Yalnızıq. Пеями Сафа. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Пеями Сафа
Издательство: Hadaf Neshrleri
Серия:
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
bir pərdə alçalmasından içindəki həyəcanın zirvədən aşağı enməkdə olduğunu başa düşən Bəsim öz səsini də bu enişə uyğunlaşdıraraq bacısına yaxınlaşdı:

      – Mənimlə danış, abla… Gəl, birlikdə fikirləşək… Birlikdə çıxış yolu tapaq.

      İki əli ilə qardaşını deyil, boşluğu itələyən Məfharət bağırdı:

      – Sən bir kənara dur görüm… Heç sən də ciddi adam deyilsən…

      – Qoy çağıraq, gəlsin. O gələnə qədər yanındayam, abla… Otur burada, otur… Sakitləş…

      Sonra da Məfharətdə maraq hissi oyadaraq diqqətini başqa istiqamətə yönəltmək və qəzəbini azaltmaq üçün əlavə etdi:

      – Mənim də bildiyim məsələlər var… Öyrəndiyim işlər var, dinlə bir görək.

      Bu söz ağzından çıxar-çıxmaz siqaret qutusunu çıxardı:

      – Al bu siqareti, özün də gəl bax burada əyləş, görüm.

      Qadının qəzəbi bir andaca maraq hissinə məğlub oldu.

      – Tez söylə, tez söylə, yoxsa dəli olacağam…

      – Əyləş.... Hə… Eşit bir… Ərə gedəcək.

      Məfharət bütün bədənini şişirən bir gərginliklə başını arxaya doğru ataraq soruşdu:

      – O oğlanamı? İs-tə-mi-rəm! Məni məcburiyyət qarşısında qoymağa çalışdı, eləmi? Belə elədi ki, səsimi çıxara bilməyim! İstəmirəm!

      – Yox, onunla evlənməyəcək… Yox, nişanlısıyla yox…

      – Bəs kiminlə axı?

      – Çox orijinal şərəfimə and içirəm ki, abla, nişanlısı ilə deyil… Uşağın atası o deyil…

      – Bəs kimdəndir axı? Kiminlə evlənəcək? Dəli olacağam…

      – Əgər bu məsələ dəlixanada həll edilə bilsəydi, abla, inan ki, mən də böyük məmnuniyyətlə səninlə birlikdə dəli olardım. Əksinə, sakit olmaq lazımdır. Sakit ola bilsən, özünə gələrsən… Təzyiqin, az qala, otuza qalxıb…

      – Onsuz da, öldürəcəksiniz məni.

      – Dayan bir, eşit… O bəxtəvər adamın adını soruşma. Mən də bilmirəm. Bircə onu aydınlaşdırdın ki, nişanlısı deyil.

      Məfharət yumruqlarını sıxmışdı. O naməlum adamı otağın içərisində axtarırmış kimi ətrafına boylanıb soruşdu:

      – O zaman kimdir axı o? Harada, hansı arada, nə tez? O oğlandan sonra kiminlə tanış oldu axı bu? Özü də belə bir qısa müddət ərzində…

      Sonra qardaşının iki əlini də birdən havadaca qapdı:

      – Mən sənə bir şey deyimmi, Bəsim? – dedi, – istəyirsənsə, dəli olduğumu de mənə… Amma…

      – Anlayıram. Başa düşürəm səni… Deməyinə ehtiyac yoxdur… Kimdən şübhələndiyini bilirəm.

      – Çünki sən də ondan şübhələnirsən, düz deyirəmmi?

      – Xeyr… Buna şübhə deyə bilmərəm… Ancaq… Ablacığım, dünən biri burada idi, o biri isə yox…

      – Bilmirəm. Dünən gecə başqa məsələ… Nə deyir indi? Kimdən olduğunu demir, eləmi?

      Bəsim bacısına fikirləşmək üçün zaman vermək istəyirmiş kimi bir qədər duruxdu, sonra cavab verdi:

      – Çox səbrsizlik edirsən… İki dəqiqə belə danışa bilməmişdik ki, fırtına kimi başımızın üstünü aldın. Narahat olma. Axır-əvvəl anlayacağıq.

      – Sən nə deyirsənsə de, mənim şübhəm hələ də davam edir.

      – Haqlısan, araşdırarıq, onu da anlayarıq…

      – Qalx ayağa… İndi, elə indi otağına gedək.

      Bəsim divar saatına baxdı və ayağa qalxdı.

      – Qatarın gəlməsinə bir saatdan artıq vaxt qalıb. Gecələr nələrsə yazır. Tapaq, oxuyaq. Casusluq murdar hərəkətdir, amma…

      Bəsim də qalxdı.

      – Gedək, oxuyaq, – dedi, – heç bir şey sənin bu halın qədər dəhşətli ola bilməz. Yazı otağının qapısı bağlı deyil ki?

      – Mən onu açacaq açar taparam.

      – Allahın altında oğurluq etmək sənin bu qəzəbindən daha qəbulediləndir. Dünyanın sakitliyi üçün səssiz bir cinayəti bu cür səs-küy salmaqdan daha üstün tuturam. Simeranyanı kəşf edənin yazı otağının qapısını açmaq üçün açar axtarıb tapmaqda da mənim əxlaqıma zidd ola biləcək heç nə yoxdur.

      – Məgər sənin əxlaqınmı var, Bəsim?

      – Nə qədər rahat yaşadığımı görürsən. Ən əxlaqlı adamdan belə daha zərərsizəm. Məndən indiyə qədər ziyan gördünmü, abla?

      – Ziyan vermək üçün fürsət tapa bilməmisən də, ona görə…

      Bəsimin sevimli gözlərindən iki mavi quş pərvazlanıb Məfharətin çiyinlərinə qondu.

      – Fürsət tapa bilməmişəm, eləmi?.. Daha bir qızın da olsaydı, o zaman sənə göstərərdim…

      Söz ağzından çıxar-çıxmaz bacısının qoluna girdi:

      – Gəl, – dedi, – Simeranyaya filan qulaq asma… Hər bir caninin içində mütləq və mütləq təmiz bir dünya var… Ora qaçmaq insanın özündən nifrət etdiyini ifadə edir. Mən hamamı səndən daha çox sevən fahişələr tanıyıram. Bu təmizlik həsrətinin sirrini indi biz iş otağının bir küncündə tapmağa çalışacağıq… Bəlkə də, tapa bildik… Mənim də ürəyimə şübhə toxumu səpdin… Dünya bu qədər marağa və həyəcana dəyərmi?

      ***

      “Son gəmi. Göyərtənin ön tərəfindəyik. Yaxınlıqda heç kim yoxdur. Saçlarımız, az qala, bir-birinə toxunur. Külək onun saçlarını mənimkinə, bədəninin qoxusunu isə dənizinkinə qarışdırır. Gözlərim yumulub. İki əli də ovuclarımda… Sıxıram… Başını zərif bir hərəkətlə çəkir və yaz baxışları ilə gözlərimi arayaraq gülümsəyir. Üzündə qarşılıqlı bir yuxu anının dalğınlığı var… Sonra bu izləri ağır düşüncələrdən yaranan dəhşət hissi əvəz edir. Qorxu sarayının qapqaranlıq dəhlizlərində dolaşan tənha və məhbus bir şahzadə kimi gözləri qaranlığı əmir… Sonra böyüyür, irilənir və gözəlləşir… Mən onun tənha qəlbinə uzaqdan da olsa, səsimi çatdırmaq üçün ən gözəl hislərim haqqında qulaqlarına pıçıldayıram. Sonra dodaqlarımı yanaqlarına yaxınlaşdırıram. Üzü od tutub yanır… O dərəcədə yanır ki, bir az sonra kül olub dağılmasından qorxuram. Sonra incə bir nəmişlik… Xəfif bir titrəmə. Gözlərinin içinə baxıram. Qaranlıqdır… Soruşuram:

      – Ağlayırsanmı?

      Gözlərini yumur…”

      ***

      “İndi pəncərəmdə, bu bahar səhərində vələs ağacların arası ilə uzanan dumanlı yola baxa-baxa…”

      ***

      “İki