Razin Rəşt şəhərini alıb, əhaliyə divan tutandan sonra şah qoşunlarının təzyiqi altında geri çəkilir. Şah polkovnik Palmara güclü qüvvə verərək, dənizə Razinin arxasınca göndərir. Dənizin ortasında gedən ağır döyüşlərdə Razin şah qoşunlarını darmadağın edib, yoluna davam edir. O bir müddət Bakı yaxınlığındakı Səngi Muğan adasında düşərgə salır. Burada on həftə qalıb, özlərinə əyin-baş düzəldəndən sonra Həştərxana tərəf hərəkət etmək istəyirdilər. Lakin rahat yola düşmək onlara müyəssər olmur. 1669-cu ilin iyununda başda Meneli xan olmaqla şah qoşunları adanı dövrəyə alırlar. Kazaklar özlərinə gəlməmiş şah qoşunları təbil və zurna sədaları altında adaya hücuma keçirlər. İranda olan İsveç səfarətxanasının katibi Kempfer bu döyüş barədə belə yazırdı: "Kazaklar bir neçə gəmi ilə adadan açıq dənizə çıxdılar. Bunu görən İranlılar güman elədilər ki, kazaklar qaçırlar. Əslində isə bununla kazaklar İranlıları öz arxalarınca dənizin içərilərinə çəkirdilər. Özlərini elə göstərirdilər ki, guya artıq gəmiləri idarə edə bilmirlər. Bundan həvəslənən şah qoşunları onları zurna-balabanla təqib edirlər. Hətta gəmiləri, zəncirlə bir-birinə bağlayırlar ki, kazaklar aradan çıxa bilməsinlər. Əslində bu vəziyyət kazaklara böyük üstünlük qazandırırdı. Xan özü də üstündə bayraq olan böyük gəmidə gəlirdi. O da, öz gəmisini zəncirlə başqa gəmilərə bağlamışdı. İranlılar sahildən xeyli aralanandan sonra kazaklar toplardan atəş açmağa başladılar. Razin özünün gənc, mahir topçusuna tapşırdı ki, öz topunu bayraqlı gəminin yuxarı hissəsində barıt saxlandığı yerə tuşlasın. Top gülləsinin içərisinə pambıqla neft doldurulduğundan, atəş gözəl nəticə verdi. Gəminin həmin hissəsi partladı və xan başqa gəmiyə keçməyə məcbur oldu. Gəmi batmağa başlarkən zəncirlə bağlanmış o biri gəmiləri də özü ilə birlikdə dənizin dibinə tərəf dartmağa başladı. Bu zaman kazaklar gəmilərə yaxınlaşdılar, atəşi dayandırdılar və öz gəmilərini hündür göyərtələri olan şah gəmilərinə bağlayaraq, İranlıları öldürməyə başladılar. İranlılardan bəziləri özlərini suya atıb, canlarını qurtardılar, qalanları isə qırıldı. Kazaklar İran gəmilərində toplardan başqa heç bir şey ələ keçirə bilmədilər. Bu yaxınlarda Səngi Muğan adası yanında dənizin dibindən tapılmış 18 müxtəlif növlü lövbərlərin içərisində iki haçalı admiralitet lövbəri xüsusilə maraqlı idi.
Səngi Muğan yanındakı bu döyüş bütün Rusiyaya səs salmışdı. Bu döyüş Stepan Razinin Xəzər dənizində axırıncı döyüşü oldu. Ondan sonra kazaklar Həştərxana tərəf üz tutdular. 1669-cu ildə avqustun əvvəlində artıq Volqa çayına çatmışdılar.
Stepan Razini gözləri ilə görmüş 17-ci əsr Hollandiya səyyahı Y.Y. Streys özünün məşhur "Üç səyahət" adlı kitabında Razinin həyat və fəaliyyətinə aid bir sıra maraqlı məlumatlar verir. Onun yazdığına görə Razin həm mərhəmətli və həm də amansız bir sərkərdə olmuşdur. Səyyah onun amansızlığına aid iki əhvalatı təsvir edir. Bunlardan birincisi bu idi: "Razin İranda olduğu zaman bir İran şahzadəsinin qızını qardaşı ilə birlikdə əsir almışdı. Oğlanı Pozorovski adlı bir cənaba satmış, şahzadə qızı isə məşuqəsi kimi yanında saxlamışdı. Razin bir dəfə sərxoş halda qəzəblənib, Volqaya müraciətlə deyir: "Sən gözəl çaysan, mən səndən çoxlu qızıl, gümüş və qiymətli qaş-daş toplamışam. Sən mənim namusumun, şöhrətimin atası və anasısan. Ar olsun mənə ki, bu vaxtadək sənə heç bir qurban verməmişəm. Yox, daha sənə, qarşı nankor olmayacağam. Al". – Bu sözləri deyib bir əli ilə şahzadə qızın boynundan, o biri əli ilə ayaqlarından yapışıb, Volqaya tullayır". Yeri gəlmişkən qeyd edək ki, A.S. Puşkin də bu əhvalatı şeirlərindən birində təsvir etmişdir.
Y.Y. Streysin Stepan Razinin qəddarlığına aid yazdığı ikinci əhvalat: "Bir dəfə belə bir hadisə olmuşdu. Bir nəfər kazak başqasının arvadı ilə yaşamışdı. Bu xəbər Razinə çatan kimi əmr etmişdi ki, onların hər ikisini həbs etsinlər. Bir müddətdən sonra kazakı çaya atıb öldürürlər. Arvada isə başqa cəza verilir. Çayın qırağında yerə bir dirək basdırırlar. Sonra arvadı başıaşağı dirəkdən asırlar. Arvadın başı öz çəkisindən iki dəfə artıq ağırlaşır və nəhayət canını tapşırır".
Bununla yanaşı Streys göstərir ki, Razin yoxsullara qarşı həmişə mərhəmətli olmuşdur. Yoxsul kəndlilərə kömək edirdi.
Bəlkə də belə idi. Lakin yoxsula qarşı bu mərhəməti Razin yalnız Rusiyada göstərirdi. Başqa ölkələrdə evləri talarkən, adamları qılıncdan keçirərkən Razin üçün, xüsusilə onun kazakları üçün yoxsul və varlı yoxdu. Onlar varlılara da, yoxsullara da həmişə bir gözlə baxırdılar. Basqın etdiyi yerdə, o cümlədən Bakıda da Stepan Razin özünə ancaq nifrət və lənət qazanmışdı.
Y. Y. Streys Razin kazaklannın söhbətlərindən parçalar vermişdir. Bu söhbətlərdən görünür ki, kazaklar basqın etdikləri yerlərdə, əhaliyə irili-kiçikli hamıya amansızcasına divan tuturlarmış. Budur, onların söhbətləri: "Biz Xəzər, sahillərində, məşhur Barmaq (Beş barmaq – Q.İ.) dağının yaxınlığında yerləşən Nizabat (yəqin ki, Niyazabaddır), Şaberan, Mardov, Takuz şəhərlərini işğal edib, Bakıya və Astrabada tərəf üz tutmuşduq. Qabağımıza çıxan adamları qılıncdan keçirir, evləri və mülkləri yandırırdıq. Bakıya çatanda əlimizə çoxlu çaxır keçdi və onu öz aramızda bölüşdürdük. Çaxır içməyə adət etmədiyimiz üçün hamımız sərxoş olduq. O zaman beş minə qədər kazak idik. Bundan istifadə edən İranlılar (azərbaycanlılar – Q.İ.) tez qoşun toplayıb, biz sərxoş kazakların üstünə düşdülər. Çox güclü və igidcəsinə vuruşurdular; demək olar ki, hamımızı qırdılar. Yalnız 400-500 nəfər qayıqlara oturub canlarını