Azərbaycan şairi Nizami. Мамед Эмин Расулзаде. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Мамед Эмин Расулзаде
Издательство: Hadaf Neshrleri
Серия: Milli ədəbiyyat
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
əsərlərində xristianlığın bir çox ideyaları və terminlərinə bolluca yer vermişdir. Müsəlman Qafqazı ilə xristian Qafqazı arasındakı bu qarşılıqlı ünsiyyəti biz dövrünün ən böyük nümayəndəsi olan Nizamidə də görürük. Hissiyyatca türk və müsəlman olan şairin yaratdığı ən gözəl obrazın – Şirinin qafqazlı bir erməni şahzadəsi olması təsadüfi deyildir.

      VI

      MİLLİYYƏT BAXIMINDAN ƏDƏBİYYATDA FORMA VƏ MƏZMUN

      Şərq və Qərb tədqiqatçıları tərəfindən Nizami daha çox İran ədəbiyyatı nümayəndəsi kimi öyrənilmiş və onun şəxsiyyəti yalnız həmin sifət ilə tanınmışdır.

      Kök salmış bu yanlış təsəvvürə baxmayaraq Nizami bizim qənaətimizcə, Azərbaycan şairidir və bu həqiqət yalnız onun “Gəncəvi” olmasından irəli gəlmir.

      Gəncəli Nizaminin bütün varlığı ilə Azərbaycanla bağlı olmasını onun tərcümeyi-halını yazarkən imkan dairəsində aydınlaşdıracağıq. Onun mənəvi varlığından bəhs edərkən demək lazımdır ki, yazdığı dilin farsca olmasına baxmayaraq şairin daşıdığı hissiyyatı ilə işlədiyi mövzular onun Azərbaycan duyğularından doğmuş bir zövqə sahib olduğunu göstərməkdədir.

      Burada biz yaşadığımız günlər üçün aktual olan bir məsələyə toxunmalıyıq – Ədəbi bir əsərin milli olması üçün yalnız onun formaca milli olması kafidirmi? Yoxsa bir əsəri milliləşdirən ruh, məna və məzmundur?

      Bizim qənaətimizcə, yalnız forma kafi deyil və formanın böyük əhəmiyyətinə baxmayaraq o, zəruri də deyildir. Hər bir əsəri milliləşdirən onun məzmunu və daxili varlığının milli olmasıdır. Bu iki amil arasında ahəng olmadığı təqdirdə, bizə görə, əsəri milliləşdirən amil formadan çox məzmun və özlüyü, başqa ifadə ilə desək, dildən çox məna və məzmundur. Yabançı, özgə dildə yazılmış bir əsər daşıdığı məna və ruha görə müəyyən şərtlər içində milli ola bilir. Əsrimizin ədəbi hadisələri arasında bu müddəanın misallarını istədiyimiz qədər tapa bilərik. Hər hansı bir əsəri yazıldığı dilə görə həmin dildə danışıb yazan xalqın milli əsəri kimi qəbul edilməyi lazım gəlsə, iyirmi ildən bəri Azərbaycan türkcəsi ilə yazılmış bir çox cəfəngiyyatı (sovet ideologiyasına xidmət etmiş sifarişli ədəbiyyata işarədir Ə.Q.) ədəbiyyat deyə qəbul etməmiz lazım gəlir. Və ya belə olursa, onda Osmanlı klassiklərindən bir çoxu kimi Nəfinin:

      Türkə haq çeşmeyi-irfanı haram etmişdir,

      Eyləsə hər nə qədər sözlərini sehri-həlal;

      və ya:

      Necə söz söylənür ol yerdə kim şair sanur kəndin,

      Qələtpərdazi – məna bir müzəvvir Türki-layəfhəm65.

      beytlərinə bənzər və bunlardan daha kəskin bir türk düşmənliyi ilə tanınmış, “türk” sözünü bayağılığın, qəddarlığın, idraksızlığın, kobudluğun qarşılığı olaraq işlətmək çirkinliyini və murdarlığını göstərən bir çox türkcə yazan şairlərin divan ədəbiyyatına keçmiş misra və mənzumələrini də “milli ədəbiyyat” kimi qəbul etməliyik.

      Yaxşı məlumdur ki, finlərin məşhur vətənsevər şairləri əsərlərini isveç dilində yazmışlar, lakin buna baxmayaraq onlara milli şair kimi qəhrəman Finlandiyanın paytaxtında heykəllər ucaltmışlar. Bunun kimi ingilis hakimiyyətinə qarşı milli azadlığı tərənnüm edən İrlandiya ədəbiyyatı da müəyyən bir zamanda ingiliscə yazılmışdır66. Həmin vəziyyətə Hindistan şəraitində də rast gəlirik. Rabindranat Taqorun hind varlığını və mədəniyyətini müdafiə edən ingiliscə yazdığı əsərlər, şübhəsiz ki, milli əsərlərdir.

      Bu şəkildə düşünərkən formanın əhəmiyyətini azaltmaq niyyətində deyilik. Dilin çox zaman millilik nöqteyi-nəzərindən məzmun üzərində üstünlüyü olduğunu bilirik. Ancaq “sənət sənət üçün” deyil, “qayə üçündür” düşünən və deyənlərin sıralarında olduğumuz üçün ədəbi bir əsərin milliliyini təyin edərkən formadan, yəni dildən çox onun məğzinə, özəyinə, yəni məzmun və mənəviyyatına üstünlük veririk. Nizaminin dövründə formanın bizim zamanda olduğu qədər milli bir əhəmiyyəti yox idi. Fars dili yalnız farslara deyil, müəyyən bir coğrafi ərazidə yaşamış bütün millətlərin oxuyub-yazanlarına, ziyalılarına məxsus bir dil idi. Eyni zamanda o dövrdəki “milli ruh”lar da bugünkü qədər kəskin şəkildə bir-birindən ayrılıb büllurlaşmamışdı. Yalnız xüsusi diqqət və araşdırmalarla təyin oluna bilən milli özünəməxsusluqların kəskin tərəfləri müştərək din və mədəniyyət təsiri ilə yumşaldılmışdı. Buna baxmayaraq qəbul etmək lazımdır ki, şüurda olmasa da, şüur altında milli varlıq və özünəməxsusluqlar o zamanlarda da öz təsirini göstərməkdən geri qalmamış və bu müştərək formaya baxmayaraq ədəbi əsərlərin ruh, məna və məzmunları üzərində dərin izlər buraxmışdır.

      VII

      NİZAMİ – AZƏRBAYCAN ŞAİRİ

      Nizaminin yaradıcılığı forma baxımından Azərbaycana nisbətdə milli deyilsə də, hissiyyat, duyğu, düşüncə, şüur və şüuraltı varlığı ilə öz yetişdiyi mühitə dərindən bağlıdır.

      Bu bağlılıq onu bizim gözümüzdə azərbaycanlı bir şair olmaqdan başqa bir Azərbaycan şairi də etmişdir.

      İran ədəbiyyatının müəyyən nöqteyi-nəzərdən, bəlkə də, ən böyük simasını təşkil edən Nizami əsərlərini ən gözəl fars dilində yazması bizə yuxarıda qeyd etdiyimiz mülahizə və mühakiməmizdən imtina etməyə əsas vermir və Nizamini xüsusi görüş nöqtəsindən tədqiq edib incələməkdən əl çəkdirə bilməz; çünki onun zamanında fars dilinin Yaxın Şərq və Orta Asiya üçün millətlərarası bir ədəbi dil olduğunu yaxşı bilirik. Xüsusi qeyd etmək lazımdır ki, İran ədəbiyyatının ustad və böyük sənətkarları arasında farslar qədər (bəlkə də, daha çox – red.) türklərin də mühüm bir yer tutduğu bizə yaxşı məlumdur.

      Əsərlərini araşdırdıqca Nizaminin fars millətçiliyindən uzaq olub, türk sevgisi ilə dolu, Zaqafqaziya mühit və şəraitinə bağlı, yurdunun tarixi müqəddərat və geosiyasətindən doğan daimi qayğılarda məşğul olduğu aydın görünür ki, beləliklə də, o, əlbəttə, bir A z ə r b a y c a n ş a i r i d i r.

      Nizami öz mühitinin onun qədrini bilməyib, böyüklüyünü qiymətləndirmədiyi haqda söz açarkən əsərlərinin bir yerində (“Yeddi gözəl”də – red.) “türkcəsinin” (“torkiyəmra” – “mənim türklüyümü”) anlaşılmadığından şikayət edir. “Türklüyü” burada məcazi şəkildə yüksək söz mənasında işlədən dahinin danışıq dilinin həqiqətdə türkcə olmadığını heç kimsə isbat edə bilməz. Şairin o zaman Azərbaycanda artıq böyük və geniş kütlələr təşkil edən türklər arasında yetişmiş olduğunu, boya-başa çatdığını bilirik. Bunun izlərini əsərlərində rast gəldiyimiz və dəfələrlə işlədilmiş “türklük” söz və məfhumundan da hiss edirik67.

      Təkrar