İlk sevgim məni musiqi məktəbinə qədəm basmağa məcbur etdi. Lap qısa zamanda şöhrətpərəst anamın ümidlərini alt-üst etdim. Anamı bərk əsəbiləşdirdim. Məlum oldu ki, məndə heç bir musiqi istedadı yox imiş. Qarmon müəllimim ana tərəfdən babamın çox yaxın dostunun oğlu idi. O, rayonun ən gənc və ən ədabaz müəllimlərindən biri sayılırdı. Yaşıl rəngdə təzə «Jiquli»si vardı. Müəllimim bu maşına bütün şagirdlərindən daha çox diqqət göstərirdi. Məktəbə girəndə və çıxanda maşının təkərlərini müxtəlif kremlərlə qaraldırdı. Onsuz da, tərtəmiz olan şüşələri həvəslə silirdi. Zövqlə geyinirdi, bahalı ətirlər vururdu. Ümumiyyətlə, musiqi məktəbində həm qadın, həm də kişi müəllimlər ətirdən gen-bol istifadə edirdilər. Məktəbdə müxtəlif ətir iyləri bir-birinə qarışırdı. Elə bil, hər bir müəllim başqa müəllimin vurduğu ətrin iyini öz ətrinin iyi ilə öldürməyə çalışırdı. Qıraqdan baxan deyərdi ki, onlar dünyaya yalnız ətir vurmaq üçün gəliblər. Müəllimim məktəbin ən çox ətir vuran müəllimlərindən biri idi. O çox vaxt dərsə gəlmirdi. Tipik rayon ədabazı olan müəllimim dostlarıyla orda-burda əylənirdi. Rəhbərlik tərəfindən edilən xəbərdarlıqlara əhəmiyyət vermirdi. Mən çox vaxt musiqi məktəbində avaralanıb sonra evə qayıdırdım. Dərsə gəldikdə isə o pəncərəni açıb siqaret çəkirdi. O vaxtlar çətinliklə tapılan və ədabaz adamların çəkdiyi qırmızı rəngli «Marlboro» qutusunu masanın üstünə atırdı. Sonra ev tapşırığını öyrənib-öyrənmədiyimi yoxlamadan mənə təzə ev tapşırığı verirdi. Bəzən qəflətən əsəbiləşir, dayandığım yerdə məni danlayır, məni tupoy adlandırırdı. Tez-tələsik qarmonda bir mahnı ifa edib təzədən siqaret çəkirdi. Yaxud başqa otağa gedib cavan müəllimlərdən birini özünə həmsöhbət seçirdi. Babamın dostuna etdiyi şikayətlər heç bir fayda vermirdi. Müəllimim mənə düz-əməlli dərs keçmirdi. Öz işinə laqeyd yanaşırdı. Onu daha çox öz əyləncəsi maraqlandırırdı. Beləliklə, məcbur qalıb məni başqa müəllimin sinfinə keçirdilər. Təzə müəllimim rayonun ən gözəl, ən yaraşıqlı və ən çox naz satan qadınlarından biri idi. Müəlliməm çoxlu ətir vururdu. O, məktəbə daxil olanda vurduğu ətrin iyi hər tərəfi bürüyürdü. Bu qadın da mənə düz əməlli dərs keçmədi. O, sinfə başqa bir müəlliməni dəvət edirdi. İki müəllimə paltar, ətir, bəzək-düzək haqqında söhbət edirdilər. Mən isə sakitcə oturub onlara qulaq asırdım. Onlar bəzən səslərini lap aşağı salırdılar. Rayonda baş verən hər bir hadisəni kimin kimə ərə getməsini, kimin kimdən boşanmasını, kimin kimi sevməsini dərindən müzakirə edirdilər. Beləliklə, müəlliməm sayəsində rayonda baş verən bir çox hadisələrdən xəbər tuturdum. Təmiz və səliqəli geyinməyim müəlliməmin çox xoşuna gəlirdi. Bir dəfə sinfə başqa bir müəllimə girdi. Məni göstərərək dedi:
– Bunu iki dəqiqəlik mənə verə bilərsən?
Müəlliməm mənalı-mənalı dedi:
– Hara istəyirsən, götür apar. Ha ha ha…
Müəllimə məni başqa bir sinif otağına apardı. Otaqda köhnə pianonun yanında açıq-aşkar həyəcan keçirən dörd şagird dayanmışdı. Onların hamısı boğaza qədər zığa, palçığa batmışdılar. Çəkmələrinin rəngi palçıqdan görünmürdü. Onsuz da, qırış-qırış olan şalvarlarını palçıq daha da bərbad vəziyyətə salmışdı. Onlar, deyəsən, yolda süpürləşmişdilər, ya da palçıqlı yolda qaçmışdılar. Çünki palçıq ləkələri paltolarını belə yaman günə qoymuşdu. Müəllimə məni uşaqlara göstərib bərk qışqırdı:
– Baxın, belə geyinmək lazımdır. Görürsünüz, necə səliqəli geyinib? Bir özünüzə baxın. Nə gündəsiniz?! Bu nə gündür belə? Sizə evdən belə buraxıblar? Sizin kimi uşaqdan otuzun saxlayaram. Bura məktəbdir, yoxsa ferma? Bu viddə- fasonda məktəbə gəlməzlər. Başqa müəllimlərin uşaqları məktəbə çiçək kimi təmiz gəlirlər, mənimkiləri, elə bil, meşədən buraxıblar. Bu nə gündür? Niyə təmiz geyinmirsiz, söz soruşuram, siz məktəbə gəlmisiniz, yoxsa fermaya?
Uşaqlar sakitcə dayanmışdılar. Onlardan biri uzaq qohumum idi. Onların sakitcə dayanmaqları müəlliməni daha da əsəbiləşdirdi. Müəllimə onlara yaxınlaşıb birinin qulağını bərk dartdı. Birinin saçını yoldu. Başqasının sifətinə iki-üç şillə vurdu. Sonra da uşaqları sinifdən qovdu. Dedi ki, kim məktəbə pinti geyinib gəlsə, ona dərs keçməyəcək. Qapıçıya da tapşıracaq ki, pinti geyinən uşaqları məktəbə buraxmasın. Dərsə pinti geyinib gələn şagirdlərə qarşı sərt tədbirlərin görülməsi üçün məktəbin direktorunun adına ərizə yazacaq. Müəllimə uşaqları danlayanda mən özümü pis hiss edirdim. Müəllimə uşaqları döyməyə başlayanda özümü lap pis hiss etdim. Müəllimə arıq, solğun sifətli gözəl bir qadın idi. Belə bir qadının uşaq döyməsi mənə qəribə gəlirdi. Küçədə adam onu görsəydi, heç zaman ağlına gəlməzdi ki, belə gözəl bir qadın uşaq döyə bilər. Onun məni pinti geyinən uşaqlara nümunə göstərməsi heç ürəyimcə deyildi. Proses bitəndən sonra müəllimə məni gətirib öz müəlliməmə təhvil verdi. Sifətinin ifadəsi dəyişdi və heç nə olmamış kimi, bir az da qeybət etdilər. Bir həftə keçmədi ki, məktəbdə təzə qayda qoyuldu. Qaydaya görə məktəb binasından içəri girənlər ayaqqabılarını dəyişməliydilər. Müdirin nümayəndəsi özü qapıda durmuşdu. Qara, domba, sulu gözləri vardı. Piy basmış peysəri arxadan, köynəyinin boyunluğundan sallanırdı. Əl barmaqları bişmiş sosiskaya oxşayırdı. O, uşaqları gəldikcə dəhlizdə toplayır və eyni sözləri təkrar edirdi: «Məktəb – mədəniyyət ocağıdır. Onu qorumalıyıq. Təmiz saxlamalıyıq. Bura ferma deyil. Evinizdən çust gətirməlisiniz. Məktəbə zığlı, palçıqlı ayaqqabılarla girmək olmaz».
Doğrudan da, yağış yağanda bütün məktəbi palçıq bürüyürdü. Divarlarda, hətta partaların üstündə belə palçıq görmək olurdu. Yaşlı xadimə isə deyinə-deyinə, uşaqları qarğıya-qarğıya bütün günü məktəbi palçıqdan təmizləyirdi. Beş-altı dikbaş şagirddən savayı hamı yeni qaydaya əməl etməli oldu. Müdirin işə qarışmasıyla o beş-altı dikbaş şagirdin də müqaviməti qırıldı. Beləliklə xadimənin işi xeyli yüngülləşdi.
Fürsət düşmüşkən, bir az da məktəbin qapıçısı haqqında yazmaq istərdim. Musiqi məktəbində oxumayan, lakin məktəbin binasına girib avaralanmaq, sevdikləri