Xeyrin çöküşü. Zaur Pənahov. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Zaur Pənahov
Издательство: Köhlən Nəşriyyatı
Серия: Qaranlıq günəş
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
Adətən tez özlərindən çıxan qazzaları hirsləndirməmək üçün ehtiyatla və sürətlə danışırdı “Onu mən öldürmədim. O ki ekro idi. Mən bir ekronu necə öldürə bilərəm axı? Əksinə, mən onu xilas etməyə çalışırdım. Bizə vidralar hücum etdi. İstəyirsiniz Mudidən soruşun… nəzarətçidən soruşun, onu vidralar öldürdü, mən yox.”

      Keçəl qazza “Boş-boş danışma. Yəni deyirsən mən ekroyla insanı ayırd edə bilmirəm?!” deyə qarşılıq verdi. “Dünən gecə burada vidra görünməyib.”

      Eçso hələ də baş verənlərə bir məna verə bilmir, onu az qala sürüyərək aparan qazzaları günahsız olduğuna inandırmağa çalışırdı. Kömək ümidi ilə ətrafa boylandı. Ancaq ona kömək edəcək heç kəs yox idi. Olsa da, çətin ki, kim isə qazzalara qarşı çıxmaq istəyərdi.

      Bir qədər vaxt sonra Eçso iki qazza ilə birlikdə əlləri bağlı faytonda oturmuşdu. Kənddən çıxıb qocanın öldüyü yerdən keçərkən Eçso özünü təmizə çıxarmaq üçün tək bir vidra cəsədi görməyi ümid etdi. Ancaq ərazidə heç nə yox idi, gecədən qalma döyüş izləri xaric heç nə. Gələrkən buna çox da diqqət etməmişdi. Ancaq indi araba hadisənin baş verdiyi həmin yerdən keçərkən Eçso qəribə şeylərin baş verməyə başladığını hiss etdi. Bunun iki izahı vardı. Ya yuxu görürdü, ya da kim isə ona tələ qurmuşdu.

      Birincisi, uşaqlığından bu yana ailəsini itirdiyi qorxunc gecədən başqa yuxu görməmişdi. Qaldı ki kiminsə ona tələ qurmağına, ayaqqabısından böyük olmayan qonşunun itindən başqa düşməni yox idi. Sinəsindəki bıçaq izi nə deməkdi? Yəni mənim soyuqqanlılıqla onun sinəsinə bıçaq sancdığımı düşünürlər? deyə düşünürdü.

      Araba yavaşlayaraq dayandı. Arabanın burada dayanmağının qazzaların narazı baxışlarından planda olmadığı anlaşılırdı. Eçso bayırdan bəzi tanış səslərin gəldiyini eşitdi. Bir müddət sonra keçəl qazza qapını açaraq “Çıxarın onu,” deyə əmr etdi.

      Arabanın saxlanma səbəbi artıq məlum idi.

      Etrak “Onu niyə həbs etmisiniz?” deyə olduqca ciddi səslə soruşdu.

      Keçəl qazza “O, dünən cinayət işləyib,” dedi. “Yaşlı birini öldürərək pulunu oğurlayıb.”

      “Yox, o, yalan deyir…” Eçso inadla dedi. “Siz ki bilirsiniz, onlara həqiqətləri deyin, siz qocanın necə öldüyünü bilirsiniz.”

      Etrak “Aydındı,” dedi, sadəcə. “Onun əllərini açın qalanı bizlikdi.”

      Keçəl qazza duruxaraq “Necə yəni bizlikdi?” dedi. “O cinayətkardı, sizin onu buraxma hüququnuz yoxdu!” Etraka tərəf addım atıb səsini yüksəltdi.

      “Bura bax döyüşçü, niyyətin nədir bilmirəm, ancaq bir də önümdə səsini yüksəltsən, danışmaq üçün özünə başqa dil axtarmalı olacaqsan. Qaldı ki hüquqlarıma, səni elə buradaca öldürməyə hüququm çatır. Aç onun əllərini və rədd ol buradan.”

      Yekə cüssəli keçəl qazza hirsindən dəliyə dönsə də, ağzını açmağa cəsarət etmədi. Etrakın qara forması və yaxasındakı qızılı Üçlük nişanı, onun kim olduğunu artıqlaması ilə göstərirdi. Nakra liderindən sonra nakra döyüşçüləri üzərində ən çox sözə sahib ikinci şəxsə qarşı gələ bilməzdi. Ona qarşı çıxmaq Üçlüyün özünə qarşı çıxmaq demək idi.

      Qazzalar heç bir söz demədən istəksizcə Eçsonun əllərini açıb arabaya minərək oradan sürətlə uzaqlaşdılar.

      Eçso qazzanın getməyi ilə dərin bir nəfəs aldı. Minnətdarlığını bildirmək üçün qara geyimli nakra qarşısında başını xəfif önə əyərək “Çox sağ olun,” dedi. “Yaradıcı ruhunuza mərhəmət etsin.”

      Etrak gözlərini gedən arabadan çəkmədən “Haradan gəlmisən?” deyə soruşdu. Səsində soyuqluq hiss olunurdu.

      “İkram qəbiləsindən. Yaşıl kənddən gəlmişəm,” deyə cavab verdi.

      Önə gələrək aralarındakı məsafəni qısaldan Etrak “Yaxşı, Yaşıl kəndli gənc Eçso,” Eçsonun düz gözlərinin içinə baxıb, “De görüm, nə üçün yüksək rütbəli müdafiəçi qazzalar səni etmədiyin bir iş üçün həbs etməyə çalışırlar?”

      Eçso, Etrakın nə demək istədiyini gec də olsa anlamışdı. Keçirdiyi həyəcandan özü bu incə detala fikir verməmişdi. Müdafiəçi qazzalar heç bir təqdirdə qanun pozuntusu ilə maraqlanmırlar. Onların işləri gecələr ortalığa çıxaraq insanları vidralardan müdafiə etməkdir.

      “Bilmirəm,” dedi Eçso başını silkələyərək. “Deyirlər guya axşam burada vidra olmayıb, qocanı isə mən öldürmüşəm.”

      Etrak gəncə uzun-uzun baxdı. Sanki, onu kitab kimi oxumağa çalışırdı.

      “Bura nə üçün gəlmisən?” deyə soruşdu.

      Eçso ona ildə iki dəfə bu bərəkətli torpaqlara gələrək nənəsi üçün şəfalı bitkilər topladığını və ilk dəfədir bu cür hadisəylə qarşılaşdığını lazımsız detalları ilə birlikdə danışdı.

      Etrakın gəncin səmimiyyətinə heç bir şübhəsi qalmadıqda, dönərək Aqrenə ekro dilində nə isə dedi. Aqren də eynilə ona ekro dilində cavab qaytardı. Qısa dialoq zamanı qadın nakra silahdaşını inadla nəyəsə inandırmağa çalışırdı. Əlini arada bir Eçsoya uzadıb nə isə danışır, Etrak isə başını yelləyərək etiraz edirdi. Nəhayət, Aqren “Heç olmasa bir neçə sual verməyimə icazə verin,” dedi.

      “Yaxşı. Amma çox uzatma.”

      Aqren gəncə yaxınlaşaraq “Qazzaların səni niyə tutmaq istədikləri haqda heç bir təsəvvürün yoxdu?” deyə soruşdu. “Yəni hər hansı bir şey… nə bilim, bəlkə də, səni sevməyən bir nəfər həbsə düşməyini istəmiş ola bilər?”

      Eçso çox düşünmədi “Yox,” dedi başını yelləyərək. “Mənim pisliyimi istəyəcək heç kəsi tanımıram. Düzdü, qazzaların məni həbs etmək istədiklərini bilirdim. Çünki gecə kəndi tərk etmişdim. Ancaq mənim o qocanı öldürdüyümü deyirlər.”

      Aqren “Yaxşı, bir dənə də sualım var,” dedi. “Kənddən çıxan zaman… arxadan qazza deyə səsləyən vaxt sən nə hiss etdin?”

      Eçso “Mən qorxdum, çox qorxdum,” deyə cavab verdi.

      “Yox, onu demirəm, başqa nə hiss etdin? Yəni başqa heç vaxt qarşılaşmadığın bir hiss?”

      Eçso bir az düşünüb “Yox,” dedi başını yelləyərək, “qeyri adi heç nə… Dayan görüm, bunları siz haradan bilirsiniz? Həmin vaxt orada qazza və məndən başqa heç kəs yox idi.”

      Aqren “Bu vacib deyil,” dedi sualdan yayınaraq. “Deyirsən qeyri adi heç nə? Yaxşı.” Ümid qırıqlığı ilə dərin nəfəs aldı. Həmin vaxt gözləri Eçsonun kirli parçayla tələsik sarınmış əlinə dəydi. “Əlinə nə olub?” deyə onun əlindən tutdu.

      “Deyəsən yanıb. İndi elədə çox ağrımır.”

      Aqren