N i z a m ə d d i n ləqəbini daşıyan Nizamidə Şərqin, bəlkə də, heç bir şairinə nəsib olmayan bir fikir nizamı vardır. Bu nizam başqa ifadə ilə desək, bu sistem incəliklərinə varılarsa, ahəngdar bir ideologiya və dünyagörüşü sistemindən ibarətdir. Elə bir sistem ki, 800 il bundan əvvəl düşünülmüş olmasına baxmayaraq yaşadığımız bu böhranlı günlərdə belə aktual deyiləcək qədər təzə və yenidir.
Tədqiqatımızın sonuncu bölməsi bu sistemin ana xətlərini aydınlaşdırmağa həsr edilmişdir. Orada xülasələşdirilmiş fikir sistemi oxucuların görəcəyi kimi bugünkü bəşəriyyətin susadığı “Nizami-aləm” (“dünya nizamı”) baxımından belə yeni və əbədi məsələləri ehtiva etməkdədir.
İnsanlığın şərəfini biliyi sevməkdə, fərdin səadətini cəmiyyət üçün çalışmaqda görən, hissənin mənafeyini tamın salamatlığında axtaran şair dövləti ictimai ədalət qurmağa borclu bir varlıq kimi qəbul edir.
Millətlər və dövlətlərarası nizam və ahəngə gəlincə bu, onun fikrincə, “millətlərin dillərini ancaq vasitəsiz anlamaqla təmin edilə bilər”.
Hər böyük və həqiqi sənətkar kimi Nizami də millilik və vətənsevərlik xüsusiyyətini daşımaqla bərabər yaratdığı ədəbi obrazlarla təlqin etdiyi fikir meydanında milli çərçivədən kənara çıxmış, bütün bəşəriyyətə şamil olan duyğularla həyəcanlanmış, millətlər və ölkələrin fövqündə olduğu kimi dövrlər və əsrləri yarıb keçən yüksək və dünyaya şamil bir qayğıya cavab verə biləcək “söz”ü tapmağa çalışmışdır. Bizim qənaətimizcə, bu “söz” İskəndərin möcüzəsində tapılmışdır. Bu möcüzə bugünkü insanlıqla birlikdə bizim də gerçəkləşməsini görmək istədiyimiz idealdır:
– Millətlərə sadə, mənəvi avtoritet ilə nüfuz etmək və ruhlarını anlayaraq varlıqlarına qarşı ehtiram göstərmək!
IX
UNUDULMUŞ NİZAMİ
Bir tərəfdən İslam Şərqinin uğradığı ümumi gerilik, o biri tərəfdən isə çarizm istilasının zülm və istismarı nəticəsində öz keçmişini və bu keçmişdəki mədəni nailiyyətlərini unutmuş Azərbaycan Nizamini də yaddan çıxarmışdı.
Gəncənin yaxınlığında yıxılıb-tökülmüş bir məzar vardı. Bu məzar uşaq arzulayan qısır qadınların uşaq dilədikləri bir “Şeyx”ə mənsubdu. Bu “kəramətli türbə”nin bütün Şərqin olduğu qədər Azərbaycanın da başını ucaldan böyük bir şairin əbədi yatağı olduğunu bilənlərin sayı azdı.
Bu şairin, eyni zamanda böyük Azərbaycan şairi olduğunu isə bilən, bəlkə də, heç yoxdu.
Milli oyanış dövrünə daxil olan yeni Azərbaycan da Nizamini layiqincə mənimsəmək üçün yetişməmiş və farsca yazmış olduğunu nəzərə alaraq onun haqqında düşünməyi milli vəzifələrdən xaric, sonrakı işlərdən saymışdır.
Bununla bərabər obyektiv olaraq onu da qeyd etmək lazımdır ki, Nizami düşünən azərbaycanlılar tərəfindən büsbütün unudulmamışdır: məsələn, 1910-cu ildə Gəncə Dram Cəmiyyəti dahi həmyerlisini yada salıb onun xaraba türbəsini təmir etmək üçün bir kitabça çap edərək könüllü şəkildə vəsait toplamaq təşəbbüsündə olmuşdur. Şərqşünas A.Krımskinin qeyd etdiyi68bu hadisə ilə bərabər mötəbər gəncəlilər, eşitdiyimizə görə, həmin məqsədlə bir neçə min manatdan ibarət olan bir məbləğ də toplamışlar.
Milli istiqlal dövründə də Nizami haqqında düşünüldüyünü müasir formada bir heykəl layihəsinin mövcud olması haqda Azərbaycan hökumətinin sabiq xarici işlər nazirinin müavini Adil xan Ziyadxanın çap olunmuş bir xatirəsindən xəbər tuturuq69. Heyif ki, hadisələr bu layihənin yerinə yetirilməsinə imkan vermədi.
Halbuki Nizami həm azərbaycanlılıq, həm də türklüyə təsəvvür olunacağından daha ciddi, çox və səmimi düyünlərlə bağlıdır. Azərbaycan vətəndaşları kimi türk milliyyətinin də şairlə yaxından maraqlanması üçün təbii və həyati səbəblər vardır.
Azərbaycan hökmdar və şahlarının ehtiram və lütfkarlığını görüb, kitablarını onların adına bağlayan bir şairin Azərbaycan vətənpərvərliyində oynayacağı mənəvi rolun kiçik olmayacağı aşkar bir həqiqətdir. Hansı mənəvi varlıq və tarixi iftixar Azərbaycana Nizami xatirəsindən daha yüksək və dünyaya şamil olan bir dəyəri təmin edə bilər?
Nizami kimi bir mədəni dəyəri hansı azərbaycanlı vətənpərvərlik ənənəsi çərçivəsindən kənara çıxara bilər? Hansı yurdsevər və şüurlu bir azəri türkü Nizami ilə öyünməyə bilər?!70
Nizami azərbaycanlıların yalnız məmləkətçilik deyil, milli duyğularını da oyandıracaq bir şəxsiyyətdir. Bu şəxsiyyətlə təkcə azərbaycanlılar deyil, bütün türklərin öyünmələri gərəkdir. Dilinin farsca olmasına rəğmən heç bir şairdə türklük Nizamidə olduğu qədər ideallaşdırılmış deyildir.
Kitabımızın müəyyən bölməsində təfsilatı ilə təkrar edəcəyimiz “gözəl ilə böyüyə türk, gözəllik ilə böyüklüyə türklük, gözəl və böyük sözə türkcə, gözəllik və böyüklük diyarına Türküstan” deyən bir şairə hansı ağız “o, türk deyildir” deyə bilər?
Onun yaşadığı zaman və şəraitdə dilin əhəmiyyəti yox idi; əhəmiyyətli olan hissiyyat idi. Hiss baxımından isə Nizaminin türklüyünü isbat edən dəlillər bir deyil, minlərcədir.
X
NİZAMİYƏ BORCUMUZ
Azərbaycanın bu böyük oğluna can və ürəkdən bağlanmaq, ona aid maddi və mənəvi xatirələri Vətən və milləti birləşdirən bir müqəddərat kimi mənimsəmək, əsərlərini diqqət və ehtiram ilə öyrənmək, yaratdığı ədəbi tablo və timsalları müasir sənətin texnika vasitəsilə yenidən canlandırmaq, möcüzəli sənətindəki bütün incəliklərin zövqünə varmaq, yüksək ruhundakı böyüklük və dərinliyin həqiqi ölçülərini bilməyə çalışmaq, varlığın sirlərini araşdıran hikmət və fəlsəfəsini qavramaq, bir sözlə, öz zamanında anlaşılmadığından şikayət etdiyi “türkcə”sini anlamaq – budur vətənpərvər Azərbaycan ziyalılarının və milliyyətçi türklərin vəzifəsi!
Bu vəzifədən üzərimizə düşən hissəsini öz bacarığımız daxilində hazırladığımız və müharibə vaxtının yaratdığı çətinliklər, mövzu ilə bağlı qaynaqların hamısını əldə edib nəzərdən keçirə bilməməyimiz, nəticədə, istədiyimiz kamillik və dolğunluğa nail olmayıb, bizi qane edə bilməyən bu səhifələrin Nizaminin yubileyinə hədiyyə edilməsində başlıca məqsəd türkdilli gənc nəsildə Azərbaycanın bu böyük şairinə qarşı bir maraq oyatmaqdan ibarətdir.
Kitabımızın bu məqsədə nail olduğunu bilmək bizim üçün bir sevinc qaynağı olacaqdır.
M.Ə.Rəsulzadə
Buxarest,