Moskvadan gələn telefonoqramlarda xəbər verilirdi ki, “ilk növbədə daha çox neftin daşınmasını təmin etmək məqsədilə” Bakıya 1638 ton çörək göndərilir.35 İyunun 5-də RSFSR XKS-i neft sənayesinin vəziyyətini yaxşılaşdırmaq məqsədilə Bakıya 50 mln. rublun ayrılması haqqında qərar qəbul etdi. Qərarla bağlı V.Leninin yazdığı qeyddə deyilirdi: “Vəsaitin xərclənməsi Şaumyana həvalə edilsin və ona neft məsələsini diqqətdə saxlamaq tapşırılsın.”36 Bakıdan neftin daşınması işinə S.Şaumyanın yuxarıda adı çəkilən məktubunda xatırlanan S.Ter-Qabrielyan rəhbərlik etməli idi (o, Bakı XKS-də Fövqəladə Komissiyanın sədri vəzifəsini tuturdu). Bakı Sovetinin İcraiyyə Komitəsinin S.Ter-Qabrielyana verdiyi vəsiqədə ona nefti və neft məhsullarını yerli və mərkəzi sovet hakimiyyəti vasitəsilə paylaşdırmaq və satmaq, satışdan əldə olunan vəsaiti qəbul etmək həvalə olunurdu.37 O, həm də Bakı Sovetinin üzvü kimi RSFSR Baş Neft Komitəsinin (BNK) tərkibinə daxil idi. S.Ter-Qabrielyan daha bir missiyanı, xoşbəxtlikdən baş tutmayan bir işi icra etməli idi. İrəlidə ətraflı bəhs olunacağı kimi, V.Lenin 1918-ci ilin yayında Bakı neft mədənlərinin yandırılmasını məhz ona həvalə etmişdir.
Bakı XKS-i neft sənayesini özünə tabe etmək üçün bütün vasitələrdən istifadə edirdi. Məsələn, 50 mindən artıq fəhlə və qulluqçunun əməkhaqqlarını ödəmək, neftin hasilatı və daşınması üçün vəsait əldə etmək məqsədilə XKS 1918-ci ilin aprelində neft sənayeçiləri üzərinə 50 mln. rubl təzminat qoydu. Sahibkarların imtina cavabından sonra bolşeviklər onları saxlamış və 24 saat ərzində tələb olunan vəsaiti ödəmədikləri təqdirdə altı aylıq həbs cəzası ilə hədələmişlər.38 S.Şaumyanın oğlu Surenin yazdığına görə, XKS-in iclasında bolşevik liderlərindən biri Anastas Mikoyanın adına altı mandat yazılmışdı və həmin mandatlara uyğun olaraq bəzi firmaların işlər müdirləri və sahibləri həbs edilmədi idi. Həbsdən bir gün sonra onlar tələb olunan vəsaiti ödəmişlər.39 A.Mikoyanın özü həmin hadisəni xatırlayaraq yazırdı ki, o, mandata uyğun olaraq, Nobel şirkətinin direktoru A.Lessneri, həmçinin S.Tagianosovu, Qukasovu həbs etməli idi. A.Mikoyan əsgərlərlə birgə A.Lessnerin yaşadığı evə gələrək, adi qaydada otağa girmək əvəzinə A.Lessneri qorxutmaq üçün əlindəki tapançanı azacıq açıq olan qapıdan içəri saldı, sonra isə özü daxil oldu. A.Mikoyanın sözlərinə görə, yük maşınının arxasında otuzdurulan Lessnerin yol boyu “əməlli başlı silkələnməsi” onlara “ləzzət eləmişdi.”40
Neft sənayeçilərinə qarşı növbəti inzibati təzyiq Bakı XTŞ-in qərarı ilə baş vermişdir. Qərarla iri neft firmalarına – Xəzər-Qara Dəniz Cəmiyyəti, Nobel qardaşları, S.Şibayev, S.Lianozov, A.Mantaşev firmalarına tapşırılırdı ki, onlar saziş bağlayıb özlərinin neftayırma zavodları üçün 24571 ton neft satın alsınlar. Firmalar bu nefti vahid qiymətə almalı, qərarın dərc olunmasından sonra 5 gün ərzində onu öz anbarlarına doldurmalı idilər. İmtina edildiyi təqdirdə sahibkarlar 300 min rubl həcmində cərimə olunacaqdılar.41 Təbiidir ki, bu qərarla sovet hökuməti hasilatı artırmaq və minlərlə ton neftin satışından nəğd vəsait əldə etmək məqsədini daşıyırdı. Lakin bolşeviklər nəzərə almırdılar ki, anbarlar onsuz da neftlə doludur və məhz buna görə sahibkarlar nefti almaqdan imtina edirdilər.
1918-ci il mayın 1-də Bakı XKS-i bəyannamə ilə çıxış edərək, ümumrusiya mərkəzi hökuməti ilə sıx əlaqədə olacağını elan etmiş,42 beləliklə, özünü RSFSR hökumətinin yerli orqanı olduğunu hüquqi cəhətdən rəsmiləşdirmişdir. Bu bəyannamədən bəlli olurdu ki, XKS-in bütün fəaliyyəti Rusiya maraqlarına uyğun həyata keçiriləcək. Rusiyanın, daha doğrusu, bolşeviklərin maraqları isə yanacaqla fasiləsiz təminatı tələb edirdi, çünki ölkə vətəndaş müharibəsi və xarici müdaxilə şəraitində idi. Neftsiz cəbhələrdə qələbəni təmin etmək qeyri-mümkün idi. Azərbaycan tarixçisi Nigar Maksvellin qeyd etdiyi kimi, Rusiya bolşeviklərini neftin hansı çətinliklər bahasına daşınacağı maraqlandırmırdı, bundan başqa, onlar neft mədənlərinin əslində kimə məxsus olması məsələsini də müzakirə etmirdilər.43
Bakı neft sənayesindəki acınacaqlı durum isə davam edirdi: mədənlər işləmir, fəhlələrin maddi vəziyyəti, ərzaq təminatı pisləşir, iqtisadi və siyasi hərc-mərclik sənayeni iflic etmişdi. Mövcud vəziyyət Rusiyanın Bakıdan neft daşınması planlarına mənfi təsir göstərirdi. Buna görə V.Lenin hökuməti neft işini böhrandan xilas etmək üçün təcili tədbirlər görürdü. Bununla belə, yaddan çıxarmaq olmaz ki, atılan addımların hamısı Azərbaycana, neft sənayesinə görə yox, Rusiyanın öz maraqları naminə həyata keçirilirdi. Rusiyanın neft sənayesini idarə edən Ali Xalq Təsərrüfatı Şurası (AXTŞ) yanında Yanacaq şöbəsi (1918-ci il mayın 17-də Baş Neft Komitəsi adlandırıldı) Bakıya göndərdiyi teleqramda neft sənayesinin inkişaf etdirilməsi üçün aşağıdakı tədbirləri müəyyənləşdirdi: 1) işləməyən mədənləri dərhal bərpa etmək, məhsuldarlığı az olduğu üçün fəaliyyəti dayandırılan bütün quyuları işə salmaq; 2) qazma, dərinləşdirmə, təmir məqsədilə dayandırılan mədənləri işə salmaq; 3) neft və neft məhsullarının mövcud ehtiyatlarını təxirə salmadan Rusiyaya göndərmək; 4) fəhlələrlə hesablaşmaları nəzarət orqanlarının yoxladığı tabellər əsasında firmaların aparatı vasitəsilə aparmaq; 5) ayrı-ayrı firmaların ixtiyarında olan bütün materiallardan istifadə etmək.44
Bakıda hakimiyyəti ələ keçirəndən sonra bolşeviklər milliləşdirmə siyasətinə başlamağı qərarlaşdırdılar. Onlar, eyni zamanda, bu məsələdə tələskənliyə yol verməməyə çalışırdılar. Bakı XTŞ Rəyasət heyətinin bəyannaməsində bildirilirdi ki, “…neft sənayesinin milliləşdirilməsi haqqında dekreti dərhal qəbul etmək qeyri-mümkündür, çünki indiyədək müvafiq hazırlıq, təşkilati işlər aparılmamışdır.”45 Rəyasət heyəti əvvəlcə