Sözlərinin axırını öz-özü ilə danışırmış kimi, fikri dağınıq bir halda qurtardı. Bu vaxt gözəl bir gənclə Həsən qapıda göründülər. Qızın baxışları soyuqluq və laqeydliklə gözəl gəncdən çevrilərək uzun zaman Həsənə zilləndi. Bu baxışda nəvaziş və məhəbbətlə qarışıq, nə isə, üçüncü bir duyğu da sezilirdi. Bunun nədən ibarət olduğunu təyin etmək çətindir. Lakin bəzən acımaq və təəssüf duyğuları ilə taqətdən düşmüş sevgi belə bir baxışla şəfəqlənir. Onun üzü qürub edən günəş kimi solğun və həlim görünür. Bəzən şikəst oğluna baxan ananın da gözləri, dodaqları beləcə bir ifadə ərz edir, könlünün dərinliklərində ahəstə-ahəstə yanıb tüstülənən bu duyğunu, bəlkə də, o gənc qız öz dili ilə söyləməyə cəsarət etməzdi…
Həsən yenə də ona inanmadı. Özünə inanmamazlıq duyğusunun bu qədər hökmə malik olduğunu heç təsəvvür etməzdim… O, əsəbi hərəkətlərlə otaqda o yan-bu yana gəzinir, tez-tez saçlarını ovuşduraraq:
– Yalan deyir… yalan… axı, o gözəl qız nə üçün belə bir dramla əylənir… Nə üçün?
Bir neçə gündən sonra yay tətilinə buraxıldıq. Ayrıldığımız zaman onun gözləri yaşardı:
– Məni unutma, – dedi.
Üzümüzə gələn il Həsən gəlmədi… Sonralar onun Moskva darülfünununa dəyişilmiş olduğunu öyrəndik. Gülara hiss ediləcək dərəcə arıqlamış, sakit, eyni zamanda, əsəbi olmuşdu. Biz, demək olar ki, heç danışmırdıq. Nədənsə, bir-birimizdən çəkinirdik. Mən buraxılış imtahanından sonra onu bir daha görmədim.
Darülfünunu bitirəndən təxminən 4 il sonra bir gün Bakıda küçə ilə getdiyim zaman birisi qolumdan yapışdı. Donub qaldım.
– Həsən! – deyə qışqırdım.
Qucaqlaşdıq. O daha da böyümüş, kökəlmiş, pəhləvan kimi bir oğlan olmuşdu. Siması indi əvvəlki qədər də çirkin görünmürdü. Adəti üzrə, yenə də çox şıq geyinmişdi.
– Gedək bizə, – dedi.
Yol uzunu onun indi darülfünunda riyaziyyat dosenti olduğunu öyrəndim. Qapını açan yaxşı geyinmiş bir az yaşlı rus qadını oldu. Təxminən üç-dörd yaşında gözəl qaragöz bir oğlan uşağı sürətlə yüyürərək “ata” – deyə Həsənin dizlərini qucaqladı. Mən uşağı görərək:
– Demək, sənin belə bir igidin də varmış, – dedim.
O biri otaqdan Həsənin anası gəldi. “Xoşgəldin” etdi. Bütün bu illərdə onun əzəmətli siması demək olar ki, heç dəyişməmişdi. Yalnız geyimində bir az dəyişiklik vardı. İndi əvvəlki kimi döşlüyü yox idi. Çubuq əvəzində əlində uzun papiros vardı.
– Buradamı olursan, xala? – dedim.
– Yox, – dedi. – Uşaqları görməyə gəlmişəm.
Nəvəsini yanına çağıraraq, günəşdən yanmış iri sümüklü əli ilə saçlarını oxşadı. Üzündə mehriban bir təbəssüm vardı.
Maraq və intizar qarışıq bir həyəcan bütün duyğularımı bürüdü. Həsənin həyat yoldaşını görəcəyim fikri, bilmirəm nə üçünsə, mənə, bir növ, ürkək, utancaq bir hiss təlqin edirdi… Qəribədir… Mənə elə gəlirdi ki, onun həyat yoldaşını görəcəyimdən Həsən utanacaqdı. Bir an tez çıxıb getmək istədim… Lakin bu dəqiqədə zəng vuruldu. Uşaq, “anam gəldi” – deyə sürətlə qapıya yüyürdü. Ucaboylu, dolğun gərdənli, ağbəniz, gözəl gənc bir qadın gülümsəyərək mənə yaxınlaşdı.
Bu gənc qadın Gülara idi.
QƏHRƏMAN İLƏ BÜLBÜLÜN NAĞILI
Oğlan on səkkizinci yaranı alandan sonra yıxıldı. Adamların müdhiş bağırtıları, süngü cingiltiləri tamamilə eşidilməz olduqda, meşə dərin nəfəs alıb, ağır sükuta daldı.
Yabanı alma ağacının çəhrayı çiçəkləri arasından bir bülbül başını çıxardıb, ürkək nəzərlərlə ətrafı süzdü və birdən aşağıda, meşə otları arasında qan aparmış oğlanı görüb fəryad qopartdı.
Bülbül yaralı bir qəlb kimi çırpınaraq oxuyur, oğlan, yıxıldığı yerdə qımıldanmadan yatıb qalırdı. Onun al qanı parçalanmış köksündən axıb ətrafdakı ağ nərgiz güllərini qızardırdı.
Bülbül bir an susub, meşənin sükutunu dinlədi və təkrar oğlana baxaraq, elə fəğan qopartdı ki, yaralı titrəyərək göz qapaqlarını qaldırdı. Sonra əllərini yerə dirəyib azca dikəldi. Dumanlı gözlərini ətrafa gəzdirərək, çiçəklər arasında oxuyan bülbülü gördü. Dodaqlarına solğun bir təbəssüm qondu.
Nəzərləri ona dikilmiş bülbülün səsində riqqətli bir ney ağladı. O zaman oğlanın da gözlərindəki duman incə büllur təbəqəsi kimi parladı.
Bülbül səsini kəsərək:
– Nə oldu, oğlan, – dedi, – yeddi düşmən sinəsi parçaladın, on səkkiz yara aldın, “uf” demədin, bəs, indi nədən gözlərin yaşardı?
Oğlanın baxışlarından ildırımlar qopdu. O, yaralı pələng kimi, iniltili bir “ah” çəkib, yenə də otların üstünə yıxıldı.
– Yoxsa, o qız yadına düşdü? – bülbül yenə də dilə gəldi.
Qəhrəman gözlərini yumub, cavab vermədi. Bülbül, qanadlarını çiçəklərə çırparaq, yerindən qopdu və bir an çəkmədi ki, oğlanın üzünə kəpənək qanadı qədər xəfif bir gül düşdü.
Oğlan bu qəribə gülün təmasından diksinib, gözlərini açdı. Gül oğlana tanış göründü. Ona elə gəldi ki, bu hansı bir əziz xatirəninsə yadigarıdır…
Güldən qalxan bihuşedici ətir ona şirin bir yuxu gətirdi və bu yuxu yaxınlaşdıqca, oğlanın üzünə röyalı, munis bir nur endi.
Nəhayət, oğlan qəribə bir yuxu gördü; gördü ki, kəndlərinin üst tərəfindən axan çayın qırağında dayanmışdır. Hara isə tələsir, lakin yerindən tərpənə bilmir. Birdən çayın gümüşü suyu içindən ağ paltarlı bir qız çıxıb, ona yanaşdı. Oğlan qızı tanıdı: bu, o idi.
Qızın qucağı, saçları yabanı qızılgüllərlə dolu idi. O, mələk kimi sakit, məzhun bir üzlə oğlanın qarşısında dayanıb:
– Hardasan, əzizim? – dedi. – Mən nə zamandı ki, səni axtarıram.
Oğlan yenə də yerindən tərpənməyə cəhd etdi və dedi:
– Mən getməliyəm, tələsirəm.
Qız onun əllərindən yapışaraq:
– Yox, – dedi, – bu dəfə mən səni buraxmayacam. Sənsiz darıxıram…
“Bu necə ola bilər?” – deyə oğlan düşündü. Qız onun tərəddüd etdiyini görüb, gülümsədi. Qucağındakı gülləri oğlanın üzünə səpdi. Oğlan üzünə dəyən güllərin rayihədar, xəfif təmasından