Günəş təl’ətli üzündür bu gün aləmdə, ey dilbər
Ki, hər mə’nidə kamildir, bulunmaz mislü həmtası.
Nə yəğmaçı moğolçindir gözün, yarəb ki, dövründə
Yayılmışdır yasağından yedi iqlimə yəğması.
Sədəfdən gərçi, ey dilbər, çıxar qiymətli incular,
Vəlakin özgə cövhərdir dişin lö’löi-lalası.
Camalın vəslini həqdən dilər aləmdə hər aşiq,
Vəli şol dürri-məknunun bulunmaz qə’ri-dəryası.
Qaradır geydigi ya gög həmişə zahidin, yarəb,
Nə matəm düşmüş ana kim, tükənməz heç anın yası?
Şərabü şahidin zikri dilimdən getmədi ta kim,
Məni sevdadan əsritdi nigarın eyni-şəhlası.
Riyalı zahidin daim işi təzvirü iğvadır,
Vəli kar etməz ol divin mana təzvirü iğvası.
Qül Allahümmə malik çün mana tə’vizi-hirz oldu,
Xilas oldum yüvəsvisdən, gedir sən də bu vəsvası.
Bu gün-fərdadan, ey vaiz, məni qorxutma, əbsəm dur
Ki, qorxusuzdur ol arif ki, imruz oldu fərdası.
Üzün lövhündə, ey huri, ilahı görməyən qafil,
Yəqin kim, güzgüsü anın üzündən getməmiş pası.
Nəsimi çün səni buldu, irişdi cümlə məqsuda,
Muradı cümlə xətm oldu, tamam oldu təmənnası.
«Dün gecə bir dilbər ilə eyşimiz mə’mur idi…»
Dün gecə bir dilbər ilə eyşimiz mə’mur idi,
Leykin ol xunxarə gözlər uyxudan məxmur idi.
Gözlərin süzmüş və üzmüş canını aşiqlərin,
Asılı zülfündə yüz min Şiblivü Mənsur idi.
Sözlərindən zahir oldu şol Məsihin mö’cüzat,
Dodağından bir işarət aşiqə pək dur idi.
Hüsnü lövhündə yazılmış xubların şahı, deyü,
Sümmə ənşə nahu xəlqən axərin məşhur idi.
Zülfü sübhanəlləzi-əsra, biəbdi ayəti,
Yanağı üzrə müsəlsəl xətt ilə məstur idi.
Boyu tuba, üzü cənnət, adə kəlurcun qaşı,
Gözləri vənnəcm, anın sinəsi vəttur idi.
Həmnişin idi Nəsimi dün gecə bir yar ilə,
Könlü şadü vəxti xürrəm, məclisi pürnur idi.
«Ey binəzirü vahid, hüsnün camal içində…»
Ey binəzirü vahid, hüsnün camal içində,
Üzün qiyamət eylər xoş xəttü xal içində.
Sübhi-əzəldə hər kim buldu səninlə vüslət,
Qaldı səninlə daim eyşi-vüsal içində.
Mən məndə həqqi buldum, həqqəl-yəqin həq oldum,
Uyxuda qaldı münkir nəqşü xəyal içində.
Ey aləmin həyatı, eşqin nə nar imiş kim,
Qərq eylədi cahanı abi-zülal içində.
Fərdiyyətin kamalı oldu sənə müsəlləm
Kim, qayətə irişdi hüsnün kamal içində.
Ağzınla zülfi-mişkin müşkati-nuri-həqdir,
Gəl həqqi xəlqə göstər şol mimü dal içində.
Ey istəyən liqayı, yarın günündə həqdən,
Fərdaya düşmə, qalma fikri-məhal içində.
Üzünlə xəttü xalın şol şəmsi-xavəridir,
Heç kimsə görməz anı hərgiz zaval içində.
Üzün şəmayilindən, qaşın dəlayilindən
Qövğayi-fitnə düşdü bədrü hilal içində.
Ruhül-əminə sordum əsrarını dodağın,
Nitqi dutuldu, qaldı ol bu sual içində.
Eşqin qəmidir, ey can, şadlığı əhli-eşqin,
Şad olmayan bu qəmdən qalsın məlal içində.
Ey məkr içində sufi, aldanmaz ala, dilbər,
Get, ömrünü çürütmə təzvirü al içində.
Şol qəmzə şivəsindən bir hala düşmüşəm ki,
Baxan bu hala, istər düşmək bu hal içində.
Üzün kimi Nəsimi, ey xubların əmiri,
Xurşidi-ləmyəzəldir miğü zilal içində.
«Ey ruhi-qüdüs, cifeyi-murdara yapışma…»
Ey ruhi-qüdüs, cifeyi-murdara yapışma!
Gülzari-cinanı qoyuban xara yapışma!
Məhbubi-əzəl, yari-əbəd var ikən, ey yar,
Əğyar ətəgin dutmavü əğyara yapışma.
Mənsur kimi istər isən mənzili-ali,
İtirmə bəqa darı, fəna dara yapışma!
Ey küpəyi incudan edən, məndən eşit pənd,
Söz dürrünü dut, lö’löi-şəhvara yapışma!
Qaludan əgər aləmə iqrar ilə gəldin,
İqrarını tərk eyləmə, inkara yapışma.
Ey mə’rifətin müshəfi, uş kənz ilə müsbah,
Miftah budur, məcməi-muxtara yapışma!
Mənlik satanın çünki dəğəl çıxdı qumaşı,
Var, ari mətah istə, bu bazara yapışma!
Kəsb eyləməyən axirəti, anı dəli bil,
Ey əql iyəsi, dünyayi-qəddara yapışma!
Saçı qaranın zülfünə yapışdı Nəsimi,
Ey badə verən ömrünü, zünnara yapışma!
«Çarə yoxdur yara, əbsəm, ey könül, yar istəmə…»
Çarə yoxdur yara, əbsəm, ey könül, yar istəmə!
Dərdə çün dərman bulunmaz, rəncə timar istəmə!
Dünyanın yarından istərsən vəfa, əqlin qanı,
Hasil