Alın yazısı. Elnur Soltanoğlu. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Elnur Soltanoğlu
Издательство: Alatoran yayınları
Серия:
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
binasına daxil oldular. Bir qədər irəlidə, sol tərəfdə iki xanım əməkdaş əyləşmişdi. Burada müştərilər binadan çıxdıqları zaman otağın açarını təhvil verib, vəsiqələrini götürür, geri qayıtdıqda da yenidən vəsiqə ilə açarı dəyişirdilər. Səma da qaldığı nömrənin açarını almaq üçün xanımlardan birinə yaxınlaşdı. Nəzarətçi onun vəsiqəsinə baxdıqdan sonra:

– “Xanum4, az əvvəl Mədain bimarestanından5 telefun etdilər. Madəriniz6 bihal olub. Sizi görməx istər.”

Səma tam başa düşməsə də, xəstəxananın adını eşidən kimi, özünü itirdi. Nə cavab verəcəyini bilmədi. İxtiyarsız geri çevrilib Həsənə baxdı. Həsən hələ də girişdə dayanmışdı. Çağırmaq istədi, amma necə müraciət edəcəyini bilmədi. Bu qədər söhbət etsələr də, tanışlıq olmamışdı. Onun bu çaşqınlığı Həsənin diqqətindən yayınmadı. İti addımlarla ona doğru addımladı.

– Nə baş verib?

– Anam, anama nəsə olub. Xəstəxanadan zəng vurublar. Məni axtarırlar.

– Özünüzü ələ alın. Bu oteldə qaldığınızı, yəqin ki, ananız deyib onlara. Sakitləşin. Burada işiniz yoxdursa, vaxt itirməyək.

Səma başının gicəlləndiyini hiss etdi, gözləri qaraldı, dizləri əssə də, özünü itirmədi. Birtəhər başı ilə razılıq verib Həsənin arxasınca binadan çıxdı.

Həsən maşının qapısını açıb onu gözləyirdi. Səma maşına mindikdən sonra qarşı tərəfə keçib şöferlə yanaşı əyləşdi. Sürücü mühərriki işə saldı.

– “Baba, hara inşəAllah.”

– Mədain xəstəxanasına.

– “Baba, şurəvidən gəlibsüz?”

Həsən sadəcə başını tərpətdi. Sürücü bir neçə sual da verdi. Aldığı qısa cavablardan sonra həmsöhbətinin danışmaq istəmədiyini görüncə susdu.

Maşın parkın qarşısından ötüb körpüyə doğru yön aldı. Körpünü keçib sağa döndü. Bir müddət getdikdən sonra yolun kənarında dayandı. Həsən cəld maşından düşüb Səma üçün qapını açdı. Sonra da sürücüyə yaxınlaşıb haqqını ödədi. Görünür, bu sürücü əvvəlki kimi pul hərisi, hiyləgər biri deyildi. Pulu aldıqdan sonra təşəkkür edib uzaqlaşdı. Hər ikisi tələsik yolu keçib xəstəxanaya tərəf addımladılar.

Qəbul şöbəsinə yaxınlaşdılar. Həsən önə keçib növbətçi ilə danışdı. Vəsiqəni Səmadan alıb ona təqdim etdi. Daha sonra ikinci mərtəbəyə qalxdılar. Səma anasını müayinə edən həkimi görüncə yanına qaçdı.

– Həkim, anam, anam necədir? Anamı görmək istəyirəm.

– “Xanum, kəmi ahəstə, lotfən. Esme-madərət çie?”

Burada həkimlər yarı fars, yarı türkcə danışırlar. Odur ki, ilk əvvəl onları başa düşmək çətin olur. Səma da həkimin nə soruşduğunu anlamırdı.

Həsən ona yaxınlaşıb: “Xanım, ananızın adını soruşur həkim”, – dedi.

– Mehriban, Nəcəfova Mehriban.

Xəstənin adını eşidən həkim dilləndi:

– “Hə, madərinizin fəşarı yüksəldi. Nagəhan belə hal, xeyli motəəsefəm7. Sizi çox arzuladi. Onvan dedi. Telefon etdik. Hala daru yeyib yatır. Fərda gələrsüz”8.

Həkim sözlərini bitirib getdi. Dəqiq bir şey anlamayan Səma çiyinlərini çəkərək əvvəlcə həkimin arxasınca, sonra Həsənin üzünə baxdı. Həsən məcburən yalan danışmalı oldu:

– Deyir ki, narahat olmayın, hər şey qaydasındadır. Dərman qəbul edib yatır. Sabah görüşə bilərsiz.

Həsən saata baxdı. Saat 21:30-u göstərirdi.

– Xanım, artıq gecdir, burda qala da bilməyəcəksiz. Nə düşünürsüz? Yəqin, yemək də yeməmisiz.

Səma məhz indi sabahdan bəri ac olduğunu xatırladı.

– Mən, mən anamı görməliyəm.

Həsən palatadan çıxan tibb bacısına yaxınlaşdı. Uzun danışıqdan sonra onu razı sala bildi. Səma cəld içəri atıldı.

Həsən girişdə dayanıb içəri göz gəzdirirdi. Burada nisbətən ağır xəstələr yatırdı.

– “Mehriban xanımı burada niyə yatırdırlar, görəsən. Burada sağlam insanı yatırsan, sabaha xəstə olar”, – deyə düşünən zaman gözü xəstəyə sataşdı. Ona təqribən 45-50 yaş vermək olardı. Baş örtüyünün kənarından ağarmağa başlayan saçları görünürdü. Səma onun əlindən tutmuş, nə isə pıçıldayırdı. Görünür, yuxu dərmanı hələ də öz təsirini itirməmişdi. Qız çarəsiz şəkildə oturmuş, anasının üzünə diqqətlə baxaraq boğazında düyünlənən kədəri udmağa çalışırdı. Bu zaman tibb bacısı Həsənə yaxınlaşıb:

“Lotfən, dige bəse. Fərda biyayin”9. – dedi.

Həsən təşəkkür edərək Səmaya doğru addımladı.

– Bağışlayın, təəssüf ki, çox qala bilmərik, getməliyik.

Səma ayağa qalxdı. Çaşqın nəzərlərlə gah yerə, gah da Həsənin üzünə baxaraq pıçıltı ilə: “Çox sağ olun”, – dedi.

Bu üç söz Səmanın qəlbindən qopub gələn razılığın tam ifadəsi idi. Səmanın üzündəki ifadə Həsəni kövrəltdi. Bu cizgi çarəsiz bir insanın yalvarışını əks etdirirdi.

− Təşəkkür ediləsi bir şey yoxdur. Narahat olmayın. Təəssüf ki, getməliyik. Hər şey yaxşıdır, yaxşı da olacaq. Sabah gəlib yenidən baş çəkərik.

− Bəlkə, həkimlə bir də danışaq?

− Bu heç nəyi dəyişməyəcək. Burda qaydalar ciddidir. Həm yuxu dərmanı veriblər. Sabaha qədər yatacaq. Onsuz da əlimizdən gözləməkdən başqa bir şey gəlmir.

Səma yanağından süzülən yaşı silib uşaq kimi hiçqırdı. Dodaqları titrəyirdi. Bir təhər Həsənin arxasınca otaqdan çıxdı.

− Sabah gəlib həkimi ilə danışarıq. Əgər hər şey qaydasında idisə, niyə elə oldu?

− Əslində, anam buna görə müalicə alır. Tez-tez tutmalar olur və təzyiq yüksəlir. Odur ki, bir çox həkim ürəyindən şübhələnirdi. Amma sinir sistemi imiş. Burda elə dedilər. Məncə də əsəbdir. Çünki anam atamdan sonra belə oldu.

Həsən onların ayrıldığını düşünüb susdu. Pilləkənləri enib xəstəxananın həyətinə çıxdılar. Səma dərindən nəfəs alıb özünü sakitləşdirməyə çalışırdı. Havada xoş, sərin meh var idi.

− Bilirəm, yeri deyil, amma bir şey yeməlisiz. Ac qalmaqla özünüz də xəstələnə bilərsiz. O isə güclü olmalı-sız, ən azından ananıza xatir. Otelin yaxınlığında restoran var, yaxşı

4

Xanım

5

Mədain xəstəxanasından

6

Ananız

7

Ananızın təzyiqi yüksəldi. Gözlənilmədən belə hal, çox təəssüf edirəm.

8

İndi dərman qəbul edib yatır, sabah gələrsiz.

9

Xahiş edirəm, kifayətdir. Sabah gələrsiz.