Adsız itin qayıdışı. Seymur Baycan. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Seymur Baycan
Издательство: Alatoran yayınları
Серия:
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
ondan gizlətmək istəmədim. Dedim, sevirəm. Anam soruşdu:

      – Kimlərdəndir?

      Dedim, filankəsin qızıdır. Anam dedi:

      – Aralı dayan o qızdan. Onun bir anası var, həyasızın biridir. Bütün nəslimizi rayondan köçürər.

      O vaxtlar böyüklər hər şeydən danışırdılar. Keçmişdə baş verənlərdən. Keçmiş toylardan, yaslardan, bayramlardan. Gələcəkdən, arzularından, qayğılarından, problemlərindən. Təkcə məhəbbət haqqında danışmazdılar. Deməli, sevməyiblər. Adamlar sevmədən üç, beş, altı, on, on iki övlad sahibi olurdular. Uşaqlar valideynlərindən soruşmazdılar, necə tanış olmusunuz, harada tanış olmusunuz. Bu kimi suallar heç kimin ağlına gəlməzdi. Böyüklər də necə tanış olmaqları haqqında danışmazdılar. Çünki onlar tanış olmamışdılar. Onları valideynləri, sadəcə, cütləşdirmişdilər. Ortada heç bir sevgi əhvalatı filan yox idi. Böyüklər tərəfindən cütləşdirilən oğlan və qız şüursuz canlılar kimi doğub törəyirdilər. Çox nadir hallarda kiminsə sevgi əhvalatı olurdu. Bu əhvalatlar da çox vaxt gülməli əhvalatlar kimi danışılırdı. Əsrlərlə adamlar belə yaşayıblar. Sevmədən. Sadəcə, cütləşərək. Bəlkə də buna görə şərqin sevgi dastanları, sevgi əfsanələri, sevgi poemaları həmişə mənə süni, saxta görünüb. Bu poemalarda heç bir konkretlik yoxdur. Bunları sevgi poemaları adlandırmaq böyük səhvdir, şərqin sevgi poemaları sadəcə poetik masturbasiyadır. Sevgi adlı bir hisslə adamlar bolşevik inqilabından sonra filmlər, əsərlər vasitəsiylə yavaş-yavaş tanış olmağa başlamışdılar. İnqilabdan əvvəl əhalinin cəmisi üç faizi oxuma-yazma bilirdi. Yazıb oxuya bilməyən adam necə məktub yazsın, hisslərini necə ifadə etsin?! Çox adam öz yaxın qohumlarıyla, xalaqızı, əmiqızı ilə ailə qururdu. Qız bir qapıdan çıxıb on metr aralıdakı qapıya gəlin köçürdü. İnqilabdan sonra qadınlar, qızlar işləməyə, oxumağa başladılar. Bunun nəticəsində müxtəlif bölgələrin adamları qaynayıb qarışdı. Yavaş-yavaş başqa bölgələrdən qız almaq, başqa bölgələrə ərə getmək ənənəsinin əsası qoyuldu. Bolşevik inqilabı nə qədər böyük dəyişikliyə səbəb olsa da, yenə də inkişafa mane olan adət-ənənələri tam silib yoxa çıxarmağa gücü çatmadı. Böyüklərin çoxu sevgidən, məhəbbətdən xəbərsiz bir halda cütləşərək oğul-uşaq sahibi olmuşdular. Ona görə də uşaqların, ya da yeniyetmələrin məhəbbəti yaşlılar tərəfindən möhkəm qınanılırdı. Uşaqların, yeniyetmələrin məhəbbətinə yaşlılar təhqiramiz, qısqanc münasibət göstərirdilər. Bax, beləcə də deyirdilər: «Dünən şalvarını batırırdı, bu gün qız sevir». Lağa qoyurdular. Dolayırdılar. Uşaqların, yeniyetmələrin məhəbbəti beşikdəcə boğulurdu. Onlar böyüklərin terroruna məruz qalırdılar. Qızlara nəzarət olunurdu. Bəzən döyürdülər. Evdən bayıra buraxmırdılar. Qızlar bir yerə gedəndə kimisə yanında aparmalı olurdular. Əgər evdə telefon vardısa, telefona yalnız kişi xeylaqları cavab verirdi. Qızların yalnız ən yaxın rəfiqələri və qadın qohumları ilə telefonda danışmasına icazə verilirdi. Əlbəttə, istisnalar var idi, lakin mən böyük çoxluq həyatı haqqında danışıram. Qızla telefonda danışmaq, gizlicə haradasa görüşmək çox az adama nəsib olurdu. Bir faktı yazım, mənzərə sizin üçün aydın olsun. Doxsan min adamın yaşadığı bir məkanda yalnız bir cütlük qoşa gəzirdi. Yalnız bir cütlük küçədə qoşa gəzməyə özlərində cəsarət tapa bilmişdilər. Qadının öz halalca ərinin qoluna girərək küçəylə addımlamaları adamlar üçün hədsiz dərəcədə maraqlı idi. Ər-arvadın küçədə qoşa gəzmələri nə qədər söz söhbətə səbəb olmuşdu…

      Qəribə şeydir məhəbbət. Hərə məhəbbəti bir cür başa düşür. Məhəbbət hərəni bir cür hərəkətə sövq edir. Qız orta məktəbdən əlavə, həm də musiqi məktəbində fortepiano sinfində oxuyurdu. Beləliklə, Elnarəni daha çox görmək üçün mən də musiqi məktəbində oxumaq qərarına gəldim. Qərarım şöhrətpərəst anamı çox sevindirdi. Musiqi məktəbində oxumaq üçün anam əvvəllər məni çox dilə tutmalı olmuşdu. Ona görə ki, rayonun bir çox adlı-sanlı ailələrinin övladları o vaxt musiqi məktəbində oxuyurdular. Anam qısa müddətdə tanışlıq, qohumluq vasitələrindən, puldan, atamın təmiz nüfuzundan istifadə edərək sənədlərimi düzəltdi. Atam bölgənin ən məşhur ustalarından biri idi. Hər təbəqədən müxtəlif vəzifəli adamların atama işi düşürdü. Pula həris adam deyildi. Sifarişçilərin hansı təbəqədən olmasına məhəl qoymurdu. Əksinə, nisbətən kasıb adamların sifarişini daha tez yerinə yetirirdi. O vaxtlar ustalar işlədikləri evdə nahar edirdilər. Dədə-babadan qalma qayda belə idi. Ev sahibi evdə işləyən ustanı vaxtlı-vaxtında naharla, çayla təmin etməliydi. Atam dul qadının evində yemək yemirdi. Əgər ona eyni vaxta iki adam sifariş verirdisə, atam həmişə birinci köməksiz adamın sifarişini yerinə yetirirdi. Özü də daha ucuz qiymətə. Ümumiyyətlə, bizim nəsildə hərə bir cür istedadlı idi. Kiçik əmim təmir etdiyi elektrik motorlarına iki il zəmanət verirdi. Əmim ali təhsil ala bilməmişdi. Mənə elə gəlir əgər o, ali təhsil ala bilsəydi, bəlkə də güclü bir fizik ola bilərdi. Ötən əsrin 80-ci illərinin sonlarında farmazon gənclər maşınlarına müxtəlif səslər çıxaran siqnallar qoyurdular. Bölgədə bütün farmazon gəncləri belə siqnallarla əmim təmin edirdi. Əmim yaxşı pul qazanırdı və qazandığı pulların çoxunu o vaxt təzə başlamış xalq hərəkatına xərcləyirdi. Bir dəfə mən mitinqdə iştirak edirdim. Tribunada elan etdilər ki, Əliyev filankəs, yəni əmim, xalq cəbhəsinin yaratdığı fonda filan qədər pul köçürüb. Mitinqdə iştirak edən adamlar əmimin bu addımını alqışladılar. Onların çoxu bilmirdi ki, yanlarında dayanmış bu balaca uşaq addımını alqışladıqları adamın doğmaca qardaşı oğludur. İllər ötdü, xalq hərəkatı biabırçı məğlubiyyətə uğradı. Hərəkatın lideri döyüş meydanından doğulduğu kəndə qaçdı. Minlərlə, on minlərlə adam pərt oldu. Ruhdan düşdü. Həyatdan küsdü. Xəstələndi. Xalq hərəkatının iştirakçıları fürsətcil, hər şeyi lağa qoyaraq dövrünün məsuliyyətindən yaxa qurtarmaq istəyən adamların gülüş hədəfinə çevrildilər. Əmimin də əsəbləri bərk pozuldu. Xəstələndi. İş qabiliyyətini tamam itirdi. Nəhayət, yataqxanada, balaca bir otaqda acınacaqlı bir vəziyyətdə, övladlarını da Allahın ümidinə buraxaraq öldü. O, xalq hərəkatına xərclədiyi pullarla ömrünün sonuna qədər normal yaşaya bilərdi. Xalq cəbhəsinə xərclədiyi pullarla o vaxt paytaxta on ədəd, on beş ədəd ev almaq olardı…

      Ortancıl əmimin kiçik oğlu sovet maşınlarının üzərində müxtəlif eksperimentlər aparmağı sevirdi. O, bir maşının detalını açıb tamam başqa maşına bağlayırdı və düşünürdü ki, belə daha yaxşıdır. Zavoddakı mühəndisləri qanmazlıq-larına görə elə hey söyürdü. Əmimoğlu rayonun ən güclü motor ustalarından biri sayılırdı. O, möhkəm içirdi. Atam və əmim kimi heç də pula həris deyildi. Güclü motor ustası olmağına baxmayaraq, pul qazanmağı heç xoşlamırdı. O, yalnız özünə lazım olan qədər pul qazanırdı. Məsələn, əgər ona üç gün sonra toya getmək üçün təzə kostyum almaq lazımdırsa, tez bir nəfərin sifarişini yerinə yetirib kostyumun pulunu qazanırdı. Başqa cür onu heç nə, heç kim işləməyə məcbur edə bilməzdi. Adamlar maşınlarını təmir etdirmək üçün onu axtarırdılar, o isə öz balaca «ZAP»ısında, balaca bəzəkli maşınında bütün günü avaralanırdı. Müxtəlif hoqqalar çıxarırdı. Onun haqqında “Quqark” romanında xeyli yazmışam. Ortancıl əmimin böyük oğlu isə