Orta məktəbdə dərslər bitəndən sonra şagirdlərin hərəsi bir işlə məşğul olurdu. Böyük sinfin oğlan uşaqları sürücülük məktəbinə maşın sürməyi öyrənməyə, qızlar isə müxtəlif dərnəklərə, kurslara, bəziləri musiqi məktəbinə, oğlanlardan bəziləri də pionerlər evinə şahmat, dama oynamağa, şeypur, baraban çalmağa gedirdilər. Bəziləri orta məktəbdə qalıb dövlətin verdiyi pulsuz yeməkləri yeyərək müəllimin nəzarəti altında sabahkı dərsə hazırlaşırdılar. Böyük çoxluq isə heç hara getmirdi, valideynləri onları həyətdə işlədir, ya da inək, qoyun otarmağa göndərirdilər. Bəziləri isə ümumiyyətlə heç bir işlə məşğul olmurdular, avaralanırdılar. Mən isə kitabxanaya gedən uşaqlara qoşulmuşdum. Ayda bir dəfə kitabxanada müxtəlif mövzularda tədbirlər keçirilirdi. Kitabxananın daimi üzvləri vətən, çörək, ana, zəhmət, sülh haqqında şeirlər deyirdilər. Balaca uşaq hekayələri oxuyurdular. Müxtəlif uşaq hekayələrini səhnələşdirirdilər. Burda baş verənlər musiqi məktəbində baş verənlərdən mənə daha maraqlı gəlirdi. Çünki kitabxanaya gələn uşaqların, kitabxanada işləyən qadınların davranışı ruhuma daha yaxın idi. Beləliklə, musiqi məktəbinə marağım tamam itdi. Anam nə qədər zəhləmi töksə də, musiqi məktəbinə getməkdən qəti imtina etdim. Bununla da, həyatımda daima təkrarlanan bir ənənənin əsasını qoymuş oldum. Heç bir təhsil ocağında axıra qədər oxuya, heç bir yerdə axıra qədər duruş gətirə bilmədim. Oxuduğum bütün yerləri yarımçıq qoydum. Bunun yalnız bir səbəbi vardı – mənim azadlığım. Bütün həyatım boyu hər bir işin ən pis nəticəsi haqqında düşünmüşəm. Bu, hər zaman məni çətinliklərdən xilas edib. Yekə-yekə oğlanların, yekə-yekə kişilərin rütbə, vəzifə, direktor, müdir qarşısında əyildiyini, sındığını, yaltaqlandığını gördükdə onların yerinə xəcalət çəkmişəm. Məni hər hansı hərəkətimə görə məktəbdən, universitetdən qovmaqla hədələyəndə öz özümə düşünmüşəm: “Cəhənnəmə qovsunlar, dünyanın axırı deyil ki”. Özümü daima taleyimə tapşırmışam. Demişəm ki, qoy taleyim məni hara istəyir, aparsın. Nə vaxt bürokratik əngəllərlə rastlaşmışamsa, dözməyə səbrim çatmayıb, nə qədər acı nəticəsi ola biləcəyindən qorxmayaraq, etdiyim əməlin sonunu düşünməyərək darıxdığım, sıxıldığım, boğulduğum yerləri tərk etmişəm.
O ki qaldı ilk sevgimə, bir dəfə Elnarəyə məktub yazmaq qərarına gəldim. Ürəyimdən keçənləri utanmadan, qorxub-çəkinmədən uzaqdan-uzağa qıza bildirmək üçün bir vasitə tapılmasına sevindim. Hər şeydən əvvəl, ona bildirmək istəyirdim ki, o necə gözəldir. Onun analoqu olmayan gözəlliyi var. O, təkcə məktəbin deyil, regionun bütün qız-larından gözəldir. Bildirmək istəyirdim ki, məndən ötrü ona baxmaqdan şirin heç nə ola bilməz bu dünyada. Məhəbbət barədə məktub yazmaq necə də çətinmiş! Demək istədiklərin yox, tamam başqa şeylər alınır. Axı ürəkdə baş verən təlatümləri bir parça kağıza necə sığışdırasan? Neçə dəfə cəhd etdim, alınmadı. Bir xeyli əlavələr edərək, bir çox cümlələri dəyişdirərək, öz vəziyyətimə uyğunlaşdıraraq standart sevgi məktublarından istifadə etməli oldum. Xəttim pis idi deyə məktubun yazılmasını xətti gözəl olan bir sinif yoldaşımdan xahiş etdim. O vaxtlar hər sinifdə bu kimi işlərlə məşğul olan bir adam olurdu. Mən məktubun məzmununu söylədim, o, dediklərimi öz bəlağətli, əttökən əlavələri ilə gözəl xətlə vərəqə köçürdü. Onun əttökən əlavələrindən heç cürə yaxa qurtara bilmədim. Bu cür bəlağətli sözlərin məktub üçün vacib olduğunu qətiyyətlə sübuta yetirməyə çalışırdı. Bu işdə xeyli təcrübə toplayaraq püxtələşmişdi. İstəməsəm də, axırda razılaşmalı oldum. Nəticədə başı-ayağı bilinməyən, əcaib, nə demək istədiyim anlaşılmayan bir sevgi məktubu ortaya çıxdı. İndi qarşıda daha bir böyük problem vardı. Hər şey məktubun qıza necə, hansı yolla çatdırılacağından asılıydı. Başqalarının yanında qızın məndən məktub qəbul etməyəcəyini anlayırdım. Qızlar çox vaxt sevgi məktubu aldıqda hamının gözü qarşısında nümayişkaranə surətdə gözəl sözlər yazılmış məktubu cırıb parça-parça edib yerə, ayaqlar altına səpələyirdilər. Özü də məktubları elə hikkəylə, forsla cırıb parça-parça edirdilər ki, axırda hər vərəq parçası siçan başı boyda olurdu. Məni də böyük ehtimalla belə bir aqibət gözləyirdi. Bu cür münasibətə dözə bilməzdim. Bu da cəhənnəm, məndə ona yaxınlaşmağa bəs edəcək qədər cəsarət haradandır? Qıza nə qədər yaxınlaşırdımsa, bir o qədər həyəcanım artırdı. Mənə elə gəlirdi ki, bütün dünya əhli pəncərələrdən, qapılardan boylanaraq bizi izləyir, necə görüşəcəyimizi, qıza nə deyəcəyimi hamı səbirsizliklə gözləyir. Sevdiyin adamla üz-üzə gəlmək necə də dəhşətliymiş! Məktubu bir həftə döş cibimdə gəzdirdim. Elə bil, orda, döş cibimdə gözəgörünməz od yanırdı. Vərəqi bir paketə yerləşdirib tanış bir qız vasitəsi ilə Elnarəyə göndərdim. Dərsdə oturmuşdum. Qapı döyüldü. Elnarəgilin yaşlı sinif rəhbəri otağa daxil oldu. Biz ayağa qalxdıq. Elnarəgilin sinif rəhbəri bizim