Hekayələr. Эдгар Аллан По. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Эдгар Аллан По
Издательство: Altun Kitab
Серия: Hekayə ustaları
Жанр произведения:
Год издания: 0
isbn: 9789952242096 
Скачать книгу
fikri oldu, ancaq qəribə bir ikrah duyğusu nədənsə məni fikrimdən daşındırdı.

      Bu əhvalatdan üç-dörd gün ötmüş axşamçağı biz bədheybət varlığın mənim gözümə göründüyü otaqda oturmuşduq; mən pəncərənin qarşısındakı həmin o kürsüdə əyləşmişdim, qohumum isə məndən azca aralı taxtın üstündə dirsəklənmişdi. Vaxt o vaxt, yer də o yer olduğundan yaddaşım təzələndi, qəribə hadisəni ona danışmaq istədim.

      O, əvvəlcə ürəkdən gülə-gülə, sonra da mənim havalandığıma şəkk-şübhəsi qalmayıbmış kimi tam ciddi bir tövrlə məni sonacan dinlədi. Bu dəm eybəcər nəhəng yenə aydınca göründü, mən qorxudan çıxardığım bir bağırtıyla əlimi ona tuşladım. Bədheybətin endiyi çılpaq yamacı dəqiq göstərsəm də, qohumum təpəyə sarı diqqətlə baxıb bir şey görmədiyini dedi.

      Həyəcanımın həddi-hüdudu yox idi, çünki qarabasma mənə ölüm əlaməti, bundan da betəri, dəlilik nişanəsi kimi gəlirdi. Əlim yerdən-göydən üzüldü, özümü kürsüyə yıxıb üzümü əllərimlə qapadım. Gözümü açanda qarabasma yoxa çıxmışdı.

      Ev yiyəsinin həmişəki təmkini artıq özünə qayıtmışdı: o, əcaib varlığın görkəmiylə bağlı məni yerli-yataqlı sorğu-suala tutdu. İzahatım onu tam razı salandan sonra qohumum ağır yük altından çıxmış kimi dərindən nəfəs aldı, sonra da mənə qəddar görünən soyuqqanlı bir ədayla mücərrəd fəlsəfənin bəzi incəliklərini xırdaladığımız yarımçıq söhbətimizə qayıtdı. Yadımdadır, o, yeri gəlmişkən, bir fikri ayrıca vurğuladı ki, insanın bütün yanılmalarının təməlində məsafəni bəlləməkdə yol verdiyi sadə bir yanlışlıq ucbatından ağılda hansısa predmeti ya kiçiltmək, ya da şişirtmək meyli yaranır:

      – Məsələn, demokratiyanın bütün dünyaya yayılmasının bəşəriyyətə göstərəcəyi təsiri düzgün qiymətləndirmək üçün bu prosesin başa çatacağı dövrün uzaqlığını hökmən nəzərə almaq lazımdır. Bununla belə, siz idarəçilik formalarından yazan bircə nəfər göstərə bilərsinizmi ki, bunu dəqiq hesablasın və diqqətəlayiq saymış olsun?

      Bu yerdə ev sahibi ara verdi, kitab rəfinə yanaşıb təbiət tarixinə dair ibtidai kurs kitabını götürdü. Xırda çap hərflərini gözü seçmədiyindən məndən yerimizi dəyişməyi xahiş elədi, sonra pəncərə qarşısındakı kürsüyə çöküb kitabı açdı, elə əvvəlki avazla da sözünün gerisini gətirdi:

      – Siz bədheybət varlığı yerli-yataqlı təsvir eləməsəydiniz, mən, bəlkə də, bunun nə olduğunu sizə göstərə bilməzdim. Əvvəlcə icazənizlə Sfinks5 fəsiləsinin, pulcuqlu qanadlılar dəstəsinin, kəpənəkkimilər sinfinə mənsub həşəratların məktəblilər üçün yazılmış təsvirini sizə oxuyum.

      “Metal kimi parıldayan rəngbərəng pulcuqlarla örtülü dördpərdəli qanad; çənələrin davamı kimi başa bərkidilmiş xortumşəkilli ağız; ağızın qıraqlarında – yararsız qalmış çənələrin qalıqları, bir də yumşaq duyğu telləri. Cod tükcüklərlə bir-birinə bənd olunmuş alt-üst qanadlar; uzunsov prizmaşəkilli toppuz formasında bığcıqlar; sivri qarıncıq. Ölü Kəllə Kəpənəyi6 adlanan həşəratın tükürpədici səsi, bir də sinəsindəki quru kəlləyəbənzər təsviri bəzən cahil adamlarda xof yaradır”.

      O, kitabı bağlayıb mənim bədheybəti gördüyüm andakı oturuşumu olduğu kimi təkrarlamaq üçün irəli əyildi.

      – Budur ha! İndi sizin əjdahanız üzüyuxarı dırmaşır. Söz yox, çox əcaib görkəmi var. Ancaq o, nə siz düşündüyünüz böyüklükdə, nə də xəyal elədiyiniz uzaqlıqdadır. Pəncərənin çərçivəsindən sallanan hörümçək torunun üstü ilə sürünür. Gövdəsinin uzunluğu 60 mm-dən artıq deyil. Elə mənim gözümlə onun arasında da bir belə məsafə olar.

      SATQIN ÜRƏK

      Düzdür, mən əsəbi, həm də dəhşətli dərəcədə çox əsəbi bir adamam, həmişə də belə olmuşam! Ancaq niyə məni dəli hesab edirsiniz? Xəstəlik əsəblərimi tarıma çəkmişdi, amma duyğularımı korlamamışdı, kütləşdirməmişdi. Baş verənlərdən ən önəmlisi isə eşitmə qabiliyyətimdəki həssaslıq idi. Göydə, yerdə baş verən hər şeyi eşidirdim. Cəhənnəmdə də olan bir çox şeyi eşidə bilirdim. Necə dəli ola bilərəm axı? Bir dinləyin! Görün necə sağlam düşüncə ilə, təmkinlə bütün hekayəni sizə danışıram.

      İlk dəfə bu fikrin ağlıma necə gəldiyini demək qeyri-mümkündür; bir dəfə ağlıma batdı, sonra isə gecə-gündüz rahatlıq vermədi. Məqsəd yox idi. Ehtiras da yox idi. Bir qoca kişini sevirdim. O heç vaxt mənə pislik etməmişdi. Mənə yuxarıdan-aşağı baxmamış, təhqir etməmişdi. Onun qızıllarında da gözüm yox idi. Məncə, məsələ onun gözlərində idi. Bəli, onun gözləri! Onlar çalağan gözünü xatırladırdı – üstünü pərdə almış solğun, mavi gözlər. Bu gözlər mənə zillənəndə damarımda qanım donurdu, – tədricən, yavaş-yavaş, – buna görə də qocanın canını almağı və bu gözlərdən həmişəlik qurtulmağı qərara aldım.

      Hə, gələk əsas məqama. Mənim dəli olduğumu düşünürsünüz. Dəlilər isə heç nə bilməyən adamlardır. Amma siz bir məni görəydiniz. Hər şeyi necə ağılla, tədbirlə, uzaqgörənliklə, planlı şəkildə yerinə yetirdim!

      Qocanı öldürməzdən əvvəlki həftə boyu ona qarşı çox mehriban davrandım. Əvvəllər heç vaxt onunla belə mehriban olmamışdım. Hər gecə – təxminən gecəyarısı – sürgünü çəkib qapısını açırdım. Ah, bunu necə nəzakətlə edirdim! Başımın içəri girəcəyi qədər qapını araladıqdan sonra üstüörtülü çırağı otağa tərəf tuturdum. Çırağın üstünü elə örtmüşdüm ki, ondan ətrafa bir damla belə işıq şöləsi sızmırdı. Sonra isə içəri boylanırdım. Bunu necə hiyləgərcəsinə etdiyimi görsəydiniz, gülməyiniz gələrdi! Qocanı yuxusundan eləməmək üçün başımı yavaş-yavaş uzadıb içəri salırdım. Bu şəkildə içəri boylanaraq onun yataqda necə yatdığını görə bilmək üçün düz bir saat vaxtım gedirdi. Sizcə, bir dəlinin bunları etməyə ağlı çatardı? Başımın yerini rahatladıqdan sonra qapının rəzəsi cırıldadığından çırağın üstünü ehtiyatla açırdım. Çırağı elə açırdım ki, ondan gələn işığın yalnız bir şöləsi bu çalağan gözlərinin üzərinə düşürdü. Bütün bunları yeddi uzun gecə boyu – hər gecə, düz gecəyarısı – etdim, amma bu gözlər həmişə yumulu olurdu; işi bitirmək mümkün deyildi, çünki mənim canımı boğazıma yığan qoca deyildi, o lənətə gəlmiş gözlər idi.

      Beləcə, hər səhər dan yeri ağaran kimi əl-qolumu sallaya-sallaya onun otağına gedər, cəsarətlə onunla söhbət edərdim. Səmimi şəkildə adıyla müraciət edər, gecəni necə keçirdiyini soruşardım. Görürsünüz də, müdrik, dərindüşüncəli adam olsaydı, hər gecə, düz saat on iki tamamda onu yatdığı yerdəcə izlədiyimdən duyuq düşə bilərdi.

      Səkkizinci gecə qapını açdıqda həmişəkindən daha təmkinli idim. Hətta saatın kəfkiri belə məndən daha sürətli hərəkət edirdi. Həmin gecəyə kimi bu qədər güclü və fərasətli olduğumun fərqinə varmamışdım. İçimdəki qalibiyyət hissini güclə boğurdum. Beləcə, mən qapını yavaş-yavaş


<p>5</p>

Sfinks – zoologiyada kəpənəkkimilər fəsiləsi

<p>6</p>

Ölü Kəllə Kəpənəyi (Sphinx atropos) – sinəsində aydın şəkildə insan kəlləsinin təsviri olduğuna görə bir çox xalqların inanclarında bu kəpənəyin gəlişi ölüm, qırğın, epidemiya, qıtlıq kimi yozulur. Hətta bildirilir ki, onun qanadının tozcuqları gözə düşərsə, adam kor ola bilər.