Yalnızıq. Пеями Сафа. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Пеями Сафа
Издательство: Hadaf Neshrleri
Серия:
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
yox oldu, söndü. Bələdçim yoxlamanın bitdiyini xəbər verdi və dedi:

      – İndi qarşıdakı böyük qüllədə işıq yanacaq. Qırmızıdırsa, rədd edildiniz. Yaşıldırsa, qəbul edildiniz.

      Sakitcə və diqqətlə qülləyə baxdım. Məni utandırmasın deyə Allaha yenidən yalvardım. Nə qədər zaman…”

      ***

      Bəsim hələ də oxuyurdu ki, birdən Məfharət bağırdı:

      – Qatar gəlir!

      Bəsim dəftəri bağladı, siyirməyə qoydu, qıfılladı və birlikdə otaqdan çıxdılar. Yemək otağının eyvanında oturdular.

      Gözlərini baxça qapısından ayırmayan Məfharətin üzündə qəzəb və narahatlıq hiss edilirdi. Aydın görünürdü ki, söyləyəcəyi sözlərin hər kəlməsinə təxmin ediləcək qədər kəskin və açıq bir ifadə verəcək…

      Bəsim onun hislərinə yeni bir istiqamət verə bilmək üçün saatına baxdı:

      – Qatarın gəlməsinə hələ otuz beş dəqiqə var. Fit səsi səni aldatdı. Bir az da oxuya bilərdik. Ağlım Simeranyanın qülləsində qaldı. Ağabəyim bunlardan bizə heç danışmaz ki…

      Məfharət böyük bir qəzəb hissini zəbt etməyə çalışdığı zaman etdiyi kimi dişlərini bir-birinə sıxaraq, kəlmələri bir-birinə dolaşdıra-dolaşdıra sürətlə:

      – Ehtiyac yoxdur, – dedi, – mənim şübhəm qalmadı.

      Simeranya qülləsində işığı gözləyən Bəsim fikri dağınıq olduğu üçün yanlış anladı:

      – Hə! Çox şükür.

      Məfharət böyük sinəsini silkələyən bir hərəkətlə yerindən sıçradı:

      – Xeyr! Elə deyil! Şübhəmin doğru olduğuna şübhəm qalmadı.

      – Dəftərdə heç bir ad yox idi axı…

      – Buna ehtiyac varmı, yavrum? “Sezirlərmi”, – deyir, bizim haqqımızda danışarkən “Mən bu sirrin ağır yükünü daşıya bilmirəm”, – deyir. “Süfrədə sükutdan donuram”, – deyir. Hacət varmı başqa bir sözə? Hər şey açıq-aydın ortadadır da…

      – Ağabəyim mən onu tanıdım-tanıyalı sirr dağarcığıdır… Sükut dondurmasıdır…

      – Ay balam, elədirsə, nədən çəkinir? Səlmin haqqında dediyi kəlmələrə fikir vermədinmi? “Qarşısında dayanmaq mümkün olmayan cazibəsi”, – deyir.

      – Doğrudur. Mən də güclə dayanıram…

      – Bəs göy kostyum? (C…) dediyi Cahidə? Səlmin onun dərzisinə tikdirmədimi kostyumunu?

      – Bütün “C” hərfi ilə başlayan adlar Cahidəsə və İstanbulda Cahidə ilə Səlmindən başqa kostyum geyinən qız yoxdursa, şübhələnməkdə haqlısan. Göy rəngi də sən uydurdun…

      – Ay balam! Səfehləmə… Mənim haqqımda da danışır. Anası deyir.

      – Anasından olan qız ancaq Səlmindirmi?

      – “Eşqinin yetərsizliyi anasını əldən saldı”, – deyir. Bax o mən deyiləmmi? Ərimin tez ölməsinə eyham vurmurmu?

      Bəsim yanaqlarını şişirdən səssiz bir qəhqəhənin havasını udduqdan sonra, səsində hiss olunmasından qorxduğu istehzanı şəfqət tonu ilə masqalayaraq cavab verdi:

      – Ablacığım, ağabəyim şuxluğu öldürməyən bir eşqin yetərsizliyindən bəhs edir. Laroşfukoya8 görə eşqin nazı, yəni işvəbazlığı öldürməsi tələb olunur. Öldürməzsə, yarımçıq qalır və sevən qadını tərəddüdün daxili mücadiləsi ilə əldən salır. Əri vaxtından əvvəl ölən qadınlarda eşqin deyil, taleyin yetərsizliyi var. Əksinə, indi səninlə o qaranlıq sevgiliyə başqa bir ana axtarmalıyıq. Müəmmanı belə aydınlaşdıra bilərik.

      – O ana mənəm. Əgər bu qız Səlmin deyilsə, bu köşkdəki payımı sənə verəcəyəm. Anladınmı? Səninlə belə bir mərc sözü də kəsə bilərik. Nədir, nə deyirsən? Bəhsə girirsənmi?

      – Şinasi ötən gün öz qızı ilə altı il münasibətdə olub iki dənə də uşaq dünyaya gətirən sirli bir atanın məhkəmə işini apardığını söyləyirdi. Bu əcaib dünyamızda əxlaqın bu səviyyəyə düşdüyünü iddia etsək, o əsrarəngiz adama da, sənə də haqq verərdim. Lakin nəvələrinin həm atası, həm də babası olan orijinal adamın əsrarəngizliyi də, cəsarəti də ağabəyimdə yoxdur. Sevgisində, sadəcə, sirr var, başqa bir şey deyil… Sən Səlmini ona bu qədər münasib görürsənsə, deməliyəm ki, gecikmisən. O bəxtiyar adam hamıdan cəld davranıb… Hər kəsi qabaqlayıb…

      Məfharət qarşısındakı masanın üstündən külqabını götürdü… Yuxarı qaldırdı, mərmər pilləkənlərə tolazlayacaqmış kimi havada silkələdi, lakin müəyyən bir tərəddüddən sonra təkrarən yerinə qoydu:

      – Səninlə danışmaq mümkün deyil, – dedi.

      Bəsim böyük bir təhlükə keçirmiş büllur qaba ürəyində “keçmiş olsun” dedikdən sonra mızıldandı:

      – Amma mən səninlə də danışmasam, ya çatlayacağam, ya da Simeranyaya yollanacağam.

      – Bəxtiyar adam dediyin kəs böyük qardaşımdır.

      – Dəftərdə çox bədbəxt görünür…

      – Vicdan əzabı çəkir.

      – Mən vicdan əzabından əsər-əlamət belə görmədim. Düzdür, əzab çəkməyinə çəkir, amma səbəbi bəlli deyil. Həm də… Əzab çəkmək, ümumiyyətlə, onun təbiətindədir. Məsələn, mənim güldüyüm şeylərin hamısına o ağlayar. Yaşıl hekayəsinə çaşdım, bacı. Səkkiz ay əvvəl qız ona yaşılı sevdiyini söyləyib. Al bu da sənə səkkiz saatlıq yuxunun arasına girən bir məsələ… Ya o zaman yalan söyləyib, ya da indi. Belə çıxır ki, ağabəyimdən də, onun yaşılından da soyuyub. Başqa bir ehtimal varmı? Yox. Madam ki, yoxdur, deməli, yuxu da yoxdur. Yaşıllanmağın bu cürünü heç görməmişdim.

      Kəskin bir qatar fitinin səsini eşidən kimi qulaq pərdəsinə iynə batmıştək yerindən sıçrayan Məfharət bağırdı:

      – Budur bax, gəlir!

      Bəsim bir daha saatına baxdı.

      – Qatarın gəlməsinə hələ iyirmi beş dəqiqə var.

      Məfharət yuxarı qalxan dirsəklərini aşağı endirdi. Üzü artıq bir gəlincik9 tarlası idi. Qıpqırmız qızarmışdı… Hətta o dərəcədə ki, bu qırmızılıq arasında dodaqlarının tünd boyası belə görünməz olumuşdu.

      Məfharət birdən-birə iki əlini də Bəsimə doğru uzatdı:

      – Bəs gəmi? – deyə bağırdı.

      – Hansı gəmi? Bura Kadıköy deyil, Yaşılköydür. Bu saatda bura gəmi işləməz.

      – Xeyr, dəftərdəki gəmini deyirəm.

      – Hə!… Göyərtədə yanaq-yanağa dayanmışdılar. Orada mənim anladığım qədərilə eşqə bənzər nələrsə var, amma sonu yenə göz yaşı ilə bitir. Münasibətlərin, kövrəkliyin beləsini də heç sevmirəm…

      Məfharət