Tütün köşkünün sahibi Pyer Moro ifadə verir ki, dörd il müddətində xanım Epanyeyə az miqdarda tütün və burunotu satıb. Xanım və qızı bu evdə altı ildən çox olardı ki, yaşayırdılar. Orada əvvəlcə bir zərgər yaşayırmış və üst otaqları müxtəlif adamlara kirayəyə verirmiş. Ev xanım Epanyenin şəxsi mülkiyyəti idi, kirayəçilər evə pis baxdıqlarından onları evdən çıxarıb yuxarı mərtəbəyə özü keçmiş, kirayənişin saxlamaqdan imtina etmişdi. Yaşlı xanım uşaq kimi idi. Şahid bu altı il müddətində xanımın qızını ən çoxu beş-altı dəfə görmüşdü. Ana-bala həddindən artıq qapalı həyat tərzi keçirirmiş. Deyilənə görə, onların xeyli pulu varmış. Qonşular arasında xanım Epanyenin fala baxdığını deyənlər olsa da, şahid onlara inanmırdı. O, evə heç vaxt ana-baladan, arabir dalandardan və bəzən həkimdən savayı bir kəsin gəldiyini görməmişdi.
Başqa qonşular da eyni sözləri dedilər. Kiminsə evə tez-tez baş çəkdiyini deyən olmadı. Xanım Epanye və qızının haradasa dostlarının olub-olmadığını da bilən yox idi. Küçəyə baxan pəncərələrin qapıları nadir hallarda açılardı. Dördüncü mərtəbədəki böyük arxa otağın pəncərələrindən başqa, həyətə açılan pəncərələr daim bağlı olardı. Ev bir o qədər də köhnə deyildi və yaxşı vəziyyətdəydi.
Jandarm İsidor Müze bildirir ki, hadisə yerinə səhər saat üç radələrində gəlmişdi. O gələndə darvazanın yanında iyirmi-otuz adam vardı. Onlar içəri keçməyə cəhd göstərirdilər. Nəhayət, onlar qapını süngü ilə açdılar. Qapı ikitaylı olduğundan, yuxarı və aşağıdan siyirmə ilə bağlanmadığından onun açılması bir o qədər də çətinlik törətmədi. Qışqırtılar darvaza açılana qədər davam etdi və sonra qəflətən kəsildi. Yəqin ki, bunlar ağrıdan qovrulan bir adamın (və ya adamların) qırıq-qırıq, həyəcanlı qışqırtısı idi. Şahid qabağa düşüb yuxarı mərtəbəyə qalxdı. Birinci pilləkənin başına çatanda acıqlı və ucadan eşidilən iki səs eşitdi. Səslərdən biri xırıltılı, o biri isə ciyiltili idi. Çox qəribə səs idi. Birincinin bəzi sözlərini ayırd edə bilib. Bu, fransız dilində deyilmiş “şeytan” və “iblis” sözləri idi.
Ciyiltili səs əcnəbi adamın səsi idi, amma şahid onun qadın və ya kişiyə məxsus olduğuna əmin deyildi. O, başqa nə deyildiyini başa düşə bilməyib, ancaq yad adamın ispanca danışdığını güman edir. Otaq və meyitlərin vəziyyəti şahid tərəfindən biz dünən təsvir etdiyimiz kimi verilib.
Qonşu, zərgər Henri Duval göstərir ki, o, evə birinci girən adamlardan olub, bütövlükdə Müzenin dediklərini təsdiq edir. Giriş qapısından içəri daxil olan kimi onu yenidən bağlayıblar ki, gecəyarısı olmasına baxmayaraq, tezliklə oraya toplaşan camaat içəri doluşmasın. Şahidin zənnincə, ciyiltili səs italyan dilinə, xırıltılı səs isə fransız dilinə oxşayırmış. Ciyiltili səsin kişi səsi olduğuna əmin deyildi. Qadın səsi də ola bilərdi. Onun italyan dilindən anlayışı yoxdur, lakin intonasiyasından danışanın italyan olduğunu güman edir. Şahid madam Epanye və onun qızını tanıyırmış. Onlarla tez-tez söhbət edərmiş. Ciyiltili səsin mərhumların heç birinə aid olmadığına əmindir.
Restoran sahibi Oden Heymer şahid kimi özü könüllü surətdə ifadə verməyə gəlmişdi, fransızca danışa bilmədiyindən tərcüməçi vasitəsilə dindirilirdi. O, Hollandiya vətəndaşıdır. Qışqırtılar gələn zaman evin yanından keçirmiş. Qışqırtılar bir neçə dəqiqə, bəlkə də, on dəqiqə davam edib. Çox dəhşətli və ürəkparçalayan imiş. Şahid evə daxil olan adamlardan biri olub. Özündən əvvəlki ifadəni bir şeydən başqa hərtərəfli təsdiq edir. O, ciyiltili səsin kişi səsi və fransıza məxsus olduğuna əmindir. O da deyilən sözləri ayırd edə bilməyib. Sözlər ucadan və tez-tez deyilirmiş, başa düşmək olmurmuş. Qorxudanmı və ya qəzəbdənmi səs ciyiltidən çox, xırıltıya oxşayırmış. Xırıltılı səsli adam elə hey “iblis” və “lənət” və bir dəfə isə “İlahi” sözlərini deyib.
Dileron küçəsindəki “Mino və oğulları” bankının sahibi, Mino ailəsinin böyüyü Jül Mino ifadə verir ki, xanım Epanyenin bir qədər pulu vardı. Onun kontorunda səkkiz il əvvəl yaz ayında hesab açdırmışdılar. Xırda məbləğlərdə tez-tez pul qoyardılar. Çek yazmazdı, ölümündən üç gün əvvəl şəxsən özü dörd min frank məbləğində pul götürdü. Pullar qızılla ödənildi və bankın işçisi xanımı evinə qədər ötürdü.
“Mino və oğulları” bankının qulluqçusu Adolf Le Bon şahidlik edir ki, təyin olunmuş vaxtda, təxminən günorta zamanı, xanım Epanyenin iki kisəyə qoyulmuş dörd min frank pulunu onun evinə aparmışdır. Qapını madmazel Epanye açmış, əlindəki kisələrdən birini götürmüş, digərini isə xanım özü ondan almışdır. Sonra baş əyərək çıxıb getmişdir. O zaman küçədə heç kəsi görməmişdir.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.