Qazı gəldi məscidə, camaatı şəriətnən qorxutmağa baş-ladı. Gün yavaş-yavaş batmaqda idi. Qazı evlərinə gəldi. Gecədən bir xeyli keçmişdi. Qazı yenə qılınc-qalxan qurşa-yıb, kəmənd götürüb nökəri Bəşirnən gəldilər. Məhəmməd də qarabaqara dallarınca getdi. Qazı bir imarətə kəmənd atıb çıxdı yuxarı. Bir bağlı kilim düşürtdü. Götürüb evə gəl-dilər. Məhəmməd də qarabaqara dallarınca. Bəşir gedib hovuzdan qızları çıxartdı. Genə qazı qızlarnan səhərə kimi çalıb-oynadı. Səhər Bəşir qızları hovuzda gizlətdi. Qazı əbasını örtüb məscidə gəldi. Ona dedilər:
– Bu gecə də vəkilin qızını oğurlayıblar.
Qazı yenə özündən çıxdı, şəriətnən asdı, kəsdi, yalan-dan şəhəri dağıtmaq istədi.
Axşam oldu, yenə evə gəlib, qılıncı bağlayıb, gəldi pad-şahın evinə. Bu gecə də padşahın qızını götürüb gətirdi evi-nə. Bəşir də hovuzdan qızları gətirdi.
Səhər yenə qızları yerbəyer elədi. Qazı əbasına bürü-nüb, gəldi məscidə. Məhəmməd də qarabaqara gəlib bir tə-rəfdə durdu. Məsciddə dedilər:
– Bu axşam da padşahın qızını aparıblar.
Qazı ta bu səfər özündən lap çıxmışdı. Gəldi padşahın hüzuruna, başını yolub dedi:
– Şəhər əldən gedir. Bu Allahın günahkarlarını tap, daş-qalaq elə. Əgər tapmasan, elə ah çəkəcəyəm ki, göydən şə-hərə od yağsın.
Padşah hökm elədi şəhərdəki lotular tutuldu. Bo-yunlarını vurmağa fərman verildi. Məhəmməd gördü ki, günahkar dura-dura, başqa adamların qırılmasına hökm vermişlər. O səbir eləməyib irəli yeridi. Padşaha baş endirib dedi:
– Padşah sağ olsun, bunların bir günahı yoxdu, onları öldürmə. İstəyirsən günahkar lotunu tapasan, onda bu ax-şamlığa padşahlığı mənə ver. Əgər tapdım, tapdım, tapma-dım onda mənim də onlarnan birlikdə boynumu vurdur.
Padşah razı oldu, onları öldürməyib dama saldırdı.
Axşam oldu. Məhəmməd padşahı, vəziri, vəkili də gö-türüb gəldi qazının evinə. Bunlar bir yanda gizləndilər. Ge-cədən bir xeyli keçmişdi, qazı dedi:
– Bəşir, get qızları gətir.
Bəşir getdi qızların hamısını gətirdi. O dəqiqə də Mə-həmməd, şah, vəzir, vəkil birdən içəri girdilər. Gördülər ki, bütün şəhərdə indiyə kimi itən qızların hamısı burdadı. Bunlar qazını tutub, əl-ayağını bağladılar. Səhər açıldı, qa-zını gətirdilər camaatın içinə, gördüyü işlərin hamısını ca-maata danışdılar. Sonra şah hökm elədi qazını həbsə atdılar. Məhəmməd padşahın padşahlığını özünə verdi, lotuları da azad elədi. Həmin gün atı minib yola düşdü. Az getdi, üz getdi, dərə-təpə düz getdi, gəldi kahaya çatdı. Korun yanına gedib dedi:
– Sən Şirvan qazısının sirrini məndən istəmişdin, gətir-dim.
Korun şadlığından gözləri yaşarıb dedi:
– Yaxşı qisasımı aldın. Get, hər səhər başının altında bir kisə pul, bir dəst paltar olar. Ölüncə keyf elərsən.
Məhəmməd onunla halallaşıb, gəldi öz evlərinə. Cama-atdan özünə tərəfdar topladı. Qırxlotuları qırdı, yenə taxta çıxıb padşah oldu.
DƏNİZİN SUYU NƏ ÜÇÜN DUZLUDUR?
(Yapon nağılı)
Lap qədim zamanlarda, uzaq keçmişdə yer üzündə iki qardaş yaşayırdı. Kiçik qardaş kasıb, böyük qardaş isə, ək-sinə, çoxlu var-dövlət sahibi idi.
Bir gün kiçik qardaş, il təzələnən zamanlarda böyük qardaşın evinə borc almaq üçün gəldi. O, borc olaraq bir girvənkə düyü istədi.
Böyük qardaş acıqlı sözlərlə onu təhqir edib qovdu. Dağ cığırında onun qabağına saçları qar kimi ağ, nurani bir qoca çıxdı və soruşmağa başladı:
– Haralardan gəlirsən?
– Təzə ilin astanasında bir ovuc düyüyə möhtac oldu-ğuma görə böyük qardaşımın evinə getdim. Bilə-bilə ki, o məndən hər şeyi əsirgəyəcək, borc almaq istədim, lakin o məni qovdu, heç bir ovuc düyü də vermədi. İndi isə əliboş evimə qayıdıram.
– Eybi yoxdur, qəm yemə, əgər doğrudan da belədirsə, mən sənə kömək edərəm. Bu kökəni götür, sənə verirəm. Onu götür meşədəki məbədgaha get. Onun arxasında bir mağara var. Burada çoxlu balacaboy adamlar yaşayır. Onlar sənə kökənin əvəzinə çoxlu qızıl dağı vəd edəcək. Razı ol-mayasan ha! Kökəni heç bir şeylə dəyişmə. Təkcə daşdan olan əl dəyirmanından başqa. Yadından çıxartma.
O bu sözlərdən sonra kökəni alıb nişan verilən yerə get-di.
Doğrudan da meşədə dağın tən ortasında bir mağara göründü, ətrafında isə cırtdan boylu adamlar dolaşırdılar.
Kasıb qardaş seyr edərək fikirləşdi:
– Görəsən, onların orada nə işi var?
Onlar yıxılıb-duraraq, büdrəyə-büdrəyə nazik qamış gövdəsini dartıb qaldırır, çətinliklə mağaraya aparmağa cəhd edirdilər.
Onları görcək kasıb qardaş fikirləşdi ki, köməklik etsin:
– Dayanın, mən sizə kömək edim.
Və qamış gövdəsini götürüb mağaraya tərəf qoydu.
Birdən ayağı altında nə isə, elə bil, mığmığa səsiylə ci-yildədi:
– Kömək edin, soyğunçular! Adamımızı öldürdülər!
Yoxsul qardaş ayaqqabısının altlığının arasında qalan və az qalsın ki, əzilən cırtdanboyu xilas etdi. İki barmağı ilə ehtiyatla çıxarıb kənara qoydu.
Birdən onun gözü kasıb qardaşın əlindəki kökəyə sa-taşdı. Ondan kökəni dəyişməyi istədi və əvəzində nə istəsə ona verəcəyini söylədi.
– Gəl, bu kökəni bizə ver, əvəzində nə istəsən sənin ol-sun.
Cırtdan boylu adamlar o dəqiqə qızılı xırda-xırda, zər-rə-zərrə, ağız dolusu mağaranın yanına yığdılar.
– Mənə qızıl lazım deyil, sizdə əl dəyirmanı var, onu mənə verin.
Cırtdanboy gördü ki, nə desə onu fikrindən döndərə bilməyəcək. Kasıb qardaşı mağaraya çağırıb küncdəki də-yirmanı göstərdi.
– Bu dəyirman bizim ən qiymətli sərvətimizdir. Ondan ayrılmaq bizim üçün çətindir. Amma sənin kökəndən çox xoşumuz gəldi, ona görə də heç bir şey demirik, sənin olsun. Götür dəyirmanı, get.
Dəyirmanın daşı da çox möhkəm idi. Cırtdanboy söy-lədi ki, onun qulpunu sağa fırlatsan nə istəsən üyüdüb ve-rəcək, lakin qulpu sola fırlatsan, dayanacaq. Bunu etməsən, sonsuza qədər onu dayandıra bilməzsən. Kasıb qardaş də-yirmanı evə gətirdi.
Arvadı onun yolunu gözləyirdi.