– Odur, apara bilərsən, – mister Şelbi dedi. Qadın uşağın əlindən tutub tələsik otaqdan çıxdı.
– Lənətə gələsən, şeytan! – Vəcdə gəlmiş qul alverçisi mister Şelbiyə sarı döndü. – Orleanda belə gözəldən əməlli-başlı qazanmaq olar! Sizin bu gözəldən heç də artıq olmayan qadınları gözlərimin qabağındaca min dollara satırdılar.
– Mən Elizanı satmaq fikrində deyiləm, – mister Şelbi ötkəmliklə dilləndi və söhbəti dəyişmək üçün təzə şərab şüşəsi çıxarıb ağzını açdı, Heylidən onu xoşlayıb–xoşlamadığını soruşdu.
– Əladır, ser! Birinci növ! – Qul alverçisi cavab verdi, sonra ədayla mister Şelbinin çiyinlərini şappıldadaraq əlavə etdi: – Yaxşı, bu gözəl üçün nə qədər istəyirsiniz? Sövdələşək? Qiymətinizi deyin.
– O satılmayacaq, mister Heyli, – Şelbi dedi. – Lap qızıl da versəniz, mənim arvadım ondan ayrılan deyil.
– E-e, qadınlar həmişə belə deyirlər, çünki qızılın qiymətini anlamırlar. Bu pullara nə qədər saat, dəvəquşu lələyi, cürbəcür bər-bəzək almaq olar? Bunu başa salanda isə o saat sözlərini geri götürürlər.
– Bu barədə heç danışmağa dəyməz, Heyli. Yox, dedimsə qurtardı, baş tutan iş deyil, – Şelbi qətiyyətlə təklifi rədd etdi.
– Yaxşı, heç olmazsa, oğlanı verin, – qul alverçisi təkid elədi. Özünüz görürsüz ki, mən qiymətə görə çənə-boğaz eləmirəm.
– O sizin nəyinizə lazımdır, axı? – Şelbi ucadan səsləndi.
– Mənim bir dostum var, o bu cür qanışirin oğlan uşaqları alır. Uşaqlar böyüyüb boya-başa çatır, o da aparıb bazarda satır. Bunlar əlbəttə, bəzək əşyasından başqa bir şey deyillər, onları çox vaxt lakeyliyə götürürlər. Qiyməti isə bahadı, ancaq varlılar ala bilir. Lakin o vaxt ki, qəşəng bir lakey qapını qonaqların üzünə açır, məclisə qulluq eləyir, bu, bilirsiz sizin ziyafət salonlarınıza necə əvəzsiz bir zinətdir?! Belələrindən yaxşı gəlir götürmək olar, bu şeytan balası da elə zirək, elə xoşavazdır ki, lap xas maldır.
– Mən onu satmaq istəməzdim, – mister Şelbi fikirli-fikirli dilləndi. – Məsələ burasındadır ki, ser, bir humanist adam kimi, mən uşağı anasından ayıra bilmərəm.
– Belə de! Əlbəttə, mən sizi başa düşürəm. Hərdən qadınlara baş qoşmayasan gərək. Doğrudur, göz yaşları, nalə-şüvən ağırdır! Çox ağırdır! Ancaq, ser, mən işi elə düzüb qoşaram ki, bunlarsız ötüşərik. Siz qadını bir günlüyə, ya bir həftəliyə başqa yerə yollayın, bununla da hər şey sakitcə, səssiz-səmirsiz öz yoluna düşəcək. Evə qayıdanda isə, artıq iş-işdən keçmiş olacaq. Arvadınız ona sırğa bağışlar, təzə paltar, ya da nəsə xırda-xuruş bir şey verər, bununla da o təsəlli tapıb ovunar.
– Çətin ağlım kəsir.
– Əşi, qurtarın görək! Zənciləri ağlarla bir tutmayın. Əgər işin çəmini tapsan, onlardan hər şeyi bir andaca qamarlamaq olar. Bəziləri deyir… – Heyli məhrəmliklə səsini alçaldıb davam etdi, – Bəziləri deyir ki, guya bizim işimizdə adam qəddarlaşır. Məncə, belə deyil. Başqaları neyləyir? Uşağı anasının əlindən qoparıb gözünün qabağındaca satışa qoyurlar, ana isə şüvən qoparır. Mən o cür eləmərəm. Elə iş görməzlər. Bu, sadəcə malı öldürməkdir. Bundan sonra bəzi qadınlar işləyə də bilmirlər. Yadımdadır. Orleanda biri vardı, dünya gözəli idi, belə rəftarın qurbanı oldu. Alıcı uşağı yox, təkcə ananı aldı. Qadın isə hərarətli, dəlisov idi, kəndir kimiydi. Bərk-bərk uşağa sarılmışdı, az qala boğub öldürəcəkdi. Yadıma düşəndə dəhşətə gəlirəm! Axırı ki, uşağı ondan qopardılar, özünü də damladılar. O, həbsxanada dəli oldu, bir həftədən sonra isə öldü. Min dollar batdı, axı niyə? Ona görə ki, rəftar eləməyi bacarmırlar. Yox, ser, belə yerdə xoş rəftar lazımdı. Bunu mən öz təcrübəmdən bilirəm. – Qul alverçisi stulun söykənəcəyinə yayxanıb, təkəbbürlə əllərini sinəsində çarpazladı.
Bu söhbət, görünür, Heyli üçün az əhəmiyyət kəsb eləmirdi. Düşüncələr içində portağal təmizləyən mister Şelbinin cavabını gözləmədən sözünə davam etdi, sanki o, gerçəkliyə nüfuz etmək meylini cilovlaya bilmədiyinə görə bir neçə kəlmə də əlavə etmək məcburiyyətində qalmışdı.
– Özünü tərifləmək yaxşı deyil, lakin gərək olanı deyəsən. Nahaq yerə demirlər ki, Heylinin zəncilərinin bir neçəsi yox, hamısı sayseçmədir, tox, sakit, biri birindən yaxşı. Özləri də başqalarına baxanda uzunömürlüdürlər. Bax, sanballı iş buna deyərlər, ser! Hamısı ser, mənim insanpərvərliyimdən irəli gəlir.
Mister Şelbinin deməyə sözü qalmadı, o, müxtəsərcə:
– Eləmi? – deməklə kifayətləndi.
– Məni, ser, lağa qoyublar, çox istəyiblər ki, baxışımı, münasibətimi dəyişsinlər. Nə deyəsən, bu çox da geniş yayılmış fikir deyil, ancaq, ser, mən ondan heç vaxt imtina etməmişəm və deyə bilərəm ki, bir dəfə də olsun pis vəziyyətdə qalmamışam. – Qul taciri özündən tamam razı halda bərkdən güldü.
Humanizm prinsiplərinin bu cür anlamı o qədər özünəməxsus və gözlənilməz idi ki, mister Şelbi də qonağına qoşulub gülümsəməli oldu. Bu, Heylini daha da qızışdırdı, o, sözünə davam elədi:
– Qəribə işdir! Mən bunu adamların beyninə yeritməyə çox cəhd göstərdim, amma çifayda, zəhmətim hədər getdi. Elə mənim keçmiş şərikim, Natçezli Tom Lokker. Ağılsız oğlan deyil, zəncilər üçünsə – xalis iblisdir! Hər şey prinsipdən asılıdır, çünki əslinə baxanda, Tom qəlbən mərhəmətli adam idi. Ancaq onun üsulu beləymiş, fikir verirsizmi. Hərdənbir deyirdim ona: – “Tom! Əgər sənin qızların ağlayıb özlərini öldürürsə, onların üstünə qışqırıb şallaq altına salmağın nə mənası var? Bu heç nəyə kömək edəsi deyil. Qoy, sağlığına, ağlaşsınlar. Xislətləri belədir! Südlə gələn sümüklə çıxar. Neyləsən, mənası yoxdu. Eşşəyi döyəcləməklə at olan deyil ki. Bundan başqa, kötək ancaq ziyan gətirir, onlar bundan daha da xarab olurlar, ölgünləşirlər, xüsusən də mulat qızlar. Yaxşı olar ki, birtəhər dilə tutasan, bir az yumşaq danışasan onlarla. Bir balaca humanist ol, ziyan çəkməzsən, sözümü yadında saxla. Bu, söyüşdən və şapalaqdan yaxşı təsir göstərir və vaxt keçdikcə həmişə özünü doğruldur. Həqiqi sözümdür". Məgər onu qandırmaq mümkün idi? Nə qədər malı zay elədi, axırda ondan üzülüşməli oldum. Amma heyif, mərhəmətli ürəyi vardı, işlərdən də baş çıxaran adam idi.
Mister Şelbi soruşdu:
– Deməli, belə zənn edirsiniz ki, sizin iş üsulunuz Tomun üsuluyla müqayisədə bəzi üstünlüklərə malikdir?
– Belə düşünməyə haqqım var, ser. Bircə imkan olaydı! Mən peşəmizin xoşagəlməz cəhətlərini hər vasitəylə yoluna qoymaqdan heç vaxt çəkinmirəm. Götürək uşaq alverini. Ananı harasa göndərirəm ki, mane olmasın, axı məlum məsələdir: gözdən uzaq, könüldən iraq deyiblər. İş görülüb qurtarandan sonra onu geri qaytarmaq müşkül məsələdir, ana