Tətillərdə evə getdiyi, bazar günləri günorta yeməyindən əvvəl orkestr rəhbəri Nexval hərbi orkestri qaydaların nəzərdə tutduğu kimi bir dairə şəklində sıraya düzdüyü zamanlar imperator üçün sevərək ölməyə hazır olduğunu xatırlayırdı. Babasının imperatorun həyatını qurtarma vəsiyyəti yaşayırdı. Trottalar heç dayanmadan imperatorun həyatını qurtarardı.
İndi dörd aydan bəri alayda idi. Kristal zirehinin içində təhlükəsizlikdə olan imperator birdən-birə Trottalara ehtiyacı qalmayıbmış kimi görünürdü. Çox uzun müddətdir sülh vardı. Ölüm gənc bir süvari qoşununun leytenantına adi vəzifəcə qalxma müddətinin son pilləsi qədər uzaq idi. Günlərin birində polkovnik olacaq, sonra da öləcəkdi. Bu arada hər axşam kazinoya gedilərək imperatorun şəklinə baxılırdı. Leytenant Trotta şəklə baxdıqca imperatorun ondan getdikcə uzaqlaşdığını hiss etdi.
Leytenant Kindermann incə, kəskin bir səslə dedi:
–Baxın, Trotta qocaya aşiq olub!
Karl Cozef Kindermanna baxıb gülümsədi. Zabitliyə namizəd Barensteyn bu vaxt çoxdan domino oynamağa başlamışdı, amma itirmək üzrə idi. Zabitlərlə oynayarkən itirməyi ədəb qaydalarına uyğun öhdəçilik olaraq qəbul edir, mülki şəxs olaraq həmişə qazanırdı. Vəkillər arasında belə qorxulan bir oyunçu idi. Lakin illik təlimlər gəldikdə düşünmə qabiliyyətini dövrədənkənar buraxaraq bir axmaq kimi davranmağa çalışırdı. Kindermann Trottaya dedi:
–Bu sürəkli məğlub olur. – Leytenant Kindermann "vətəndaş"ların keyfiyyətsiz məxluqlar olduğuna əmin idi. Domino oyununda belə qazana bilməzdilər.
Polkovnik öz guşəsində hələ də kapitan Taittinger ilə birlikdə otururdu. Bəziləri darıxaraq masadan masaya gəzməkdə idi. Polkovnik oynadığı müddətcə kazinodan çıxmağa cəsarət edə bilmirdilər. Rəqqaslı saat on beş dəqiqədən bir yavaşca ağlayır, kədərli melodiyası domino daşlarıyla şahmat daşlarının taqqıltısını kəsirdi. Xidmətçi əsgərlərdən biri hərdənbir topuqlarını bir-birinə vurur, mətbəxə gedir, əlində gülünc dərəcədə böyük bir nimçənin üzərində kiçik bir konyak qədəhiylə geri dönürdü. Bəzən kimsə qəhqəhə çəkincə qəhqəhənin gəldiyi tərəfə baxıb bir yerə yığışmış dörd baş görüncə, lətifə danışıldığı aydın olurdu. Ah bu lətifələr! Gülənlərin nəzakət xətrinə, yoxsa ürəkdən gülməsinin hər kəsə dərhal aydın olduğu bu lətifələr. Lətifələr yerliləri yadlardan ayırırdı. Lətifələri anlamayanlar yerlilərə daxil ola bilməzdi. Xeyr, Karl Cozef bu qrupdan deyildi.
Elə üçlük yeni bir məclisi təklif etməyə hazırlaşırdı ki, qapı açıldı; xidmətçi əsgər çəkməsinin topuqlarını sürətlə bir-birinə vuraraq salam verdi. Dərhal səssizlik hökm sürdü. Polkovnik Kovacs yerindən atılaraq qapıya baxdı. İçəri girən alay həkimi Demant idi. Səbəb olduğu narahatlıq onu da qorxutmuşdu. Qapıda dayanıb gülümsədi. Yanındakı xidmətçi əsgər hələ də farağat vəziyyətində dayanaraq onu gözlə görüləcək şəkildə narahat edirdi. Əlini ona doğru yellədi. Lakin o, bunu görmədi. Həkimin gözlüyünün qalın şüşələri çöldəki payız axşamının havasından yüngülcə nəmlənmişdi. Soyuq havadan isti havaya girincə adi vaxtda gözlüyünü çıxardar, şüşələrini təmizləyərdi. Amma burada buna cəsarət edə bilmədi. Kandarı keçib irəliləməsi bir az vaxt aldı.
–Baxsana, həkim gəlib, – deyə polkovnik səsləndi. Sanki bir yarmarka qarışıqlığında səsini eşitdirmək istəyirmiş kimi var gücü ilə qışqırırdı. Hər halda, yaxını görməyənlərin eyni zamanda kar olduğunu, qulaqları daha yaxşı eşitsə eynəklərinin də daha yaxşı göstərəcəyini düşünürdü. Polkovnikin səsi ona bir yol açdı. Zabitlər geri çəkildi. Hələ də oturan az sayda olan zabitlər də ayağa qalxdılar. Alay həkimi sanki buz üstündə yeriyirmiş kimi diqqətli bir addım atdı. Gözlüyünün şüşələri getdikcə aydınlaşır, hər tərəfdən salamlar gəlirdi. Bir az çətinliklə də olsa, salam verən bəyləri xatırlayırdı. Bir kitabı gözdən keçirirmiş kimi ətrafındakı üzləri oxumaq üçün önə doğru əyilirdi. Ən axırda polkovnik Kovacsın qarşısında sinəsini şişirərək dayandı. Həmişə önə əydiyi başını incə boynunun üstündə geriyə atmış; sümüklü, arıq çiyinlərini dik tutmağa çalışaraq orada dayanarkən çox şişirdilmiş bir görünüş sərgiləyirdi. İnsanlar onu uzun xəstəlik icazəsi alıb olmadığı müddətdə az qala unutmuşdular, həm onu, həm də hərbiyə zidd xarakterini. Hər kəs ona bu anda bir az çaşqınlıqla baxırdı. Polkovnik qaydaların tələb etdiyi salamlama mərasiminə son verməyə çalışaraq qədəhləri titrədəcək tərzdə qışqırdı:
–Həkim çox yaxşı görünür!
Səsini bütün orduya eşitdirmək istəyirmiş kimiydi. Demantın çiyinlərini əvvəlki şəklinə salmaq istəyirmiş kimi əlini həkimin çiyninə endirdi. Alay həkimindən xoşu gəlirdi. Lakin Allah lənət etsin, hərif heç hərbçiyə bənzəmirdi! Bir az da hərbçiyə bənzəsəydi, onunla yaxşı davranmaq üçün bu qədər çalışmağa məcbur olmayacaqdı. Lənət olsun, əslində onun alayına başqa bir həkim də göndərə bilərdilər! Bu lənətə gəlmiş, səmimi adamın hərbi vərdişlərinə davamlı olaraq zidd olması onun kimi qocalmış bir hərbçinin əsəblərini həqiqətən xarab edə bilərdi. Polkovnik həkimi at üstündə hər dəfə gördükdə düşünərdi ki, bu həkim günlərin birində məni öldürəcək və axırda ondan şəhərdən keçərkən ata minməməsini xahiş etmişdi.
Həyəcanla düşündü ki, həkimə indi gözəl bir söz deməlidir. Şinitzelin bu gün mükəmməl olduğunu xatırlayıb dərhal dedi. Həkim gülümsədi. Polkovnik düşündü ki, hərif lap mülki şəxs kimi gülümsünür. Birdən-birə aralarında həkimi tanımayan bir adamın olduğunu xatırladı. Əlbəttə ki, Trotta! Həkim icazəliykən aralarına qoşulmuşdu. Polkovnik qışqırdı:
–Ən gəncimiz, Trotta! Siz hələ tanış olmamısınız!
Karl Cozef alay həkiminin qarşısında dayandı.
–Solferino qəhrəmanının nəvəsimi? – deyə həkim soruşdu.
Hərbi tarixə bu qədər hakim olması gözlənilmirdi.
–Həkimimiz hər şeyi bilir, – deyə polkovnik qışqırdı. – Əməlli-başlı kitab həvəskarı.
Yenidən oturdular və axşam öz əvvəlki halına döndü. Alay həkimi dedi:
–Babanız ordudakı ən qəribə insanlardan biri idi. Onu şəxsən tanıdınızmı?
–Onu şəxsən tanımadım, – deyə Karl Cozef cavab verdi. – Şəkli bizim evdə siqaret otağında asılıb. Kiçikkən şəklə tez-tez baxardım. Bir də babamın xidmətçisi Jak hələ də bizim yanımızdadı.
Alay həkimi soruşdu:
–Bu necə bir şəkildi?
–Atamın bir gənclik dostu çəkib, – Karl Cozef dedi. – Qəribə bir şəkildi. Olduqca yuxarıdan asılıb. Kiçikkən bir stulun üstünə çıxmağım lazım gəlirdi. Elə baxa bilirdim.
Bir müddət kimsə danışmadı. Sonra həkim dedi:
–Mənim babam mehmanxana işlədirdi; Qaliçyada yəhudi bir mehmanxana müdiri. Qaliçyanı tanıyırsınızmı? (Həkim Demant yəhudi idi. Bütün lətifələrdə