Radetski Marşı. Йозеф Рот. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Йозеф Рот
Издательство: Alatoran yayınları
Серия:
Жанр произведения:
Год издания: 0
isbn: 978-9953-8066-3-8
Скачать книгу
başladıqdan bəri ilk dəfə Karl Cozef paltosunun yaxasını yuxarıya qaldırmağın yaxşı olacağını hiss edir. Bir anlığa əllərini qaldırır, amma sonra əynində forma olduğunu xatırlayıb yenə endirir. Bir saniyəliyə peşəsini unutdu. Ağır addımlarla ön bağçanın yaş, qıcırtılı çınqıllarına basaraq yeriyir. Yavaşlığından razıdı, tələsməyinə ehtiyac yoxdur, bir şey olmadı, hamısı bir yuxudu. Saat neçədir, görəsən? Cib saatı çox dərinlikdə, şalvarının kiçik cibindədi. Paltonun düymələrini açmağa dəyməz. Necə olsa da bir azdan qüllə saatı çalınacaq.

      Bağça qapısını açıb küçəyə çıxır. Birdən-birə baş çavuş arxasınca səslənir: "Hörmətli baron". Bu qədər səssiz bir şəkildə arxasınca gəlməsi nə qəribədi! Karl Cozef səksənərək dayanır, lakin dərhal arxaya dönməyə qərar verə bilmir. Bəlkə də bir tapançanın lüləsi paltonun qatlanan yerlərinin düz arasına söykənib. Dəhşətverici, sadəlövh bir düşüncə! Hər şey yenidənmi başlayır? Vidasının zəhmətli bir davamı kimi görünən, onu çox yoran qürurlu bir laqeydliklə “bəli" deyərək arxaya dönür. Baş çavuş paltosuz, şlyapasız bir vəziyyətdə yaş, iki qanadlı bir fırçaya bənzəyən saçlarıyla, dümdüz alnında böyük su damlalarıyla yağışın altında eləcə dayanır. Əlində gümüşü rəngi bir iplə çarpaz bağlanmış mavi bir paket var.

      –Bunlar sizindir, hörmətli baron, – yerə baxaraq deyir. – Üzr istəyirəm! Hörmətli bölgə qubernatorunun təlimatıdı. Bunları o zaman ona aparmışdım. Hörmətli bölgə qubernatoru ötəri nəzərdən keçirərək bunları mənim şəxsən çatdırmağımı tapşırdı.

      Bir anlığa səssizlik hakim olur; təkcə zavallı, solğun mavi paketin üzərinə düşən və paketi tünd rəngə çevirən yağış damlalarının çıxardığı səs eşidilir, kiçik paket bu halda daha çox gözləyə bilməz. Karl Cozef paketi götürür, paltosunun cibinin dərinliklərinə basır, qızarır, bir anlığa sağ əlindəki əlcəyi çıxarmağı düşünür, fikrini dəyişdirir, dəri əlcəkli əlini baş çavuşa uzadır, təşəkkürünü bildirərək sürətli addımlarla gedir.

      Cibindəki paketi hiss edir. Oradan əlindən keçərək qolu boyunca yad bir istilik yayılır, üzünün daha da qızarmasına səbəb olur. Hələ bir az əvvəl yaxasını qaldırmağı düşünərkən, indi yaxasını açmağın lazımlılığını hiss edir. Moruq suyunun acı dadı yenə ağzına qayıdır. Karl Cozef paketi cibindən çıxardır. Bəli, heç bir şübhəyə yer yoxdu. Bunlar özünün yazdığı məktublardı.

      Tezcə axşam olub yağış dayanmalıdı. Dünyada xeyli çox şeyin dəyişməsi lazımdı, axşam günəşi bəlkə son işığını göndərməlidi. Çəmənliklər yağışın tanış qoxusunu yayır, buralarda daha əvvəl heç eşidilməyən yad bir quşun qışqırığı qulağa gəlir, ətraf sanki yad bir yer kimidi. Saat beşi bildirən zəng çalınır, deməli, tam bir saat keçdi, daha çox deyil. Sürətlimi yoxsa yavaşmı yeriməli? Zamanın yad, sirli bir seyri var, bir saat bir il kimi gəlir. Sadəcə bir neçə addım irəliləyə bildi. Karl Cozef addımlarını sürətləndirir. Relslərin üzərindən keçir, burada şəhərin ilk evləri başlayır. Şəhərin kafesinin qarşısından keçir, bura müasir fırlanan qapılı yeganə yerdir. Bəlkə içəri girib ayaqüstü konyak içdikdən sonra yoluna davam etsə yaxşı olar. Karl Cozef içəri girir.

      –Bir qədəh konyak, tez, – bufetdə deyir. Şlyapa və paltosuyla eləcə dayanır, bir neçə müştəri ayağa qalxır. Bilyard toplarının, şahmat daşlarının taqqıltıları eşidilir. Qarnizonun zabitləri künclərdəki yerlərdə otururlar. Karl Cozef onları görmür, salamlamır. Konyakdan daha təcili bir şey yoxdu. Karl Cozef solğundur; açıq sarışın kassir qadın oturduğu yüksək yerdən bir ana kimi gülümsəyərək nəlbəkinin yanına mehribanlıqla bir dənə qənd qoyur. Karl Cozef konyakı birnəfəsə içir, dərhal birini də istəyir. Kassir qadının üzündə gördüyü tək şey açıq sarışın bir parıltıdır. Qadağan olunmuş bir şey edirmiş kimi hissə qapılır, amma iki qədəh konyak içməsinin niyə qadağan ola biləcəyini anlamır. Artıq hərbi məktəb şagirdi deyil. Kassir qadın niyə elə qəribə bir şəkildə gülümsəyərək baxır? Qadının dəniz kimi mavi baxışıyla qaşlarının kömür kimi qaralığı utandırıcıdı! Arxaya dönüb salona baxır. Orada küncdə pəncərənin yanında atası oturur.

      Bəli, orada bölgə qubernatoru oturur; bunda qəribə sayılacaq nə var? Atası burada saat beş ilə yeddi arasında hər gün oturur, "Fremdenblatt" ilə rəsmi qəzeti oxuyub bir “Virciniya” içir. Bunu otuz ildən bəri bütün şəhər bilir. Bölgə qubernatoru oturub oğluna baxır; gülümsəyirmiş kimi görünür. Karl Cozef şlyapasını əlinə alıb atasına doğru gedir. Yaşlı Herr von Trotta qəzeti əlindən buraxmadan başını qaldırıb deyir:

      –Slamanın yanındanmı gəlirsən?

      –Bəli, ata.

      –Məktubları verdimi?

      –Bəli, ata.

      –Otur, zəhmət olmasa.

      –Əlbəttə, ata.

      Bölgə qubernatoru, nəhayət, qəzeti masaya buraxır, dirsəklərinə söykənir, oğluna dönüb deyir:

      –Sənə ucuz konyak verdilər. Mən həmişə “Hennessi” içirəm.

      –Yadımda saxlayaram, ata.

      –Mən nadir hallarda içirəm.

      –Bəli, ata.

      –Hələ də bir az solğunsan. Paltonu çıxar. Mayor Kreidl qarşıdadır, buraya baxır. – Karl Cozef təsdiqləyir, əyilərək mayoru salamlayır. – Slama səni incitdimi?

      –Xeyr, səmimi bir adamdır.

      –Gördünmü?

      Karl Cozef paltosunu çıxardır.

      –Məktublar haradadı? – deyə bölgə qubernatoru soruşur. Oğul paltosunun cibindəki paketi çıxardır. Yaşlı herr von Trotta paketi götürür, sağ əlində ölçür, masanın üstünə qoyarkən deyir:

      –Heç də az deyil.

      –Bəli, ata.

      Səssizlik hökm sürür, təkcə bilyard toplarıyla şahmat daşlarının taqqıltıları eşidilir; çöldə də yağış tökür. Bölgə qubernatoru pəncərəyə baxaraq deyir:

      –Sabah alayına qatılırsan.

      Karl Cozef birdən atasının sısqa əlini öz sağ əlinin üstündə hiss edir. Bölgə qubernatorunun sərin, sümüklü əli leytenantın əlini sərt bir qabıq kimi örtür. Karl Cozef baxışını masaya endirir. Qızarır.

      –Bəli, ata, – deyir.

      Bölgə qubernatoru hesab tələb edərək əlini çəkir. Ofisianta deyir:

      –Bizim təkcə “Hennessi” içdiyimizi xanıma deyin.

      Dümdüz bir diaqonal xətt üzərində yeməkxananın içindən keçərək qapıya gedirlər, ata qabaqda, oğul arxada.

      Yaş bağçadan keçib evə doğru gedərkən ağaclardan artıq sadəcə yağış dənələri damlayır; yavaşca, mahnı oxuyurmuş kimi. Qubernatorluğun qapısından dəbilqə və süngülü tüfəngiylə baş çavuş Slama çıxır, qolunun altına keşik dəftərini dürtüb.

      –Salam, əziz Slama, – yaşlı herr von Trotta deyir. – Yeni bir şey yoxdu, elə deyilmi?

      Baş çavuş:

      –Yeni