Həyətə bir-birinin dalınca dörd it gəldi.
– Bax, o it Asalonundur, bu, Datikonun, o, Despinenin, bu isə Makininindir. Bəs, görəsən, Matryonanın yekəbaş iti hansı cəhənnəmdə qalıb? O niyə gəlməyib? – İllarion soruşdu.
– O, Murada ilə küsülü idi. Keçən il onları boğuşdurmuşdum, Murada onu dişdəm-dişdəm etmişdi.
– Belə bir gündə ondan intiqam alır, eləmi? Nə namussuz, vicdansız itdir!
Bu zaman Maxare Qogiçayşvilinin yeddi yaşlı oğlu həyətə girdi və dedi:
– Sizə teleqram var!
– Bəri ver görüm!
Uşaq teleqramı uzatdı. İllarion tələsmədən cibindən eynəyini çıxardıb dəsmalla sildi, burnuna sancıb oxudu:
Təcili. İtbaz Zurikelaya və Yekəburun İllariona.
Əziz Muradanın faciəli ölümü münasibətilə dərin hüznlə başsağlığımı qəbul edin. Kədərlənirəm ki, yas günündə şəxsən iştirak edə bilmədim. Sizə necə təsəlli verim? Ay axmaqlar, ay yaramaz ovçular, sizi görüm lənətə gələsiniz! Bir də it ovuna çıxanda məni də mütləq özünüzlə aparın.
– İmzasızdır! Oğlum, bir bura gəl! – deyə o, uşağı çağırdı, – gəl, gəl, qorxma!
Uşaq yaxınlaşanda İllarion onun qulağından tutdu.
– Teleqram kimdəndir?
– Desəm, məni öldürər!
İllarion:
– Deməsən də, mən öldürəcəyəm!
– İliko Çiqogidze üç manat verib əmr etdi ki, teleqramı sizə gətirim.
– Deməli, İliko? – İllarion uşağı buraxıb yumruğunu sinəsinə vurdu,– dayan bir, kor şeytan! Sənə elə toy tutum ki, adın da yadından çıxsın!
Əvəz-əvəz
Dərs ilini yenə də rus dilindən payız imtahanını verməklə başladım. Dərs günüm də ki, belə başlanardı:
– Oyan, avara! Bəsdir yatdın! Gecikirsən! – deyə həyətdən nənəmin səsi gələrdi.
Mən o saat durub otaqda tappatup salar, sonra barmaqlarımın ucunda qayıdıb yatardım. Başıma bir çəllək soyuq su və nənəmin söyüşləri yağan zaman tamam oyanardım.
Bütün Quriyada nənəmdən pis qarğış edən tapılmaz. Amma bir dəfə nənəm mənə deyib ki, dildə səni qarğısam da, ürəyimdə xeyir-dua verirəm.
– Görəsən, belə avara olmaqda kimə oxşamısan? Səni görüm yerə girəsən.
Yaxşı bələd olduğum çırpı və talaşalar qulağımın dibindən vıyıltı ilə ötəndə müəllimənin evinə qaçardım.
– Salam, müəllimə! – deyə müəllimə Zablonanın qabağında farağat durardım.
– Salam! Bu gün nə işlə məşğul olacağıq?
– Qarğıdalının alağını təmizləyib qurtarmaq, sonra inəyi otarmaq, dəyirmana qaçmaq, odun doğramaq, sonra da dərsləri hazırlamaq, – deyə rus və gürcü sözlərini qatma-qarışıq salıb cavab verərdim.
Müəllimə:
– Di get! – deyə xeyir-dua verər və mən işə girişərdim.
Gürontadan sonra gördüyüm işlərin hesabatını verəndə müəlliməm soruşardı:
– Qrammatika nədir?
– Qrammatika – yunan sözüdür!
– Doğrudur, afərin, sən yaxşı oğlansan! Di qaç evə!
Bir gün səhər mən növbəti məşğələyə hazırlaşarkən İliko bizə gəlib nənəmə dedi:
– Olqa, əzizim, Zurikelanı bu günlük mənə “borc” ver.
– Necə? Bəs rus dilini ona kim öyrədəcək?
– Zablona kimi mən də öyrədə bilərəm. Sənin bu avaranı alaq təmizləməyə, bostana göndərərəm. Orada o qədər toxa döyər ki, danışanda elə bilərsən Çin dilində danışır! Əvəzində də heç nə istəmərəm.
– Görüm dilin yansın, ay kor şeytan! Yaxşı, yaramaz. Zurikela, get o taygözlə, görək sənə nə öyrədəcək!
İliko:
– Vperiot!4 – deyə əmr edərək qapıya tərəf addımladı.
– Nə var, İliko? – deyə mən soruşdum.
– Səndən bir xahişim var, Zurikela. İllarionun yanına gedib ondan üç pud çaxır al. Özün bilirsən ki, kənddə ən yaxşı çaxır İllarionun çaxırıdır! İllariondan xahiş et ki, çaxırı ya satsın, ya da borc versin. Sənə “yox” deməz…
– Çaxır sənə lazımdır, özün də get xahiş elə.
– Başına dönüm, Zuriko, rica edirəm, xahişimi yerə salma, axı o teleqramdan sonra İllarion mənimlə qanlı-bıçaq olub. Razı olmasa, onda…
– Onda nə?
– Onda sən onun çaxır küpünü nişanlamalısan. Sonra da ona elə bir kələk qurum ki, bütün kəndin dilinə düşsün.
– Nə kələk?
– Qulaq as. İllariongildə nişanladığın küpdəki çaxır gecəyarısı mənim küpümə boşalacaq. Başa düşdün?
– İliko, Vallah, sən dəli olmusan!
– Bəsdir, mənə ağıl öyrətmə…
– Yaxşı, get məni evdə gözlə.
– Bax ha, yalançı çıxsan, batdın! – sonra alnımdan öpüb təmkinlə dedi, – Zurikela, unutma ki, İliko Çiqogidzeyə xəyanət etmək Vətənə xəyanət etmək deməkdir.
– Məni nə bilmisən? – deyə incidim.
İliko evinə, mən də İllarionun yanına getdim.
İllarion cökə ağacının altında uzanıb qəzet oxuyurdu.
– Salam, İllarion!
– Salam, Zurikela! O kor şeytan səndən nə istəyirdi?
– Çaxır.
– Mənim o axmağa veriləsi çaxırım yoxdur.
– Yazıqdır, ver!
– Bəs istiotlu tənbəkini bizə sırıyanda onun insafı harada idi? Yoxsa teleqramı unutmusan?
– Dedi ki, İllarion razı olmasa, sən onun çaxırla dolu küpünü nişanla, mən də gecənin yarısı onu boşaldım…
– Belə de! Hə, Zurikela, indi mənə kömək edəcəksən!
…Gecəyarısı İliko və mən çaxır anbarının yanındakı uçuq hasarın böyründə uzanmışdıq. Mən üç dəfə dalbadal asqırdım.
– Lənətə gələsən, öz burnunla da bacara bilmirsən?