–Bir siqaret götürərsinizmi?
Karl Cozef düşünür ki, bax indi başsağlığı verməyin zamanıdı və ayağa qalxıb deyir:
–Başınız sağ olsun, herr Slama.
Baş çavuş əllərini masanın kənarına söykəmiş vəziyyətdə oturur, nə olduğunu dərhal dərk edə bilmir, gülümsəməyə çalışır, gecikir; elə Karl Cozef yenə oturmaq üzrəykən ayağa qalxır, əllərini masadan çəkib şalvarına aparır, baş əyir, sonra yenə qaldırır, Karl Cozefə indi nə edilməli olduğunu soruşurmuş kimi baxır. İkisi birdən oturur. Bitdi. Susurlar.
–Mərhum frau Slama yaxşı bir qadın idi, – leytenant deyir.
Baş çavuş əlini bığına atır, bığın incə ucu barmaqlarının arasındaykən deyir:
–O, gözəl bir qadın idi, hörmətli baron da onu tanıyırdı.
–Xanımınızı tanıyırdım. Ölümü asan idimi?
–İki gün davam etdi. Həkimi çağırmaqda gecikdik. Yoxsa həyatda qalardı. O gecə işdə idim. Evə gəldikdə ölmüşdü. Qarşıdakı meyxanaçının arvadı yanındaydı. – Dərhal ardınca əlavə edir. – Moruq suyu istəyirsinizmi?
–Zəhmət olmasa, – bir az daha incə bir səslə Karl Cozef deyir, sanki moruq suyu yeni bir vəziyyət yarada biləcəkdi; baş çavuşun qalxıb kiçik şkafa sarı getdiyini görür, halbuki moruq suyunun orada olmadığını bilir. Moruq suyu mətbəxdə, şüşənin arxasındakı ağ şkafdadı, frau Slama moruq suyunu həmişə oradan gətirərdi. Baş çavuşun bütün hərəkətlərini diqqətlə izləyir, dar köynəyin sıxdığı qısa, güclü qollarını ən üst rəfə uzadaraq butulkanı axtarmasını, sonra özünü çarəsizlik içərisində ayaqlarının ucundan yenə dabanlarının üstünə buraxmasını, nəhayət, tanımadığı bir yerdə apardığı müvəffəqiyyətsiz axtarışdan sonra başladığı yerə dönərək cəhdlərinin nəticəsini gömgöy gözlərində təsirli bir ümidsizliklə açıqlamasını:
–Məni bağışlayın, təəssüf ki, tapa bilmirəm…
–Zərəri yoxdu, herr Slama, – deyə leytenant təsəlli verir.
Lakin baş çavuş sanki bu təsəllini heç eşitməyibmiş və ya yüksək rütbəli bir şəxsdən gələn, aşağıdakıların müdaxiləsiylə yumşadılması mümkün olmayan bir əmri mütləq yerinə yetirməsi lazımlıymış kimi otaqdan çıxır.
Mətbəxdə nə iləsə məşğul olduğu eşidilir, sonra əlində butulkayla geri qayıdır, vitrinli şkafdan kənarları bəzəkli stəkanlar çıxardır, masanın üstünə bir dolça su qoyur, stəkanlara tünd yaşıl butulkadan qırmızı yaqut rəngli qatı mayeni süzərək təkrar edir:
–Buyurun, hörmətli baron.
Leytenant moruq suyuna dolçadan su əlavə edir; səssizlik hakimdi; su dolçanın qıvrım ağzından qalın bir dəstə halında axır, bir az şırıldayır, bayaqdan bəri çöldən eşidilən yağışa kiçik bir cavab kimi qəbul edilir. Yağış kimsəsiz evi ağuşuna alaraq iki cavan kişini daha da tənhalaşdırır. İki kişi də təkdi… Karl Cozef stəkanını qaldırır, baş cavuş da eyni hərəkəti edir, leytenant ağzındakı şirin, yapışqan mayeni hiss edir. Slama stəkanını bir qurtumda boşaldır, susayıb, Slama bu sərin gündə qəribə, anlaşılmaz bir şəkildə susur.
–İndi onuncu Ulanlar alayına qatılacaqsınız? – deyə Sla-ma soruşur.
–Bəli, alayı hələ tanımıram.
–Mənim bir tanışım var, ehtiyatda olan zabit Zenover. Birlikdə Ovçularda işləmişik, o sonradan köçürülmək istədi. Aristokrat bir ailədəndir, çox mədəniydi… Zabitlik imtahanında mütləq uğur qazanar. Mənim kimilər olduğu yerdə qalır. Jandarmda çox da gələcək olmur.
Yağış sürətləndi, külək gücləndi, yağış şüşələri döyəcləməyə davam edir. Karl Cozef deyir:
–Bizim peşəmiz çətindir, yəni hərbini nəzərdə tuturam.
Baş çavuş səbəbi anlaşılmayan bir şəkildə gülür, onunla leytenantın çətin bir peşəyə sahib olması onu qeyri-adi bir sevincə qərq edibmiş kimi görünür. Bu, məqsədindən bir az daha geniş bir gülüşdü. Bu vəziyyət gülüşün tələb etdiyindən daha çox açmış olduğu ağzından, ağzını gülüşdən sonra daha uzun müddət açıq saxlamasından bəlli olur. Baş çavuş bir anlığa adi ciddiliyinə geri dönməyə qərar verməkdə tərəddüd edirmiş kimi görünür. Karl Cozef ilə onun həyatının çətinliklərlə dolu olmasına həqiqətən sevinmiş ola bilərmi?
–Hörmətli baron bizim peşəmizdən söz açmağı münasib hesab etdi, – deyə başlayır. – Xahiş edirəm, mənə hirslənməyin, amma mənim kimilərin vəziyyəti bir az fərqlidi.
Karl Cozef nə deyəcəyini bilmir. Baş çavuşun (tam olaraq tərif verə bilmədiyi bir şəkildə) ona, bəlkə də orduyla jandarm təşkilatındakı şəraitə qarşı ümumi bir qərəz bəslədiyini hiss edir. Bir zabitin bənzər bir vəziyyətdə necə davranmalı olduğu hərbi məktəbdə öyrədilməyib. Karl Cozef hər ehtimala qarşı gülümsəyir, bu dodaqlarını dəmir bir məngənə kimi sallayıb bir-birinə yapışdıran bir gülümsəmədi; baş çavuşun heç tərəddüd etmədən ətrafına saçdığı sevinc ifadəsinin oxşarını göstərməyə xəsislik edirmiş kimi bir halı var. Hələ bir az əvvəl dilə şirin gələn moruq suyu boğazında indi acı, saman kimi bir dad yaradır; adamın ürəyi konyak istəyir. Qırmızı salon bu gün gözə daha basırıq, daha kiçik görünür, otağı bəlkə də yağış belə sıxışdırdı. Masanın üstündə şəkillərin yerləşdirildiyi sərt və parlaq düyüdən qulaqlara sahib olan albom var. Karl Cozef şəkillərin hamısını tanıyır. Baş çavuş Slama icazə istəyib albomu açaraq leytenantın önünə qoyur. Şəkildə baş çavuş arvadının yanında gənc bir ər kimi mülki paltarlarda görünür. O zamanlar hələ dəstə komandiri olduğunu bir az ağrılı bir ifadəylə deyir, sanki hələ o zamanlarda yüksək bir rütbəyə sahib olmasının gərəkliliyinə eyham vururmuş kimiydi. Frau Slama başına yüngülcə yana meyilli bir şəkildə qoyduğu geniş bir şlyapayla əynində gözəl ətirli bir zireh kimi incə belli, dar bir yay paltarıyla ərinin yanında oturur. Bu nədir? Karl Cozef bu şəkli daha əvvəl heç görmədimi? Bu gün bu şəkil ona niyə bu qədər yeni görünür? Və köhnə? Eyni zamanda da yad? Bu qədər gülünc? Sanki çoxdan geridə qalmış zamanlara aid gülünc bir şəklə baxırmış kimiydi, sanki frau Slama onun üçün heç bir zaman qiymətli olmamış, bir neçə ay deyil, bir neçə il əvvəl ölübmüş kimi gülümsəyir. Daha əvvəl olduğu kimi xəcalətlə deyil, dürüst bir saxtalıqla deyir:
–Çox gözəl imiş! Açıqca görünür.
Başsağlığına gedildikdə insanın ölünün ərinə gözəl bir söz deməsi lazımdır. Özünü dərhal azad, ölüdən qopmuş hiss edir, sanki hər şey silinibmiş kimiydi. Hər şey xəyal idi! Moruq suyunu içir, ayağa qalxıb deyir: "Mən artıq gedim, herr Slama". Gözləməyib geri dönür, baş çavuş ayağa qalxmağa