Öz sevimli nəğmələrini oxuya-oxuya onlar gülür, ağlayır, gah çəpik çalır, gah da bərk-bərk, hərarətlə bir-birinin əllərini sıxırdılar, elə bil, doğrudan-doğruya gedib İordan sahillərinə yetişmişdilər.
Mahnılar moizələrlə, ibrətamiz rəvayətlərlə növbələşirdi. İş-güclə çoxdan vidalaşmış, lakin hamının sayıb ehtiram göstərdiyi ağbirçəkli qarı ötən günlərin canlı salnaməsi təki yerindən durdu, əl ağacına dirsəklənərək belə bir nitq irad elədi:
– Övladlarım! Sizi görməyimə və eşitməyimə bilsəniz nə qədər şadam, sözlə ifadə edə bilmərəm bunu, çünki əbədi və əsl dünyaya mənim nə vaxt qovuşacağımı kim bilə bilər? Ancaq mən hazıram, övladlarım, elə hazıram ki, hətta yol düyünçəmi də yığıb bağlamışam, ləçəyim də başımdadır, hazırca oturub arabanın dalımca gələcəyi və məni öz evimə aparacağı günü gözləyirəm. Bəzən olur, bütün gecəni yatmırsan və səhərəcən oturub keşik çəkirsən görəsən, o arabanın təkərlərinin səsi gəlmir ki? Mənim övladlarım, siz də hazır olun, – bu yerdə o, əsasıyla döşəməni taqqıldatdı, çünki əbədi, müqəddəs aləmdən şirin heç nə mövcud deyil. Eşidin, övladlarım, ondan şirin heç nə yoxdur! Siz bircə bilsəydiniz, bu necə gözəldir – əbədi dinclik; o müqəddəs aləm! Sözlərini davam etməyə qarının daha taqəti qalmadı və göz yaşlarına qərq olaraq öz kürsüsünə çökdü. Xor şimşək kimi gurladı:
– Ah, Hənaan! Ah, Hənaan! Həsrət qaldığım diyar!
– Mister Corc hamının xahişini nəzərə alıb, Apokalipsisin son fəsillərindən bir neçəsini oxumağa başladı. Onun sözünü tez–tez bu cür heyrətli nidalarla kəsirdilər: “Allah, özün saxla, Allah!”, “Yox, hələ bir eşidin siz!”, “Heç gör ağıla gələrmi?”, “Yəni, burda yazılanlar, doğrudanmı olacaq bir gün?”
Anasından şəriət dərsini yaxşıca mənimsəmiş Corc öz müvəffəqiyyətindən qürrələnərək, arabir oxuduğu mətnin özünəməxsus şərhinə də girişir və bununla da cavanları heyran qoyur, qocaların qəlbində isə riqqətli duyğular oyadırdı. Axırda da dinləyicilər belə bir yekdil fikrə gəldi ki, “Heç keşişin özü hər şeyi bu cür aydın və gözəl izah edə bilməzdi” və bu, “sadəcə olaraq, ağlasığan şey deyil”.
Din məsələlərində Tom dayı bütün bu dairədə az qala din xadimi, ruhani hesab edilirdi. Yüksək əxlaqi-etik normalara riayəti, hərtərəfli inkişaf etmiş ağlı ətrafındakıları, tay-tuşlarını onunla ehtiramla, əsl keşiş kimi davranmağa məcbur edirdi. Anlaşıqlı və ürəkdən gələn moizələri ibrətamiz, rəvayətləri isə, hətta oxumuş adamların belə qəlbinə yol tapa bilərdi. Xüsusən də o, dua edərkən bir səmimiyyət və kövrəklik mücəssəməsinə çevrilirdi. Müqəddəs kitabdan gələn mətnlərlə rövnəqlənən, Tomun qanına-iliyinə işləmiş bu dualar onun dilində həzin-həzin səslənən kövrək bulaq şırıltısı kimiydi və bu duaların uşaq ciddiyyətindən, sadəlövhlüyündən də təsirli bir şey təsəvvür eləmək mümkün deyildi.
Mömin, ahıl zəncilərdən birinin dediyi kimi, Tomun “duaları çox uğurlu alınırdı” və bu dualar Tomu dinləyən dindarlara elə dərin təsir bağışlayırdı ki, onlar az qala, yerlərdən ucalan ehtiraslı hay-küy içində tamam qərq olmaq, deyilən sözü eşitməmək təhlükəsi qarşısında qalırdılar.
Bütün bunlar işçinin daxmasında baş verirdi, sahibkarın evində isə tamamilə başqa bir səhnə oynanılmaqda idi.
Qul alverçisi və mister Şelbi həmin yemək otağında, həmin stolun arxasında əyləşmişdilər, stolun üstündə mürəkkəb qabının yanında bir neçə kağız görünürdü.
Mister Şelbi pul bağlamalarını sayır və bir–birinin dalınca qul alana verirdi.
– Hamısı düzdür, – o da öz növbəsində pulları sayıb dilləndi, – indi isə, bax, burda və burda öz imzanızı qoyun.
Mister Şelbi hər iki kağızı götürüb imzaladı və pullarla birlikdə kənara itələdi. Görünür, o bu xoşagəlməz işi tez qurtarmaq istəyirdi. Heyli nimdaş yol çantasından perqament kağızı çıxartdı, nəzərdən keçirib, öz səbirsizliyini gizlətməyə çalışaraq kağıza doğru əyilən mister Şelbiyə verdi.
– Bax belə, qurtardıq, – qul alverçisi stuldan durdu.
– Bəli, qurtardıq, – mister Şelbi fikirli-fikirli dilləndi və dərindən köks ötürüb təkrar elədi, – qurtardıq!
– Siz elə bil heç sevinmirsiniz! – qul alverçisi təəccüb elədi.
– Heyli, –mister Şelbi dedi, – mən ümidvaram ki, kişi kimi verdiyiniz sözü unutmayacaq, Tomu yad əllərə satmayacaqsınız.
– Axı, siz özünüz elə indicə belə elədiniz, ser, – qul alverçisi dedi.
– Sizə məlumdur ki, bu işə məni məcbur elədilər, – Şelbi təkəbbürlə cavab verdi.
– Məni də məcbur edə bilərlər, – qul alverçisi dedi, – yaxşı, yaxşı, sizin Tom üçün bir babat yer tapmağa çalışaram. Yaxşı rəftara gəldikdə isə, bu barədə narahat olmaya bilərsiniz. Başqa şeyi demirəm, qəddarlıq, Allaha şükür ki, məndə heç yerli-dibli yoxdur.
Heylinin öz humanizmini təsdiq eləmək üçün söylədiyi əvvəlki dəlilləri də xatırlayan mister Şelbi onun bu sözlərinə o qədər də arxayın deyildi, başqa əlacı qalmadığından o, qul alverçisini səssizcə yola saldı və tək qalıb bir siqar yandırdı.
V FƏSİL
ÖZ AĞALARININ DƏYİŞMƏSİNƏ CANLI MÜLKİYYƏTİN MÜNASİBƏTİNDƏN BƏHS EDİR
Mister və missis Şelbilər öz yataq otaqlarına getdilər. Mister Şelbi böyük kresloda əyləşib, gündəlik poçtu nəzərdən keçirirdi, arvadı isə güzgünün qabağında dayanıb Eliza tərəfindən səliqəylə yığılmış saçlarını darayırdı. Qulluqçusunun ağarmış sifətini və çuxura düşmüş gözlərini görən missis Şelbi həmin axşam onu vaxtından tez buraxmış və tapşırmışdı ki, yatıb dincəlsin. Və indi, bu gecə vaxtı darandığı yerdə bir az əvvəl aralarında olmuş söhbəti birdən xatırlayıb saymazyana ərindən soruşdu:
– Hə yeri gəlmişkən, Artur, bu gün nahara gətirdiyiniz o mədəniyyətsiz tip kim idi elə?
– Onun adı Heylidir, – məktublardan başını qaldırmayan Şelbi cavab verdi və narahatlıqla kresloda qurcalandı.
– Heyli? Kimdir o, nə istəyirdi?
– Axırıncı dəfə mən Natçezdə olanda bəzi işləri onunla görmüşdüm.
– Buna görə də o, indi özünü bizim evin adamı hesab edir və naharda da ortaya soxulur, eləmi?
– Xeyr, mən özüm onu dəvət eləmişdim. Haqq-hesaba qol çəkmək lazım idi.
– O, qul alverçisidir? – Missis Şelbi ərinin səsindəki pərtliyi sezərək soruşdu.
– Bu