Birdən Elmarın dodaqları rəşə ilə titrədi. Kirpikləri tez-tez qırpındı və o, yavaşca Gülləri özündən kənar edərək, dikəlib oturdu. Güllərin heyrətlə baxan gözləri Elmara zillənib qaldı. Elmar başını Güllərə tərəf azca döndərib:
– Yadındadırmı, Güllər, – dedi, – Korolenkonun kor çalğıçısı nə deyir? Deyir ki, heç olmasa, anamı, günəşi, ulduzları bircə dəfə görmüş olsaydım, indi onların xatirələri ilə yaşayardım. Mən isə, bunların hamısını görmüşəm. Axı, mən aydın gecələri, çiçəkli çəmənlər arası ilə qayğısız axan suları, boz qayalıqlarda səslənən kəklikləri, kolluqlarda bitən bənövşələri görmüşəm. Mən, şərəflə vuruşan qəhrəmanların zəfər mahnıları oxuyaraq can verdiklərinin şahidi olmuşam.
O, bir an susdu. Sonra yavaş-yavaş və mükəddər səslə:
– Nəhayət, – dedi, – səni görmüşəm, axı… Deməli, mən Petrodan xoşbəxtəm. Elə deyilmi? Əgər, mən yaxşı bir rəssam olmadımsa, bunun eybi yoxdur. Dünyaya məndən də istedadlı o qədər rəssam gələcək ki…
Elmar susdu. Sonra sakit və qəti bir ifadə ilə dedi:
– İndi isə, mən sənin işinə mane olmamaq üçün korlar evinə gedəcəyəm, bəlkə orada görə biləcəyim bir iş də tapdım. Sən isə, yaxşı mahnılar yaz. Mən də onlara radioda qulaq asacağam…
Axırıncı cümlədə Elmarın səsi titrədi və o, ayağa qalxıb, pəncərənin qabağına getdi. Qızın nəzərləri qeyri-şüuri bir hərəkətlə boylu-buxunlu Elmarın qamətini dolaşıb, onun enli kürəklərində qərar tapdı.
Həkimin sözündən sonra bu, Güllərin ürəyinə endirilən ikinci zərbə idi. O, bir an, yalnız bir an özünü Elmardan həmişəlik ayrılmış təsəvvür etdi. Vücudunu elə soyuq, elə ümidsiz yalqızlıq hissi sardı ki, dəhşətlə titrəyib ayağa qalxdı və Elmara yaxınlaşıb, onun əlini balaca soyuq əlləri arasında bərk-bərk sıxaraq:
– Bu mümkün deyil, Elmar! – dedi.
Güllər bütün gücünü sərf edərək, ərinin könlünü ovutmağa çalışırdı. Hər axşam onu özü ilə gəzməyə aparır, hər zamankından gözəl geyindirir, onun üçün təzə-təzə qalstuklar alır, köynəklər tikir, onu daha çox əyləndirmək üçün yeni-yeni vasitələr düşünürdü. O, ərinin gözlərində sönmüş işığı öz qayğısı ilə onun qəlbində yandırmaq istəyirdi.
Bahar sabahı şən və parlaq işığı ilə pəncərədən içəri süzüldüyü zaman, dağlardan əsən sərin dan yeri üzünü oxşadığı vaxt Güllər şirin səhər yuxusundan qalxıb, bağçada yeni açılan yuxulu qızılgüllərə, üzərlərində şeh damlaları sayrısan yasəmən salxımlarına, ağaclar altındakı sərin kölgəliklərə, sonra da ərinin bütün bunları heç bir zaman görməyəcək gözlərinə baxar, ürəyinə çalın-çarpaz dağ çəkilərdi.
Elmar da başını yataqdan qaldırıb:
– Deyəsən, səhərdir, Güllər, – deyərdi və o zaman Güllərin üzünü qapamış kədər kölgəsi arasından quzey çiçəyi kimi solğun bir təbəssüm parlardı. Sonra onlar bağçaya enərdilər.
Elmar çiçəklərin arasında dolaşaraq, əli ilə onlara toxunar, “qızılgül nə tez açılıb, qaraməxmər hələ düymədir…” – deyə sevinclə səslənirdi. Güllər isə, onun bu hərəkətlərinə dözülməz bir dərdlə baxar, keçmişin qayıtmaz xatirələrinə dalıb gedərdi. Axı, bu çiçəklərin ən incə naxışları, ən mürəkkəb boyaları o rəssama tanış idi. Bir dəfə Elmar doymaq bilməyən ehtirasla bu çiçəkləri seyr edib:
– Eh, Güllər, – demişdi, – bunlara baxdıqca düşünürəm: görəsən, doğrudanmı, bir zaman insan dühası bu gözəlliyi olduğu kimi ağ bez parçası üzərində canlandıra biləcək?
Bunları xatırladıqca, bir anlığa təsəlli üçün etdiyi hər cür cidd-cəhd Güllərə kiçik və mənasız görünür, ərinin böyük dərdini unutdurmaqda çox aciz olduğunu hiss edərək, mat-məhbut donub qalırdı.
Sonra onlar cavan yasəmən ağacının yanına gələrdilər. Elmar əlini onun salxımları üzərində gəzdirərək, balasını görməyən kor ana kimi mehriban və qəmgin bir təbəssümlə deyərdi:
– Bu ağac lap böyüyüb ki!
Beləliklə, səhər gəzintisi bitərdi. İş otağının qabağından ötdükləri anı Elmar vərdiş etdiyi bir hisslə duyar və bu zaman onun üzündə əsəbi gərginlik zahir olardı.
Müharibədən qayıdandan bəri, o bir dəfə də olsun, nə bu otağa girmiş, nə də onun adını tutmuşdu. Güllər bunun səbəbini anlayırdı. Odur ki, pianonun arxasında oturaraq, gənc ərinin taleyi, o biri otaqda əbədi olaraq yarımçıq qalmış portret haqqında uzaq və dərin xəyallara dalaraq, saatlarla çalardı.
Bütün bu müddətdə rəssam aramsız düşünər… düşünərdi…
Günlər keçdikcə onun ruhi sarsılmazlığı və kor çalğıçıya nisbətən məsud olması qənaəti zəifləyirdi. Onun qara pərdə altında hərəkət edən daxili aləmində indi tamamilə əksinə olan xudpəsənd və amansız hisslər baş qaldırırdı.
Vaxtilə görmüş olduğu rəngarəng mənzərələrin xatirələri, zehnində hifz edilmiş kitablar indi artıq onu yorurdu.
“Petro anadan kor olduğu üçün, – deyə o düşünürdü, – təbiət onun görmə qüvvəsini başqa üzvlərinə verdi. O, gözləri ilə görmədiklərini qulağı ilə eşitdi, bütün vücudu ilə duydu və buna görə də, öz musiqisi ilə dinləyənləri heyran etdi. Kor olmuş Korçagini yenidən həyata, öz döyüş yoldaşları sırasına onun böyük istedadı qaytardı. Mən isə, hər şeyi gördüm, ən incə rəngləri bir-birindən seçməyi bacardım və bütün yaradıcı qüvvəmin gözlərimə toplandığı bir zamanda onlardan məhrum edildim. İndi iyirmi altı yaşındayam. Demək, hələ otuz-qırx il də yaşaya bilərəm.”
O, Gülləri sevmişdi. Müharibənin ən qızğın döyüş dəqiqələrində bu sevgi himayədar bir qanad kimi onun üzərinə gərilmiş, qəlbinə qüvvət vermişdi. Onun ən nəcib xəyallarını, ən çətin arzularını bu sevgi pərvazlandırmışdı. Lakin indi bu sevgi, həmin bu qüdrətli məhəbbət ona əzab verirdi.
O özünün əlillər evinə getməsi üçün arvadını dəfələrlə dilə tutdu. Hər dəfə də Güllər bu fikri başından çıxarması üçün ona yalvardı. Lakin insan təbiəti çox qəribədir. O özünü sevilməyə tam mənası ilə layiq bildiyi zaman bu məhəbbət ona fərəh və səadət gətirir. Ona görə də, Güllərin sevgisi iki gözündən kor qalmış rəssamı məsud edə bilmirdi. Qızın ona qarşı dəqiqədən-dəqiqəyə artan qayğı və diqqəti, gecə-gündüz qabıqdan çıxması oğlanın həm qəlbini ağrıdır, həm də izzəti-nəfsini yaralayırdı. O, bütün bunlara, şikəst ərə qarşı göstərilən alicənab mərhəmət hissi kimi baxırdı.
Bu isə, onun gənc həyat yoldaşını dəli edirdi. Güllər bu anlayışın səhv olduğunu ərinə hiss etdirmək üçün saatlarla düşünərək, pianosunun arxasına keçir, öz dili ilə izah edə bilmədiyi hisslərini musiqinin qüdrətli dili ilə ifadəyə cəhd edirdi.
Elmarın yaradıcılıq dühası heç vəchlə rahatlıq