Azərbaycan istiqlal mübarizəsi tarixi . Хусейн Байкара. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Хусейн Байкара
Издательство: JekaPrint
Серия:
Жанр произведения:
Год издания: 0
isbn: 978-9952-9999-9-0
Скачать книгу
bir yardım Azərbaycana edilməmişdir.

      Azərbaycanın işğalının 50 illiyində, 1970-ci ildə Brejnevin sadiq marşalı Qreçko və “KQB” rəhbəri general Andropovla birlikdə qəfil Bakıya gəlməsi və Azərbaycan xalqına sanki göz dağı verirmiş kimi Napoleon sayağı jestlərlə Rus işğalçı ordusunun Bakının geniş küçələrini keçməsinin şərəfinə böyük plakatlar çəkdirmiş və bu Azərbaycanın yaxın və uzaq qonşularının gözündən yayınmayaraq yaddaşlara həkk olunmuşdur.

      Bu mücadilənin içində olan bir istiqlalçı üçün öz xalqının əsirlik tarixini yazmaq nə qədər acıdırsa, xalqını əsarətdən qurtarmaq üçün səyini və qurtuluşa inanmasını da görmək o qədər təsəlli vericidir.

      Sağlığım, yaşım və əhatəmin əlverişli olmadığı bir dövrdə bu işi tamamlamağa güclü əsəb lazım idi. Kitabda bəzi düzəliş və sözlərə görə kimsəni qınamıram. Mövzu Türkiyə mətbuatı üçün o qədər nabələddir ki…

      Kitabımı bitirərkən “Azərbaycan istiqlal mübarizəsi”nin məlum olan və məlum olmayan əziz şəhidlərinə Ulu Tanrıdan çox rəhmətlər diləyirəm. Əziz və müqəddəs şəhidlərimiz, mübarizə davam edir və edəcəkdir…

Hüseyn Baykara Şişli – İstanbul, 28/5/1975

      MUXTARİYYƏT HEKAYƏSİNDƏN…

      YAXINDA DİLDARIN NƏSİB OLMASA,

      ÜMİDSİZLİK MƏNİ DÜŞÜRMƏZ YASA.

      ALARAQ ƏLİMƏ DƏMİRDƏN ƏSA,

      BİR GÜN HÜZURUNA GƏLƏCƏYƏM MƏN!

ƏHMƏD CAVAD Azərbaycan şairi

      İstiqlal, o sönməyən bənzəyər bir məşələ,

      Könüllərdə yerləşər, gözlərdə sönsə belə..!

Gültəkin (Emin Abid) Azərbaycan şairi

      ŞİMALİ AZƏRBAYCAN COĞRAFİYASI VƏ İQTİSADİYYATI

      Şimali Azərbaycan Qafqazın cənub-şərq hissəsində yerləşən və bu gün Sovet Sosialist Respublikaları İttifaqına daxil olan on beş ölkədən biri sayılır. Bu ölkə şərqdə Xəzər dənizi, şimalda Dağıstan, şimal-qərbdə Gürcüstan, cənub-qərbdə Ermənistan respublikaları, cənubdan İran Azərbaycanı ilə əhatələnib. Köhnə Rusiya imperiyasının Bakı və Gəncə qəzası ilə Yerevan vilayətinin Zəngəzur və Şərur qəzaları köhnə İlisu xanlığını tərkibində olan Zaqatala bölgəsi Azərbaycanın şimal ərazisini təşkil edir. Bununla bərabər, Xəzər dənizi sahilində yerləşən Abşeron (Avşaran) yarımadası ətrafında yerləşən Nargin və Vulf kimi adalar, Qızıl Ağac körfəzindəki Sarı Ada, Duvan və bir çox kiçik adalar da Azərbaycana aiddir. Qafqazdakı Azərbaycanın sahəsi Azərbaycan Cümhuriyyətinin 1919-cu ildə nəşr etdiyi bir statistikaya görə 94,137 kvadrat kilometrdir. Müstəqil Azərbaycan Cümhuriyyəti ordu işğalı altında 1920-ci ildə Sovet Sosialist Respublikaları İttifaqına daxil olunduqdan sonra isə ərazi dəyişikliyi edildiyindən sahəsi kiçilmişdir. Bu arada Qarayazı ilə Borçalı Gürcüstanın tərkibinə salınmış, Qazaxın bir hissəsi ilə Zəngəzur qəzası Ermənistana birləşdirilmiş, Naxçıvana isə Azərbaycanın tərkibində qalaraq muxtariyyət verilmişdir.

      Orta əsrlər islam tarixçi və coğrafiyaçılarının “Şirvan”, “Arran”, “Muğan” və alban adlarını verdikləri ölkələr sonradan Azərbaycan ünvanı altında toplanmışdır. Zəngin təbii sərvətlərilə bir çox xüsusiyyətlərə malik olan şimali Azərbaycan əksər dövrlərdə gah İran, gah Osmanlı dövlətlərinin, sonda isə, yəni 1828-ci ildən etibarən tamamilə rusların idarəsi altında qalmışdır. 1917-ci ildə Rus inqilabı qələbə çaldıqdan sonra, 28 may 1918-ci ildə Müstəqil Azərbaycan Cümhuriyyəti elan edildi. İki il davam etdikdən sonra Şimali Azərbaycan Qızıl Ordu vasitəsilə işğal edilərək 1920-ci ildə Sovet Sosialist Respublikaları İttifaqına zorla qatılmışdır.

      Azərbaycan torpaq strukturu etibarilə bir-birindən fərqli müxtəlif təbii ərazilərə ayrılır. Şərq hissəsi düzənlik, qərb, cənub-qərb hissəsi isə zirvələri qarla örtülü yüksək dağlar, yaylalardan ibarətdir. Azərbaycanın şimal hissəsini Abşeron yarımadasındakı kiçik təpələrə söykənən Qafqaz dağlarının cənub-şərq ucu təşkil edir. Abşeron yarımadasında daşlı və alçaq ovalıqlarla yanaşı ara-sıra bəzi təpələr də yüksəlir. Yarımadanın müəyyən ərazisində böyük iqtisadi əhəmiyyətli neft yataqları vardır. Qaynar suları, yanar qazları ilə zəngin olan bu ərazi bir atəş yurdudur. Burada yer titrəmələri əskik olmur. Ərazidəki kiçik adaların əksəriyyəti bu titrəmələr zamanı yeraltı təzyiqlər nəticəsində yüksələrək, dəniz üzərinə qalxmışdır. Bu zonaya Bakı, Quba, Şamaxı ilə yanaşı Nuxa və Zaqatala qəzalarının şimal hissəsi də daxildir. Mərkəzi hissəsini bütün məmləkət boyunca uzanan Kür ovalığı təşkil edir. Kürün hər iki tərəfi geniş çöllərdən ibarətdir. Muğan, Qarabağ, Şirvan, Hacınohur, Şirak və Borçalı çöllərini əhatə edən bu ərazidə su az olduğu üçün bitki örtüyü olduqca seyrəkdir. Ərazi Mingəçevirdə, Kür çayı üzərində tikilən bəndlər vasitəsilə suvarılır. Bu ərazinin Xəzər dənizi sahillərinə yaxın hissəsində dəniz səviyyəsindən 26 metr alçaq olan yerlərə, böyük çöküntülərə təsadüf edilir. Bu ərazi Kür və Araz çaylarının gətirdiyi münbit torpaqla örtülüdür. Buraya Qazax, Ağdam, Ağdaş, Salyan, Şamaxı, Nuxa, Zaqatalanın cənubu, Şamxor ilə Gəncə qəzalarının şimal hissəsi daxildir. Azərbaycanın cənub-qərb hissəsini kiçik Qafqaz dağları əhatə edir. Kiçik Qafqaz dağları Qarabağdan Salyana qədər Kür çayı boyunca əzəmətli bir dağ silsiləsi halında yüksəlir. Bu zonaya Dağlıq Qarabağ, Cəbrayıl qəzası, Şamxor və Gəncə qəzalarının cənub hissəsi daxildir. Lənkəran istiqamətində Azərbaycanın cənub-qərb hissəsi Talış sıra dağlarının şərq yamacları ilə əhatə olunmuşdur. Lənkəranın arxasından yüksələn Talış dağları cənubda İranın Gilan vilayətinə qədər uzanır. Bura Azərbaycanın ən çox yağıntı düşən, yayı isti olan məhsuldar zonasıdır.

      Şimali Azərbaycan kontinental iqlimə malikdir. İqlim, müxtəlif zonalarda dəniz səviyyəsindən yüksək və ya alçaqlığa, böyük və kiçik Qafqaz dağlarının təsirinə görə bir-birindən fərqlənir. Şərqdə Muğan çölləri və məşhur Aşağı Kür hövzəsi isti ölkələrə məxsus bir iqlimə malikdir. Qərbdə və cənub-qərbdə zirvələri həmişə qarla örtülü olan yüksək dağlarda və dağ gədiklərində qış şimal ölkələrindəki qədər sərt keçir. Kür və Araz çaylarının aşağı hissələrindəki geniş, alçaq oylaqların iqlimi quru və isti olur (orta dərəcə ÷13:15, ən isti ayda ÷25°, ən soyuq ayda isə -2°-dir).

      Yaz bu yerlərə tez gəlir. Yayı isti, qışı mülayim və az qarlı keçir. Belə iqlim şəraiti köçərilərə ilin bütün fəsillərində mal-qaranı otlaqlara çıxarmağa imkan verir. Bu ərazidə yağıntı ümumiyyətlə azdır. Kiçik Qafqaz dağlarının yamacları, eləcə də Qarabağ soyuq iqlimə malikdir. Buranın qışı çox sərt (-10°) və uzun olur. Xəzər dənizi sahilindəki göl və bataqlıqlara ildə 300 mm (Cavad-270, Bakı-228, Ələt-189), daha yüksək olan qərbdəki çöllərə isə (yəni Mil və Qarabağ çölləri) 300-dən 450 mm-ə qədər yağıntı düşür. Böyük və Kiçik Qafqaz dağlarının