiyini başa düşdü və nəyin bahasına olur-olsun, öz qurbanı üzərində sahibkar hökmünü axıracan yeritməyi qərara aldı.
Corcu evə apardılar və ən çətin bir işə qoydular. O susur, heç bir nalayiq söz işlətmirdi, lakin yanar gözlərinin və əsəbdən qırış-qırış olmuş alnının narahat ifadəsi insanı əşya etməyin qeyri-mümkünlüyünə açıq-aşkar bir sübut idi.
Eliza Corcla, onun fabrikdə işlədiyi o xoşbəxt günlərdə rastlaşıb ailə qurmuşdu. Fabrik sahibi Corca mərhəmət göstərib ona tam müstəqillik vermişdi. Missis Şelbi elçiliyə, qadınlara xas olan bir həvəslə girişərək, bu nikahı ürəkdən bəyənmişdi. Sevinirdi ki, onun mehribanı, sevimlisi özünə yaraşan bir ər tapıb.
Onların kəbinini Şelbilərin təmtəraqlı qonaq otağında kəsdilər. Gəlinin gur saçlarını narın çiçəkləriylə xanım özü bəzədi, gəlinlik duvağını onun başına saldı, bu duvağa indiyəcən çətin ki, belə gözəl, cazibədar bir çöhrəni bəzəmək qismət olmuşdu. Bu şənlikdə gəlinin və ona böyük mərhəmət göstərən xanımın tərifini göylərə qaldıran qonaqlar da, ağ əlcəklər də, tort da, cürbəcür şərablar da kifayət qədər idi.
Eliza ilk iki ili əriylə tez-tez görüşürdü, yalnız iki körpə balasının ölümü onların səadətini yaralamışdı. Eliza onları alovlu bir məhəbbətlə sevir və kirimək bilmirdi. Buna görə missis Şelbi hərdənbir onu yüngülcə danlayır, gənc qadının ehtiraslı təbiətini bir ana qayğıkeşliyilə cilovlamağa çalışır, səbirli olmağa, Allahın iradəsinə itaət eləməyə çağırırdı.
Ancaq Harri doğulduqdan sonra Eliza get-gedə toxtadı, qəlbi təskinlik tapdı. İztirab çəkmiş ürəyi bu kiçicik varlığa doğru pərvazlandı, yaraları sağaldı və o yenidən səadətə qovuşdu. Bu xoşbəxtlik, ərini zorakılıqla fabrikdən uzaqlaşdırıb fermaya gətirənə, öz qanuni sahibinin əsirliyinə qaytarana qədər beləcə davam elədi.
Corc gedəndən iki həftə sonra fabrik sahibi vədinə əməl edib, mister Harrisin qəzəbini soyutmaq ümidiylə onun görüşünə gəldi, ağanı dilə tutub yola gətirməyə çalışdı ki, cavan mulatı əvvəlki işinə qaytarmağa razı olsun.
– Artıq söz lazım deyil, – Mister Harris inadından dönmədi, – özüm öz işimi bilirəm, ser.
– Allah eləməsin, ser, mən sizin işlərə qarışmaq istəmirəm. Sadəcə, onu fikirləşirəm ki, Corcun təklif etdiyimiz şərtlərlə bizə qaytarılması ancaq və ancaq sizin xeyrinizə olardı. Mən sizi gözəl başa düşürəm! Yoxsa, elə bilirsiniz, onunla gözləşməyinizi və pıçıldaşmağınızı heç kəs görmədi? Mənə kələk gəlmək olmaz, ser! Biz azad bir məmləkətdə yaşayırıq, ser! Corc mənimdir və onunla istədiyim kimi rəftar edə bilərəm. Buna mənim haqqım var. Bax, belə ha.
Corcun son ümüdi də puça çıxdı. İrəlidə isə onu kinli bir despotun ağlına gələ bilən hər cür alçaq bəhanələrlə və təhqirlərlə daha da ağırlaşmış usandırıcı, zəhmət dolu həyat gözləyirdi.
Çox humanist bir qanunşünas nə vaxtsa belə bir kəlam işlədib: “İnsanla ən pis rəftar onu dar ağacından asmaqdır”. Yox! Bu ən pisi deyil – insanla bundan da pis rəftar edirlər!
III FƏSİL
ƏR VƏ ATA
Missis Şelbi qonaqlığa getdi. Eliza eyvanda dayanıb kədərli baxışlarla uzaqlaşan faytonun arxasınca baxırdı, birdən çiyinlərində kiminsə əlini hiss eləyib, cəld başını döndərdi və onun qəşəng gözləri sevincdən alışıb yandı:
– Məni lap qorxuzdun, Corc! Nə yaxşı gəldin! Missis axşamacan olmayacaq. Gedək mənim otağıma, orada rahatca söhbət eləyək.
Bunu deyib, Eliza Corcu qonşuluqdakı kiçicik, səliqəylə yığışdırılmış şüşəbəndli otağa gətirdi, burda o, adətən, tikişlə məşğul olur,