Bolşeviklərin Bakıda hökmranlığı dövründə neft sənayesinin vəziyyətini bir arxiv sənədi tam dolğunluğu ilə əks etdirir: “1918-ci il neft sənayesi üçün ən ağır il olmuşdur. Əhalinin bir hissəsinin mədənlərdən getməsinə səbəb olmuş mart hadisələri, daşımaların dayanması və Bakının təchizat mərkəzləri ilə əlaqələrinin kəsilməsi nəticəsində şəhərdə başlanan ərzaq böhranı, çoxsaylı səhvlərdən xali olmayan sənayenin köklü şəkildə yenidən qurulması neft sənayesinin vəziyyətini xeyli pisləşdirmişdir. Lakin ən böyük çətinlik əvvəl Bakı quberniyasında, daha sonra isə Bakı şəhəri ətrafında hərbi cəbhənin açılması olmuşdur. Sonuncu amil fəhlələrin böyük kütləsini mədənlərdən ayırmış və nəticədə 1918-ci ilin avqust və sentyabr aylarında mədənlərdə işlər demək olar ki, tamam dayanmışdır. Həmin aylarda hasilat müvafiq olaraq 11,2 mln. puda [183,5 min tona – F.C.] və 5,7 mln. puda [93,4 min tona – F.C.] düşmüşdür.”86 İqtibas gətirilən sənəd ötən əsrin 20-ci illərinin əvvəlində sovet mütəxəssisləri tərəfindən hazırlanmışdır və göründüyü kimi, onlar sələflərinin qoyduğu mirası obyektiv və qərəzsiz qiymətləndirirdilər.
Həqiqətən də bolşeviklərin həyata keçirdiyi milliləşdirmə neft sənayesi üçün ölüm hökmü oldu və dolayısı ilə rejimin özünün taleyini həll etdi. Təsadüfi deyil ki, Nəriman Nərimanov 1918-ci ildə Bakıda sovet hakimiyyətinin süqutu səbəbləri arasında zavodların və fabriklərin plansız və hazırlıqsız milliləşdirilməsini göstərmişdir.87
Lakin heç bir çətinlik Bakı bolşeviklərinin qarşısını kəsə bilməzdi, çünki onların əsas məqsədi nefti Sovet Rusiyasına daşımaq idi. S.Şaumyan V.Leninə göndərdiyi teleqramlarda daşımanın artdığı barədə məlumat verirdi. Belə ki, əgər 1918-ci il mayın 1-dən iyunun 1-dək 272061 ton neft məhsulları daşınmışdırsa, iyunun 1-dən iyulun 1-dək bu rəqəm 433241 ton təşkil etmişdir.88 Bakı XKS-in bütün iclaslarında adətən birinci olaraq İ.Fioletovun neftin hasilatı və Sovet Rusiyasına daşınması haqqında çıxışı dinlənirdi. İslasların birində o, məlumat vermişdir ki, naviqasiyanın başlanmasından sonra 212940 ton neft və neft məhsulları daşınmışdır: “Gündəlik daşınma get-gedə artır; belə ki, bir gün (şənbə) ərzində 1300000 pud [21294 ton –F.C.] daşınmışdır. Gələcəkdə biz mütəmadi olaraq hər gün 1 milyon pud [16380 ton – F.C.] göndərmək niyyətindəyik.”89 Bakı neftinin Rusiya üçün əhəmiyyəti həm də onunla bağlı idi ki, Qroznı neft mədənləri və Donetsk kömür hövzəsi bolşeviklərlə müharibə aparan ağqvardiyaçılar tərəfindən tutulmuşdur və beləliklə, Bakı Sovetlərin yeganə yanacaq bazası idi.
1918-ci il iyunun 20-də RSFSR XKS-i V.Leninin imzası ilə ölkədə neft sənayesinin milliləşdirilməsi haqqında dekret qəbul etdi. Bu dekret Bakıda artıq bir neçə gün ərzində faktiki olaraq həyata keçirilən tədbiri rəsmiləşdirdi, digər tərəfdən isə bütün əvvəlki mübahisələrə qəti şəkildə son qoydu. Eyni zamanda, dekret Bakı XKS-in təzyiqi qarşısında mərkəzin bir növ güzəşti idi. 20 iyun dekreti nefti hasil və emal edən müəssisələrin bütün əmlakını dövlətin mülkiyyəti elan edir, neft ticarətində dövlət inhisarını tətbiq edir, milliləşdirilmiş müəssisələrin idarə olunmasını Baş Neft Komitəsinin səlahiyyətinə verirdi.
Mərkəzin qərarı Bakıda razılıqla qarşılanmışdır, lakin Bakıdakı hökumətlə BNK arasında fikir ayrılıqları bununla bitmədi. BNK neftdaşıyan donanmanın milliləşdirilməsinin təxirə salınmasını təklif edirdi. BNK-ın sədr müavini K.Maxrovskinin 1918-ci il iyunun 26-da Bakıya göndərdiyi teleqramda deyilirdi: “Alınan məlumatlara görə, Bakı Deputatlar Soveti neft donanmasının milliləşdirilməsi haqqında dekret qəbul etmişdir, özü də gəmilərin Sovetə təhvil verilməsinə dair sərəncam var. Xalq Komissarları Sovetinin [RSFSR XKS-i nəzərdə tutulur – F.C.] dekretinə görə, bütün donanma milliləşdirilib; beləliklə, Bakı Sovetinin Xəzər neft donanmasının milliləşdirilməsi haqqında xüsusi dekretinə ehtiyac yoxdur. Yalnız donanmanın cari naviqasiya dövründə idarəetmə qaydaları haqqında məsələni qoymaq olar. Bu məsələ Baş Neft Komitəsi tərəfindən belə həll olunub: cari naviqasiya dövründə neft donanması Baş Neft Komitəsinin nəzarəti altında keçmiş sahiblərin idarəçiliyinə verilir… İdarəetmənin qaydalarını bu cür müəyyənləşdirməklə, Baş Neft Komitəsi təklif edir ki, firmaların inzibati aparatı daşımanın sürətləndirilməsi üçün istifadə olunsun… Yerli şəraitə uyğun olaraq fərqli idarəetmə qaydaları haqqında qərar qəbul edən zaman Bakı Sovetinə təklif olunur ki, idarəetmənin bu və ya digər formasının ilk növbədə Bakıdan neft məhsullarının daşınmasına necə təsir göstərəcəyinə diqqət yetirsin.”90 Geri çəkilmək istəməyən Bakı bolşevikləri K.Maxrovskidən Moskvaya şikayət etdilər: “İndi də Xəzər donanmasının milliləşdirilməsi ilə eyni şeylər başlayır. Maxrovskinin bu gün göndərdiyi teleqram məlumatsızlığı və anlaşılmazlığı nümayiş etdirir. Çox xahiş edirik, vaxtında dayandırın, işləməyə mane olmayın.”91
İyunun 30-da Bakı XKS-in iclasında çıxışı zamanı S.Şaumyan demişdir: “Bu teleqramla bizə donanmanın milliləşdirilməsi haqqında dekretimizi ləğv etmək təklif olunur, çünki bu mövsümdə Volqadakı bütün donanma cənab kapitalistlərə qaytarılıb. Mən artıq etirazımı