Ortalıqda isə ambulans yox idi. “Bu şəhərdə bu maşının bir dəfə də vaxtında gəldiyini görmədim”,– dedi. Bədəninəmi heyfsilənirdi, ona baxan insanların ah-naləsimi onu narahat edirdi, bunu bilmirəm. Cəsədinin yanında oturdu və gülməyə başladı. Hə, güldü. Dəli kimi, susmadan, qışqıraraq güldü. Cəsədini görən birinin keçirtdiyi hissləri sizə təsvir edə bilmərəm. Amma cəsədini görən birini görmək belə mənə ən qəribə anlarımdan birini yaşatdı.
Birdən gözü uzaqda dayanan ağ avtobusa sataşdı. “Yox, bircə bu yox”. Avtobusun yanına getdi. Polis sərnişinləri dindirirdi. Hər şey düşündüyü kimi idi. Onu avtobus vurmuşdu. Sərnişin avtobusu. Şahidlərdən biri “Avtobus hərəsini bir tərəfə tulladı” dedi. “Zavallı bədənim necə də əzab çəkib”.
Geriyə boylandı. Bədənini maşına qoyurdular. Qaçaraq getdi və ambulansda tibb bacısının yanında oturdu. Üzünü son bir dəfə görmək istəyirdi. Yolda çox çalışsa da üzərindəki örtüyü qaldıra bilmədi. Ona bu işdə tibb bacısı kömək oldu. Ayağa qalxan həmşirə sürücünün əyləcə basması ilə büdrəyərək yıxıldı və bu zaman cəsədin üzərindəki örtüyü də özü ilə çəkdi. Deyinərək ayağa qalxması və yenidən onun üzərini tam örtməsi iyirmi saniyə çəkdi. Cəmi 20 saniyə.
Bu iyirmi saniyə indiyə qədər yer üzündəki ən qarmaşıq üzləşmə idi, ən kədərli vida, ən təsirli səhnə. Ya da ən iyrənc. Avtobus onu asfalt boyunca sürükləmiş, paltarları dərisi yanana qədər cırılmışdı. Amma bunların heç biri o iyirmi saniyəni izah edəcək gücdə deyildi.
Üzü. Tamamən dağılmış, qana boyanmışdı. Bunun nə olduğunu anlaya bilərsinizmi? Səhər oyanıb güzgüyə baxdığınızı və əlinizi gəzdirdiyinizdə heç bir yara olmayan üzünüzü güzgüdə darmadağın olmuş halda gördüyünüzü təsəvvür edin. Dodaqlarınız artıq təbəssümü bildirməyəcək qədər partlaq, yanaqlarınız damarlarınızı göstərəcək qədər sıyrılmış, dağılmış ağzınız və burnunuzdan axan qan üzünüzün sıyrılmış dərisindən axan qana qarışmış. Amma bütün bunlar da o məşhur iyirmi saniyəni təsəvvür etməyə bəs deyildi. Çünki bu iyirmi saniyə onun görmək istədiyi bədəni ilə deyil, ruhu ilə görüş olmuşdu. Qəribəmi səslənir ruhun ruhu ilə görüşü?
Amma bu beləydi. Açıq qalmış gözlərində (insanlar bu “mənzərəni” görməsinlər deyə onun üzərini tez örtərkən gözlərini bağlamağı belə unutmuşdular) ruhunun izi qalmışdı. Həyatının, yaşadıqlarının, yaşaya bilmədiklərinin, sevdiklərinin və nifrət etdiklərinin, gözəl və kədərli anlarının izi. Bütün bunların arasında çox incə bir xətt var idi. İndi ruhunun bədəni ilə arasında olan sərhəd qədər incə. Amma bu iyirmi saniyə onun ağlını qarışdırmağa da bəs eləmişdi. Gözlərində son illərdə olmayan bir təbəssüm var idi. Ümid dolu, həyat dolu bir təbəssüm. Anlaya bilmədiyi bir şey. Bədəni ruhunun tərk etməsinə bu qədərmi sevinmişdi?
Bu iyirmi saniyə bütün həyatından daha uzun göründü, daha mənalı. Heç vaxt vermədiyi qədər sual verdi bədəninə, heç vaxt almadığı qədər cavab aldı. Bir sualdan başqa: “Gözləri niyə bu qədər sevincliydi ürəyinə rəğmən?” Bir daha baxdı bədəninə, üzünə, gözlərinə, gülümsəməsinə. Son dəfə. Üzünün örtülməsi ilə özünü maşından yerə atdı. Qorxmaya bilərdi. Artıq nə yaralayacaq bədəni, nə də itirəcək həyatı var idi.
Tənha ruh
Bir həftə keçmişdi. Geridə qala bir həftə ərzində ilk olaraq evə getmişdi. Evləri və iş yerinin arasında təxminən bir saatlıq yol var idi. Cəmi bir saat.
Amma evə çatarkən artıq tanışların, xəbəri alanların evə axın etməyə başladığını gördü. Bütün pis xəbərlər kimi bu da tez yayılmışdı. İnsanlar pis günlərində bir-birilərinin yanında olmaq istədikləri, bundan həzz aldıqları, yoxsa başqalarının pis gününü görərək öz günlərinə şükür etmə səbəbi tapdıqları üçünmü tez yayılırdı bu xəbərlər?
Anasının, bacısı Ayşənin ağlamaqdan gözləri şişmişdi. Bacısı, kiçik bacısı Ayşə. Onu heç vaxt belə görməmişdi. Saçına sığal çəkmək istədi, amma əli başının içindən keçdi. Elə bu an onu ümidləndirən bir şey oldu. Ayşə titrədi. Sanki onu hiss etmişdi.
“Ayşə, Ayşə, mən burdayam. Ayşə, məni eşidirsən?”. Amma eşitmirdi. Nə bacısı, nə də başqaları. Onu ümidləndirən bir şey olmuşdu. Ümidləndirən və onu qursağında qoyan bir şey.
Evə gələnlər başsağlığı verir, hadisənin necə olduğunu soruşur, kişilər atası Əhməd kişini axtarırdı. O isə xəstəxanadaydı, oğlunun cəsədini tanımaq üçün. Atası təxminən bir saat sonra gəldi. Bu bir saat ərzində Nihad özünün də gözlədiyindən rahat qəbul etdiyi ölümünün nələri dəyişəcəyini düşündü, dəyişikliklərin yalnız öz ailəsi üçün olacağını anlayaraq.
Atası gəldiyində Ayşə qaçaraq onu qucaqladı, hönkürməyə başladı. Qızını qucaqlayaraq onu sığalladı və özünü oğul itirən bir atanın tuta bildiyi qədər dik tutaraq:
– Cənazə hazırlıqlarına başlayaq, -dedi. Təəccüblü bir şey yoxdur. Ataların gözyaşları daima qəlblərinə axar.
Sabah öz yas mərasiminə baxırdı. İnsanların gözyaşları, ailəsinə başsağlığı verənlər, axmaq bir hörmət anlayışı üzündən yas mərasiminə gəlmiş uzaq qohumlar (onlardan bəziləri hətta öz aralarında zarafat etməkdən belə çəkinmirdilər). Bu anlardan birində Nihad özünü saxlaya bilmədi və bildiyi söyüşləri ard-arda sadaladı. Sonra cənazəyə hörmətsizlik etməmək üçün özünü tez ələ aldı.
Bədəni torpağa basdırılarkən yaxasını bağladı, qalstukunu bərkitdi. Sanki, özünü rəsmi görüşə hazırlayırdı. Mollanın dediklərinə qulaq asmağa başladı. Molla onun indi göylərdə olduğunu, cənnətə girmək üçün onun qapısında dayanıb bədəninin torpağa basdırılmasını gözlədiyini dedi.
Həyatı boyunca ölüm haqqında eşitdiyi hər sözün yalan olduğunu da anladı. “O burada nə edirdi?”,“Ölmüşdüsə hələ də dünyada nə işi var idi?”, “Niyə kostyumu hələ də əynində idi?”, “Niyə bir gün ayılacağı əbədi yuxuya getməmişdi?”və “Niyə qəbirstanlıqda tək-tənha idi?”. Bu suallar sonrakı günlərdə onu rahat buraxmayacaqdı.
Evə getmirdi. Evdəki yas havası onu sıxırdı. Amma günləri o qədər də pis keçmirdi. Son illərdə yaşadığı həyatı daha