İllarion çantadan toyuq soyutması, mçadi, təzə pendir çıxarıb iri, yastı daşın üstünə qoydu. Mən də süfrəyə gicitkəndən hazırlanmış pxali2, lobya, bişmiş kartof və duz əlavə etdim.
– İllarion, bax yemək yeyəndə ağzını marçıldatma ha, yoxsa dovşanları hürküdərsən, – deyə xəbərdarlıq etdim.
İllarion hirsləndi:
– Kimi lağa qoyursan, ay eybəcər?!
– Hirslənmə, al bu kisəni, əla İstanbul tənbəkisidir, – deyə dolu tənbəki kisəsini ona uzatdım.
İllarion tənbəkini qoxladı, şübhəli-şübhəli mənə baxıb papiros eşdi, yandırıb sümürdü və birdən arxası üstə yıxıldı.
– İllarion, sənə nə oldu? – ona tərəf sıçradım. İllarionun gözləri yumulmuş, rəngi qaçmışdı. Mən:
– Tez su gətir, Murada! – deyə çığırdım. İllarion başını buladı, yavaş-yavaş qalxdı, qızarmış gözləri ilə xeyli mənə baxıb dərindən köksünü ötürdü:
– Bu tütün haradandır?
– İliko bağışlayıb. Necə ki?
– Ey qadir Allah! İliko Çiqogidzeyə elə bir cəza ver ki, məndən başqa, imdadına çatan olmasın! Amin!
– İllarion əmi, axı nə olub?
– Tənbəkiyə istiot qatıb!
– İllarion əmi, əzizim, sən dünyada hamıdan yaxşı adamsan! Bilsən ki, mən səni nə qədər çox istəyirəm! Sənin uzun burnun və xeyirxah ürəyin var. Gəl səni öpüm!
– Əziz Zuriko, sözün düzü, dünyada sənin kimi oğlan tapılmaz! Otuz yaş səndən böyük olmağım boş şeydir! Biz dostuq!
Mən oxumağa başladım:
“Dostlar arasında qəmli gəzirəm,
Mən – yazıq Simona, sən ey Dolidze…”3
– Necə yəni “qəmli”? Səni qəmləndirən nədir, əzizim, bəlkə, düşmənin var? Sən onun adını mənə de! Atəş, İllarion! Qoy bütün dünya bilsin ki, biz də bizik! E-hey!.. – İllarion tüfəngi havada oynadıb hər iki tətiyi birdən çəkdi, tüfəng gurlayıb dağlarda əks-səda verdi…
Mən soyuqdan oyandım, gözlərimi ovuşdurub ətrafıma baxdım. Görünür, Murada yeməkləri çoxdan ötürüb harasa getmişdi…
– Başımın üstə keşikçi kimi niyə durmusan! Özün də Allah xətrinə, tüfəngi o tərəfə qoy, əlindən xata çıxar! – İllarion dedi.
– Gedim bir az fırlanım, bəlkə, dovşana-zada rast gəldim…
İllarion dalımca çığırdı:
– Get, get. Atəş açanda sol gözünü yummağı unutma!
On addım getmişdim ki, İllarionun qarğışını eşitdim.
– Sən zibilsən, it deyilsən! Hürməyi də bacarmırsan, ay səfeh?!
– Nə olub, İllarion? – əlimdə tüfəng qaçıb gəldim.
– Bura bir bax! – O, ovcundakı bir neçə dovşan qığını göstərdi. – Hələ istidir, başa düşürsən? – deyib qığları ovcunda hirsli-hirsli sıxmağa başladı, – dovşan elə indicə burada olub, sənin lənətə gəlmiş itinsə bunu heç hiss etməyib!
– Haradan tapdın?
– Lap ikicə addımlıqdan! Sən tez yuxarıya qaç, mən də burada güdüm! Uzağa qaça bilməz!
Çaxmağı çəkib yavaş-yavaş dağ döşü ilə yuxarı qalxmağa başladım. Bir az getmişdim ki, yonulmuş paxla zoğları və fındıq koluna tərəf gedən dovşan izləri gördüm. Bir neçə dəfə kolun dövrəsinə dolanıb ona bir təpik vurdum. Birdən kolun içindən beli ağ zolaqlı, pələqulaq bir dovşan sıçrayıb çıxdı.
– Tut! – deyə çığırıb atəş açdım.
Dovşan üzüaşağı qaçdı.
– İllarion, gözdən qoyma!
– Qorxma, burdayam!
Araya ani sükut çökdü. Sonra çaxmaq şaqqıldadı, nə isə şappıltı ilə yerə sərələndi. İllarion:
– Tut, tut, Zurikela, sənə tərəf qaçır! – deyə qışqırdı.
Qəfildən aşağıdan bir-birinin dalınca iki atəş açıldı və ürək sızıldadan it zingiltisi eşidildi. Gözlərim qaraldı, dizlərim büküldü və yerə yıxıldım.
– Murada, əzizim, mənə bax! – deyə sadiq itimi öpüb acı-acı ağladım.
– Ağlama, oğlum, özünü ələ al! – İllarion gözlərinin yaşını sildi.
Murada gözlərini açıb bizə baxdı.
Üçümüz də ağlayırdıq.
– İncidir, Murada?
– Yaman, – zavallı it köksünü ötürdü.
İllarion dedi:
– Kaş əlim quruyaydı, gözlərim kor olaydı!
Murada öz dilində:
– Bəsdir, İllarion, özünü qarğıma… Qəsdən vurmadın ki…Sənin tüfənginə bələdəm, düşmənə açanda dosta dəyir. Yadındadır, öz itini də vurmuşdun? Kədərlənmə, səndən incimirəm. Bircə şeyə təəssüflənirəm: Yefrosine sevinəcək! Neynək, canı sağ olsun, qoy sevinsin… – deyib mehribanlıqla burnunu İllarionun dizinə sürtdü.
– Deməli, buna it, İlikoya adam deməliyik? Ədalətsizliyə bir bax! – İllarion ah çəkdi.
– Murada, dözümlü ol, dostum! Bir az səbir et! – deyə Muradaya tərəf əyildim.
– Siz adamlar necə deyirsiniz? “Sağalar, canı it canıdır”. Mənsə ölürəm, Zurikela, ölürəm…
– Dözümlü ol, Murada, dözümlü ol. Axıra qədər qoçaq it ol! – deyə İllarion onu dilə tutdu.
– Siz adamların nə dərdi var: öləndə basdırırlar, ağlayırlar. Bizi də basdırırlar ki, cəsədimiz iy verməsin… – Muradanın bədəni əsdi.
– Kömək elə, İllarion, Murada ölür! – deyə çığırdım.
– Əlvida… – Murada son dəfə mənə baxıb gözlərini yumdu.
– Öldü…əlim qurusun… – deyib İllarion ağladı.
…Nənəmin fəryadı kəndə bir vəlvələ saldı ki, qonşular təlaşla bizə qaçdılar. Nə baş verdiyini biləndə özlərindən çıxdılar.
–Heç itə görə də belə hay-küy salarlar?! Nə axmaq adamlar var!
Və dağılışdılar…
İllarion axşamüstü məni çağırıb dedi:
– İti çinarın altında basdırmalıyıq.
Biz çala qazıb, dostumuzu təntənə ilə basdırdıq.
Birinci İllarion