Adsız itin qayıdışı. Seymur Baycan. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Seymur Baycan
Издательство: Alatoran yayınları
Серия:
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
hörümçək toru yapışırdı. O, gopçu idi. Biz onun uydurma-larını xoşlayırdıq. O, hər gün nə isə yeni bir şey uydururdu. Bəzən oğlan uşaqlarını başına yığıb qızların ürəyini necə ələ almaq haqqında məsləhətlər verirdi. Qapıçı direktorun tapşırıqlarını çox həvəslə yerinə yetirirdi və musiqi məktəbini böyük bacarıqla avara uşaqlardan qoruyurdu. Avaralar musiqi məktəbindən əlli metr kənarda dayanıb qapıçıya söz atırdılar, dillərini çıxarırdılar, müxtəlif hərəkətlər edib onu cinləndirərdilər. Qapıçı bu avara uşaqlar haqqında deyərdi:

      – Uşaq deyillər, meymun sürüsüdürlər. Belə uşaqları tutub türmələrə göndərmək lazımdır.

      Müəlliməm mənə dərs keçmək əvəzinə müxtəlif işlərlə məşğul olurdu. Ayağını ayağının üstünə aşırıb dırnaqlarına lak çəkirdi. Güzgüdə sifətinə baxıb müxtəlif vəziyyətlərdə gülümsəyirdi və hansı cür gülümsəməyin ona daha çox yaraşdığını müəyyən etməyə çalışırdı. Ona yazılmış məktubları sinifdə oxuyurdu. Mən də sakitcə oturub ona baxırdım. Müəlliməm özünün məftunedici qüvvəsini kişilərin qəlbində sınaqdan keçirməyi həyat tərzinə çevirmişdi. Buna baxmayaraq yorulmadan tənhalığından şikayətlənirdi. Dərdlərini, problemlərini məndən gizlətmirdi. İnsan dərdini, sevincini kiminləsə bölüşmək ehtiyacı duyanda qarşısındakı adamın statusu, yaşı, həyatdakı mövqeyi onu az maraqlandırır. Olarmı, olmazmı, bu haqda düşünmür. Ürəyi dolu olanın ağzını kilid də saxlaya bilməz. Bəzən müəlliməm qarmonu götürüb ovqatına uyğun olaraq bir mahnı ifa edirdi. İfa etdiyi mahnının özündən daha çox, onun uzun dırnaqlarının qarmonun dillərinə toxunuşundan yaranan səsdən həzz alırdım. Sonralar artıq formalaşmış bədənlə, beyinlə “Min bir gecə” nağıllarını oxuyarkən mütləq müəlliməmi xatırlayırdım. Qədimlərdə şərqdə kənizlər musiqi alətində ifa etməyi, oxumağı bacarırdılar. Adamın kaş belə bir arvadı olaydı. Özünü Harun ər-Rəşid kimi hiss edərdi. Ürəyin istəyəndə qarmonda bir mahnı çalaydı. Dərdini-qəmini dağıdaydı. Lap qoy haqqında hansı şayiələr gəzirsə, gəzsin.

      Musiqi məktəbi yerləşən bina inqilabdan əvvəl varlı bir bəyin evi olmuşdu. Rayonda üç dənə belə ev vardı. Üçü də eynən bir-birinə oxşayırdı. Bolşeviklər bəyi güllələmiş, var-dövlətini əlindən almışdılar, bütün nəslini isə Qazaxıstana sürgün etmişdilər. Onun evlərini isə məktəbə, uşaq bağçasına, uşaq poliklinikasına çevirmişdilər. Müharibə zamanı bu evlərdən birinin yaxınlığına mərmi düşdü. Ətrafdakı bütün evlər dağılsa da, bu köhnə bina öz yerində möhkəm dayandı. Deyilənə görə, bu binaları tikən zaman ustalar yumurta sarısından istifadə etmişdilər. Musiqi məktəbinin çox cansıxıcı mühiti vardı. Burda uşaq qəlbini cəlb etmək üçün azacıq da olsa, təşəbbüs göstərilmirdi. Burda heç kəs fikirləşmirdi ki, bu dünyada uşaqların rəğbət bəslədiyi və rəğbət bəsləmədiyi şeylər var. Payız aylarında səhərdən fasiləsiz yağan yağışın şırıltıları rütubətli sinif otaqlarından gələn musiqi səslərinə qarışırdı. Məktəbin birinci mərtəbəsinin dəhlizinə iri başlı iki quş rəsmi çəkilmişdi. Quşlardan birinin başı solub bozarmış, o birinin isə ayaqları və qarnının bir hissəsi ovulub tökülmüşdü. Deyilənə görə, bu quş rəsmlərini tavana ikinci dünya müharibəsində əsir düşmüş bir alman çəkib. Müəllimlər dərslərə ciddi fikir vermirdilər. Şagirdlərə çox etinasız yanaşırdılar. Qadın müəllimlər daha çox paltarlarını nümayiş etdirmək üçün musiqi məktəbinə gəlib gedirdilər. Kişi müəllimlər toylarda çoxlu pul qazanırdılar, amma onlar həm də musiqi məktəbinə gəlib getməyə, xala-xətrin qalmasın uşaqlara dərs deməyə məcbur idilər. Çünki sovet dövründə hər kəs mütləq haradasa işləməli, hansısa dövlət idarəsindən maaş almalı idi. İşləməyən adamı əgər hökumət nümayəndələri istəsəydi, avaralığa görə tutub içəri basa bilərdilər. Məsələn, mənim atam usta idi. Evlərdə işləyirdi. Çoxlu pul qazanırdı. Bununla belə, hökumətdən maaş almaq üçün atam həm də çörək zavodunda işləmək məcburiyyətində qalmışdı. Üç gündən bir zavoda işə gedirdi. Ustalardan bəziləri yanğınsöndürmə idarəsindən, bəziləri də çaxır zavodundan maaş alırdı. Sovet dövrünün belə qəribəlikləri vardı.

      Oğlan uşaqlarını musiqi məktəbinə qoymaqda valideynlər yalnız bir məqsəd güdürdülər. Uşaqlar hansısa bir alətdə ifa etməyi tez-tələsik öyrənsinlər və toylara gedərək çoxlu pul qazansınlar. Rayonun varlı, adlı-sanlı ailələrindən olan qızlar musiqi məktəbində oxuyurdular. Başqa valideynlər də varlı ailələri yamsılayaraq qız övladlarını gətirib musiqi məktəbinə qoymuşdular. Qız şagirdlər pianoda hər şeydən əvvəl “Çalıquşu” adlı bir türk filmindən məşhurlaşan musiqini ifa etməyi öyrənirdilər. Qayda belə idi. Piano çox çətinliklə tapılırdı. Məsələn, bacıma piano almaq üçün anam xeyli əziyyət çəkməli olmuşdu. Bacım üçün pianonu 850 manata almışdıq. Yeri gəlmişkən, bacımı musiqi məktəbinə qoymaqla anam da varlı ailələri yamsılamışdı. Bir sözlə, musiqi məktəbinə gəlib-gedən müəllimlərin və şagirdlərin ürəyində həqiqi musiqi sevgisindən savayı hər şey vardı. Burda şagirdləri və müəllimləri həqiqi musiqi sevgisi deyil, tamam ayrı məqsədlər, paltarlarını və özlərini göstərmək, ətirlərinin bahalığını nümayiş etdirmək, pul qazanmaq istəkləri birləşdirirdi. Müəllimlər çox savadsız idilər. Onların çoxu heç on məşhur bəstəkarın adını sadalaya bilməzdilər. Musiqi məktəbinin müəllimləri geyim, davranış, savad baxımından orta məktəbin müəllimlərindən çox fərqlənirdilər. Orta məktəb müəllimləri çox asketik, sadə həyat yaşayırdılar. Onlar əsl sovet müəllimləri idilər. Musiqi məktəbinin müəllimlərini isə, elə bil, kapitalist ölkələrindən gətirmişdilər. Kişi müəllimlərinin hamısının maşını vardı. Bahalı, sovet dövründə çətin tapılan paltarlar geyinərdilər, bahalı ətirlər vurardılar “Marlboro” siqareti çəkirdilər. Orta məktəbin müəllimləri isə məktəbə piyada gəlib gedirdilər. Ətir vurmurdular. Sadə geyinirdilər. Musiqi məktəbinin müəllimləri müəllim sənətinin, müəllim sözünün məsuliyyətini dərk etmirdilər…

      Lakin bu məktəbdə bir müəllim var idi ki, bütün başqa müəllimlərdən hər mənada yaxşı tərəfdən seçilirdi. Bu, paytaxtdan öyrətmək, qurmaq, yaratmaq yanğısıyla əyalətə gəlmiş cavan bir müəllim idi. Onun bədən quruluşu sual işarəsinə oxşayırdı. Sinəsi batıq olduğuna görə, ortadan əyri görünürdü. Uzun, nazik boynuna başı, elə bil, ağırlıq edirdi. Başı həmişə bir az sinəsinə doğru əyilmiş vəziyyətdə olurdu. O, daima sadə qara kostyum, qara ayaqqabı, ağ köynək geyinər, nazik uzun qalstuk taxardı. Musiqi tarixindən dərs deyərdi. Onun sinfinə girəndə tamam başqa aləmə düşürdüm. Onun otağı öz səliqə-sahmanı ilə başqa müəllimlərin otaqlarından kəskin seçilirdi. Masaların üstünə ağ örtük salınmışdı. Bu ağ örtükləri yalnız öz övladını çox sevən, övladıyla fəxr edən ana belə təmiz yuya bilərdi. Pəncərələrin önünə müxtəlif dibçək gülləri qoyulmuşdu. Sinfin yuxarı başında şkaf vardı və şkafda yan-yana musiqi tarixinə aid kitablar düzülmüşdü. Divarlara isə böyük və dahi bəstəkarların portretləri vurulmuşdu. Parikli bəstəkarların portretlərinə baxanda qəribə hisslər keçirirdim. Bu kişilərin, böyük bəstəkarların əcaib görünüşü məndə maraq oyadardı. Sözün düzü