Kim, var bu dildən özgə bizim bir lisanımız.
«Dünü gün müntəzirəm mən ki, bu pərgar nədir…»
Dünü gün müntəzirəm mən ki, bu pərgar nədir?
Günbədi-çərxi-fələk, gərdişi-dəvvar nədir?
Bu doquz çərxi-müəlləq nədən oldu tərtib,
Fələk altında dönən kövkəbi-səyyar nədir?
Musiyü Tür nədir, Şibliyü Mənsur nədir,
Əjdəha olan ağac, riştə ilən dar nədir?
Fələkin əsli nədəndir, mələkin nəsli nədən,
Adəmin surətinə bunca tələbkar nədir?
Kə’bəvü deyr nədir, qeyr nədir, seyr nədir?
Məscidü bütkədəvü xirqəvü zünnar nədir?
Elmü-Qur’anü hədisü xəbərü və’z ilə dərs,
Cümlə bir mə’ni imiş, bunca bu təkrar nədir?
Dinü imanü namazü həcü ərkanü zəkat,
Zöhdü təqvavü şəriət, qamu göftar nədir?
Kim ki, pərvanəsifət eşqə yaxılmaz nə bilir,
Ol nə bilsin özünü, bilmədi kim, nar nədir?
Bir məgəs təb’inə bax, bal nədən, zəhr nədən,
Yenə bir yerdə əcəb, mal nədir, mar nədir?
Odü su, torpağü yel adı nədəndir adəm?
Ana səcdə nə üçün, iblisə inkar nədir?
Günəşin qürsü nədən yer üzünə şö’lə verir,
Ya bu bir məş’ələdə nur nədir, nar nədir?
Kim ki, bilməz özünü, bilməyə pirlər sözünü,
Kəndisin anlamayan bilmədi hər kar nədir.
Gəlgil, ey dust, qamu müddəilər korluğuna,
Sana asan qılayım, bunca bu düşvar nədir?
Kim ki, pərvanəsifət eşqə yaxılmaz nə bilir,
Surəti-şəm’idə bu pərtövi-ənvar nədir?
Tərk evində sən əgər həmçü Nəsimi olasan,
Bir gün ola deyəsən, cübbəvü dəstar nədir?
«Ey qılan də’vi ki, sufiyəm, fütüvvatın nədir…»
Ey qılan də’vi ki, sufiyəm, fütüvvatın nədir?
Gər səfa əhlindən oldun, həqqə mir’atın nədir?
Arifi-nəfs olmayınca kimsə bulmaz həqqə yol,
Də’viyi-irfan edərsən, göstər isbatın nədir?
Olmayan fani, özündən mürtəfe olmaz hicab,
Faniyəm dersən, əcəb, bu zərqü tamatın nədir?
Nuri-həqdən urma laf, ey kəndisindən bixəbər,
Bilmədin çün səndə ol müsbahü müşkatın nədir?
Buriyavü teyləsanü xirqədən yox hasilin,
Keç bu surətdən, özünü tanı kim, zatın nədir?
Eyləmişsən surəti-sufiliyi dükkani-kəsb,
Bundan özgə var isə göstər kəramatın nədir?
Çünki sən məhkumi-nəfsi-şumsan, ey bülhəvəs,
Kimsəyə kafir demə, qoynundakı latın nədir?
Də’vi eylərsən ki, mən seyri-məqamat eylərəm,
Bilməzəm, ey xər, bu yolda mindiyin atın nədir?
Çün bulunmaz biriya aləmdə bir sahibkamal,
Ey Nəsimi, fariğ ol, bunca məqalatın nədir?
«Gerçək ərisən uşbu dəm ta biləsən nəzər nədir…»
Gerçək ərisən uşbu dəm ta biləsən nəzər nədir?
Bir nəzər eylə dopdolu gör ki, cahan, bəşər nədir?
Gənci-nihanı aşikar etdi bu dəmdə ləm-yəzəl,
Gəldi gələn fəna üçün, geri ona səfər nədir?
Gənci-əzəl bilinməyə, hicdə həzar aləmə,
Gəldi bəzəndi cümləsi, gör ki, bunu görər nədir?
Lövhə qələm çalınmadan elmi-lüdəndə var idi,
Elmini zahir etməyə zir ilə bu zəbər nədir?
Mən-ərəfə bu nəfs üçün gəldi xitab surətə,
Sirr ilə seyr etməyə ortada bu xəbər nədir?
Cana dilək verən kişi, ərş üzə ol şikar edər,
Anda şikar edən quşa qüvvəti-balü pər nədir?
Qeyrətə gəlsə adəmi, elmini hasil eyləsə,
Cəhli mürəkkəb olmasa, bilsə bu dəm hünər nədir?
Nəfsini bilməyən bu dəm qorxu nədir nə bilsin ol,
Kəndözünü bilənlərə sud nədir, xətər nədir?
Elmi-lüdən tələb qılan təşnə Xızırsifət gərək,
Cami-əzəldə əsriyən abi-həyat əmər nədir?
Vəqti-səadət istəyən tacü kəmər tələb qılır,
Fürsətə bir nəzər baxan bilə yəqin kəmər nədir?
Xalisü müxlis olmağa tərki-iradət eyləgil,
Tərki-iradət eyləyən bildi ki, şiri-nər nədir?
Vüslətə çinə çin olub, razını aşikar edən,
Gəl kərəm eylə zahir et, bu dediyin xəbər nədir?
Şəm’ini gör necə yanar, sirrinə irməz adəmi,
Bir ana sor, gör necə daima tərki-sər nədir?
Eşqi-həqiqət anlayan can ilə başa qalmadı,
Qəmzələrinə dilbərin canü könül sipər nədir?
Şö’leyi-həq doğurmağa, cübbə, qəba gərək müdam,
Zülmət içində görünən şəms ilə bu qəmər nədir?
Mə’rifətin gülün dərən, tutiyə şəkkər istəyən,
Gör bu Nəsimi sözləri bülbüli-tazətər nədir.
Uş bu mənim sualımın həll edə gör cavabını,
Gerçək ərisən uşbu dəm, ta biləsən nəzər nədir?
«Ey bilən həqqin süfatın, ismi-əsması nədir…»
Ey bilən