– Kimdir bu?! – şahzadə başına dolanan saray adamlarından xırıltılı səslə soruşdu. – Bu şeytan fəndi kimin ağlına gəlib? Tutun onu, maskasını da çıxarın ki, bilək səhər qala divarından kim asılacaq!
Şahzadə Prospero bu sözləri dəhlizin gündoğana baxan başındakı mavi otaqda dedi. Güclü, qətiyyətli şahzadənin aydın, uca səsi yeddi otağın yeddisində də ildırım kimi çaxdı, onun bir əl işarəsi ilə hamı, hər şey susdu. Hə, bu hadisə mavi otaqda baş verdi, rəngi qaçmış saray adamlarının aralığa aldığı şahzadə bu otaqdaydı. Onun buyruğunu eşidən kütlə yaxınlıqda dayanmış yad adamın üstünə atılmağa hazır durmuşdu, adamsa qəfildən sakit, arxayın addımlarla şahzadəyə sarı yeridi. Kimsə ona əl qaldırmağa ürək eləmədi – bu dəlinin yekəxanalığı hamının canına anlaşılmaz bir vəlvələ salmışdı. O, şahzadənin yanından düz keçdi, – qonaqlar ona yol vermək üçün hər iki divar boyu sıralanmışdılar, – onu başqalarından ayıran həmin o səlis, təntənəli yerişlə mavi otaqdan qırmızıya, qırmızıdan yaşıla, yaşıldan narıncıya, oradan ağ otağa, oradan da bənövşəyi otağa, nəhayət, qara otağa adladı, bu müddətdə bir adam da onun qabağına durmadı.
Bu zaman həm qəzəbdən, həm də ötəri ağciyərliyinə görə çəkdiyi xəcalətdən başını itirmiş şahzadə Prospero özünü dəhlizin dərinliyinə atdı; ancaq ölüm qorxusuna mübtəla olmuş saray adamlarından heç kim onun ardınca getmədi.
Əlində siyrilmiş xəncərlə qaçan şahzadə qara otağın astanasında düşmənə çataçatda yad adam qəfil dönüb gözlərini ona zillədi. Tükürpədən bağırtı qopdu, əvvəlcə qaranlıqda parıldayıb-sönən xəncər, sonra da şahzadənin cansız bədəni matəm xalısının üstünə düşdü. Onda qorxudan hərəkətə gələn məclis əhli bütün cəsarətini toplayıb qara otağa axışdı. Ancaq saatın kölgəsində donub-qalmış mənfur məxluqu ələ keçirər-keçirməz dəhşətlə anladılar ki, hikkəylə yırtmaq istədikləri kəfənin də, qorxunc maskanın da altında heç nə yoxdu. Gələnin “Qırmızı ölüm” olduğuna daha kimsənin şübhəsi qalmadı. O, gecənin qaranlığında içəri gizlincə girmişdi.
Qan çilənmiş ziyafət salonlarında əyyaşlar bir-birinin ardınca yerə döşənir, ölüm onları hansı vəziyyətdə haqlayırdısa, o halda da can verirdilər. Sonuncu kef əhlinin ölümüylə qara ağacdan qayrılmış saatın da səsi batdı, kürələrin də alovu söndü.
Sonra hər yerdə Zülmətin, Fəlakətin, bir də “Qırmızı ölüm”ün mütləq hökmranlığı başlandı.
SFİNKS
Dəhşətli vəbanın Nyu-Yorkda at oynatdığı günlərdə2 mən qohumlarımdan birinin dəvəti ilə iki həftəliyə onun Hudzon çayının sahilindəki gözdənuzaq, xudmani kottecinə dincəlməyə getmişdim.
Sərəncamımızda hər cür yay əyləncəsi vardı: meşədə gəzmək, naturadan rəsm çəkmək, qayıqla üzmək, balıq tutmaq, çimmək, musiqi dinləmək, kitab oxumaq – bütün bunlar vaxtımızı şad-xürrəm keçirməyə artıqlamasıyla yetərdi, əgər hər səhər azman şəhərdən gələn bəd xəbərlər olmasaydı. Elə bir gün olmazdı ki, hansısa tanışımızın ölüm xəbərini almayaq. Vəba quduzlaşdıqca biz dostların itkisinə alışırdıq. Ancaq hər xəbərin gəlişini ürək döyüntüsüylə qarşılayırdıq.
Cənubdan əsən külək elə bil ölümün nəfəsi idi. Bu duyğu, bu düşüncə mənim canıma-qanıma işləmişdi. Başqa nədənsə danışa, nəsə düşünə, yuxularımda ayrı nəsə görə bilmirdim.
Ev yiyəsi təmkinli adam idi, hərçənd o da bərk sarsılmışdı, elə hey mənə ürək-dirək verməyə çalışırdı. Onun müdrik ağlı qara-qura xəyallara uymazdı. Gerçək təhlükəni o, göydə tutardı, ancaq olmayan yerdə təhlükə qorxusuyla yaşamazdı.
Ev yiyəsinin kitabxanasında əlimə düşən bir para kitabların ucbatından onun mənim xəstə, qaranlıq xəyallarımı dağıtmaq cəhdi, demək olar, daşa dirəndi. O kitablarda yazılanlar mənə qanımla ötürülmüş, canımın bir küncündə gizlənmiş bütün mövhumat toxumlarını cücərtmək gücündəydi. Mən kitabları qohumumdan xəbərsiz oxumuşdum, buna görə də o, xəyallarımı körükləyən səbəbləri anlamaqda çətinlik çəkirdi.
Mənim sözüm-söhbətim hayana fırlansa, axır gəlib əlamətlərin, işarələrin üstündə bənd alırdı – bir ara mən əlamətlərə, demək olar, ciddi şəkildə inanırdım.
Bu mövzuda biz uzun-uzadı qızğın müzakirələrə baş vururduq; o bu sayaq inancların tam əsassız olduğunu deyib dururdu, mən də sübuta yetirməyə çalışırdım ki, insanlara kənardan kimsənin sırımadığı, el-obanın təbiətindən mayalanmış etiqadda, şübhəsiz, bir həqiqət payı da olmamış deyil, ona görə də bu inanclar diqqətə layiqdir.
Kottecə gələndən bir müddət sonra başıma elə anlaşılmaz, elə nəhs bir iş gəldi ki, bunun əlamət olduğunu desəm, yəqin, məni bağışlayarsınız.
Elə sarsılmışdım, üstəlik, elə dolaşmışdım ki, dostuma ürəyimi açanacan neçə gün gözləyəsi oldum.
Belə ki, bir gün axşama doğru mən əlimdə kitab açıq pəncərə qarşısında oturmuşdum; pəncərədən çayın sağ-sol sahili, ondan da aralıda sürüşmə ucbatından keçəl qalmış təpə görünürdü.
Kitabı əlimdə tutsam da, fikrim yayınmışdı: zillətin, fəlakətin meydan suladığı böyük şəhərdə qalmışdı. Başımı kitabdan qaldırıb uzaqdakı çılpaq yamaca baxanda birdən orada eybəcər görkəmli, nəhəng bir məxluq gördüm; sonra o məxluq bir göz qırpımında yamacdan enib təpənin ətəyindəki qalın meşədə itdi.
Bu varlığı ilk dəfə görəndə düşündüm, bəlkə, dəli olmuşam, ona görə də gözlərimə inanmadım; ağlımı itirmədiyimə, yuxu görmədiyimə əmin olana qədər bir xeyli keçdi. Ancaq açıq-aydın gördüyüm, təpənin ətəyinə enənəcən gözdən yayındırmadığım o bədheybəti təsvir eləməyə başlasam, oxucuları buna inandırmaq çətin başa gələcək.
Yamacı endikcə sürüşməyə davam gətirmiş tək-tək azman ağacların böyründən ötdüyünə görə deyə bilərəm ki, bədheybət məxluq nəhənglikdə heç bir okean gəmisindən geri qalmazdı. Gəmini elə-belə yada salmadım, onun biçimi-quruluşu, həqiqətən də, bizim yetmiş dörd toplu hərbi gəminin korpusuna bənzəyirdi. Ağzı altmış-yetmiş fut3 uzunluqda, fil gövdəsi yoğunluqda xortumunun ucunda yerləşirdi. Xortumunun kökündə çəngə-çəngə sıx tüklər qaralırdı – qırxan olsaydı, bir düjün vəhşi öküzün yunundan ağır gələrdi. Ağzından bayıra qılıncabənzər, ancaq ondan qat-qat iri bir cüt parlaq köpək dişi – biri aşağı, o biri yana əyilmiş – çıxmışdı. Xortumun