Səlimə soyunub çarpayıya uzandı. Gülnisə, gecə tez sönməsin deyə, maşa ilə sobanın gözünü qabağa çəkib üç-dörd yaş odun qoydu. Sonra ayağa qalxıb:
– İşığı söndürüm, yoxsa yanılı qalsın? – deyə qızdan soruşdu.
– Mənim üçün təfavütü yoxdur. Nə cür istəyirsiniz…
Arvad işığı keçirərək, qaranlıqda soyunub yerinə girdi. Səlimə, bayırda küləyin vıyıltısını dinləyərək yorğanına büründü. Yeri yumşaq və rahat idi. Yorğan-döşəkdən xoş bir qoxu duyulurdu, Qız bu çarpayıda, onu ölümdən xilas edən oğlanın yatmış olduğunu, bu xoş qoxunun ondan qaldığını bakir bir utancaqlıqla xəyalından keçirdi və o, evin qaranlığı içində sobanın gözlərindən düşən işığın xalça üzərində titrəməsinə baxaraq təkrar Şahlar haqqında düşündü. «Maşallah, yaxşı oğlandır». Və birdən qız hələ də aksentlə danışan özbək anasını xatırladı. Səlimə də Şahlar kimi ata-anasının bircəsi idi. Anasının heç bir qohum-əqrəbası olmadığından meylini qızına salmışdı. Görəsən anası, dünən gecə onun başına gələn əhvalatı bilsəydi, bu cavan oğlana necə təşəkkür edərdi?!
Birinci dəfə rayona getdiyi vaxt, onu ötürmək üçün vağzala gələn anasının qatarın birinci zəngi vurulduqda özünü saxlaya bilməyərək ağladığını xatırladıqda, qızın gözləri doldu və o, yanağı ilə yuvarlanıb onu ölümdən xilas etmiş oğlanın yastığı üzərinə düşən isti damcının tappıltısını eşitdi.
Bütün bunlar onun uşaqlıqda eşitdiyi nağıllara bənzəyirdi.
– Yatmısan? – deyə Gülnisə arvad, yerində qurcalanaraq, qaranlıqda səsləndi.
– Xeyr.
– Anan indi deyir görən qızım haradadır…
– Yəqin ki…
– Neyləsin, gözünün ağı-qarası bircə balasısan. – Sonra, ah çəkərək əlavə etdi: – Tək övladı olmaq ana üçün çətindir.
Bir qədər susduqdan sonra pıçıltı ilə soruşdu:
– Ərin varmı?
– Xeyr.
– Siz şəhər qızlarının da işi lap nağıldır. Gözəl-göyçək qızsan, tay nəyi gözləyirsən… «Lap istəyir dünya gözəli olsun. Vaxtı keçmiş şamamanı kim üzəcək?!» – deyə arvad ürəyindən keçirdi.
Səlimə gülümsədi.
– Bəndalı məni götürüb qaçanda heç bilmirdim dünyada nə var, nə yox…
– Neçə yaşınız var idi?
– Neçə yaşım olduğu yadımda deyil. Ancaq onu bilirəm ki, rəhmətlik qayınanam düz iki il məni özü ilə ayaq-baş yatırtdı.
– Bəndalı əmi sizdən çox böyük idi?
– Bəs nədi… Bəndalı onda adlı-sanlı qaçaq idi.
– Bəs necə oldu ki, siz qaçağa getdiniz?
– Nə bilim, oldu da… Bir qədər susduqdan sonra əlavə etdi: – Bəndalı hökumətdən qaçmışdı, camaatdan yox.
– Nə üstə qaçmışdı?
– Adam öldürmüşdü.
Son sözləri deyərkən arvadın səsinin ahəngindəki biganəliyə Səlimə təəccüb etdi.
– Niyə öldürmüşdü?
– Yuxun gəlmir? – deyə arvad mehriban ifadə ilə soruşdu.
– Yox.
– Bilirsənmi, Bəndalının atası Alıhüseyn kasıb da olsa sayılan adam idi. Ona görə də hacı Tanrıverdi uşağı ona bata bilmirdi.
– Hacı ilə düşmənçilikləri var idi?
– Bəli, Alıhüseynin tayfası ilə hacı Tanrıverdi uşağı arasında köhnə ədavət var idi.
– Nə ədavət?
– Düzü, orasını yaxşı bilmirəm. Ancaq hacı Tanrıverdi uşağı çox idi. Divan-dərədə də sözləri keçirdi. Uyezd naçalniyi Fərəc bəyin ana tərəfdən onlara qohumluğu çatırdı. Bu tərəfdən isə karlı adam elə bir Alıhüseyn qalmışdı. Ona görə də Tanrıverdi uşağı onu ortadan götürməyə çalışırdılar. Odur ki, əllərinə girəvə düşən kimi keçirmədilər.
– Nə cür? – deyə qız maraqla soruşdu.
– O vaxtlar, qışda camaat enib aşağı aranda qoyun saxlayırdı. Bir gün hay düşdü ki, İran atlıları haramıda (haramı, qışda qoyun saxladığımız yerə deyirdik) hacı Tanrıverdi uşağının qoyununu yığıb keçirdiblər Arazın o tayına.. Bu əhvalatı onlar Alıhüseynin üstünə yıxdılar. Dedilər guya, İran atlılarına bələdçilik eləyən o olub.
– Onlar bunu necə sübut eləyə bildilər?
– Alıhüseyn də, torpağı sanı yaşasın, bizim bu gədə kimi çox atbaz idi. Çapqından bir neçə gün qabaq o, Şahsevənlərdə yaxşı bir at sorağı alıb keçmişdi o taya. Hacı Tanrıverdi uşağı da bunu əllərində dəstavüz tutub divana danos verdilər. Fərəc bəy on iki atlı ilə obaya gəlib Alıhüseyni tutdu. Camaat bilirdi ki, nahaq işdir. Ona görə də bir dəstə ağsaqqal naçalnikin hüzurunda and içdilər ki, Alıhüseynin bu işdən xəbəri yoxdur. Fərəc bəy tərs adam idi. Anda-zada inanan deyildi. O biri tərəfdən də dediyim kimi hacı Tanrıverdi uşağına qohumluğu çatırdı. Alıhüseyni götürüb apardı Şuşa qalasına.
Gülnisə susdu. Hələ də davam edən küləyin vıyıltısı eşidilirdi.
– Bəs sonra nə oldu?
– Həmin günün səhəri küy düşdü ki, Bəndalı naçalniyi öldürüb qaçıb.
– Nə cür öldürmüşdü?
– O vaxt Bəndalı, atalı-analı olsun, elə Şahlar yerdə imiş. Alıhüseyn tutulan günün səhəri gedir çıxır naçalniyin dəftərxanasına. Qapıda dayanan strajniklərə deyir ki, guya ağa üçün vacib xəbər gətirib. İzin verirlər, girir içəri. Nə qədər minnət-sünnət eləyir, bir şey çıxmır. Naçalnik qəzəblənib söyüş eləyir. İş belə olanda, gədənin cibində tapança varmış, Fərəc bəyə dalbadal üç güllə vurub özünü pəncərədən atır küçəyə. Dalınca tökülüb nə qədər güllə-zad atırlar, bir şey çıxmır. Özünü Daşaltına verib qalxır Topxana meşəsinə.
Xeyli sükutdan sonra qız soruşdu:
– Bəs sizlə evlənməyi nə cür oldu?
– Bu uzun əhvalatdır. Yat, yorğunsan.
– Yuxum qaçıb.
Sükut.