Monastırda dolanmaq üçün hər şey vardı, saray əhli azar-bezardan uzaqda arxayın yaşaya bilərdi. Divarın bayır üzündə qalanlar da zəhmət çəkib öz başlarına özləri çarə qılsınlar! İndi qəm dəryasına batmaq, baş sındırmaq sarsaqlıq olardı. Əyləncə qıtlığı olmasın deyə şahzadə qabaqcadan tədbir görmüşdü. Buranın təlxəyi də vardı, məddahı da, çalanı da vardı, oynayanı da, gözəli də vardı, şərabı da… Üstəlik, təhlükəsizliyi də… Eşikdə isə “Qırmızı ölüm” at oynadırdı.
Abbatlıqda yaşadıqlarının beşinci, ya altıncı ayında, azarın hələ də tüğyan elədiyi vaxtda şahzadə Prospero misli görünməmiş bir bal-maskarad hazırladıb min dostunu başına topladı. Bu maskarad əməlli-başlı bir eyş-işrət məclisiydi. Ancaq əvvəlcə məclisin qurulduğu otaqları təsvir eləyim: yeddi dəbdəbəli otaq idi. Qəsrlərin çoxunda yanaşı salınan belə otaqların birindən o birinə keçmək üçün ara qapıları olur; bu qapılar taybatay açılanda otaqları bir-birinə calayan yol uzun bir dəhliz kimi boyaboy görünür. Qəribəliyə meyilli Prosperonun qəsri isə tamam ayrı cür qurulmuşdu. Otaqlar elə qəribə düzülmüşdü, baxanda yalnız bir otağı görmək olurdu. Hər iyirmi-otuz addımdan bir qarşıya döngə çıxırdı, hər döngəni burulanda adam nəsə bir yeniliklə rastlaşırdı. Ara yolun dolanbaclarını təkrarlayan örtülü dəhlizə hər otağın sağ-sol divarlarının ortasından qotik üslublu hündür, ensiz pəncərə açılırdı. Rəngbərəng pəncərə şüşələri otaqların bər-bəzəyinə, yerinə uyğun seçilmişdi; məsələn, dəhlizin gündoğana baxan başındakı otaq mavi boyandığından pəncərələrinə də açıq-göy rəngli şüşə vurulmuşdu. İkinci otaq qırmızı bəzəndiyinə görə pəncərələri də yaqut kimi parıldayırdı. Yaşıla tutulmuş üçüncü otağa da özü rəngdə aynalar seçilmişdi. Dördüncü otağın xalısı, pərdəsi narıncı, beşinci otağın bər-bəzəyi ağ, altıncı otağın yar-yaraşığı da bənövşəyi rəngdəydi. Yeddinci otağa qara məxmər tutulmuşdu: tavandan divar boyu axıb tökülən ağır qara pərdələrin ətəyi qara xalı salınmış döşəmənin üstündə qat-qat dururdu. Yalnız bu otaqda pəncərələr divarlardan seçilirdi: pəncərə şüşələri al-qırmızı qana boyanmış kimi idi. Yeddi otağın yeddisində də künc-bucağa səpələnmiş, tavandan asılmış saysız-hesabsız qızıl-zinətin arasında bircə qəndil, bircə şamdan gözə dəymirdi – otaqlar şamla, çıraqla işıqlandırılmırdı: ara yolun başına dolanan dəhliz boyu hər pəncərənin qarşısına üstündə kürə alovlanan iri üçayaq qoyulmuşdu, alovun şöləsi şüşədən içəri axıb otağı rəngli işığa bürüdükcə dörd divar arasında nə varsa hamısı yuxu kimi, xəyal kimi görünürdü.
Günbatana baxan qara otaqda isə qan-qırmızı şüşədən keçib qaranlıq pərdələrin üstünə düşən işıq adama daha da sirli-sehrli gəldiyindən, üstəlik də, içəridəkilərin üzünü tanınmaz, qorxunc hala saldığından tək-tək qonaq bu qapının kandarını adlamağa ürək eləyirdi.
Bu otağın günbatana açılan pəncərəsinin altında qara ağacdan düzəldilmiş nəhəng bir saat vardı. Saatın ağır kəfkiri yeknəsəq boğuq cingiltiylə sağa-sola yellənirdi, hər saat başı onun mis “ciyər”lərindən aydın, ürəyəyatan, həm də olduqca məlahətli gur səs qopurdu. Ancaq bu səsin çox qəribə gücü, ahəngi olduğundan çalğıçılar hər saatın tamamında əl saxlayıb ona qulaq kəsilməyə məcbur qalırdılar. Onda oynayan cütlüklər fırlanmağına ara verirdi, kefcil dəstə çaşqın-çaşqın donub-qalırdı, saatın zəngi vurduqca ən arsız pozğunları da təşvişə salırdı, bir az yaşlı, müdrik olanlarsa qara-qura fikirləri başlarından silib atmaq üçün əllərini alınlarına çəkirdilər. Saatın səsi kəsər-kəsməz şən gülüşlər otaqları doldururdu; çalğıçılar boş yerə səksəkəyə düşdüklərini düşünüb təbəssümlə baxışırdılar, hər biri də böyründəkinə pıçıldayıb and-aman eləyirdi ki, indən belə zəng səsini vecinə almayacaq. Di gəl ki düz altmış dəqiqədən – sürətli zamanın xırda doğranmış üç min altı yüz saniyəsindən sonra yenə otağı bir çaşqınlıq bürüyür, məclis əhlinin canına yenə vəlvələ düşürdü. Bununla belə, şənlik çox təmtəraqlı, çox da əyləncəli keçirdi.
Şahzadənin fərqli zövqü vardı: o, zahiri parıltılara həris idi, rənglərin bilicisi idi, amma dəb qayğısına qalmazdı. Onun ağlına gələn hər fikir dəlicəsinə qeyri-adi olur, vəhşi bir dəbdəbəylə tamamlanırdı. Qıraqdan baxan onu dəli sanardı, ancaq şahzadənin yaxın adamları başqa fikirdəydilər. Di gəl ki şahzadəni görməyən-eşitməyən, onun həndəvərində dolanmayan kəs onların dediyinə inanmazdı.
Böyük məclisə hazırlıq görüldüyü günlərdə yeddi otağın döşənib-bəzədilməsinə şahzadə şəxsən özü başçılıq eləyirdi. Geyim və maskaların seçimində də onun dəstxəti duyulurdu. Söz yox ki, hər şey əndazəni aşmış biçimdəydi! Hamısında parıltı, bər-bəzək, hər şey yuxu kimi yalan, ancaq maraqlı, eynən sonralar “Ernani”də1 gördüyümüz kimi idi. Hər yanda əcaib-qəraib məxluqlar fırlanırdı, hamısının da ya biçimində, ya da əyin-başında nəsə bir qəribəlik vardı. Bütün bu mənzərə qızdırmadan alışıb-yanan xəstənin sərsəm sayıqlamasına bənzəyirdi. Burada çoxlu gözəllik, çoxlu əxlaqsızlıq, çoxlu qəribəlik vardı, arabir nə isə dəhşət saçırdı, tez-tez nələrsə adamda özündən ixtiyarsız ikrah doğururdu. Yeddi otağın yeddisində də yuxularımızdan gəlmə qarabasmalar dolaşırdı. Qıvrılıb-açılan bu kölgələr hər otaqda rəngini dəyişə-dəyişə gah orda, gah burda sayrışırdı; adama elə gəlirdi ki, orkestrin qulaqbatıran gurultusu vur-tut onların addımlarının əks-sədasıydı.
Qara məxmər çəkilmiş zaldan isə vaxtaşırı saat səsi gəlirdi. Onda bir anlıq hər şey – zəng səsindən başqa hər şey donub-qalırdı, əcaib məxluqlarsa elə bil yerə yapışırdılar. Saatın bir göz qırpımı çəkən zəngi susan kimi şən, bir az da boğuq gülüşlər yenə axıb dəhlizi basırdı, musiqi yenə qulaq batırırdı, kabuslar yenə cana gəlirdi, kürələrin işığını otaqlara axıdan pəncərələrin altında rəng alıb rəng verən qəribə geyimli adamlar əvvəlkindən də qıvraq hərəkət edirdilər. Bu zaman maskarad əhli yalnız dəhlizin günbatana baxan başındakı otağa girməyə ürək eləmirdi: gecə yarı olduqca qızarmış kürənin al dilləri qan-qırmızı şüşələrdən sel kimi axıb keçir, matəm pərdələrinə bir az da qorxunc görkəm verirdi.
Qara xalıya ayaq basan kimsəyə saat zəngi əcəl zəngi kimi gəlirdi, bu səsin zəhmi altında onun ürəyi dəhlizin o başında kef eləyənlərin ürəyindən betər vururdu.
Qalan otaqlar qonaqla ağzınacan doluydu – oralarda həyat coşub-qaynayırdı.
Saat gecəyarısını vuranda şənliyin şirin yeri idi. Qabaqkı kimi yenə çal-çağır yatdı, vals oynayanlar fırlanmağına ara verdilər, haradansa əsən vahimə yeli hamını vurdu. Bu dəfə saat on iki dəfə zəng çalacaqdı, ola bilsin, elə buna görə qorxu yavaş-yavaş ən ayıq adamların da