Sevginin səsi. Nail Aydın. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Nail Aydın
Издательство: Alatoran yayınları
Серия:
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
çox üzə vururdu. Bəlkə, buna görə Leyla daha çox danışan, Nihad isə daha susqun birinə çevrilmişdi. Fikirləri artıq onları rahat buraxmırdı. Daha çox düşünürdülər, özlərinə daha çox sual verirdilər, bəzən daxili səsləri o qədər güclü olurduki, bunu insan qulağı eşitməyə qadir belə deyildi. Ona görə də, onlar yatmalıydılar. Buna nə ad verirsinizsə verin. Ya yorulduqları üçün, ya daxili səslərindən qurtulmaq istədikləri üçün, ya da onunla mübarizə aparmağa güc toplamaq üçün.

      Qala qapılarından içəri girib qərb tərəfə qalxmağa başladılar. Qədim qalanın içərisində olan parka tərəf gəldilər. Maşınların az-az işlədiyi, ətrafında çox az ev olan parka (oranı çox sevirəm) tərəf. Bir tərəfi Şirvanşahlar sarayına, digər tərəfi şəhərin qədim evlərinə baxan və soyuq payız axşamında tənha qalan parka. İki yanaşı skamya seçərək başları bir-birinə tərəf uzandılar. Leyla yorğun olsa da dərhal yatmadı. Ya da yata bilmədi. Bir müddət ölümlərindən, hələ də burda qalmaqlarının sirli tərəflərindən danışdılar. Leyla yorğunluqdan yatıb qalana qədər.

      Nihad qalxdı və Leylanın skamyasının önündə əyləşdi. Bu qızın daha fərqli cəhətlərini görəcəyini və onda nələrisə dəyişəcəyini hiss edirdi. Saçları üzünə tökülmüşdü. Astaca onları qırağa çəkdi və Ayın da bütöv olduğu gecədə onun qədər gözəl ay parçasını izləməyə başladı. Üzündə qəribə bir təbəssüm vardı Leylanın. Nihad bir anlıq o təbəssümün özü ilə bağlı ola biləcəyini düşündü və bu belə onu xoşbəxt etməyə bəs elədi. Düşüncələri ilə xoşbəxt olanlardan idi Nihad.

      Yenidən skamyasına uzandı və bir müddət böyük şəhərlərin standart göy üzünü izləməyə başladı. Ulduzların olmadığı göy üzünü. Birtəhər beş ulduz tapdı və onları sayaraq yatdı. İnanca görə beş ulduz sayaraq yatarsan tutduğun arzunu yuxundan görərmişsən. Amma o qədər həyacanlı idi ki, arzu tutmağı da unutmuşdu.

      Arzu tutsaydı belə ona ruhların yuxu görmədiyini deməzdiniz, deyilmi?

      Tablolar və rənglər

      İlk günləri bir-birilərini tanıyaraq keçirirdilər. Sərt dialoqu çoxdan unutmuşdular. İndi aralarında daha yumşaq, qısa söhbətlər, lakin yenə də uzun sükutlar olurdu. Leyla iyirmi beş yaşında idi, ya da iyirmi beş yaşında ölmüşdü. Evin qək qızı idi. Qısaca, hamı kimi idi və hamıdan fərqli. Nihadı isə artıq tanıyırıq.

      Üç-dörd gün sonra Leylanın ağlına bir fikir gəlmiş və Nihadı məcbur yaxınlıqdakı qəbirstanlıqlardan birinə aparmışdı. Nihad, deyəsən, bu qeyri-adiliklərə öyrəşməli olacaqdı. Çünki öz yasına belə getməyən biri (insanlar adətən öz yaslarına getməzlər, nəysə bunu bir kənara qoyaq) o gündən başlayaraq Nihadla birlikdə qəbirstanlıqları gəzir, bəlkə özləri kimi birinin olacağına ümid edirdilər. Mollaların söhbətlərinə qulaq asır, ruhun insan bədənindən ayrıldıqdan sonra göylərə qalxaraq dərin bir yuxuya getməsindən və yalnız “Böyük Gün” gəldiyində oyanacaqlarından bəhs etdikləri söhbətləri dinləyirdilər. Eyni söhbətlər, eyni kədər və ağlayışlar. Mənə görə, onsuzda cəmiyyətimizdəki ən qeyri-səmimi yerlər yas mərasimləridir. Yasdan qayıtdıqdan sonra çox ağladıqlarından, ya da özlərini buna məcbur etdiklərindən – “Ağlamaqdan başım ağrıyır”– şikayətlənən insanlar var. Sırf digərləri onun mərhuma nə qədər dəyər verdiyini görsünlər deyə. Bu yaşlar isə onun cansız bədəninə zərrə qədər də gərək deyil.

      Artıq bir müddətdən sonra mollalarda səhv tutmağa da başlamışdılar. Mollaların da hamısı öz işlərinin ustası deyildi. Digərlərinin söylədikləri ilə tutuşmayan məlumatları eşitdiklərində artıq bu işə bir son verməyi qərara aldılar. İki həftə keçmişdi. Bu elə də az bir zaman deyil.

      Artıq qəbistanlığa getməməyi qərara almaq bildirməsə də Leylanı məyus etmişdi. Yolda daha az danışır, heç gülmürdü. Qəbirstanlıqdan çıxdıqdan sonra bir xeyli yol getmişdilər. Artıq insanların arasına qarışmışdılar. Leylanın danışmadığını görən Nihad da susmuşdu. Susmaq insanların ən böyük ehtiyaclarındandır. Çoxları bilməz.

      Ətraflarından – bəzi halda içlərindən- keçən insanların söhbətlərinə qulaq asaraq yeriyirdilər. Onlarda isə fərqli söhbətlər yox idi. Hamısı günəşli, amma soyuq havadan şikayətlənirdilər. “Qalın geyinirsən isti olur, nazik geyinirsən soyuq olur” və sairə, və sairə. Əsrlərin köhnəlməyən bəşəri dərdləri. İnsanların illərdir fikirləşdikləri, amma hələ də həllini tapa bilmədikləri, bütün insanlar üçün fəlakət sayıla biləcək “fəlakət”lər.

      Nihadın bu mövzudakı zarafatı Leylanı güldürdü. Nihad bu mövzuda ardı-arası kəsilməyən zarafatlar etməyə başladı. Bu zarafatların bəziləri gülməli, bəziləri isə deyildi. Amma iki həftənin yorğunluğu onlarda əsəb pozğunluğu yaratmışdı. Demək olar ağızdan çıxan hər sözə qışqıraraq gülürdülər. Əgər onları görən və eşidən olsaydı üzərlərinə qəribə baxışlar zilləyər, bu qədər rahat olduqları üçün qınayardılar. Yolda gedərkən bir oğlan və qızın ucadan güldüklərini düşünsə-nizə. Nə fikirləşərsiniz? Axı küçənin ortasında bu tərzdə gülünəcək nə ola bilər. Yəqin ki, əxlaqlarında problem var. Xüsusən də qızın.

      Amma bu artıq onların vecinə deyildi. İnsan öldükdən sonra daha yaxşı anlayır. Hər insan bir dəfə ölüb dirilməlidi, həyatda bir dəfə ölümün üzünü görməlidir. Bəlkə o zaman həyatın mənasını anlayar, özünü lazımsız sərhədlərlə çevrələməz, həyatlarını hədəflərlə müəyyənləşdirilmiş dar yollara salmazdılar. Daha çılğın olar, daha geniş maraq dairəsinə sahib, daha rahat dostluqlar quran biriləri, qısacası daha azad insanlar olardılar.

      Gülmək istədikdə gülər, ağlamaq istədiklərində ağlayardılar. Yaşarkən insan bunları düşünmür, nəyə lazım olduğunu bilmədiyi qəliblərə salır özünü, çox vaxt onlarda tapır. Onların düşüncələri ilə müstəqil idarə olunurlar. Daha sərbəst olan, dostluq qurmaqda problem yaşamayan qızlar mütləq ki, fahişədirlər. Yaxşı, bu bir az ağır oldu. Amma mütləq ki, o çox yaxın olub, uzaqdan dost görünümü yaratmaq istədiyi oğlanla yatmışdır. Yəni, başqa bir şey mümkündürmü? Bir qızın oğlanla bu qədər yaxınlıq qurmağına başqa nə səbəb ola bilər?

      Ya da saçını uzadıb, sırğa taxan oğlan, qızlarla daha yaxın olan biri. Bunları etməsə də olar. Hansısa ictimai yerdə özünü saxlaya bilməyib ağlayan oğlan. O, oğlan deyildir. Utancdır kişilik adına. Mavidir o. Başqa hansı oğlan qulağına sırğa taxar, bütüb gün qızların əhatəsində olar ki? Onlar daşlanmalı və cəmiyyətdən qovulmalıdırlar. Amma içlərinə girsək, dərinliklərinə baxmaq imkanımız olsa bir dəfə axşam 8-də evdə olan hər kəsin bu rahatlığın arzusunda olduğunu görərik. Yoxsa niyə hər gecə seriallara baxıb ordakı personajlara bu qədər bağlansınlar ki? Özlərini onların yerinə qoyduqları üçün hər halda. Onların yerinə qoyub xəyallarda yaşadıqları üçün. Bu sizə birini xatırlatdımı? Dediyim siz deyilsiniz, Nihaddır. Axı sizə onun düşüncələrlə xoşbəxt olan birisi olduğunu söyləmişdim.

      Fərqlilərdə var, təbii ki, bu qəliblərdən çıxan və ya ona heç girməyən insanlar. Öz həyatlarını yaşamaq üçün əxlaqsız və ya mavi damğasını yeyənlər. Amma onsuzda çox zaman başqalarının sözləri onların