Albay Kovacs, nəhayət, başını dominodan qaldıraraq Trottayla əl verib görüşdü. Yemək yeyib-yemədiyini soruşdu. Sonra heyifsilənib davam etdi; baxışları uzaqlara getdi.
–Şinitzel bu gün mükəmməl idi.
Bir müddət sonra mükəmməl sözünü təkrarladı. Trottanın şinitzeli əldən buraxmasına kədərlənmişdi. Leytenanta şinitzelin necə yeyiləcəyini göstərmək və ya heç olmasa necə iştahla yeyildiyini seyr etdirmək istəyərdi.
–Yaxşı, yaxşı, o halda yaxşı əyləncə arzulayıram, – deyərək diqqətini yenə domino daşlarına verdi.
Bu saatlarda həmişə böyük bir qarışıqlıq olardı, yaxşı bir yer tapmaq asan deyildi. Yeməkxananı ağlasığmaz müddətdən bəri idarə edən, həyatının tək ehtirası şirin xəmir məmulatları yemək olan kapitan Taittinger kazinonu bu uzun zaman içərisində hər günortadan sonrakı vaxtını keçirdiyi şirniyyat dükanının modelinə görə formalaşdırmışdı. Kapitanı sözügedən şirniyyat dükanında şüşə qapının arxasında qəribə bir reklam fiqurunun donuq hərəkətsizliyi içərisində oturarkən görə bilərdiniz. Şirniyyat dükanının ən yaxşı, böyük bir ehtimalla da ən ac müştərisiydi. Qəmli çöhrəsini ən kiçik bir şəkildə canlandırmadan qablar dolusu şirniyyat tıxışdırır, ara-sıra bir qurtum su içir, hərəkətsiz bir şəkildə şüşə qapıdan küçəyə baxır, yoldan keçən bir əsgər salam verincə ölçülü bir rəftarla başını yelləyir və seyrək saçlı böyük, sısqa başında heç bir fikir gəzmirmiş kimi görünürdü. Çox mülayim, tənbəl bir zabit idi. Bütün vəzifə öhdəçilikləri arasında təkcə yeməkxananın, mətbəxin, aşpazların, xidmətçi əsgərlərin, şərab zirzəmisinin işləriylə məşğul olmağı sevərdi. Şərab tacirləri və likör istehsalçılarıyla davam etdirdiyi əhatəli yazışmalarla ən azı iki katiblik işçisi əlaqəliydi. İllər ərzində kazinonun təchizatını çox sevdiyi o şirniyyat dükanına bənzətməyi, sevimli guşələr yaratmağı, masa lampalarını qırmızı rənglə bəzəməyi bacarmışdı.
Karl Cozef ətrafına baxdı. Dözüləcək bir yer axtarırdı. Varlı bir vəkil olan yeni zadəgan Zaloqa Cəngavəri və ehtiyat zabitliyinə namizəd Barensteyn ilə Almaniya əsilli, ağbədənli Kindermann arasında nisbətən təhlükəsizlikdə sayılardı. Gənc tərzi yetkin yaşına və yüngül çıxıntılı göbəyinə çox uyğun olmadığı üçün hərbi paltarlar geyinmiş mülki şəxsə bənzəyən və dəstəksiz bir eynəkdən məhrum olması səbəbiylə incə, kömür kimi qara bığının çöhrəsinə əcnəbi görkəm verdiyi zabitliyə namizəd kazinoda yenə də güvənverici bir nəcibliyi əks etdirir, Karl Cozefə bir ailə həkimi və ya əmini xatırladırdı. Bu iki böyük salonda təkcə o, həqiqətən və ürəkdən yerində otururmuş kimi görünür, digərləri oradan buraya hoppanıb-tullanırmış kimi təəssürat yaradırdı. Zabitliyə namizəd həkim Barensteynin vəzifə müddətincə forması xaricində orduya etdiyi tək güzəşt monokl idi; çünki mülki həyatında həqiqətən də dəstəksiz bir eynəkdən istifadə edirdi.
Heç şübhəsiz, leytenant Kindermann da digər hər kəsdən daha sakitləşdirici idi. Solğun, ağbədənli, şəffaf bir maddədən yaranıbmış kimi görünür, insan az qala axşam günəşi vaxtı təmiz havada bir buludun içindən keçirmiş kimi onun içindən də keçə biləcəyi hissinə qapılırdı. Söylədiyi hər söz özünü əksiltmədən üfürülən bir maddə kimi bol havalı və şəffaf idi.
Əhəmiyyətli danışıqları izləyərkən aldığı ciddi görkəmi yüngül bir təbəssüm müşayiət edir, masada şən bir heç olaraq otururdu. Polkovnik Kovacsın Prussiya ordusunun nəfəs çalğıçılarından biri olaraq təyin etdiyi kəskin səsiylə salam verdi. Ehtiyat zabitliyə namizəd Barensteyn təlimatlara uyğun bir şəkildə, amma ciddiliklə yüngülcə dikəldi.
– Hörmətimi bildirirəm, leytenant, – dedi. Karl Cozef az qala dərin bir hörmətlə "Axşamınız xeyir, hörmətli həkim" deyə cavab verəcəkdi, lakin sadəcə "Ümid edirəm narahat etmirəm?" deyə soruşmaqla kifayətlənərək oturdu.
– Həkim Demant bu gün dönür, – deyə Barensteyn sözə başladı, – bu gün təsadüfən qarşılaşdıq.
Kindermann dedi:
– Çox xoşagəlimli bir adamdır.
Barensteynin güclü, bariton səsinin ardından səsi qulağa bir arfanın üzərindən əsib keçən meh kimi gəlmişdi. Qadınlara qarşı son dərəcə zəif marağını saxta xüsusi bir nəzakətlə kompensasiya etməyə çalışan Kindermann əlavə etdi:
– Bəs arvadı… Tanıyırsınızmı? Ovsunlayıcı bir qadındı, son dərəcə cazibədardı. – "Cazibədar" deyərkən barmaqlarının havada zəif bir şəkildə oynadığı əlini yuxarıya qaldırmışdı.
– Onu hələ gənc bir qızkən tanıyardım, – zabitliyə namizəd dedi. Kindermann maraqlı olduğunu dedi. Açıq bir şəkildə rol oynayırdı. Zabitliyə namizəd davam etdi:
– Atası əvvəllər çox varlı bir şlyapa fabrikantı idi.
Sanki bir sənəddən oxuyurmuş kimi danışırdı. "Şlyapa fabrikantı" sözü qulağa çox mülki gəlmişdi, necə də olsa vəkillərlə oturmurdu. Bundan belə sözlər ağzından çıxmazdan əvvəl yaxşıca düşünməyə qərar verdi. Süvari təbəqəsinə heç olmasa bunu borclu hiss edirdi. Trottaya baxmağa çalışdı. Trotta sol tərəfində otururdu, Barensteynin təkgözlü gözlüyü isə sağ gözündəydi. Başqa sözlə, yalnız leytenant Kindermannı açıq-aydın bir şəkildə görə bilirdi, amma Kindermann əhəmiyyətsiz idi. Barensteyn şlyapa fabrikantını ailəvi bir əlaqə olaraq dilə gətirməsinin Trotta üzərində mənfi bir təsir yaradıb-yaratmadığını təsbit etmək üçün siqaret qutusunu çıxardı, sola doğru tutdu, eyni anda Kindermannın daha təcrübəli olduğunu xatırlayaraq tələsik sağa dönərək üzr istədi.
İndi hər üçü də danışmadan siqaret çəkirdi. Karl Cozef imperatorun üzbəüz divarda asılmış şəklinə baxdı. Frans Cozefin əynində dümağ bir general uniforması vardı, sinəsində çarpaz olaraq geniş, qan qırmızısı rəngində imperiya qurşağı, boynunda da Vlies cəngavər təriqətinin qızıl nişanı asılmışdı. Yaşıl surquclu böyük, qara marşal şlyapası imperatorun yanında, çox da möhkəm görünməyən bir masanın üstündə idi. Şəkil sanki divardan daha uzaqda asılıymış kimi görünürdü. Karl Cozef bu şəklin alaya gəldiyi ilk günlərdə onun üçün qürur dolu bir təsəlli mənasına gəldiyini xatırladı. O günlərdə imperator hər an dar, qara çərçivədən çölə sıçrayacaqmış kimi hiss etmişdi. Lakin sonra Baş komandan getdikcə markalarla metal pullardan tanınan o laqeyd çöhrəsini göstərməyə başladı. Şəkli kazinonun divarından asılmışdı, bir tanrının öz-özünə həsr