İbn Sina. Вера Смирнова-Ракитина. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Вера Смирнова-Ракитина
Издательство: Altun Kitab
Серия: Tarixi yaradanlar
Жанр произведения:
Год издания: 0
isbn: 9789952244717
Скачать книгу
kifayətlənmir, eyni zamanda insanlarla həmsöhbət olmağa çalışır, onlardan əlavə məlumatlar toplayırdı. İbn Sinanın bu söhbətlər nəticəsində gəldiyi qənaət belə oldu: xarəzmlilər arasında savadlı, bacarıqlı və istedadlı adamlar kifayət qədər çoxdur. Ürgənc isə yalnız iqtisadi baxımdan deyil, mədəni baxımdan da inkişaf etmiş şəhərdir. Həmin adamların çoxu ilə üləma məclisində yaxından tanış olan və onlara rəğbətini gizlədə bilməyən Hüseyn, Ürgəncə gəldiyi üçün hədsiz dərəcədə məmnun idi.

      Müasir terminologiya ilə desək, akademiyanı xatırladan, elə tarixə də «Məmun Akademiyası» kimi düşən üləma məclisi yaratmaqda Xarəzm hökmdarı II Məmunun iki marağı var idi. Birincisi, öz hakimiyyətinin şöhrətini artırmaq və dayaqlarını möhkəmlətmək, ikincisi, özünü savadlı hökmdar kimi göstərmək istəyirdi.

      İbn Sina elə ilk gəlişindəcə üləma məclisindən çox razı qaldı. Məclis üzvləri gənc buxaralını, az qala, çoxillik tanışları, hətta doğma adamları kimi qarşıladılar. Bunun da səbəbi var idi: xarəzmli alimlər onun barəsində çox eşitmişdilər. İbn Sinanın cavan olmasına baxmayaraq dərin biliyə və böyük istedada sahib olduğundan xəbərdar idilər. Elə Hüseynin də üləma məclisi üzvləri arasında qiyabi tanıdıqları az deyildi. O, buradakı alimlərin bir çoxunun əsərlərinə Samanilərin saray kitabxanasında rastlamışdı. Həmin alimlər arasında görkəmli riyaziyyatçı Əbu-Nəsr Ərraq (?–1034), dövrünün məşhur həkimlərindən Əbülxeyr əl-Həmmar, tanınmış tarixçi İbn Miskaveyx (940–1030) və başqaları var idi.

      Ümumiyyətlə, Xarəzmə gəldiyi ilk illər İbn Sina üçün rahat keçmişdi. O özünü xoşbəxt hesab edirdi. Üləma məclisindəki elmi müzakirələr gənc alimin bu xoşbəxtliyinin əsas səbəbi idi. Tədricən utancaqlığın daşını ataraq həmin müzakirələrə həvəslə qoşulan Hüseyn özünü suda balıq kimi hiss edirdi. Çünki çoxdan arzuladığı mühitə düşmüşdü. Ətrafında yalnız bilikli, savadlı adamlar var idi. Onları da İbn Sinanın özü kimi elmi məsələlərdən başqa heç nə düşündürmürdü…

      Bir müddət sonra Xarəzm hökmdarı Hüseynə yeni qanunlar toplusu hazırlamağı tapşırdı. İbn Sina işə başladı. Çox əhəmiyyətli məsələ olduğundan qanunların hazırlanmasına Xarəzm hökmdarı ilə onun vəziri şəxsən nəzarət edirdi. Lakin çox keçmədən İbn Sina ciddi maneə ilə üzləşdi. Belə ki, Xarəzmin Fəqihlər22 şurası şəriət hüququnu bütün incəliklərinə qədər bilən, lakin qatı mühafizəkar olan şəxslərdən ibarət idi. Onların əksəriyyəti nəinki mövcud qayda-qanunların cüzi də olsa dəyişdirilməsinə razılıq verir, hətta bu barədə eşitmək belə istəmirdilər. Odur ki Hüseynin yeni qanun təkliflərinə qarşı idilər. Lakin onu da qeyd etmək lazımdır ki, Fəqihlər şurasının mühafizəkar üzvləri yaşca gənc buxaralıdan böyük olsalar da, onun biliyindən çəkinirdilər. Bu isə İbn Sinada belə bir inam yaratmışdı ki, o, Xarəzmin köhnəlmiş, dövrlə ayaqlaşmayan qanunlarını asanlıqla dəyişdirə bilər. Yeri gəlmişkən, böyük alim bu sadəlövh inamını sonralar təbəssümlə xatırlayacaqdı…

      İbn Sinanın fikrincə, hər hansı köhnə ənənəni dəyişmək üçün böyük əziyyətə ehtiyac yox idi. Adi məntiq belə burada köməyə çata bilər. Əgər təklif etdiyin dəyişiklik ağlabatandırsa, heç kim ona qarşı çıxmayacaq. Gənc buxaralının bu sadədilliyinə təəccüblənməmək lazımdır. O, hələ çox cavan və bir çox məsələlərdə hədsiz təcrübəsiz idi.

      Beləliklə, Hüseyn öncə yeni qanunlar toplusunun təməlini təşkil edəcək müddəalar barədə geniş və əhatəli bir məruzə hazırladı. Lakin onu Fəqihlər şurası üzvlərinə çatdıra bilmədi. Çünki toplantının elə əvvəlindəcə bir neçə nəfərin uzun-uzadı çıxışına görə narazılıq yarandı, bu narazılıq böyüyüb əməlli-başlı qarışıqlığa çevrildi. Şura üzvləri bir-birini cahillikdə ittiham etməyə başladılar. Ara getdikcə qızışırdı. Axırda iş o yerə çatdı ki, qoca fəqihlərdən biri qeyzə gələrək qalın bir kitabı götürüb təxminən özü yaşda olan üləmanın kəlləsinə çırpdı. Bunun ardınca qoca fəqih hirsindən, digəri isə zərbənin təsirindən huşunu itirib yerə sərildi. Hüseyn məruzəni bir kənara qoyub onları özünə gətirməklə məşğul oldu…

      Bəs İbn Sinanın hazırladığı qanunlar toplusunun əsasında nə dayanırdı?

      Gənc buxaralının fikrincə, o vaxtadək qüvvədə olan qanunların əsasını, Quran ehkamlarına etinasızlıq göstərmək təşkil edir. Şəriət hakimləri oruc tutub namaz qılmayanların, həccə getmək istəməyənlərin hamısını ən ağır formada cəzalandırmağa, məsələn, başlarını kəsməyə hazır idilər. Halbuki daha ağır cinayətlər çox vaxt cəzasız qalırdı. Ona görə də İbn Sina şəriət məhkəməsi ilə yanaşı dünyəvi məhkəmənin qurulması tərəfdarı idi. Bu arzu onun qəlbində hələ fiqhlə maraqlanmağa başladığı vaxtlardan yaranmışdı. Dünyəvi məhkəmələr qanunları pozan hər kəsi şəriət qaydaları ilə yox, elə həmin qanunlar əsasında cəzalandırmalı idi. Üstəlik, bu cəzalar kimisə bir səhv hərəkətinə görə dərhal edam etməyə, yaxud şikəst qoymağa yox, onu islah eləməyə yönəlməli idi.

      Əvvəl də yazdığımız kimi, İbn Sinanın bu cür yanaşmasını mühafizəkar üləmalar, fəqihlər, şübhəsiz ki, müsbət qarşılaya bilməzdilər. Onlar Hüseyni dərhal kafir elan edər və ən yaxşı halda Xarəzmdən rüsvayçılıqla qovardılar. Gənc buxaralı bunu anladıqda öz sadəlövh inamından əl çəkdi. Qərara gəldi ki, fikirlərini Fəqihlər şurasında dilə gətirmək əvəzinə Xarəzm hökmdarının vəziri Süheyli ilə bölüşsün. Belə də etdi. İstəyini, məramını vəzirə açıq şəkildə danışdı. İbn Sina onu diqqətlə dinləyən Süheyliyə bildirdi ki, hər bir qanun ilk növbədə ədalətin bərqərar olmasına xidmət etməlidir. Üstəlik, qanunlar yalnız seçilmiş adamların haqlarını qorumamalıdır, bütün xalqın mənafeyinə yönəlməlidir. «Dövlətin taleyi xalqın necə yaşamasından asılıdır. Əgər xalq yoxsuldursa, acdırsa, haqqı əlindən alınırsa, onun yeganə müdafiəsi mollaların rəyidirsə, onda təəccüblü deyil ki, dövlətin təməlləri sarsılacaq, axırda bir təca-vüzkara yem olacaqdır» – İbn Sina sonradan bir çox əsərlərində tez-tez dilə gətirdiyi və öz dövrünə görə olduqca mütərəqqi sayılan bu fikirləri Xarəzm şahının vəzirinə söyləməkdən çəkinməmişdi.

      Olduqca ağıllı, geniş dünyagörüşlü biri olan Süheyli gənc buxaralıya sonadək səbrlə, ehtiramla qulaq asmış, fəqihlərdən fərqli olaraq onun fikirlərinə hörmətlə yanaşmışdı. Lakin indiyədək bir sual açıq qalır: İbn Sinanın təklif etdiyi qanunların aqibəti necə oldu, onlar qəbul edilib qüvvəyə mindimi? Bu suala dəqiq, birmənalı cavab vermək mümkün olmasa da, önəmli bir məqamı vurğulamaqda fayda var: araşdırmalar göstərir ki, müəyyən müddətdən sonra Xarəzmdə hökm sürən qayda-qanunlar qonşu ölkələrin qanunlarından daha yumşaq, daha ədalətli idi. Hətta iş o yerə çatmışdı ki, məhz bu səbəbdən vaxtilə Samanilərin nəzarətində olan yerlərin əhalisi Xarəzmdə yaşamağa can atırdılar…

      Bir də o məlumdur ki, haqqında danışdığımız qanunlar toplusu ilə bağlı üzləşdiyi çətinliklər İbn Sinaya dərs oldu. O, ilk fürsətdə qanunşünaslığın daşını atıb tibbə və fəlsəfəyə qayıtdı. Gənc buxaralı öz gələcəyini bu iki elmdə görürdü…

Скачать книгу


<p>22</p>

Fəqihlər – fiqh elmi ilə məşğul olan şəxs