Bu baş verənlərdən təxminən iki il öncə iki qonşusu eyni vaxtda Hüseynə maraqlı bir təklif vermişdilər. Həmin vaxt Hüseynin ayağı Samanilər kitabxanasına təzəcə açılmışdı. Qonşulardan biri – ixtiyar Əbülhəsən əl-Arudi idi. Elmə, biliyə çox həvəsli olan bu adam dünyanın bir çox ölkələrini gəzmiş, saysız-hesabsız alim-üləmalarla söhbət etmişdi. Üstəlik, öz dövrünə görə güclü mütaliəsi var idi. Bununla belə, əl-Arudinin ən böyük arzusu Samanilərin kitabxanasına baş çəkmək, oradakı dəyərli əsərlərin ən azı bir hissəsini oxumaq idi. Lakin bu, təbii ki, Əbülhəsənə heç vaxt qismət olmamışdı. Bir gün əl-Arudi gənc İbn Sinanın həmin kitabxanaya giriş icazəsi aldığını öyrəndi. Bundan sevincək olub Hüseynin yanına gəldi, onu kitabxana barədə xeyli sorğu-sual edəndən sonra xahiş etdi ki, orada oxuduğu kitablardan öyrəndiyi məlumatları qələmə alsın. Daha dəqiq desək, həmin məlumatları bir və ya bir neçə kitabda ümumiləşdirsin.
İndi, kitabxananın yandığını görəndən sonra İbn Sinanın yadına əl-Arudinin həmin xahişi düşdü. Evə çatanda ixtiyar qonşusu ilə rastlaşdı. Əl-Arudi ondan yanğın barədə eşidəndə bərk sarsıldı. İki il öncəki təklifini xatırladaraq dedi: «Oğlum, hələ də gec deyil… O kitabxanadakı kitablardan, əlyazmalardan oxuyub öyrəndiklərin əsasında yeni kitablar yaza bilərsən. Beləcə, yandırılmış kitabların, əlyazmaların ən azından bir hissəsi yaşamağa davam edər, gələcək nəsillər onlardan agah olarlar. Yaz, oğlum! Əmin ol ki, nə qədər ömrüm var, yazacağın kitabın əlyazmasını çoxaltmağa sərf edəcəm. Lazım gəlsə, bu işə katibləri19 qoşacağam».
Əl-Arudinin bu sözləri Hüseyni ruhlandırdı və o, böyük həvəslə ilk əsəri üzərində işləməyə başladı. «Seçilmişlər» adlandırılan həmin kitabda gənc İbn Sina riyaziyyat istisna olmaqla digər bütün elmlərə dair oxuyub-öyrəndiklərini cəmləmişdi. Kitabı yazarkən Hüseynin bircə köməkçisi vardı, bu da onun yaddaşı idi.
Qeyd edək ki, gənc İbn Sina bu kitabda Samanilər kitabxanasında saxlanılan əsərlərdən əxz etdiyi bilgiləri ümumiləşdirməklə kifayətlənsə də, digər kitabında öz müstəqil fikir və düşüncələrinə də yer vermişdi. Söhbət başqa bir qonşusu – Buxaranın tanınmış şəriət hüquqçularından olan Əbubəkr əl-Barkinin təklifi ilə yazdığı əsərdən gedir. Belə ki, əl-Barki Hüseynə fiqh elminə dair müxtəlif kitablara şərh və Qurana təfsir yazmağı təklif etmişdi. Həmin təklifi də həvəslə qəbul edən İbn Sina, nəticədə ilk böyük əsəri olan və az qala iyirmi cildə çatan «Yekun və nəticə»ni qələmə aldı. Bunun ardınca isə o, etika məsələlərinə həsr olunmuş «Savab və günah kitabı» əsərini ərsəyə gətirdi. Lakin maraqlıdır ki, Əbubəkr əl-Barki həmin əsərləri nə bir kimsəyə göstərdi, nə də üzünü köçürtməyə verdi. O qorxurdu ki, fiqh alimi və təfsirçi kimi qazandığı şöhrət bu kitablar yayıldıqdan sonra iyirmi yaşlı İbn Sinanın kölgəsində qalar.
Ən qəribəsi isə o idi ki, Əbubəkr müxtəlif mübahisələr, müzakirələr zamanı Hüseynin əsərlərindəki fikirlərdən faydalanır, üstəlik, çox vaxt onları öz fikri kimi təqdim edirdi. Bu isə İbn Sinada yalnız təbəssüm doğururdu…
Həmin günlərdə İbn Sinanın atası ağır xəstələndi və ölüm yatağına düşdü. Bu zaman Buxarada vəziyyət yenidən gərginləşdi. Samani xanədanından olan İsmayıl əl-Müntəsir Buxaranı ələ keçirdi. Onun istəyi Samani dövlətini bərpa etmək idi. Bu hadisədən sonra Buxaranın ağır günləri yenidən başladı: hər hakimiyyət dəyişikliyində olduğu kimi, şəhəri yanğın və talanlar bürüdü. Baş verənlər Abdullahın səhhətini bir az da ağırlaşdırdı: sevimli şəhərində yaşananlar xəstəyə pis təsir edir, onu həyəcanlandırır və kədərləndirirdi.
İbn Sinanın atasını sağaltmaq üçün cəhdləri heç bir nəticə vermədi: Abdullah dünyadan köçdü. Böyük bir ailənin yükü iyirmi yaşlı Hüseynin üstünə düşdü. Bu, İbn Sina üçün böyük məsuliyyət və sınaq idi, çünki indiyədək məişət məsələlərindən uzaq olmuşdu, bütün meylini, marağını elmə, bilgiyə yönəltmişdi…
İbn Sina Xarəzmdə
Bir yandan atasının ölümü, digər tərəfdən isə Buxarada hökm sürən ab-hava gənc İbn Sinanı dərin düşüncələrə qərq etmişdi. Qədim şəhər öz simasını sürətlə itirirdi: ona qorxu hakim kəsilmişdi. Yerli əhali arası kəsilməyən hakimiyyət dəyişikliklərindən yorulmuş, əldən düşmüşdü. Öz həyatlarına və mallarına görə əndişə keçirən tacirlər belə Buxaradan üz döndərirdilər. Onlar dinclik axtarırdılar, odur ki Buxarada qalmaqdansa, Bulqara, Ürgəncə, Səmərqəndə yollanmağı üstün tuturdular. Şəhər bazarında bir zamanlar quş südü belə axtarsan tapardın, indi isə o boşalmış və kasıblamışdı. Sənətkarlar həvəssiz işləyirdilər, çünki öz mallarına alıcı tapacaqlarına zərrəcə ümidləri qalmamışdı. Bircə Buxara məscidlərində bir gün də olsun ibadətə ara verilmirdi. Şəhər mollaları heç vaxt özlərini belə təkəbbürlü və müstəqil aparmamışdı. Bunun da səbəbi var idi. Buxara növbəti dəfə Qaraxanilərin nəzarətinə keçmişdi. Şəhər mollaları bilirdilər ki, bu türk dövləti Bağdad xəlifəsinin, ümumiyyətlə isə sünni məzhəbinin başlıca dayağıdır. Ona görə də özlərini əvvəlkindən daha güclü hesab edirdilər.
İbn Sina və onun ailəsinin Buxaradakı tanışları getdikcə azalırdı. Hüseyn mərhum atasının qərməti dostlarına indi nadir hallarda rast gəlirdi. Əli-ayağı tutanlar şəhəri tərk edib Xarəzmə yollanmışdılar.
Sadalananlar azmış kimi, Buxarada Hüseynin qardaşı Mahmuda qarşı münasibət getdikcə kəskinləşirdi. Bu da səbəbsiz deyildi. Onun qərmətilərlə əlaqəli olduğundan şübhələnirdilər. Hüseyn bilirdi ki, həmin şübhələr güclənərsə və günlərin bir günü öz təsdiqini taparsa, bu bütün ailəni təhlükə altında qoyacaq. Odur ki ailəlikcə Buxaradan köçmək qaçılmaza çevrilirdi.
Beləliklə, xeyli götür-qoyda sonra 1002-ci ildə Hüseynlə Mahmud digər ailə üzvləri ilə birlkdə Buxaradan Xarəzmə köçdülər…
İbn Sinagili daşıyan karvan Ürgəncin gözəlliyi ilə ad çıxaran və «əl-Xəcac» kimi tanınan şəhər qapılarından keçəndə Hüseynin içindəki qüssə dağıldı. O artıq rahat nəfəs ala bilərdi. Təhlükə, çətinlik arxada qalmışdı.
Gənc İbn Sinanın şöhrəti Xarəzmədək gəlib çatmışdı, odur ki paytaxt Ürgəncə gəldikdən cəmi bir neçə gün sonra onu Xarəzm hökmdarı (xarəzmşah) özü şəxsən qəbul etdi. Hüseyni Buxaranın son durumu ilə bağlı sorğu-sual etdikdən sonra böyük hörmətlə yanaşdığı Samanilərin kədərli taleyindən üzgünlüyünü dilə gətirdi. Sonda isə xarəzmşah İbn Sinaya sarayındakı üləmalar məclisinə qatılmağı təklif etdi. Bu təklif gənc alim üçün böyük şərəf idi, ona görə də məmnuniyyətlə razılaşdı.
Ticarət yollarının qovuşacağında yerləşən və adının mənası «Günəş ölkəsi» olan Xarəzm Orta Asiyada (indiki Özbəkistan, Qazaxıstan və Türkmənistan) tarixi-coğrafi ərazidir. Bu ərazi hələ qədim zamanlardan böyük ticarət mərkəzi hesab olunurdu. Şərq və Qərblə geniş əlaqələri Ürgənci iri bazara çevirmişdi. Buraya yüzlərlə fərsəh