Dəhlizdən ehtiyatla keçdi, sahibkarlarının yataq otağı önündə addımlarını bir dəqiqəliyə yavaşıtdı və xəlvətcə öz otağına qayıtdı. Onun sakit, səliqəli otağı ev sahiblərinin mənzilləri ilə bir mərtəbədə idi. Burda, günəş dolu bu pəncərə önündə Eliza tez-tez oturub, tikiş tikər, pəsdən oxuyardı; bu rəfdə onun kitabları və bəzək-düzəyi – missis Şelbinin milad bayramlarında bağışladığı hədiyyələr düzülmüşdü. Şkafda və siyirmədə onun sadə pal-paltarı saxlanırdı. Sözün kəsəsi, bu guşəni, Eliza öz evi hesab edir və içində xoşbəxt ömür sürürdü. Elə buradaca, çarpayıda onun uşağı yatırdı. Uzun qıvrım telləri bir-birinə dolaşaraq yastığa tökülmüşdü, parlaq dodaqları azca aralı idi, balaca, totuq əllərini yorğanın üstünə qoymuşdu, təbəssüm yuxulu uşaq bənizini nura bələmişdi.
– Zavallım mənim, zavallım! – Eliza pıçıldadı. – Satıblar səni! Ancaq sən qorxma, anan öz balasını darda qoymaz!
Yastığa bir dənə də göz yaşı düşmədi. Belə dəqiqələrdə ürək də xəsisləşir. O, ağzınacan qanla silələnir və susur. Eliza kağız parçası və karandaş götürdü, tələsik bu sözləri yazdı:
– “Ah, missis! Hörmətli missis! Məni qınamayın, məni naşükürlükdə günahlandırmayın. Mən sizin mister Şelbi ilə söhbətinizi eşitdim. Uşağımı xilas etməyə cəhd edirəm. Məni buna görə mühakimə eləməyin! Xeyirxahlığınıza görə Allah sizdən razı olsun!”
Kağızı iki qatlayıb üstünü yazdı, siyirməyə yaxınlaşıb uşaq paltarlarından əlinə keçəni yığdı və burun dəsmalı ilə kəmərinə möhkəm bağladı. Ana məhəbbəti elə güclü idi ki, Eliza hətta bu qorxulu dəqiqələrdə də oğlunun sevimli oyuncaqlarından üç-dördünü boxçaya qoymağı unutmadı, alabəzək tutuquşunu isə kənara qoydu ki, oğlu oyananda onu bir az əyləndirib, könlünü açsın. Lakin onu tez oyatmaq mümkün olmadı, ancaq budur, oyandı, çarpayıda dikəlib oturdu və anası kaporunu geyinib şalını örtənəcən, oyuncaqları ilə məşğul oldu.
Eliza onun paltosunu və papağını əlində tutub çarpayıya yanaşanda oğlan soruşdu:
– Ana, hara gedirsən?
Anası onun üzərinə əyildi və gözlərinə elə diqqətlə baxdı ki, uşaq o saat ehtiyatlandı.
– Ts! – Eliza pıçıldadı. – Bərkdən danışmaq olmaz, yoxsa bizi eşidərlər. Xortdan bu qaranlıq gecədə balaca Harrini anasından ayırıb aparmaq istəyir. Ancaq anası öz balasını heç kəsə verməyəcək. İndi balamın paltosunu və papağını geyindirəcəyəm və biz qaçacağıq, onda xortdan bizi tuta bilməyəcək.
Bu sözləri deyib paltonu düymələdi, onu qucağına aldı, yenə susmasını tapşırdı və qapını açaraq səssizcə aynabəndə çıxdı.
Gecə soyuq və ulduzlu idi, ana uşağını möhkəm–möhkəm bürüdü. Anlaşılmaz qorxudan uşağın elə bil dili tutulmuşdu, o, bərk-bərk anasının boynuna sarıldı.
Aynabəndin uzaq küncündə yatmış böyük qoca Nyufaundlend* Bruno Elizanın ayaq səslərini boğuq mırıltıyla qarşıladı. Eliza sakitcə iti çağırdı, onun çoxdankı dəcəl dostu olan köpək dərhal quyruğunu bulayıb onların arxasınca götürüldü. Ancaq itin heç ağlına da gəlməzdi ki, işdən sonra bu bivaxt gecə gəzintisi nə ola bilər? Görünür, onu Elizanın təhlükəsizliyi barədə anlaşıqsız şübhələr narahat edirdi, ona görə də, o tez-tez dayanır, qəmli gözləriylə gah Elizaya, gah evə nəzər salır və dərin fikir içində yenidən getməyə üz qoyurdu. Bir neçə dəqiqədən sonra onlar Tom dayının daxmasına çatdılar. Eliza sakitcə pəncərəni döydü.
Həmin gecə dua mərasimi gecəyarıyacan uzandı, hamı dağılışandan sonra Tom dayı bir neçə də solo himn ifa elədi. Bu o demək idi ki, bu dəm, yəni gecəyarıdan xeyli keçsə də, nə o, nə də arvadı hələ yatmayıblar, hələ oyaqdılar.
– Allah, özün saxla, kimdir orda? – Xloya xala diksinərək səsləndi və cəld pərdəni araladı. – Hə, bu ki Lizzidir? Geyin, qoca, hətta Bruno da gəlib buralara çıxıb. Gedirəm qapını açım.
Xloya xala qapını taybatay açdı. Tomun tələsik yandırdığı piy şamın işığı qaçqının hədəqədən çıxmış gözlərinə və əzablı sifətinə düşdü.
– Allah, özün kömək ol! Lizzi, adam sənə baxanda qorxur! Nə olub sənə? Xəstələnmisən?
– Tom dayı. Xloya xala, mən qaçıram… Harrini xilas eləmək lazımdır. Sahibkar satıb onu.
– Satıb! – Onlar bir səslə qışqırıb, əllərini dəhşət içində göyə qaldırdılar.
– Hə, satıb, – Eliza qətiyyətlə təkrar etdi, – mən onların yataq otağının qonşuluğundakı balaca, qaranlıq otaqda gizlənib, sahibkarın missis Şelbiyə dediyi sözləri eşitdim. O, mənim Harrimi və Tom dayı, səni satıb. Sabah sübhdən qul alverçisi sizin hər ikinizi aparacaq, sahibkar isə bu ara evdən çıxıb gedəcək.
Elizanı dinləyən Tom sanki daşa dönmüşdü. Onun əlləri elə göydəcə donub qalmış, gözləri hədəqəsindən çıxmışdı. Bu sözleərin mənasını yavaş–yavaş dərk eləyincə stula yıxıldı və başını dizləri arasında gizlədi.
– Mərhəmətli Allah, rəhmin gəlsin bizə! – Xloya xala qışqırdı. – Doğrudanmı, bu həqiqətdir? Günahı nəydi ki, sahibkar onu satdı.
– Onun heç bir günahı yoxdur, məsələ bunda deyil. Mister Şelbi istəmir onları satsın, hələ missis… Özünüz bilirsiz onun necə rəhmli qəlbi var… Mən eşitdim, o necə bizim tərəfimizi saxlayırdı, xahiş edirdi. Ancaq sahibkar dedi ki, artıq heç nə eləmək mümkün deyil. O, bu adama borcludur və onun əlindədir. Əgər borcunu ödəməsə, onda bütün mülkünü, bütün zəncilərini satmalı olacaq və buradan köçəcək. O adamdan yaxa qurtarmaq müşküldür. Mən özüm eşitdim, sahibkar deyirdi ki, onun başqa yolu yoxdur – ya Tomu və Harrini satmalı, ya da qalan hər şeyindən məhrum olmalıdır. Onun sizə yazığı gəlir… Hələ missis! Siz onun sözlərini eşitmiş olsaydınız! Bilirəm ki, yaxşı iş görmürəm, ancaq ayrı cür də edə bilmərəm. Xanımın özü deyirdi ki, insan qəlbi hər cür var-dövlətdən, xəzinədən qiymətlidir, bəs5 mənim oğlumu satanda, kim bilir, körpənin qəlbinə nə dağlar çəkiləcək. Belədi axı, belədi! Yox, əgər mən yanılıramsa, qoy Allah özü keçsin günahımdan!
– Qoca, – Xloya xala dilləndi, – bəs sən niyə durmusan? Gözləyirsən ki, nə vaxt səni gəlib çayaşağı, zəncilərin dözülməz zəhmətdən və acından qırıldıqları yerə aparsınlar? Bundansa, mən ölərdim! Vaxt var ikən Lizzi ilə birlikdə qaç. İcazə kağızın var, heç kəs səni saxlamaz. Qalx, mən indicə sənin şey-şüyünü yığışdıraram.
Tom ağır-ağır başını qaldırdı, kədərli, lakin arxayın baxışlarla komanı süzüb dilləndi.
– Yox, mən heç yana getmirəm. Qoy Eliza getsin, buna onun haqqı var. Kim ananı mühakimə edəcək? Bəs sən eşitmədinmi o nə dedi? Əgər məni satmasalar, onda hər şey məhv olacaq… Neyləmək olar, qoy satsınlar,