Həkim Demant xatirələrinə həmişə düz burada ara verərdi. Anasını düşündü. Anası müntəzəm şəkildə böyük bir narahatlıqla əlavə gəlir axtarışında olurdu. Gözlərinin qarşısında şəkillər peyda oldu: Atası işdən sonra kiçik çayxanada oturur. Tarokko oynayır, məğlub olur, hesabı ödəyə bilmir. Oğlunun orta məktəbi bitirdikdən sonra məmur olmasını istəyir; əlbəttə, poçt məmuru. Anasına deyir:
"Sənin gözün həmişə yuxarılardadı". Mülki həyatı nə qədər nizamsız olursa olsun, hərbçilik zamanından mülki həyata daşıdığı bütün aksesuarları gülünc bir səliqə-sahmanla qoruyur. Uzun müddət xidmət etmiş ehtiyatda olan zabitin qolları qızıl işləməli forması, qara şalvarı, piyada papağı üç parçaya bölünmüş və hələ də yaşayan bir adam kimi parlayan və hər həftə yenidən cilalanılan düymələriylə qarderobda asılıb. Qulpu da hər həftə təmizlənən qara, qıvrım qılınc isə heç istifadə edilməyən yazı masasının üstündə iki mismara söykənmiş vəziyyətdə divara yapışıq halda durur; qılıncın öz-özünə sallanan qızılı rəngli saçağı bir tumurcuq kimi qapalı, bir az tozlu bir günəbaxanı xatırladır. "Əgər sən gəlməsəydin imtahana girər, bu gün kapitan olardım" – atası anasına deyir. Poçt məmuru Demant imperatorun ad günündə məmur uniformasını geyinir, geniş kənarlı şlyapasını taxır, qılıncını qurşanır. O gün tarokko oynamır. İmperatorun hər ad günündə borcsuz yeni bir həyata başlamağa qərar verir. Sərxoş olana qədər içir. Gecənin bir aləmində evə gəlir, mətbəxdə qılıncını çəkir, bütöv bir alaya əmr edir. Qazanlar birlik, çay fincanları dəstə, qablar isə bölükdür. Simon Demant polkovnik, imperator Birinci Frans Cozefin əmrində olan polkovnikdir. Buruq gecəliyi, belinə dolanan jileti və gecə başlığıyla yataqdan atılan anası atasını sakitləşdirməyə çalışır.
İmperatorun ad günlərindən birində atası yatağındaca iflic olur. Gözəl bir ölümü, qeyri-adi bir dəfn mərasimi oldu. Bütün poçtalyonlar tabutun arxasınca getdi. Mərhum yaxşı bir ər, imperator və İmperiya Poçt İdarəsinin xidmətində ölən bir adam olaraq dul arvadının xatirələrində yaşamağa davam etdi. Poçt məmuru Demantın forması dul arvadı tərəfindən fırça və təmizlik vasitələriylə təmizlənərək qarderobda davamlı olaraq hazır saxlanıldı. Forma bir mumiya kimi görünür, qarderob hər dəfə açıldıqda oğlu mərhum atasının yan-yana uzanan iki cəsədini görürmüş kimi bir hissə qapılırdı.
Oğul hər nə bahasına olursa olsun həkim olmaq istəyirdi. Ayda cəmi-cümlətanı altı kron qarşılığında dərs verirdi. Cırıq-sökük çəkmələri vardı. Yağış yağdıqda çəkmələr varlıların evlərinin gözəl, cilalı döşəmələrində böyük ayaq izləri qoyurdu. Çəkmələrin dabanı yırtıq-sökük olanda insanın ayaqları daha böyük izlər qoyur. Nəhayət, liseyi bitirib həkim oldu. Gələcəyinin qarşısında hələ də yoxsulluq dayanırdı, bu dəyincə insanın parçalandığı qara bir divardı. Özünü ordunun qollarına buraxdı. Yeddi il yeyəcək, yeddi il içəcək, yeddi il geyinəcək, yeddi il sığınacaq, yeddi uzun il. Hərbi həkim oldu və elə də qaldı.
Həyat düşüncələrdən daha sürətli gəlib keçirmiş kimiydi. Hələ bir qərar verə bilmədən yaşlı bir kişi olmuşdu.
Bu vaxt ərzində frauleyn Eva Knopfmacher ilə evlənmişdi.
Həkim Demant burada xatirələrinin axışına bir daha ara verdi və evinə getdi.
Axşam qaranlığı ətrafa çökmək üzrə idi; evin bütün otaqlarından alışılmayan, xüsusi günlərə xas bir işıq yayılırdı. Xidmətçi əsgər “böyük cənab gəldi" xəbərini verdi. Böyük cənab qayınatası idi, herr Knopfmacher.
Elə o anda qayınatası əynində uzun, güllü, yumşaq bir xalat, əlində də bir ülgüclə vanna otağından çıxdı; sanki üzü iki yerə bölünübmüş kimi bir-birindən ayrı dayanan, təkcə keçi saqqalıyla bütünlük qazanan xoş ətirli yanaqları yenicə təraş edilib qızarmışdı. Herr Knopfmacher əlindəki ülgücü ehtiyatla kiçik bir masanın üzərinə qoydu, qollarını açdı, xalatın önünün iki yana açılmasına izin verdi.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.