Qaçaq Kərəm. Fərman Eyvazlı. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Fərman Eyvazlı
Издательство: JekaPrint
Серия:
Жанр произведения:
Год издания: 0
isbn: 978-9952-8260-5-0
Скачать книгу
qalmalıdır.

      …Səhər tezdən kəndə səs yayıldı ki, Mansur bəy gecə alt tuman-köynəkdə evindən yoxa çıxıb. Bu xəbəri eşidən kimi qohum-əqrabası onun evinə axışırdı. Arvad-uşaq vay-şüvən qoparmışdı.

      Camaat arasında müxtəlif fərziyyələr söylənirdi. Kimi deyirdi; «Bəlkə gecə su başına çıxanda yıxılıb çəpərin-zadın dibində qalıb?». Başqa birisi isə: «Bəlkə kişi havalanıb yuxuda durub gəzən adam kimi çöllərə düşüb.

      Qohumlar Kürün sahillərini, çölü, cələni axtardılar. Güman gələn yerləri gəzdilər. Mansur bəyin nə ölüsü tapıldı, nə dirisi. Hamı bu işə mat-məəttəl qalmışdı. Onun dünən İsgəndərlə dalaşdığını da xatırlayanlar oldu, amma heç kəs İsgəndərdən şübhələnmirdi. Mansur bəyin rəhmətə gedən birinci arvadından olan Əhməd bəy polis idarəsinə gedib atasının gecə ilə yoxa çıxmasını divana xəbər verdi.

      Ertəsi günü Qazaxdan pristav gəldi. Başında da beş-altı kazak vardı. Pristav əvvəlcə Mansur bəyin evini, həyətini gəzdi. Sonra ağsaqqallarla söhbət elədi, bəzi ağalara qulaq asdı. Oruc ağa İsgəndərə tərəf çıxdı:

      – Mənim sərkarımın günahı yoxdur. Ondan nahaq şübhələnirsiniz, eşitdiyimə görə Mansur bəy onu döyüb…

      Ona dünənki davanı da danışdılar. Pristav çox götür-qoydan sonra İsgəndəri yanına çağırtdırdı. Onu sorğu-suala tutdu:

      – Dünən onunla dalaşmısanmı?

      Pristavın qarşısında ayaq üstə dayanan İsgəndər.

      – Bəli, – deyə cavab verdi.

      – Nəyin üstündə?

      – Atların… – deyib İsgəndər susdu.

      – Dilin niyə tutulub, bir yerli-yataqlı danışsan… – At nədir?

      İsgəndər bura yığışan arvad-uşaqdan ar eləyib məsələni ağartmaq istəmədi. Pristav acıqlandı.

      – Niyə susursan, günahkarsan?

      – Xeyr, taqsır onun özündə oldu. Camaat bilir. Cəfər ağa:

      – Ay canım, İsgəndər elə adam deyil. Pristav ani fikrə getdi, sonra:

      – Yaxşı, sən onu hədələmisənmi? Demisənmi ki, gör sənin başına nə oyun açacam?

      İsgəndər dedi:

      – Bəli, demişəm, amma onun bu gecə yoxa çıxmağından mənim xəbərim yoxdur. Qəsdim olsa, açıq-açığına öldürərdim. Belə gizli yox! Bu namərd işidir.

      Pristav istehza ilə gülümsədi.

      – Hm… xəbəri yoxdur!.. Bəs o üstündəki qan ləkələri nədir?

      İsgəndər arxalığının döşünə və qoluna baxdı.

      – Öz qanımdır. Burnum qanamışdı. Pristav ciddi bir görkəm aldı:

      – Get, onu uşaq-muşaqa danış… Keçmişdə sizin aranızda bir ədavət olubmu?

      Araya bir qədər sükut qondu. İsgəndər dostunun oğlu üstündə Mansur bəylə dalaşdığını xatırladı. Bu vaxt bəyin oğlu Əhməd bəy dilləndi:

      – Bəli onların arasında ədavət vardı. O bir ay bundan əvvəl günün-günorta çağı bizim damın qapısını sındırmışdı. Onun üstündə dədəmlə dalaşmışdılar. Hələ onda az qalmışdı kişini xəncərlə doğrasın.

      – Yalandır! Qapını sındırmağımın da səbəbi vardı.

      – Onu məhkəmə ayırd edəcək.

      Pristav kazaklara göstəriş verdi ki, İsgəndərin evində axtarış aparılsın. Divanla bərabər hamı Molla-zalların həyətinə axışdı.

      Kazaklar İsgəndərin evini alt-üst elədilər, əlləri boşa çıxdı. Sonra tövləni, samanlığı axtardılar. Mansur bəyin meyiti samanın altından tapıldı.

      İsgəndərin gözləri dörd oldu, yerindəcə qurudu.

      Kazaklar onun əlinə qandal vurub Qazağa apardılar. Bir müddətdən sonra onu Sibirə göndərdilər. Bu əhvalat 1876-cı ildə olmuşdu.

      …Mollazallar bu il Səlim bəyin torpağını icarəyə götürmüşdülər. Artıq taxıl biçilib qurtarmış, dərələr xırmana daşınmışdı. Xırmanı «Boz»un Poyluya baxan səmtində «Qara su»yun yaxınlığında açmışdılar. Bir az aralıda üç dəyə qurulmuşdu. Taxıl döyülüb qurtarana kimi onlar bu payızlıq binəsində yaşayacaqdı. İşin qızğın vaxtı idi. Kişilərdən kimi öküzləri vələ qoşur, kimi bəndəmləri açıb dərələri xırmana tökür, kimi döyülmüş taxıl uçun kənarda yer hazırlayırdı.

      Arvadlar cərgə söyüdlərin kölgəsində qaynar asıb paltar yuyurdular.

      Fəxrənsə dəyələrin arasında ocaq qalayıb xörək hazırlayırdı. İsgəndər ortadakı dəyədə idi. Ailəsinin içinə axşamdan gəlmişdi. Bir qədər nasaz idi. Sibirin sazağı, gecəsi-gündüzü olmayan qaçaqlıq həyatının əzab-əziyyətləri, yorğan-döşəksiz gecələrin rütubəti hərdən özünü büruzə verirdi. Lakin evə, ailəsinin içinə gələndə hər şeyi unudurdu. Fəxrənsə axşam onu küpələmişdi. Küpənin yeri qap-qara qaralmışdı. Kürəyindəki bu iri «qara xalın» üstündə şeh kimi qan damcıları əmələ gəlmişdi. Lakin indi o, özünü yaxşı hiss eləyirdi. Xeyli yüngülləşmişdi. Qaranlıq düşən kimi, o yenə Keşiş dağına getməli idi. Yoldaşları onu orada gözləyirdi. Yəhərli atı həmişəki kimi dəyələrin yanında hazır, silahı, əlyetərdə idi. O, sürgündən qaçandan sonra ağalara, hökumətə asi kəsilmiş adamlardan başına dəstə toplayıb artıq dörd il idi ki, qaçaqlıq eləyirdi. Adı Borçalı, Gəncəbasar və Ermənistanın bir çox mahallarına yayılmışdı. Yoxsullar, əlsiz-ayaqsızlar yenə əvvəlki kimi onun yanına məsləhətə, şikayətə gedirdilər. İsgəndər həmişə onlara əl tutur, yol göstərirdi.

      Lakin onun Sibirdən qaçması hamıdan çox Oruc ağa nəslini yaman narahat eləmişdi. Onlar qorxurdular ki, İsgəndər, mərhum Oruc ağanın hayıfını oğlu İsrafil ağadan alar. Odur ki, gecə-gündüz gözdə-qulaqda idilər. Onun kəndə gəldiyni eşidəndə ağalığın nökərləri Qulam oğlu Rəhimlə Kərim səhərə kimi əli silahlı evin yan-yörəsində keşik çəkirdi. İsgəndərin hərdən ailəsinin içinə kəlməsini divana da xəbər vermişdilər. Lakin o, qeyri-müəyyən vaxtlarda gəldiyi üçün polis onun izinə düşə bilmirdi. Ona görə ağalığa rəsmi tapşırılmışdı ki, harda kimin rastına gəlsə başına bir güllə çaxsın.

      İsgəndərin bu işlərdən xəbəri yox idi, amma bilirdi ki, ehtiyat igidin yaraşığıdır, hər dəqiqə onun başının üstünü ala bilərlər. Buna baxmayaraq, yenə ürək eləyib, kefi istəyəndə, darıxanda arvad-uşağının yanına gəlirdi.

      O, dəyədə yerdən salınmış palazın üstünə uzanmışdı. Başının altında mütəkkə vardı. Ağır düşüncələrə qapılmışdı. Qarışıq, cavabı çətin tapılan fikirlər onu çulğamışdı. nə qədər belə səksəkəli ömür sürəcəkdi?.. Səkkiz il idi, evdən-eşikdən, el-obadan didərgin düşmüşdü. Qaçaqlıq həyatı onu bezdirmişdi. Mütəkkəyə dirsəklənib böyrü üstə çevrildi. Fikirləşdi ki, quş quşluğu ilə, balaları ərsiyə gətirib, qanad açana kimi onlara qayğı bəsləyir. O isə