Güllər başını qaldırıb keçmiş məktəb yoldaşını və onun rəfiqini görərək, mehribanlıqla:
– Xoş gördük, hara belə? – dedi.
Bayırdakı qız, kor rəssamın eşidəcəyindən qorxurmuş kimi, asta və ürkək bir səslə:
– Kinoya getmək istəyirik, – dedi.
Elmar bu sözləri eşitdi və onun kirpikləri əsəbi halda qırpıldı. Bu, Güllərin nəzərindən qaçmadı. O, öz sualından peşman oldu. Mümkün qədər şən bir ahənglə:
– Anangil necədir? – deyə sözü dəyişdi.
Vəziyyətin belə uyğunsuz hal almasını bayırdakı qız da hiss etdiyi üçün:
– Yaxşıdırlar. Sən Allah, bizə gəlin, – deyib tələsik xudahafizləşdi.
Onların gedişi ilə otaqdakı sükut daha da ağırlaşdı. Güllər bu “kino” sözünün doğurduğu təsiri ərinə unutdurmaq üçün söz axtarırdı. Lakin həyatın yüzlərlə belə təsadüfləri qarşısında o nə qədər aldadıcı söz tapa bilərdi ki?
Elmar isə, öz gənc həyat yoldaşının bir ildən bəri teatr, kino üzü görmədiyini düşünərək, lal bir iztirab içində əzilirdi.
Nəhayət, o:
– Yox, bu belə davam edə bilməz! – deyə qəlbində qəti bir qərar verərək, ayağa qalxıb, yataq otağına keçdi. Paltar dolabını açdı. Əlini orda asılmış hərbi mundirinin üzərində gəzdirərək, tapança qoburunu tapdı və kiçik tapançanı çıxarıb, eyni arxayınlıqla cibinə qoydu. Sonra arvadına bir-iki kəlmə söz yazmaq üçün ağır addımlarla öz kabinetinə getdi. Əlini stolun üstünə gəzdirib, çoxdan unudularaq orada qalmış bloknotu və qara karandaşı tapdı. Bloknotdan bir vərəq cıraraq, stul çəkib oturdu. Nə yazsın? Duyğularını necə ifadə etsin? Lakin yazmaya bilmirdi. Dünyada ən çox sevdiyi adamdan birdən-birə, sözsüz-söhbətsiz ayrılmaq, özü də həmişəlik ayrılmaq istəmirdi…
Bütün gücünü toplayaraq ilk əziz sözü yazdı:
“Güllər!”
Elə bu zaman həzin musiqi eşidildi və bu musiqi birdən-birə dil açaraq, qəribə bir hekayət başladı. Oğlan diksindi, əl saxlayıb, bu hekayətə qulaq asdı.
Pianonun dilləri bəzən ağır-ağır, bəzən də sürətli, coşqun nidalarla səslənirdi. Onlar gənc qadın qəlbinin macərasını hekayə edirdi. Bu dillər sakit, ülvi bir avazla, həyatın xoş günlərində o gənc qəlbin öz qəhrəmanına necə vurulduğundan və bu qəhrəmanın böyük taleyindən danışırdı. Bu zaman Elmarın xəyalından bahar çiçəklərinin ətri qədər xəfif, rayihədar bir məhəbbətin heyranedici, uzaq xatirələri süzülüb keçirdi.
Onlar, birdən fəryada gələrək, fərəh və səadətlə gülümsəyən bu bahar sabahının üzərinə çökmüş qara buludlardan, qəhrəmanın öz əzəmətli vətəni uğrundakı cəsur döyüşlərindən xəbər verirdi. Musiqi yavaş-yavaş səslənib, qəhrəmanın qarşısında diz çökən o gənc qadının iztirablarından söyləyir, əbədi və sadiq məhəbbət haqqında and içirdi.
Pianonun dilləri oğlanın qəlbindəki inamsızlığı duyaraq, üsyankarlıqla fəğan qoparıb, dünyada hər şeyə qadir olan o böyük məhəbbətin əfsanəsinə keçdi. Birdən Elmar yerindən qalxaraq, sehrə tutulmuş kimi irəlilədi.
Güllər onun gəlişini duymadı. Otağın yarımqaranlığı içində o, gözlərini pəncərənin yuxarısından görünən və hələ işıq olan göy qübbəsinə zilləyərək çalırdı. Elə bil ki, söylədiyi əfsanələr orada, göylərin o məchul dərinliklərində bir silsilə kimi keçib gedirdi…
Elmar heyrət və həyəcan içində dayanıb dinləyirdi. O, bu ecazkar musiqinin tərənnüm etdiyi hisslərlə özünün yarımçıq qalmış əsərində vaxtilə ifadə etmək istədiyi o qüdrətli məhəbbət arasında heyrətli bir oxşayış görürdü. O görürdü. Rəssamın qəlbi işıqlı, məsud bir aləmdə dayanıb gülümsəyən əziz həyat yoldaşını və onun təbəssümündəki əbədi məhəbbəti görürdü. Bir ildən bəri ruhunu bürüyən, ona əzab verən müdhiş zülmət bu sehrkar məhəbbətin nuru ilə əriyib yox olurdu. İndi o, həyatı, əbədi və böyük həyatı bütün aydınlığı ilə görürdü. Onun yarımçıq qalmış portreti tamamlanmışdı.
Rəssamın qəlbi fərəhli, bəxtiyar hisslərlə çırpınırdı və o, bir addım daha irəli ataraq həyəcanla:
– Güllər! – dedi.
Bir neçə il keçdi. Sakit bir yay axşamında şəhər bağlarının birində gənc, gözəl bir qadınla yanaşı iri, ala gözləri batan günəşin son işığını durğun göl kimi əks etdirən bir kişi oturmuşdu. Onların qabağında alagözlü, qıvrımsaçlı qəşəng bir oğlan uşağı oynayırdı. Birdən:
– Diqqət! – deyə radio səsləndi. Bəstəkar Güllər xanımın “Yarımçıq qalmış portret haqqında mahnı” adlı əsərinə qulaq asın.
– Ana, səni deyir, – deyə uşaq yüyürüb gənc qadının dizlərini qucaqladı.
Elmar əlini oğlunun başına çəkərək gülümsədi.
QARI DAĞI
Şəhər otuz doqquz gün mühasirədə qalaraq, uzaq məmləkətdən qoşun çəkib gəlmiş şahla vuruşdu. Qırxıncı gün şahın iyirmi yaşlı cəsur oğlu Maliktac beş yüz nəfər seçmə pəhləvanla hasarın bir tərəfindən hücum edib şəhərə girdi. Onun ardınca bütün qoşun yol tapıb şəhərə doldu.
Yerli əhalinin inadından və təslim olmaq üçün dəfələrlə edilmiş təklifi rədd etmələrindən qəzəblənmiş şah, vəziri Taygöz Yusifi çağırıb kimsəyə aman verməməyi əmr etdi.
Taygöz Yusif şəhərin sağ qalmış yeddi min əhalisini uşaqdan-böyüyə qılıncdan keçirdi. Evlər dağıldı. Qan su yerinə axdı.
Üçgünlük qırğından sonra şah şəhərdən çıxıb yaşıl bir təpə üstündə çadırlar qurdurdu. Üç gün, üç gecə şadyanalıq etməyi, qalibiyyət badələri qaldırmağı qoşun əhlinə əmr etdi.
Qızıl işləməli, firuzə rəngli kuzələr yeddiillik Şiraz şərabları ilə dolduruldu. Əti məcun olan beşillik qara erkəklər kəsildi. Ovçular Qarabağ meşələrindən tükləri alov kimi yanan qırqovullar gətirdilər.
Hökmdar yeddi qızıl dirəkli çadırında, yeddi tirmə döşək üstündə əyləşdi. Atlas geyimli Nişapur sazandaları gəldi. Süfrələr döşəndi, qızıl qədəhlər düzüldü. İlk badələr qaldırılan zaman yetmiş yeddi şeypur şahlar şahının qələbəsi şərəfinə gurladı. Lakin elə bu vaxt şahın qorxunc vəziri Taygöz Yusif içəri girib, hökmdarın hüzurunda yerə qədər təzim etdi. Şah boşalmış qədəhini yanındakı qara qula verib qaşlarını çatdı.
– Hardasan, vəzir?! – dedi. Yoxsa, mənim qələbəmin təntənəsi sənin üçün mənasızdır?
Taygöz Yusif bir daha yerə qədər təzim edib:
– Qibleyi-aləm, – dedi, – mən aciz Yusif sənin sabiq qulunam. Şahlar şahının hüzuruna gecikməyimin səbəbi var.
Hökmdar vəzirin səsindəki qara