Milliləşdirmənin gedişini sürətləndirmək və sahibkarlar tərəfindən sabotaja son qoymaq üçün XTŞ bəzi icbari qərarlar qəbul etdi. Qərarların birinə əsasən, bütün mədənlər milliləşdirmədən əvvəlki qaydalar üzrə yanacağı kəmərlərə ötürməli idilər.60 Digər qərarla milliləşdirilmiş müəssisələrə tapşırılırdı ki, yeddi gün ərzində 1918-ci ilin iyul-sentyabr ayları üçün xərclər smetasını tərtib etsinlər və XTŞ-in baş mühasibatlığına təqdim etsinlər. Göstərilən müddətdə smetanı təqdim etməyən müəssisələr kreditlərdən məhrum olunacaqdılar.61
Sahibkarlar neft sənayesinin dövlət inhisarına alınmasına cidd-cəhdlə müqavimət göstərirdilər. Bununla bağlı qəbul edilən bəyanatda onlar bildirirdilər ki, milliləşdirmə dağınıqlığa və məhvə bərabərdir, “onilliklər boyu qurulan təşkilatlan-manın köklü surətdə sındırılması, sənaye və ticarət aparatının tamamilə yeni qaydalar əsasında qurulması indiki vaxtda ölkənin yanacaqsız və işıqsız qalmasına gətirib çıxaracaq…”62
Təhlükə həqiqətən də qaçılmaz idi, çünki milliləşdirməni həyata keçirərkən sovet hökuməti bu tədbirin iqtisadi səmərəliliyinə yox, sırf siyasi xarakterinə önəm verir, sahibkarların iqtisadi qüdrətinin sarsıdılmasına çalışırdı. Bolşevik nəzəriyyəsinə uyğun həyata keçirilən milliləşdirmə qısa müddətdə iqtisadi böhranı daha da dərinləşdirdi. Müvafiq maddi, maliyyə və kadr resurslarına malik olmayan Sovet dövləti yüzlərlə müəssisədə istehsalın təşkili kimi ağır yükü öz üzərinə götürdü. Nəticədə həmin müəssisələr bağlanmağa, fəhlələrin yaşayış səviyyəsi isə aşağı düşməyə başladı.
Neftin daşınması işini asanlaşdırmaq üçün 1918-ci il iyunun 5-də Bakı XKS-i Xəzər dəniz donanmasının da milliləşdirilməsi haqqında dekret qəbul etdi.63
Qeyd etmək lazımdır ki, Bakıda milliləşdirmə zamanı tətbiq olunan metodlar RSFSR-in bəzi partiya-təsərrüfat orqanlarının rəhbərləri tərəfindən də mənfi qarşılanmışdır. Sovet tarixşünaslığında bu məsələnin işıqlandırılmasında ciddi boşluq var idi və radikal milliləşdirmənin bütün əleyhdarları bir qayda olaraq, mənfi qiymətləndirilirdi. Əslində isə onlar prinsip etibarı ilə bu siyasətə qarşı deyil, hazırlıqsız, tez-tələsik, pərakəndə aparılan milliləşdirməyə qarşı idilər. 1918-ci il aprelin əvvəlində, yəni milliləşdirmə hələ başlamamış, Bakı Sovetinin iclasında çıxış edən Z.Dosser demişdir: “Bizim neft sənayesinin milliləşdirilməsi haqqında şüarımız var, lakin bu məsələyə ehtiyatla yanaşmaq lazımdır. Təcrübə göstərdi ki, tələskənlik ziyan gətirə bilər… Beləliklə, XTŞ qarşısında əvvəlcə sənayeni təşkil etmək, yalnız bundan sonra milliləşdirməyə başlamaq məsələsi dayanır.”64
Bakı XKS-in dekretindən üç gün sonra – iyunun 4-də Moskvadan Bakıya göndərilən radioteleqramda bildirilirdi ki, RSFSR Xalq Komissarları Soveti neft sənayesinin milliləşdirilməsi məsələsini müsbət həll edib və tədbirin həyata keçirilməsi yalnız Baş Neft Komitəsi tərəfindən smeta təqdim olunmadığına görə yubanır.65 Göründüyü kimi, Moskvada Bakı Xalq Komissarları Sovetinin qəbul etdiyi milliləşdirmə dekretindən xəbərsiz idilər. Yalnız iyunun 11-də hərbi işlər üzrə quberniya komissarı D.Sosninin Həştərxandan V.Leninə göndərdiyi teleqramda iyunun 2-də neft sənayesinin milliləşdirilməsi haqqında Bakı XKS-in dekretinin dərc edildiyi barədə məlumat verilirdi. Bu xəbər V.Lenin üçün gözlənilməz oldu, o, xahiş etdi ki, teleqramı “təcili” təkrar eləsinlər, “…görünür, məlumatda haqqında bəhs olunan dekretin mətni buraxılıb.”66
İyunun 13-də S.Şaumyan V.Leninə teleqram göndərərək, nikbinliklə yazırdı: “Aclığa baxmayaraq, neft sənayesinin və ticarət donanmasının milliləşdirilməsi ruh yüksəkliyinə, neft hasilatının və daşınmasının artmasına səbəb oldu…”67 Lakin real vəziyyət heç də S.Şaumyanın təsvir etdiyi kimi deyil idi. Bolşeviklər Bakıda neft sənayesini milliləşdirdiyi, əslində isə məhv və qarət etdiyi bir vaxtda mərkəzi hökumətin məsələ ilə bağlı hələ də dəqiq mövqeyi yox idi. İyunun 4-də Bakıya göndərilən teleqram Moskvanın tərəddüd içində olduğunu, milliləşdirməyə başlayıb-başlamamaq dilemması qarşısında durduğunu nümayiş etdirdi. Tələsik milliləşdirmənin tərəfdarları və əleyhdarları arasında mübarizə səngimirdi. İlk mərhələdə ikincilər üstünlük qazandılar. Bunu V.Leninin S.Şaumyana iyunun 18-də göndərdiyi teleqram təsdiqləyir. V.Lenin bildirirdi: “Neft sənayesinin milliləşdirilməsi haqqında dekret hələ olmamışdır. Neft sənayesinin milliləşdirilməsi haqqında dekreti naviqasiyanın axırında vermək fikrindəyik. Hələlik neft məhsulları ticarətinin dövlət inhisarına alınmasını təşkil etməkdəyik. Neft məhsullarının tezliklə Volqaya daşınması üçün bütün tədbirləri görün. Baş Neft Komitəsinə neft sənayesinin vəziyyəti haqqında hər gün məlumat verin.”68
Ertəsi gün – iyunun 19-da Moskvadan S.Şaumyanın adına olduqca sərt məzmunlu iki teleqram göndərilir. Birinci teleqramda bildirilirdi ki, Baş Neft Komitəsi neft sənayesinin milliləşdirilməsini həyata keçirmir və komitənin xəbəri olmadan bunu heç kim edə bilməz.69 İkinci teleqramda RSFSR XKS-in guya neft sənayesinin milliləşdirilməsinə dair qərar verməsi haqqında məlumat təkzib edilirdi.70 Moskvadan gələn hər iki teleqram bir neçə aspektdən maraq doğurur. Birincisi, teleqramlar Bakı neftinin taleyini real olaraq kimin həll etdiyini və bütün məsələlərdə son sözün kimə məxsus olduğunu göstərir. İkincisi, milliləşdirmənin artıq tam tempi ilə getdiyi bir vaxtda mərkəz hələ də özünün dəqiq mövqeyini müəyyənləşdirməmişdir. Sovet Rusiyasının siyəsətindəki bu qeyri-müəyyənlik nə ilə əlaqədar idi?
Nəzərə almaq lazımdır ki, Bakı ilə Moskva arasında fikir ayrılığı taktiki xarakter daşıyır və milliləşdirmənin lazım olub-olmadığı ətrafında deyil, onun vaxtı və miqyası məsələsi ətrafında cərəyan edirdi. A.Mikoyan vəziyyəti bu cür təsvir edirdi: “…Moskvada oturan neft firmalarının nümayəndələri AXTŞ-in mütəxəssisləri arasında da müvafiq iş aparırıdılar. Oradan hətta milliləşdirmənin müvəqqəti gecikdirilməsi haqqında teleqram alınmışdı, Baş Neft Komitəsindən gələn teleqram isə faktiki olaraq milliləşdirməni ləğv edirdi.”71 A.Mikoyanın dediklərindən belə təsəvvür yarana bilər ki, guya hökumət nümayəndələri