Şimali Azərbaycan təbii sərvət baxımından ehtiyaclarını özü ödəyə bilən ölkələrdəndir. Azərbaycan Respublikası iqtisadiyyat baxımından cənubi Qafqaz respublikalarının ən zənginidir. Neft Bakı şəhərinin ən başlıca məhsullarından biridir. Qədim ərəb tarixçiləri Bakını “arzun-nefata” (neftli torpaq) adlandırırdılar. Bu gün həyatda mühüm rol oynayan neft ərəblər zamanında da məlum idi. Bakı neftindən Dərbəndin (Babül-Əbvab) müdafiəsində istifadə olunması ərəb mənbələrində qeyd edilir. Marko Polo da Bakı ətrafındakı bu neft mənbələrindən məşhur səyahətnaməsində bəhs edir.
Bir çox zamanlar bəsit üsulla az miqdarda neft istehsal olunurdu. İstehsal mexanikləşdirildikdən sonra neft hasilatı daha da artdı. Birinci Dünya müharibəsindən əvvəl Bakı nefti dünya neft istehsalında ikinci yerdə gedirdi. Burğu maşınları gecə-gündüz fəaliyyətdə idi. Bakıdan Sabunçu və Suraxanıya uzanan yol boyunca neft quyularının hündür qüllələri böyük meşəni xatırladırdı. Sovet hakimiyyəti dövründə Bakıda “Neft daşları” deyilən ərazidə dənizdən neft çıxarılmağa başlanmışdır.
Bakı və onun ətraf rayonları Azərbaycanın iqtisadiyyatında çox mühüm rol oynamış və oynamaqda davam edir. Neft Bakıdan dəmir borular vasitəsilə (890 km) Batumi limanına göndərilir, oradan da xarici ölkələrə ixrac edilir. Neft təkcə Abşeron yarımadası ilə Bakı ətrafında deyil, Azərbaycanın digər rayonlarında da çıxarılır.
Şimali Azərbaycanda neftdən başqa müxtəlif metallar da çıxarılır. Onlardan misi, dəmiri, kobaltı, qurğuşunu (Qarabağda), kömürü, maqneziti, natrium sulfatı, göl və qaya duzlarını, cüzi miqdarda qızıl və gümüşü (Qarabağda) göstərmək olar. Mis Qafqazda, ən çox Zəngəzur və Gəncədə istehsal olunur. Gədəbəy və Qafanda da (Zəngəzurda yerləşir) mis mədənləri vardır. Dəmir mədəni Gəncə ərazisində (Daşkəsəndə) mövcuddur. Cavad xanın zamanında Gəncə ətrafında dəmir əridən ocaqlar fəaliyyət göstərirdi. Naxçıvanda qaya duzu, Abşeron yarımadasında və Bakının şimalındakı göllərdən göl duzu istehsal edilir. Ağstafada olan çayların yatağındakı qumlardan və bir də mis mədənlərindən az miqdarda qızıl alınır. Bundan başqa, Şamaxının yaxınlığında yerləşən Nail dağında, Gədəbəydə və Qərbi Aroqva dərələrində də qızıl mövcuddur.
Bu metallarla yanaşı, az miqdarda kükürd (Gəncə ərazisində), maqnezit (Kəpəz dağı ətəyindəki Çaykənd ətrafında), alüminium istehsalına yarayan alunit (Gəncə daxilindəki Zəylikdə), natrium-sulfat, zəy (Şamxorda), sumbata Gəncə (Qaraqulaqda) və azbest Sarıbaba (Şuşada) vardır.
Azərbaycandakı düzənliklərin çoxu yovşan bitən şoran çöllərdən ibarətdir. Ancaq Kür və Araz çaylarının sahillərində qovaq, söyüd ağaclarından ibarət meşələr vardır. Böyük və Kiçik Qafqaz dağlarında da meşələr var və bu meşələr 2000 m yüksəkliyə uzanır. Daha yuxarı hissələrdə çəmənlik sahələri başlayır.
Talış dağlarının yamacları demək olar ki, tamamilə meşə ilə əhatə olunmuşdur. Subtropik iqlimə malik olan Talış ərazisi müxtəlif bitkilərlə örtülüdür. Bunların arasında ipək akasiya, dəmirağacı və s. mövcuddur. Kür və Araz hövzələrinin sahil boyu aşağı bataqlıq ərazisində qarğı və qamış bitir. Lənkəranın iqlimi isti ölkələrə məxsus bitkilərin yetişdirilməsinə imkan verir. Yüksək ərazilərdə istiliyin azalmasına görə bitkilərin həyat dövrü 6-8 həftəyə qədər məhdudlaşır. Meşələrdəki ağaclar yarpağı tökülənlər və şam cinsinə aiddir.
Şimali Azərbaycanın heyvanat aləmi də zəngindir. Burada dağ keçisindən tutmuş tülkü, dovşan və ayıya qədər hər cür vəhşi heyvanlara, müxtəlif növ quşlara rast gəlmək olar. Çöllərdə ceyran saxlanılır. Talış meşələrində pələng, kaftar və böyük kir-piyə təsadüf olunur. Qamışlıq və kolluqda vəhşi donuza, çaqqala, vəhşi pişiyə daha çox rast gəlinir. Şimaldan uçub gələn müxtəlif quşlar Xəzər dənizinin sahilindəki göllərdə və bataqlıqlarda qışlayırlar. Kür və Araz çayı boyunca yerləşən rayonlarda balıq ovlamaq üçün böyük imkanlar vardır. Bu çaylarda balıq olduqca çoxdur. Salyan şəhəri mühüm balıqçılıq mərkəzidir. Naqqa, ağbalıq, çəki kimi müxtəlif cinsli dadlı balıqlar tutulub konservləş-dirilir, kürü istehsal olunur. Çox miqdarda istehsal olunan qara kürü xarici ölkələrə ixrac edilir.
Azərbaycanda ipəkçilik Zaqafqaziyanın digər rayonlarında olduğu kimi, əsrlərdən bəri məlumdur. İxrac edilən bu məhsul ölkənin iqtisadiyyatında böyük rol oynamışdır. Bu işlə məşğul olan əsas rayonlar Nuxa, Göyçay, Ağdam, Zaqatala qəzaları ilə yanaşı Dağlıq Qarabağ və Naxçıvandır. 1927-ci ildə 1400 ton barama istehsal edilmişdir. Əvvəllər Azərbaycan ipək toxumunu əsasən Bursadan alırdı. Aşağı növlü tütünün 9/10-u əsasən Zaqatala və Nuxa qəzasında əkilir. Bunlardan başqa, ölkənin ehtiyacını ödəyəcək miqdarda meyvə, tərəvəz yetişdirilir. Yerli xalq arasında isə qarpız əkininə rəğbət daha çoxdur. Ölkədə yetişdirilən qarpızlar geniş miqyasda xarici bazarlara çıxarılır. Biyan bitkisi əsasən Kür və Araz çaylarının vadilərində yabanı halda bitir. 8-16 min tona qədər tədarük edilən bu məhsulun demək olar hamısı İngiltərə və Amerikaya göndərilirdi.
Azərbaycanın iqtisadiyyatında heyvandarlıq da mühüm yer tutur. Heyvandarlıq sadəcə olaraq əkinçiliyin yardımçı bir qolu olmayıb, müstəqil bir sənət kimi böyük rol oynamaqdadır. Hələ də azərilər arasında köçəri və yarıköçəri halında heyvandarlıq sənəti qorunub saxlanılmaqdadır. Çünki Şimali Azərbaycanda olan çəmənliklər, isti iqlimə malik çöllər buna imkan verir. Böyük və Kiçik Qafqaz dağlarının ətəkləri başdan-başa otlaqlardan ibarətdir. Çöllər isə qışlama üçün əlverişlidir. Heyvan sürüləri yazda yüksək dağlıq zonalara çıxarılır, payızda isə arana endirilir. Xalq həyatında və hətta ədəbiyyatda özünə yer tapan bu hə-yat tərzi azəri türkləri mühitində “dağ köçü”, “aran köçü” təbiri ilə məşhurdur.
Şimali Azərbaycanda, əsasən Bakıda nefttəmizləmə zavodlarından başqa tütün fabrikləri, bez fabriki, sement, un, konserv zavodları mövcud olduğu kimi, Şəkidə, Gəncədə, Şamaxı və Naxçıvanda (Ordubad) da ipək fabrikləri vardı. Gəncə, Kürdəmir və başqa yerlərdə pambıqtəmizləyən, çiyid yağı istehsal edən zavodlar fəaliyyət göstərirdi. Qubada, Şirvanda, Qarabağda və digər yerlərdə gözəl və dünya şöhrəti qazanmış səccadə (ibadət xalçası), kilim və xalçalar toxunurdu. 1920-ci ildən sonra bu müəssisələr ruslar tərəfindən zəbt edildi. Şimali Azərbaycanın ixracatını neft, sənaye yağları, buğda, arpa, pambıq, yun, ipək, balıq, kürü, biyan kökü, tütün, yağ, zəfəran, küncüt, üzüm, meyvə, heyvan, mis, xalça, kilim təşkil edir. Bunlardan başqa, qədimdən mövcud olan yerli ormanlardan palıd, qoz ağacları ixrac edilirdi. Kür çayının sahillərində yetişən biyan kökü Gəncədə zavodda emal edildikdən sonra maye halında Avropaya göndərilirdi. Azərbaycanda iqtisadi inkişaf hələ çar hakimiyyəti dövründən meydana gəlmişdir. Bu inkişaf 1905-ci il inqilabının təsiri ilə ən yüksək dərəcəyə çatmış və bu tarixdən etibarən türklər ticarət sahəsinə atılaraq böyük