Dağlar arxasında üç dost . Ильяс Эфендиев. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Ильяс Эфендиев
Издательство: JekaPrint
Серия:
Жанр произведения:
Год издания: 0
isbn: 978-9952-8210-5-8
Скачать книгу
ad almış Qarabağ atlarında izzəti-nəfs heyrətli dərəcədə güclüdür. Onlar çatlayıb ölər, amma yorulub yolda qalmazlar. Onlarda həqiqi igidlərə məxsus bir qürur və nəciblik vardır. Bu atlar həm gözəl, həm də cəsurdurlar. Onlar yəhəri qanla dolmuş çox igidləri düşmən əlindən qaçıraraq öz yurduna yetirmişlər.

      …Altyuxarı qalxdıqca boz ürgənin ağır-ağır nəfəs alması oğlanın ürəyini ağrıdırdı.

      …Xeyli getdikdən sonra ağaclıqlar qurtardı. İndi cığırın o tərəf-bu tərəfində qorxulu ağ heykəllərə bənzəyən qayalar dayanmışdı.

      …Artıq oğlan sanki büsbütün keyimişdi. Hətta canavarların yenə qayıdacaqları ehtimalı da onu qorxutmurdu. «Bircə qızı o biri qolu üstünə keçirə bilsəydi…» Ayaqları da elə bil ki, yox idi. Birdən o, Çıraq dayının qarasına hirsləndi. «Rəhmətliyin oğlu, səksən yaşı var, yenə də qəribə işlərindən əl çəkmir. Görün heç bu havada da qazalaqla Qızıl gədiyə qalxarlarmı? Özü də zənən xeylağı ilə». Bu düşüncə qəlbinin dərinliklərində ona qorxaqlıq kimi göründüyü üçün özünə acığı tutdu. Belə havada yola tüfəngsiz çıxdığı, hətta papiros çəkmək üçün spiçka belə götürməyi unutduğu üçün özünü məzəmmət elədi. Dişlərini bir-birinə sıxaraq sanki bədənində hansı həyat qüvvəsini isə köməyə çağırırdı. Bu qüvvə bütün varlığına hakim olaraq onu məğlub olmağa qoymurdu. İndi qar kəsmişdisə də külək eyni amansızlıqla əsməyində davam edirdi.

      Gədiyin lap zirvəsinə qalxdıqda o tərəfdə, aşağıda tək-tək işıqlar göründü. Külək hərdəm-hərdəm qarı sovurduğu üçün bu işıqlar tez-tez gözdən itir, sonra yenə də qatı qaranlıq içindən zahir olurdu.

      İşıqları görərkən oğlan dərindən nəfəs alaraq qeyri-ixtiyari bir hərəkətlə əyilib təkrar qıza diqqət yetirdi. Onun üzü tamam hərəkətsiz idi. Oğlan qulağını lap qızın ağzına dirədi, ipək yelpazənin xəfif hərəkətindən yaranan hava ehtizazı kimi bir şey duydu və yalnız bu zaman soyuqdan donmuş qulağının qızın dodaqlarına toxunduğunu hiss etdi. Ürəyindən mehriban – riqqətli bir duyğu keçdi. O bütün gücünü toplayaraq, yəhərin üstündə möhkəm oturdu. İndi boz ürgə yenə də üzüaşağı gedirdi. Yenə də cilovdan möhkəm yapışmaq, ayaqları üzəngiyə möhkəm dirəmək lazım gəlirdi.

      …Boz ürgə oğlanla qızı gətirib kəndə çıxaranda gecədən xeyli keçmişdi. Oğlunun bu çovğunlu gecədə indiyə qədər gəlməməsindən təşvişə düşərək yatmayan Gülnisə ayaq tappıltıları eşidib çölə yüyürdü. Atın üstündə hərəkətsiz dayanmış oğlunu və onun qucağındakı zənən xeylağını gördükdə təəccübündən bir neçə saniyə dinə bilmədi. Sonra atın cilovundan yapışaraq:

      – Bu nədi, ay bala? – deyə həyəcan və qorxu içində soruşdu.

      – Dədəmi səslə! – deyə oğlan acıqlı halda dilləndi.

      Gülnisə arvad başını döndərib, evə sarı qışqırdı:

      – Əşi, bir çölə çıx dayna!

      – Nə olub, ay arvad? Niyə bağırırsan? – deyə paltosunu çiyninə ataraq alt tuman-köynəkdə bayıra çıxan Bəndalı kişi bütün qədd-qaməti ilə qapı ağzında göründü. Və o, tələsmədən irəliləyib diqqətlə oğluna, sonra da onun qucağında uzanmış qıza baxdı, heç nə soruşmadan qızı atın üstündən götürdü. Palto çiynindən sürüşüb, açıq qapıdan uzanmış işıq zolağında ağaran qarın üstünə düşdü. Kişi qara bata-bata qızı içəri apardı.

      – Düş, bala, allah məni öldürsün, soyuq əhədini kəsib, – deyə Gülnisə əlini oğlunun soyuqdan donub buz parçasına dönmüş gödəkcəsinə sürtdü. Oğlan çətinliklə aşırılıb düşdü. Gülnisə oğlunun yeriyə bilmədiyini görüb, hövlnak cilovu buraxaraq, onun qoluna girdi.

      – Gəl… axı bu nə işdi?..

      – Yaxşı… – deyə oğlan acıqlı halda anasının sözünü kəsdi və qolunu onun əlindən qopararaq, – yeri atı çək tövləyə, – dedi. – Tərlidir.

      …Səhəri günün axşamı Bəndalı kişinin divarları əhənglə ağardılmış balaca, isti və rahat otağına toplaşan qız-gəlin sobanın böyründə, qalın döşəkcə üstündə oturmuş qonaq qızı dövrəyə almışdılar.

      (Gecəki əhvalat artıq bütün Qartallı Dərəyə yayılmışdı). Qızın çiyninə qırmızı qanovuz üzlü yorğan salınmışdı. Onun yanaq sümükləri çıxıq – solğun üzündə, alnında yumrulanan xırda tər tumurcuqları muncuq kimi parıldayırdı. Qızın əynində tündqırmızı şaldan qolları dirsəyə qədər qısa don var idi.

      Başına yığılan qız-gəlin onun qansız ağ biləklərinə, uzun boynuna, üst qapağı ətli uzunsov qara gözlərinə maraqla baxırdılar. Ağyelənli kəlağayısının altından qara saçları görünən, gözlərindən gülən iridöşlü bir gəlin ağzını yanındakı gəlinin qulağına yaxınlaşdıraraq: – Bu lap Ağcabədidəki özbəklərə oxşayır, – deyə pıçıldadı.

      – Allaha şükür, bala, yaxşı qurtardın, – deyə qızın yanında oturmuş ətli-canlı Gülnisə arvad dilləndi. Sonra həmin gözlərindən gülən iridoşlü gəlinə müraciətlə: – Şahların canı üçün, Ayna, dedim, yazıq əldən getdi.

      Bəndalı kişi, sobanın qabağında buğlana-buğlana dızıldayan ağ, qırçınlı samovardan bir stəkan çay süzüb, Gülnisəyə uzatdı:

      – Ala, ver içsin.

      Gülnisə çayı alıb, qızın qabağına qoydu.

      – Nə qədər bacarırsan iç, tər vurub canında olan soyuqdəymənin hamısını çıxaracaq.

      Sonra da əri eşitməsin deyə pıçıltı ilə soruşdu: – Qılçaların tay ağrımır ki?

      – Xeyr.

      Gülnisənin üzü arxayın ifadə aldı və o, qız-gəlinə müraciətlə dedi:

      – Yazığın bədənində sağ yer qoymadıq. Kürəyini o qədər ovmuşam ki, əllərim ağrıyır.

      – Özünün heç nədən xəbəri yoxmuş, – deyə Ayna yaraşıqlı ağ dişlərini göstərərək gülümsədi.

      – Haradan xəbəri olacaqdı… Allah göstərməsin, boran yaman şeydir… O ili (hansı il məlum deyil) həmin Qurdbasan gədikdə bizim obadan dörd adam çovğuna düşüb mağmın olmadımı…

      Bəndalı kişi bir əlində çayniki tutaraq, o biri əli ilə maşalı uzadıb sobadan od götürür, samovara salırdı. Arvadların söhbətinə qarşı onun qartalburunlu, arıq və sərt üzündə heç bir dəyişiklik sezilmirdi. Sanki kişi heç bu sözləri eşitmirdi. Uzaq keçmişdən qalan adətdir: kişinin arvad uşaqla ağız-ağıza verib laqqırtı vurması onun üçün əskiklik sayılır. Bir də ki, artıq olub keçmiş iş barədə nə danışasan?! Arvad tayfasının hulqumu yoxdur. Nə qədər zəvzəyirlər, qoy zəvzəsinlər. Bəndalı kişi maşanı sobanın ətəyinə söykəyərək çayniki də samovarın başına qoydu. Sonra öskürərək kim bilir hansı zamandan qalmış qarağac qutusunu çıxartdı. Bu vaxt, qapı açıldı və Şahlar içəri girdi. Ayazdan-gündən yanıb qaralmış uzun barmaqları arasında papiros bükən Bəndalı göz qapaqlarını