Qaçaq Kərəm. Fərman Eyvazlı. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Fərman Eyvazlı
Издательство: JekaPrint
Серия:
Жанр произведения:
Год издания: 0
isbn: 978-9952-8260-5-0
Скачать книгу
dərinliyinə varmayan İsrafil yenə:

      – Ağam axı…

      Ata oğlunun sözünü ağzında qoydu:

      – Sənə dedim papaqsız kəndə ayaq basmaram. Kişinin ya papağı qaldı, ya başı fərqi yoxdur. Demirsən sabah gətirərsən? Mən də sabah kəndə gedərəm.

      Tənəli sözlər İsrafilə təsir elədi. «Mən niyə ona elə cavab verdim? Bəlkə məni sınayır?».

      Elə bu zaman qəflətən at ayaqlarının tappıltısı eşidildi. Dərəni toz dumanı bürüdü. Hürkmüş nəzərlər tez o səmtə dikildi. Əllər silahları qamarladı. Atlının kimliyi bilinmədi. O, yalnız tozlu dərədən döşə qalxanda elə bil buluddan şimşək çaxdı. Atın belindəki Kərəm idi. Baxışlar bir an onun getdiyi səmtdə boşluqdan asılı qaldı. Bu hadisə acı bir faciə kimi Oruc ağanın sümüyünə, iliyinə işləyib onu çox sarsıtdı. Kərəmin papağın dalınca getdiyini anlayan İsrafil də birdən sanki qəflət yuxusundan ayıldı. İçində bir qibtə, paxıllıq hissi zəhərli şahmar kimi baş qaldırdı. Artıq gec də olsa çevik bir hərəkətlə atının belinə sıçrayıb «Acı» ilə yuxarı, Ar yala yollandı.

      İsgəndər, ağanın fikrini dağıtmaq məqsədilə dedi:

      – Ağa, narahat olma, İsrafil də getdi. Papağı yerin deşiyində də olsa bu saat tapıb gətirəcəklər!

      «İsrafil də getdi!» kəlamı kişini daha da odladı. O, «də» ifadəsində bir istehza duydu. Ona elə gəldi ki, İsgəndər bu sözü qəsdən, Kərəmin daha ürəkli olduğunu xüsusi qeyd etmək üçün belə dedi. Onsuz da oğlunun «Sabah götürərəm» – deməsi onun içini alt-üst eləmişdi.

      Kişi düşündü: «Mən də elə bilirdim bu mahalda yaşıdları içində ondan iyid oğul olmayacaq. gör haa, zənnimi itirdi yoxsa?! Küçük südünəmi çəkdi, nədi?»

      …İsrafil Ağ yala çatar-çatmaz bir də gördü ki, Kərəm güllə kimi ona sarı gəlir. Papaq da əlindədir. Amma onu qovurlar, iki atlı dabanbasaraq təqib edir. Silah işlətmədiklərindən bəlli idi ki, onlar Kərəmi diri tutmaq istəyirlər. Doğrudan da qəsdləri elə imiş. Birdən arxadan Kərəmə kəmənd atdılar. Havada ilan kimi qıvrılıb açılan kəndir boşa çıxdı. Kərəmin ürəyinə damdı ki, onu təqib edənlər yenə kəmənd atacaqlar. Odur ki, xəncərini sıyırıb əlində hazır tutdu. O, yanılmamışdı. Kəndiri təzədən qoluna dolayan kazak bir də cəhd göstərdi. Kəmənd az qaldı Kərəmin boğazına keçsin, lakin o, «ilanı» göydə doğradı.

      İsrafilin dilindən qeyri-ixtiyari bir nida qopdu. «Ay gözünə dönüm!» Lakin içində bir qibtə, həsəd yeli əsdi. Əlacsız qalan atlılar silahlara əl atdılar. Elə bu zaman kazakların arxa tərəfindən dalbadal atəş səsləri eşidildi. Lakin geri qanrılıb baxan atlılar mat qaldılar. Arxada heç kim yox idi. Atları qamçılayıb yenə Kərəmin dalınca çapdılar. Yenə arxa səmtdə güllələr çartıltı qopardı. Bu, hiylə işlədib kazakların diqqətini yayındırmaq üçün bayaqdan dərədə gizlənərək onların yaxınlaşmasını gözləyən İsrafilin atdığı güllələrin sədası idi. Kazaklar ehtiyatlandılar. Atların sürətini azaldıb atəş saçan səmti güllə-barana tutdular. Kərəmə də elə bu, bircə an lazım idi. Atını çapıb uzaqlaşdı. Dərə ilə atını səyirdən İsrafİl ona «Arıx evinin yatağı» yaxınlığında çatdı. Kişilərin yanına qoşa gəldilər. Kərəm yəhərdən yerə sıçrayıb papağı Oruc ağaya verdi. Yaxasını açıb sinəsi dolu nəfəs alan kişi az qala gözü ilə Kərəmi nəzərləmək istəyirdi. Dilucu dil-ağız elədi.

      – Çox sağ ol oğul, böyük iş görmüsən.

      İsrafil atasının sözünə qüvvət verirmiş kimi səmimi bir tərzdə etiraf elədi:

      – Hə, bilirsən necə qoçaqlıq göstərdi?! Kazaklar onu kəməndlə tutmaq istəyirdilər. Kərəm kəməndi xəncərlə göydə doğradı.

      Ağa oğlunu tərs-tərs süzdü. Onun bu qəzəbli baxışlarından sanki: «Başqasının hünərinə sevinincə, barı öz hərəkətindən utan!» – ifadəsi oxundu.

      İsgəndərin ürəyi dağa dönmüşdü, üz-gözündə bir qürur sezilirdi.

      Oruc ağa atını yedəklədi. Hamı ilə küsülü kimi dinməz-söyləməz «Acı» ilə aşağı gedib «Gəmiişləyən» səmtdən Kürə endi. İsrafil, Kərəm və İsgəndər də hər kəs öz aləmində onun arxasınca getdilər.

      Sahilə çatanda yenidən atları minib çayı o taya keçdilər. Kürün bulanıq suları ağanın başındakı dumanlı fikirlər kimi qıvrılır, burulurdu. Onlar kəndin içi ilə xeyli gedəndən sonra yollar ayrıldı. Oruc ağa ilə İsrafil sağa, İsgəndərlə Kərəm sola buruldu. İsrafil geri qanrılıb üzündə təbəssüm Kərəmə əl elədi.

      Bir müddət oğlu ilə yol gedən ağanın sükutunda bir tufan, bir partlayış yaranmaqda idi. Oğluna acığı tutmuşdu. Nəhayət, dilləndi:

      – Mən səni belə bilməzdim. İsrafil heç nə olmamış kimi:

      – Necə? – deyə xəbər aldı.

      Kişi istədi ki, dilinin ucuna gələn «qeyrətsiz!» sözünü işlətsin, amma yenə özünü saxladı. İsrafili Kərəmə bağlayan telləri qılıncladı:

      – Sən ağa oğlusan, o isə rəiyyət balasıdır. Papağın dalınca niyə sən birinci getmədin? Mənim ümidimi niyə daşa çaxdın? Sabah bu əhvalat kənddə danışılanda onun adı, hörməti səni üstələməyəcəkmi? Məni niyə rüsvay-cahan etdin? Sənin kimi vaxtımda mən müharibələrin od-alovunda qaynayırdım…

      İsrafil alınmışdı, dillənmirdi, lakin atasının xəbis ağalıq qüruru gözəgörünməz bir iblis kimi yavaş-yavaş onun ürəyinə hakim kəsilirdi.

      Bir neçə gündən sonra, səhərin gözü yenicə açılmışdı ki, kəndin koxası Oruc ağanın doqqazında göründü. Nökər ağanı evdən bayıra çağırdı. Koxa:

      – Ağa, sabahın xeyir!

      Sorğulu gözlərini koxaya zilləyən kişi zəif bir səslə:

      – Sabahın xeyir, – dedi.

      – Dünən Qazağa getmişdim. Ləçənnik dedi sənə çatdırım ki, bu gün mütləq onun yanına gedəsən.

      Oruc ağa onsuz da iki gündür səksəkəli idi, maraqlandı:

      – Nədi, xeyirdirmi?

      – Vallah nə deyim?..

      Kişi duruxdu. Ürəyinə damdı ki, yəqin qəza rəisi onu ilxı basqınına görə çağırır. «Nə tez də xəbər tutublar? Bu qoca vaxtımda işə düşmədik?»…

      Fikirli-fikirli xəbər aldı:

      – Tək məni çağırıb?

      – Bəli ağa....

      – Yaxşı, – dedi ağa.

      Koxa atını sürüb getdi. Kişi isə doqqazda xeyli öz xəyalı ilə tək qaldı: «Qəribə işdir, bəs İsgəndəri niyə çağırmayıb? Baş açmıram, nə olan işdir? Bəlkə, hər şeyi onun üstünə yıxım? Əşşi, bəri başdan ürəyimi niyə yeyirəm, bəlkə elə başqa məsələdi?».. Evə getdi.

      Qəlyanaltı eləyəndən sonra xeyrə-şərə gedəndə geyindiyi xrom çəkmələrini, qaragül Buxara papağını, zoğalrəng çuxasını geyinib bütün orden-medallarını